43
Bu minvalla limandakı karvansaraların, bazarların, anbarların sayı artır
və bu balaca
qəsəbə dönür eyni zamanda yarmarka tipli bir yerə. Cənubdan və Şimaldan üzüb gələn tacirlər
elə buradaca mallarını dəyiş-düyüş edib qayıdırdılar ev-eşiklərinə, beləliklə əziyyətləri xeyli
azalmış olurdu. O vaxtkı Bakı indiki Dubay kimi bir ticarət mərkəzi idi.
Bəli, Bakının və bakılıların yaranmasında dənizin rolu barədə danışdıq, indi keçirik
nöyütün roluna. Qeyd etmişdik ki, o vaxtkı Bakı ərazisi bir növ cəhənnəmi xatırladırdı, torpağın
hər addımında nöyüt fəvvarə vururdu, qaz fışqırırdı, sonra da ordan-burdan düşən qığılcımlar
vasitəsiylə öz-özünə alışırdı, yanırdı. Bibiheybətdən tutmuş Suraxanıyacan bütün ərazilərin İcra
hakimi cənab OD-ALOV idi və cənubdan – İrandan, Hindistandan üzüb gələn atəşpərəst tacirlər
torpaqdan çıxan bu qədər od-alovu görüb heyrət içində qalırdılar, elə fikirləşirdilər ki, taleyin
rəhm-mərhəməti sayəsində xeyir tanrısı Hörmüzün «səri-kuyi»nə yetişiblər.
Bunu başa düşən kimi, sevincdən açarlarını itirirdilər. Hətta ən mömin atəşpərəstlərin ilahi
eşqi elə dombalırdı ki, yubanmadan vəhdəti-vücuda yetişmək, yəni öz müqəddəs hesab etdikləri
odun vasitəsiylə Hörmüzə qovuşmaq fikrinə düşürdülər və Radj Kapurun mahnılarını oxuya-
oxuya kəllə vururdular bakıətrafı od-alovun içinə, yanıb külə dönən vücudları da uçurdu
cənnətə. ( Əlbəttə ki, bizim müsəlman cənnətinə yox, öz cənnətlərinə, çünki özünü könüllü
sürətdə öldürüb günahi-kəbirəyə batan adama bizim cənnətdə yer yoxdur, Allah belənçiyini
cəhənnəmə göndərir. Ancaq o da var ki, bizim odlu-alovlu cəhənnəmimiz mömin bir
atəşpərəstçün elə əslində, cənnət kimi bir yerdi; nə qədər istəsə qır qazanı, gecə-gündüz
sönməyən tonqallar - alovu müqəddəs bilən adama daha nə lazımdı ki. Qoy ürəyi istəyən qədər
yanıb doyunca «kayfavat» eləsin.
Beləliklə, Bakı ətrafındakı bu sonsuz od-alovun səsi-sorağı tacirlərin vasitəsiylə bütün
atəşpərəst məmləkətlərinə yayıldı (nöyüt dünyanın
bir çox yerlərində olsa da, ən üzdə olan yeri
bizim Bakı torpağı idi və əminliklə deyə bilərik ki, o vaxtlar heç bir yerdə bizim ərazidəki qədər
təbii od-alov yox idi) və dünyanın hər yerindən , ən çox da cənub-şərqi Asiyadan mömin
atəşpərəstlər Hörmüzün məskəni hesab edilən Bakıya axışmağa başladılar. Gələnlərin bir hissəsi
ziyarətini başa vurub geri dönürdü, bir hissəsi isə elə həmişəlik qalırdı burda, atəşgahlar,
ziyarətgahlar tikirdilər, müqəddəs alovun qulluğunda dayanırdılar, ətrafını silib süpürürdülər,
səliqəyə salırdılar, məqamı yetişəndə də tullanırdılar içinə, çırtaçırtnan yanırdılar. Ən əsas da,
bakılıların sayını artırmış olurdular.
Bakı o vaxtlar Dubay kimi bir ticarət mərkəzi olmaqla bərabər, yavaş-yavaş atəşpərəstlərin
Məkkəsinə də çevrilirdi. Bir şəhərdə həm Dubay, həm də Məkkə birləşirdi. Burdan da çox maraqlı
bir nəticə çıxır: Bakı o vaxtlar Yaxın Şərqin həm maddi, həm də mənəvi-ruhani mərkəzinə
çevrilmişdi və bakılıların mənşəyində maddi maraqlarla mənəvi meyllərin üzvi surətdə
birləşməsini müşahidə etmək çətin deyil.
Bəli, Bakının yaranmasına yüngülvari bir ekskurs eləsək də, yaddan çıxartmayaq ki, Bakı o
vaxtlar hələ Bakı deyildi, yəni şəhər artıq salınsa da, adı hələ yox idi. Yox, əstəğfürullah, adı var
idi ( adsız dəyirmanda xoruz oler, Moşu demişkən) sadəcə indiki kimi deyildi, bir az ayrı tövr idi,
həm də bir yox, bir neçə adı var idi.
Bakının lap birinci adı «Baqavan» olub. Qədimi əlyazmalarda bu tərəflərdən keçən bir çox
səyyahların dilindən «Ətşi-Baqavan», yaxud «Baquan» sözü daha çox verilir. Şəksiz ki,
atəşpərəstləri buralara cəlb edən haman atəş də, nöyütün və qazın təsirindən yaranırdı və
44
əminliklə deyə bilərik ki, nöyüt bizim şəhərin məişətinə yeriməmişdən əvvəl ilk olaraq onun
adına yeriyib, adını işğal edib. Baqavan sözünün də tarixi maraqlıdır. İlk olaraq qeyd edək ki,
Baqavanın barabana heç bir dəxli yoxdur, çünki «baraban» kəlməsin rusların leksikonunun
nümunəsidir. Bakı və bakılılar yarananda isə ruslar hələ yox idi, daha dəqiq desək var idilər,
amma hələ indiki şəklə düşməmişdilər, eləcə meşəliklərə səpələnmiş qarışıq slavyan tayfaları
halındaydılar, şəhərləri filanı da yox idi. Qısası, bakılılar yarananda ruslar hələ öz sarı saqqallarını
bədənlərinin başqa hissəsindəki tüklərdən ayırd edə bilmirdilər.
«Baqavan» toponisi iki hissədən ibarətdir: Baq, yaxud Baqa kökündən və Van
şəkilçisindən. «Baq» sözü qədim pəhləvi dilində tanrı anlamı verir, (bilməmiş deyilik ki, elə adını
çəkdiyimiz slavyanlar da tanrıya «boq» deyir) , qədim hind sanskritlərində isə «bhaqa» günəş,
yaxud, ümumiyyətlə od mənasında işlənir ( Son vaxtlar Bakıda yayılan «Bhaqa-vat-Gita» kitabını
xatırlamaq kifayətdir. «Bhaqavat» sözündəki son hərfin yerinə «n» hərfini qoysaq qədim Bakının
adı alınır, beləliklə, bakılıların «Zita və Gita» adlı məşhur hind filminə hədsiz rəğbət
bəsləmələrinin də tarixi-genetik səbəbi aşkara çıxmış olur).
Van şəkilçisi də məkan anlamı verir, yəni Tanrının, yaxud müqəddəs alovun
məskunlaşdığı yer. Adıçəkilən şəkilçi bizə çox tanışdır, çünki məmləkətimizin bir çox yer
adlarında ona rast gəlmək olar. Məsəlçün, Şirvan, Naxçıvan, İrəvan, Mincivan, Divan və s. Divan
sözünə də yəqin bu aspektdən yaxınlaşmaq lazımdır. Di-van, yəni «di»-nin məskunlaşdığı yer.
Bəllidir ki, divanda adətən insan bədəninin arxa oturacaq hissəsi məskunlaşır, onda belə nəticə
çıxır ki, qədim dillərdə insan bədəninin bu hissəsi elə «di» adlanırmış.
Nəzərə alsaq ki, Bakının ilk sakinlərinin bir hissəsi Asiyanın müxtəlif bölgələrindən, ən
əsas da Hindistandan gələn atəşpərəstlər idi və onların nəzərində bu odlu-alovlu yer tanrılarının
məkanıydı, onda bu yeri də tanrı adıyla «Baqavan» adlandırılmasında qeyri-adi bir şey nəzərə
çarpmaz.
Lakin bu, heç də o demək deyil ki, bakılılar bütünlüklə hindlilərdən əmələ gəlib və
Hindistanın yoqları da bizim babalarımız olub. Əgər belə olsaydı biz də, yoqlar kimi suyun
üstündə gəzərdik, torpağın altında beş-altı gün nəfəs almadan uzanardıq və ən əsas da uçmağı
bacarardıq. Yox, bakılılar bütün bunları bacarmır, əlbəttə ki, uçmağı çıxmaq şərtiylə. Uçmağın
həvəskarı olmuşuq, bunu kişi kimi boynumuza almalıyıq. Bu qədər odun, alovun, nöyüt iyinin
içində başqa neyləməliydik ki? Meşə, çəmən, yaylaq da yox ki, gedib havanı dəyişəsən, ova çıxıb
bir-iki ceyran-cüyür vurasan, elə meşədəcə ətini şişə çəkib kabablıyasan və bu yolla ciyərlərini bu
nöyüt iyindən təmizləyəsən. Bakı ətrafında ova çıxsaydın da bir-iki qotur tülküdən başqa
qabağına bir şey çıxmayacaqdı, onlar da nöyütün təsirindən elə rəngə düşmüşdülər ki, tülküdən
çox, köhnə kommunist arvadlarının paltolarının sürtülmüş, solmuş varatniklərinə oxşayırdılar.
Onunçün də biz bakılılar azca da olsa təmizlənməyin, ətrafımızdakı bu qara-qura rəngləri
şüurumuzdan çıxartmağın yeganə yolunu uçmaqda görürdük. Elə mən cavan olanda da, bizdə
uçmaq hələ dəbdən düşməmişdi. Gecələr yuxarı məhəllələrin qaranlıq tin-dalanında uçmaq
xiridarı olan dost-tanışla yığışırdıq, kazbekin tütününü boşaldıb adını çəkmək istəmədiyim şeylə
içini doldururduq, yandırardıq, kruqa buraxıb bala-bala dartırdıq, sonra da gözlərimizi yumub
yellənə yellənə uçardıq, ağ dumana dönüb sevdiyimiz qızların yuxularına girərdik, ulduza
dönüb onların başı üstə parlayardıq…