13
Bakı damlarındakı qır da, bu damları süpürən
xəzri də, canlı məxluqlardı. Hər ikisinin
ruhu var və bu ruhlar, qəribə də olsa, maddiləşib. Əlbəttə ki, göyərçinləri deyirəm. Göyərçinlər
qır damların ruhudur, bəlkə elə xəzrinin də ruhudur...
Yox, düz olmadı. Göyərçin ruh-filan deyil. Tüklü, lələkli, quyruqlu ruh olmur. Göyərçin
damların övladıdı. Bu, daha düzgündür.
Bakı damlarını kişiyə bənzətsək, deməli, quşxanalar da, onların məşuqələri hesab
olunmalıdır. Göyərçinlər isə bu iki sevən məxluqun əziz xələf övladları. Əlbəttə ki, qanunsuz
övladları. Çünki quşxanalar Bakı damlarının qanuni arvadı ola bilməz. Qırlı damların altındakı
evlərdən fərqli olaraq, üstündə tikilən quşxanaların heç bir möhürlü, imzalı sənədi- kupçası,
texniki pasportu olmur. Ona görə də göyərçinləri bicbala hesab eləmək lazımdır.
Kişilərin hamısına məşuqə saxlamaq xoşbəxtliyi nəsib olmadığı kimi, Bakı damlarının da
heç də hamısı quşxanalı deyil. Yalnız beşindən-onundan birinin üstündə quşxana düzəldilib.
Damların qırı göyərçinlərin atasıdısa, onda xəzri də, onların əmisi hesab olunur. Xəzri
göyərçinləri çox istəyir, amma göyərçinlər bu zəhmli əmilərdən qorxurlar. O gələn kimi tez qaçıb
girirlər analarının qarnına. Quşxanalar kenquru kimi bir şeydilər. Nigarançılıq olan kimi
balalarını yığırlar öz içinə.
Xəzri evdə olmayanda göyərçinlər o saat göyə qalxırlar, yəni əmisigilə gedirlər. Qalxırlar
yuxarı, fırlanırlar, uçuşurlar, oynaşırlar, hərdən elə olur ki, aşağıdan nöqtə boyda görünürlər.
Aşağı enəndə də azırlar, gedib düşürlər başqa quşxanaya.
Göyərçin boynu yumşaqdı, sığalla, amma sındırma,
Göyərçin qəlbi dustaqdı, burax uçsun, yubandırma.
Göyərçin ömrü matəmli, göyərçin gözləri nəmli,
Qoy axsın inci göz yaşı, əlin vurma, bulandırma.
Göyərçin sevgisi gizlin, soruşma, söyləməz sirin,
Göyərçin ruhu ismətli, danışdırma, utandırma.
Göyərçin tellərində şeh, aman vermə dağıtsın meh,
Göyərçin köynəyi dümağ, tozun içrə uzandırma.
Göyərçin dimdiyi həssas, gecə ulduz yığar dən-dən,
Göyərçin fikri göylərdə, yolun kəsmə, dayandırma.
Göyərçin könlü kövrəkdi, nolur, çox xətrinə dəymə,
Göyərçin bağrı çox incə, cızıb qana boyandırma.
Göyərçin ki, günahsızdı, sıxıb gizlətmə qoynunda,
Özün Fəhmi yanırsansa, onu, rəhm eylə, yandırma.
14
Bütün əxlaqlı kişilər öz qardaşlarının məşuqələrinə nifrət
etdikləri kimi, xəzri də Bakı
damlarının məşuqələrinə, yəni quşxanalara nifrət edir, onları görən gözü yoxdur. İmkanı düşən
kimi bu taxta daxmacıqlara hücum edir, onları yumruqlayır, təpikləyir, damdan aşağı atmağa
cəhd edir. Yazıq quşxanalar da təpik altına düşən fahişələr kimi cırıldayır, müqavimət göstərirlər.
Xəzrinin bu xasiyyətinə hamı bələd olduğu üçün quşxanaları, adətən, damların külək tutmayan
künc-bucaqlarında yerləşdirirlər. Bu da təbii ki, xəzrinin xoşuna gəlmir, hirsini yenə qır
damlarının üstünə tökür, yerdən qaldırdığı toz-torpağı səpələyir onların başına. Xəzri də belə
xəzridi - hikkəli, hirsli, əlindən bir iş gəlməsə də özündən başqa heç kəsi bəyənməyən, hamıya
yuxarıdan aşağı baxan, - eynən bizim yazarların çoxu kimi.
Xəzri hamıya yuxarıdan aşağı baxmaq xüsusiyyətilə bizim «sənətçi»lərə bənzəsə də, hər
halda bu avaralardan daha üstündür, çünki onlardan fərqli olaraq Xəzrinin heç olmasa camaata
bir xeyri dəyir, yəni Bakının havasını təmizləyir. Xəzri Bakı zonası üzrə ekoloji müfəttişdir. Yox,
müfəttiş yox, bilavasitə ekoloji süpürgədir, zir-zibil iyi verən havanı süpürüb aparır, yerinə
təzəsini gətirir. Amma elə vaxt da olur ki, təzəsi köhnəsindən betər olur. Bu isə o deməkdir ki,
bizim ekoloji müfəttişimiz rüşvətxordur, ya da həlləm-qəlləmdi. Kefi istəyəndə havanı təmizləyir,
istəməyəndə zəhərləyir.
Belə bir ehtimal var ki, «xəzri» sözü Xəzər dənizinin adından əmələ gəlib. Ola bilər. Hər
halda bu dünyada hər şey nədənsə əmələ gəlib, hər varlığın yaradılış mənbəyi var, bircə Allahdan
başqa.
Allahla deyə bilmərəm, ancaq Xəzər dəniziylə xəzrinin münasibətləri çox maraqlıdı. Xəzri
Xəzərin papağına oxşayır, ya da,
papağa yox, örpəyə. Xəzri Xəzərin toz-torpaqlı örpəyi, yaxud
kələğayısıdır, çünki Xəzər abır-həyalı dənizdir.
Xəzər dünyadakı iki abır həyalı, bakirə dənizdən biridir; qapalıdır, bağlıdır, açılmayıb və
çox güman ki, heç vaxt açılmayacaq. Əgər Xəzərlə Qara dəniz arasındakı məmləkətləri batıracaq
bir zəlzələ olmasa. Nə vaxtsa, belə bir zəlzələ olsa, onda dünya okeanı Xəzər dənizinə də yol
açacaq və Xəzər bakirəliyini itirib olacaq o birilər kimi «açıq dəniz».
Allah eləməsin. Elə olarsa, bəs bizim ağ balığımız necə olacaq? Onsuz da bizim vəhşi
münasibətimizdən bezib. Sadəcə, getməyə yeri yoxdu, əgər Xəzər «açılsa», ilk olaraq aradan çıxan
elə ağ balıq olacaq.
Xəzri Xəzərə bol-bol toz-torpaq hədiyyə edir, Xəzər də bu toz-torpağı udar, yığar dibinə və
beləcə, Xəzərin səviyyəsi ildən-ilə qalxar.
Xəzri Xəzərə təkcə toz-torpaq hədiyyə eləməzdi, aradabir beşdən-üçdən balıqçı da
bağışlayardı. Lakin Xəzər abır-həyalı olduğu üçün çox vaxt bu bəxşişləri götürməzdi, balıqçıların
meyitlərini atardı sahilə.
Bəlkə də, Xəzər bezmişdi eyni şeydən. Nə qədər eyni hədiyyələri qəbul eləmək olar. Elə
həmişə toz-torpaq və günün altında rəngi qaralmış balıqçılar. Onun yerinə hər kim olsaydı,
qaytarardı bu hədiyyələri.
Xəzər eyni zamanda bakılıların çörək ağacıydı. Çünki Bakının, Abşeronun torpağı bir o
qədər də münbit deyil, yaxşı məhsulu olmur, yarımsəhralıqdı. Ona görə də bakılılar gözlərini
torpaqdan çəkib dənizə dikiblər. Bakılıların çörək ağacı dənizdə əkilib; dənizin ta ortasında. Bu
çörək ağacı çox bərəkətlidi, heç vaxt heç kimi əliboş qaytarmır, bircə xəzri olmasaydı... Bayaq
dediyimiz kimi xəzri tez-tez özündən çıxıb dənizdə bitmiş bu çörək ağacını möhkəmcə