11
Bakının tarixi adamın bütün içini yeyir. Yox,
bəlkə də yemir; hə, belə daha səhih olar,
yemir, dişləyib qopardır adamın içini, bir az çeynəyir, diliylə o yan-bu yana fırladır, ağzının
suyunda isladır, büzüşdürür, boğur, sonra da, tüpürür bayıra. Adamın içi şappıltıyla yapışır
dığır-dığır asfaltın üstünə, başlayır asfaltın istisində qıcqırmağa. Axırda da, yoldan ötənlərin
birinin ayaqqabısının altına yapışıb gedir gəzməyə, ta ki, həmən ayaqqabı yağışa düşüb
təmizlənənə qədər sülənir özüyçün.
Bakının tarixi vampir kimi şeydir. Vampir adamın qanını sorur, Bakının tarixi adamın içini.
Hərdən doymayanda çölünə keçir, aramla onu da, həzm-rabedən keçirir.
Bakının tarixi həm vampirə oxşayır, həm də, mənim babama. Əslində, babam özü elə Bakının
tarixidi, ya da əksinə, Bakının tarixi elə mənim babamdı - bunun bir o qədər fərqi yoxdu. Bakının
tarixi deyəndə gözümün qabağına həmişə babam gəlib: o da, heç vaxt meyvəni bütöv yeməzdi,
çeynəyib suyunu udandan sonra puçalını tüpürərdi bayıra. Bəlkə, bu, sadəcə assosiasiyadır,
həqiqətə dəxli yoxdu, bəlkə də var.
Babam Bakı tarixinin təzahürüdür, simvoludur; babamın dişləri yox idi, protez taxardı,
hərdən protezini qarışqa da basardı. Axırda babama başa saldılar ki, dişi, daha doğrusu protez
dişləri suyla dolu stəkanda saxlamaq lazımdır. Kişi bu məsləhətə əməl edəndən sonra babamın
dişləri qarışqa yaylağı olmağı tərgitdi. Çünki, qarışqalar amfibiya deyil, suyla dolu stəkanın
dibinə enə bilmirlər, boğulurlar.
Bakı tarixinin də dişləri tökülüb. Əgər tökülməsəydi, belə bədbəxt, miskin günə qalmazdı,
ona təcavüz edənləri canavar kimi didib parçalardı, daha mənim kimi bifər müdafiəçilərin
ümidinə qalmazdı.
Babamın Bakı tarixindən fərqi bircə ondaydı ki, kişinin binayi-qədimdən qırdan xoşu
gəlməzdi. Bakı isə qırı hədsiz dərəcədə sevirdi. Dünyada ikinci elə bir şəhər yoxdu ki, qıra Bakı
qədər məhəbbət bəsləsin. Dünyadakı şəhərlərin çoxusu, ümumiyyətlə, qır nə olduğunu bilmir.
Bilmir, heç öyrənmək də istəmir. Heyif, gərək öyrənəydilər, çünki atalar deyib: « Bilməmək ayıb
deyil, bilməyib öyrənməmək ayıbdı.»
Onlar (yəni dünyanın başqa şəhərləri) örtük kimi şifer, kirəmit, allüminium təbəqələr, nə
bilim, ayrı şeylər işlədir. Bakının tarixi isə bu məqsədlə ancaq qırdan istifadə eliyib. Bakının tarixi,
öz içində saxladığı evlərin, dükanların, qarajların, ambarların, hətta ayaqyoluların hamısının
damını qırla örtüb.
Qır Bakının mənəvi dəyərlərindən, sərvətlərindən biridir. Yox, biri deyil. Qır Bakının
yeganə maddi-mənəvi sərvətidir. Niyə? Çünki qır neftayırma zavodlarında neftdən benzin,
kerasin düzəldilən zaman yerdə qalan artıq-əskik zir-zibillərdən əmələ gəlir. Yəni, neftin içindən
benzini çıxardırlar, kerasini çıxardırlar, mazutu çıxardırlar, bunlar neftdən ayrılandan sonra yerdə
qalır saqqız kimi qatı, ağır bir məhsul ki, buna da qır deyirlər. Əgər Bakı tarixi müasir gənclər
kimi gecə-gündüz saqqız çeynəmək fikrinə düşsəydi, yəqin ki, ağzından qır-saqqız əskik olmazdı.
Başqa ölkələrdə bu qır ancaq yollara çəkməkdən ötrü istifadə olunur. Qırı göndərirlər
zavoda, ona bir az çınqıl, xırda daş, nə bilim, sonra nələr vurub eliyirlər asfalt, gətirib yaxırlar
yollara. Düzdü, bizdə də asfalt olub. Lakin asfalt salmazdan əvvəl bakılılar həmən qırı evlərinin
damına yaxmağı öyrəniblər.
Evlərin damına şifer vurmaq yaramır, çünki Bakının xəzrisinə şifer tab eləmir, yavaş-yavaş
mismarlarını boşaldır, sonra da damdan alıb yerə çırparaq sındırır. Rus «izbuşkaları» kimi taxta
damlar da eləmək olmur, çünki Bakının dövrəsində o qədər meşə yoxdur ki, taxta-şalban da bol
12
olsun. Bizdə bol olan bircə qırdı, qap-qara qır. Bakı tarixinin, bakılıların yeganə sərvəti. Yox, neft
yox, qır, məhz qır. Çünki Bakı neftindən əmələ gələn kerasini də, benzini də əcnəbilər daşıyıb
aparıblar öz maşınlarına yedizdirməyə. Bakıya və bakılılara qalan bircə bu qır olub, onu da
götürüb yaxıblar evlərinin damlarına ki, barı yağışın, qarın qabağını alsın.
Bakının damları cəhənnəmə gedən asfalt yolu xatırladır, fəqət, bu, bütöv bir yol zolağı yox,
yolun qayçılanıb doğranmış formasıdır.
Bakının tarixi qara, qır damlardan ibarət mozaikadır. Məncə bizim torpağın altından neft
yox, elə qır çıxsaydı, daha yaxşı olardı, əcnəbi qurumsaqlardan canımız qurtarardı.
Maraqlıdır, görəsən neftin emalından sonra artıq qalan zir-zibili, qara-qura saqqızı evlərin
damına yaxmaq kimin ağlına gəlib? Başqa sözlə desək, Bakının ilk qırçısı kim olub? Və görəsən bu
adam bilibmiş ki, dünyanın ən böyük kəşflərindən birini eliyib? Yəqin ki, bilib. Bakılılar nə
elədiyini bilən adamlardı.
Bakı tarixi qır iyi verir, ...ya da əksinə, qırdan Bakı tarixinin iyi gəlir. Ələlxüsus yayda,
günortalar gün qırı qızdırıb yumşaq saqqıza döndərəndə.
Yayda, günün günorta çağı, Bakı damlarına çıxmaq olmaz, çünki ayaqqabıların altı da
neftdən əmələ gələn rezindən düzəlir və iki əmioğlu bir-biriylə elə qucaqlaşır ki, yayda, günün
günorta çağı bizim damlara çıxan adam öz ayaqqabıları ilə vidalaşmalı olur. Ayaqqabıların qara
altlığı yapışır qıra, heç cür qopmur.
Qır da Bakı tarixinin simvoludur. Bakı isə çox kinlidir, qəzəblidir, öz tarixinin simvolunu
tapdayanları sevməz, cəzalandırar.
Gecələr Bakı damlarına çıxmaq olar, çünki qaranlıqda damın qırı ayaqqabı altlığına
çevrilmiş rezin əmioğlusunu tanımır, ona görə də bağrına basıb qucaqlamır. Bakıda kimsə, nə
səbəbdənsə yay aylarında dama çıxmaq istəsə, bunun üçün mütləq gecəni gözləməli olurdu.
Bakı qırının üzü üzlər görüb. Ən çox gördüyü isə xəzrinin üzüdür. Külli kainat dörd
ünsürdən ibarətdir; ab, atəş, xak, bad. Yəni, su, od, torpaq, hava. Torpaq Bakıya öz içindən
çıxartdığı qırı bəxş eliyib, hava isə xəzrini. Xəzri ilə qır eyni vaxtda yaranıblar - biri torpağın
içində, biri də üstündə. Qırı torpaqdan çıxarıb atıblar havaya, amma havanı torpağın içinə soxan
olmayıb. Ona görə qır xəzridən aşağıda məskunlaşmasına baxmayaraq ondan bir mərtəbə
üstündür.
Bakının tarixi qara-boz naxışlı xalçadır. Qara naxışlar qırlı damlardır, boz naxışlarsa
xəzrinin səpələdiyi toz-torpaq. Toz-torpaqla damların qırı üzvi vəhdətdədir. Qır Bakı tozundan
özünə yorğan düzəltməyi yaman sevir. Əfsuslar olsun ki, bu yorğan o qədər də, davamlı deyil,
yağış yağan kimi parça-parça olur.
Yox, Bakı tarixini təkcə qara-qura xalçaya bənzətmək düz olmaz. Çünki arada şüşəbənd
məsələsi var. Başqa sözlə desək, Bakı tarixi qara-boz xalça, şüşəbəndlər isə onun şahmat taxtasını
xatırladan güzgüsüdür. Sadəcə, bu taxtada bütün xanalar eyni rəngdədi - şüşə rəngində, yəni
şəffaf. Bu şüşənin o biri tərəfində bakılıların təsbehləri görünür.
Şüşəbəndlərin də qırdan xoşu gəlmir. Damları qırlayanda mütləq isti qırın bir hissəsi
damın qırağından axıb şüşələrin üstünə tökülür, onları ləkələyir, bu da ki, şüşəbəndə qıra qarşı
çox mənfi münasibətın yaranmasına gətirib çıxarıb.