3
Birinci kitab
Mən indi öz şəhərimi yalnız yuxularda görə bilirəm.
Bəxtimdən son vaxtlar əməlli yatmaq da olmur.
Yuxusuzluq axırıma çıxacaq.
Gecələr göydə səni çox gəzib axtardı yuxum
Zülmətin bağrını ağ eşqi ilə yardı yuxum.
Gəlməyirsən yuxuma xeyli zamandır, bəlkə
Hüsnünün hədsiz olan nuru üçün dardı yuxum?
Gah buludlu göy olur, gah dəli, tufanlı dəniz,
Gah da qəm ətri verən laləli gülzardı yuxum.
Ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib
Səni bir anlığa bəlkə mənə qaytardı yuxum.
Gözümə xeyli zamandır ki, görünmür, utanır
Tapa bilmir səni, qarşımda günahkardı yuxum.
Sən ki, getdin, o zamandan da yuxum qeyb olmuş,
Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum.
Vardı günlər ki, görərdi yuxuda Fəhmi səni,
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum.
Oxunması vacib olmayan müqəddimə
Ceyms Coys İtaliyada, Triyest şəhərində oturub Dublin haqqında romanını yazırdı,
qələminin belinə minib İrlandiya paytaxtının köhnə kvartallarını, küçələrini gəzirdi, hər
məhəllənin keçmişinə, tarixinə baş vururdu, hər tikilinin tarixçəsində eşələnirdi. Buna
baxmayaraq uzaqdaydı öz şəhərindən. Bəlkə ona görə gəlib əsərini İtaliyada yazırdı ki, hər hansı
bir predmet içəridən bir cür, kənardan isə tamam başqa cür görünür və Coys da öz Dublininə
kənardan baxmaq istəyirdi.
Orxan Pamuk Amerikada – Nyu-Yorkun «Kolumbiya universiteti»ndə oturub «Qara
kitab»ı yazırdı, yaratdığı obrazın cildinə girib İstanbulun köhnə məhəllələrini, dükan bazarını
gəzirdi, qayığa minib Bosforda üzürdü, köhnə İstanbul əhlinin xarakterini açırdı.
4
Qəribə də olsa, mənə elə gəlir ki, həm adıçəkilən iki əsərin,
həm də oxşar taleli, oxşar
məzmunlu başqa əsərlərin uğur qazanmasına səbəb istedad faktoru ilə bərabər yazıçının öz
şəhərinə bir qədər aralıdan baxa bilməsi olub və bu uzaqlıq yazıçıya öz doğma şəhərinin bir çox
spesefik xüsusiyyətlərini açmaqda yardımçı olub. Hər halda, mən belə düşünürəm.
Mən Bakının göbəyində, yəni Respublika Sarayının arxasındakı evlərin birində rahatca
oturub Bakı tarixi haqqında nəsə yazmaq istəyirəm, amma şəhərin ortasında olsam da, özümü
Bakıdan o qədər uzaqda hiss edirəm ki, bu uzaqlığın yanında Dublinlə Triyest, İstambulla Nyu-
York arasındakı məsafə insan ömrü qədər qısa, balaca görünür. Çünki bu şəhərlər arasındakı
məsafə yalnız kilometrlərlə ölçülürdüsə, mənim Bakımı məndən varlıq-yoxluq sərhəddi ayırır,
yəni mən varam, Bakım isə artıq varlıq çərçivəsindən kənardadır.
Bəli, mən təsvir etmək istədiyim Bakıdan çox uzaqdayam, hərçənd ki, zaman etibarilə bizi
cəmi bir neçə onillik ayırır. İyirmi-iyirmi beş il bundan əvvələcən sürünə-sürünə də olsa mənim
Bakım hələ yaşayırdı, çox qocalsa da, haldan düşsə də, görkəmi çox dəyişsə də diqqətlə baxanda
hiss olunurdu ki, bu, mənim Bakımdır, bu, həmin Bakıdır; həyətləri qır iyi verən, asfalt yollarının
qıraqlarında sınıq limonad şüşələri parıldayan, dəniz sahillərində neft qalıqları yığılan,
qağayılarının da rəngi neftdən qaralan, toz-torpağı adamın ağız-burnuna dolan, xəzrisi əldən
çanta, başdan papaq qapan (bu siyahını sonsuzluğa qədər uzatmaq da olar) bizim Bakı.
Amma indi həmin Bakı yoxdur, nənəm demişkən, pişik apardı. Mənim Bakımı
«Yevroremont mütəxəssisləri» fasilə vermədən, gecə-gündüz böyük həvəs və şövq ilə ütüləyirlər-
əhəngləyirlər, ütüləyirlər-əhəngləyirlər və bir azdan Bakı tarixi ağappaq, hamar bir kəfənə
çevriləcək ki, mənim kimi kiflənmiş köhnə bakılıları ağuşuna alıb aparacaq ora, bütün gərəksiz
məxluqların atıldığı yerə, yəni, o dünyaya…
Hərdən mənə elə gəlir ki, şəhərlərin də öz kainatları, o dünyaları-bu dünyaları, cənnətləri-
cəhənnəmləri olur; yaranırlar, inkişaf edirlər, böyüyürlər, sonra da yavaş-yavaş tənəzzülə
uğrayırlar, məhv olub gedirlər. Dünya tarixində bir çox şəhərlər olub ki, onlardan indi yalnız
xarabalıqlar qalıb. Bu nöqteyi-nəzərdən yanaşsaq, mənim Bakım bu saat Bərzəx aləmindədi, yəni,
o dünyanın astanasındadı və sakitcə oturub cənnətə, yaxud cəhənnəmə düşəcəyi barədə dərin,
monumental düşüncələrə dalıb, bu dünyada etdiyi əməlləri götür-qoy edir, günahlarına görə
Allaha nə cavab verəcəyini düşünür…
Kimlərsə etiraz edib, deyə bilər ki, Bakı heç də uçulub-dağılmır, əksinə, günü-gündən
böyüyür, inkişaf edir, gözəlləşir, təmizlənir və s. Yox, əzizlərim, xahiş edirəm diqqətli olun, çünki
indi hamımızın gördüyü Bakı, mənim haqqında danışmaq istədiyim Bakı deyil, onun oğludur.
Ümumiyyətlə, insanların ailə şəcərəsi ilə şəhərlərin taleyi arasında da oxşarlıq çoxdur və müxtəlif
paralellər aparmaqçün saysız-hesabsız faktorlar var. Fərq isə məncə bircə bundan ibarətdir ki,
insan ailəsində övlada adətən valideynlərin adını qoymurlar. Şəhərlərin taleyi isə başqa cürdür,
övladın adı çox vaxt valideynin adıyla üst-üstə düşür, yaxud, yalnız cüzi dəyişikliyə uğrayır. Bu
mənada şəhərləri rus ailələrinə bənzətmək olar, onlarda uşağa valideynin adını qoymaq
praktikası çox yayılıb, məsəlçün, İvan İvanoviç, Pyotr Petroviç və s.
İndiki Bakını da, məncə, Bakı Bakıyeviç adlandırmaq düzgün olar. Oğul Bakı hamımızın
indi gördüyü şəhərdir, mən isə bu şəhərin atası, babası və ümumiyyətlə, əcdadları barədə
danışmaq istəyirəm. Məni buna vadar edən isə aşağıdakı səbəblərdir. Adətən hər oğul atasından
yadigar olaraq həmişə nə isə saxlayır - şəkillər, hansısa məişət predmetləri, daha nə bilim nələr.
Şəxsən mənə rəhmətlik atamdan bir albom şəkil, mal sümüyündən düzəlmiş iki təsbeh, bir qutu