Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

  

 

21



Nə isə, keçək  əcnəbilərə.  Əlbəttə ki, əcnəbilər Bakı tarixinə yaxın gəlməzdilər,  əgər nöyüt 

olmasaydı. Düzdü, «qibleyi-aləm nöyüt»ün zühurundan qabaq da Bakı tarixinə  əcnəbilər gəlib-

gediblər. Bəli, məhz gəlib-gediblər. Neftin zühurundan sonra isə birdəfəlik gəldilər, daha heç yerə 

getmədilər, tuği-lənət olub keçdilər boğazımıza, həmişəlik qaldılar burda. 

O vaxtlar, yəni zühurdan qabaq Bakıya gəlib-gedən əcnəbilərin qoyduğu ən gözəl yadigar 

təbii ki, Atəşgahdı. Allah,  o vaxt Bakıya yolu düşən Hindistan tacirlərinin canını sağ eləsin ki, öz 

ibadətləri xətrinə olsa da, bu Atəş məbədini  tikdirdilər. Barı, indi xarici turistlərə göstərməyə bir 

şeyimiz var. 

Bakı tarixini ilk dəfə seyrə  çıxan  əcnəbilərin təəccübünü, heyrətini  təsəvvür etmək çətin 

deyil. O binəvalar uzaq-uzaq, soyuq-soyuq məmləkətlərdəki evlərini qızdırmaqçün itin zülmünü 

çəkirlər, meşədən ağac qırırlar, doğrayırlar, sürüyüb evə  gətirirlər, sonra da yandırırlar ki, həm 

soyuq canlarını tərk etsin, həm də külfətçün, ayıb olmasın, xörək bişirsinlər.  Bakı tarixinə yaxın 

gələndə isə, gördülər ki, pay atonnan, burda bir az bərk asqıranda da, yerdən qaz, nöyüt çıxır və 

başlayır yanmağa. Hünərin varsa Bakı  ətrafını  gəzməyə  çıxanda  əlində  məşəl saxla. Yox, 

saxlamağına saxlaya bilərsən, hər halda, məşəl namus-qeyrət qədər ağır bir şey deyil, ancaq bir də 

görəcəksən ki, yerin üstündəki çatlardan çıxan qaz məşəldən od götürüb yanır, kefinə düşsə, 

məşəl gəzdirən qurumsağın özünü də  ağzına salıb başlayır çeynəməyə, yəni binəvanı tamam 

yandırır. Şübhəsiz ki, Bakı tarixinə gələn nabələd qonaqların hamısın yanıq olmasının səbəbi də 

məhz budur; bir qismi yanıq gəlir, bir qismi də, bura varid olandan sonra yanıqlaşır. Bəli, hər 

şeyin səbəbkarı elə həmin qazdı.   

Bir sözlə, Bakı, o vaxtlar qazlı  şəhər idi, hələ  əcnəbilər qazını sovurub aparmamışdılar. 

Şəhərimiz o vaxtlar çox yuxarıdan gedirdi. Əcnəbilər aşağıdan baxanda Bakını xəzrinin səpələdiyi 

toz-torpaq dənələri boyda görürdülər. Bakı əhli də, yalnız elə o vaxtlar adam kimi yaşayıb; öz əli 

olub, öz başı. Nöyüt gölməçələrinin içində günəş vannaları qəbul edə-edə yeyiblər ənciri-üzümü, 

içiblər təmiz Şollar suyunu…  Yox, yalan dedim deyəsən, mən danışdığım vaxtlarda Bakı tarixinə 

hələ  Şollar suyu dürtülməmişdi. Bəli, mən Bakıya  Şollar suyunun çəkilməsindən çox-çox 

əvvəllərdən danışıram. Hə, onda camaat hələ quyu suyu içirdi. Bu zəhrimara qalmış quyular da, 

bakılıları dolayırdu barmağına. Kefi istəyəndə su verirdi, keyfi istəyəndə nöyüt. Çox vaxt, əlbəttə 

ki, nöyüt verirdi. Onda susuzluqdan dodaqları çatlamış bakılılar bu  qara-qura horranı (yəni 

nöyütü) torpağın içinə dolduranın əkib-doğanını söyə-söyə əziyyətlə qazıdıqları quyunu təzədən 

doldurardılar torpaqla, daşla, nə bilim, nəylə. 

Yazıq Bakı torpağı başıqapazlı detdom uşaqları kimi, həmişə ara yerdə söyülüb. Əvvəl 

nöyüt verirdi - söyülürdü ki, su yerinə gör nə çıxır. Sonralar başladı su verməyə - yenə söyüldü ki, 

biz nöyüt istəyirik, ancaq yerdən su çıxır, buruğa, qazmaya qoyduğumuz filan qədər pul batır. 

Fəqir Bakı torpağı da qalırdı heyrət və təəccüb içində, bilmirdi bu adamlara nə versin – su, yoxsa, 

nöyüt? 


Ümumiyyətlə, Bakı torpağında nə tilsim varsa, bura gələn gələn adamların hamısı birdən-

birə dəyişirlər, qudururlar, naşükür olurlar.  

O vaxtlar Bakı elə bircə  İçərişəhərdən ibarət olub. Qala divarlarından bayırda ev-zad 

tikməzdilər, ehtiyat edərdilər. Həftə  səkkiz – mən doqquz şimal qonşularımız taxta lötkələrinə 

minib Maxaçın qalasından (Yəni Maxaçqaladan) üzüaşağı üzərdilər, Abşeron sahillərinə 

tökülüşüb Bakıətrafı yerləri çapıb talıyardılar,  əncirli-üzümü oğurlayıb aparardılar soyuq şimal 

məmləkətlərinə, sonra da Don çöllərinin ortasında oturub   çastuşka deyə-deyə  əncir, üzüm 



  

 

22



yeyərdilər, ya da tərsinə,  əncir-üzüm yeyə-yeyə çastuşka deyərdilər, oynayardılar, bir sözlə, 

əməlli başlı kefə baxardılar. Kişilər əncir-üzümdən yedikcə, milli-mədəni kalorit daşıyıcısı olan bu 

meyvələrin orqanizmə göstərdiyi təsir nəticəsində, torba şalvarlı  şimal qonşularımızın dediyi 

çastuşkalar da, hiss olunmadan Bakı meyxanalarına bənzəməyə başlardı, sonra də, kişilər təzədən 

qayıqlarına minib gələrdilər üzüaşağı, bizim meyxanaçılarla deyişməyə, söz güləşdirməyə.  

Axmaq olublar o vaxt. Ağılları olsaydı  əncirin-üzümün yerinə nöyütü oğurlayardılar, 

aparıb tökərdilər öz quyularına, göz bəbəyi kimi qoruyub saxlayardılar, indi də satardılar 

əcnəbilərə. Heyif ki, aparmayıblar, aparsaydılar indi bizim də qulağımız dinc olardı.  

Yəqin indi başlarına döyüb təəssüflənirlər, amma «sonrakı peşmançılıq fayda verməz» 

deyiblər. 

Şimal qonşularımızın quldurluğu, o vaxtlar, ümumiyyətlə, Bakı  ətrafı yerlərə çox ziyan 

vurublar, hətta deyilənə görə Pirallahı adasının üzbəüzündə, indiki mayakın yerində, Abşeron 

adlı liman şəhəri də olubmuş (həqiqətən də oranın quruluşu limançün çox əlverişlidir, Pirallahı 

adasının yarımadaya söykənən yerində buxtaya oxşar yer əmələ  gəlib ki, oraları külək tutmur). 

Amma  əfsuslar olsun ki, quldurlar həmin liman şəhərini bütünlüklə dağıdıb, camaatını  qırıblar, 

sağ qalan beş-on nəfər də qaçıb gizlənib Zirə  kəndində. Heyif ki, bu limanın  əhalisi öz doğma 

şəhərlərini qala divarları ilə  əhatə etməyə    tənbəllik ediblər, beləliklə, dəniz quldurlarının 

basqınları qarşısında aciz qalıblar. 

 Bakıya hücum çəkən dəniz quldurlarının içində hamının tanıdığı bir şəxs də olub. Bir vaxt 

kazak atamanı Stepan Razin də lötkəylə Bakı tarixinə qonaq gəlmişdi və uzun müddət bizə 

deyirdilər ki, Razinin gəlməyi bizimçün fəxrdi,  şərəfdi. Kişi gəlib bizi xöşbəxt eliyib. Düzdü, bu 

xöşbəxtliyin nədən ibarət olduğunu açıq izah edən yox idi. Yoxsa fikirləşərdik ki, aya, bu Razin 

deyilən vələddüzna  əgər gəlib Bakı  ətrafını çapıb, talıyıb, camaatımızı  qırıbsa, bunun harası 

xöşbəxt eləməkdi ki, hələ üstəlik onun adına qəsəbə də tikək, qəsəbənin yanındakı dağı da onun 

ismi-şərifiylə adlandıraq…       

Bakının yalnız  İçərişəhərdən ibarət olduğu vaxtlarda yerli əhali də, iki yerə bölünürdü. 

Yox, varlı  və kasıblar bölgüsünü demirəm. Bakı  əhli o vaxt iki yerə bölünürdü -arıqlar və 

gombullar. Arıqlar adətən Bakının, yəni  İçərişəhərin içində, gombullar isə qala divarlarından 

kənarda yaşayırdılar. 

Əhalinin bu cür bölgüsü yalnız ilk baxışdan qeyri-adi görünə bilər. Dərinə gedəndə, burda 

qəribə heç nə yoxdur. Bu cür bölgü istər qurudan, istərsə  də  dənizdən Bakıya çoxlu basqınların 

olmasıyla əlaqədardır… 

Deyəsən fikirlərimizin ucunu itirdik, hər şeyi qatıb qarışdırdıq biri-birinə. Onda əvvəldən 

başlamağa  çalışaq. Bakını, yəni İçərişəhəri salanda evləri  biri-birinə çox yaxın tikiblər ki, qəfildən 

qalaya basqın olanda hücum edənlər içəri girib çaşsınlar, özlərini itirsinlər. Küçələrin darlığı 

düşmənə öz ordusunun hamısını eyni vaxta döyüşə daxil etmək imkanı verməsin və  

qabaqdakılar vuruşarkən daldakılar  əllərini cibinə qoyub öndəkilərin ölməyini gözləməli 

olsunlar. Sonralar elə  də olurdu,  Bakının azsaylı müdafiəçiləri bu səbəbdən böyük-böyük 

basqınların qarşısını ala bilirdilər.  

Amma küçələri bu cür dar tikəndə  əsas bir məsələ bakılıların yadından çıxmışdı: Yəni 

namus, qeyrət məsələsi. Fikirləşməmişdilər ki, bu dar küçələrdə naməhrəm olan arvadla kişi 

üzbəüz gələ bilər və keçəndə biixtiyar bədənləri biri-birinə sürtülər. Ələlxüsus, hər ikisi gombul 

olarsa. Yalnız şəhər tikilib qurtarandan sonra Bakı əhli öz səhvini başa düşdü və daş atıb başını 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə