9
avaraxanaya döndərmək istəyir əxlaqsız
bir adam könüllü olmasa da, bundan vaz keçmək
məcburiyyətində qalır, çünki bilir ki, evinə artıq adam gəlib-getsə, evdən artıq-əskik səslər çıxsa,
yaxud başqa xoşagəlməz hallar olsa, qonşular onun başına oyun açar, rahat yaşamağa qoymaz.
Azadlıq sevər həmvətənlərim növbəti dəfə etiraz edib deyər ki, bu cür yaşayış zamanı
insanın azadlığı, müstəqilliyi əlindən alınır, o ətraf mühitin iradəsinə tabe olur, icmanın əsirinə
çevrilir.
Düzdü, mənim təsvir etdiyim mühitdə həqiqətən də, konkret bir fərdin hərəkət meydanı
çox kiçikdir, insanı bu çərçivədən kənara çıxmağa qoymurlar və əlbəttə ki, azadlığı, müəyyən
mənada, əlindən alınmış olur. Lakin gəlin problemə başqa tərəfdən yanaşaq: məgər insan
dünyaya yalnız azad olmaqçün gəlib? Başqa bir məqsəd yoxdur?
İkincisi də ki, azadlıq heç də bizim beynimizə yeridildiyi kimi hansısa əxlaqi çərçivələrin
sındırılması və insanın bütün davranışının yalnız nəfsin istəklərinə tabe olması deyil. Azadlıq
tamam ayrı bir şeydir.
Əslində, mütləq azadlıq yoxdur. İnsan ya iradəsini nəfsinə tabe edib bütün ömrünü daxili
istəklərini yerinə yetirməyə həsr edir, yəni nəfsinin əsirinə çevrilir, ya da əksinə, insan nəfsini,
istəklərini iradəsinə tabe edir, nəfsinin hakimiyyətindən azad olur.
İndi baxaq görək bunlardan hansı əsl azadlığa daha yaxındır? Cahil insanlar şəksiz ki,
birincisini seçəcəklər. Çünki onların fikrincə, əsl azadlıq insan hissiyyatının tam sərbəst
buraxılmasıdır.
Ağıllı adamlar isə əsl ruhi azadlığı nəfsin əqlə tabe olmasında görəcəklər.
Deyəsən, söhbəti çox uzatdım. Məqsədimiz heç də ağıl və nəfs barədə moizə oxumaq deyil,
bunu ilahiyyat alimləri bizdən daha yaxşı edirlər.
Bizsə, sadəcə, onu demək istəyirik ki, köhnə Bakının açıq həyətlərində elə bir ab-hava
hökm sürürdü ki, hər bir sakin öz istəklərini cilovlamağa bir növ məcbur edilirdi, bu da insanın
nəfsin əsirliyindən qurtulub həmin azadlığa doğru addımlamasına yardımçı olurdu, əlbəttə bu,
çox yaxşı bir hal idi.
Köhnə Bakını deyəsən çox şişirtdim, ideallaşdırdım. Tanımayanlar elə bilər ki, o vaxtkı
Bakı cənnətməkan idi, adamları da huri-mələk. Bütün günü can deyib can eşidirdilər, bir-birinə əl
tutardılar, mehribanlıqla dolanardılar… Əslində o vaxtkı Bakıda da kifayət qədər oğurluq,
avaraçılıq, dava-dalaş, qırğın, qiyamət, saçyoldu, dişsındırdı, bıçaqlaşdı olardı. Hətta müəyyən
parametrlərinə görə, o vaxtkı Bakı indikindən qat-qat pis idi. Lakin insanların düşüncəsində
müəyyən bir çərçivə var idi və heç kim bu çərçivədən kənara çıxmağı ağlına belə gətirmirdi. İndi
isə, ümumiyyətlə, heç bir çərçivə yoxdur, yaxud, demək olar ki, çox az qalıb (fikrim yenə yayındı,
abzası təzədən başlamalı olacam).
Köhnə Bakını, deyəsən, çox şişirtdim, ideallaşdırdım. Yalnız işıqlı cəhətlərini göstərdim,
qaranlıq tərəflərindənsə vaz keçdim. Əslində, o vaxtkı Bakı çox adi bir şəhər olub, heç nə ilə
başqalarından fərqlənməyib, adamları da fövqəladə olmayıblar, yaxşısı da olub, pisi də. Lakin
bütün bunların mənim Bakıma dəxli yoxdur, çünki mənim Bakım sizin indi gördüyünüz Bakıdan
fərqləndiyi kimi, o vaxtkı camaatın gördüyü Bakıdan da çox fərqlənir.
Mənim Bakım yalnız mənimdi, çünki yalnız mənim içimdədi, mənim ruhumdadı, mənim
qanımdadı və hətta deyərdim ki, genimdədi. Ən əsası isə mənim Bakım heç vaxt uçulub
dağılmayacaq, mənim Bakımın köhnə həyətlərini yerində iyirmi mərtəbə binalar ucalmayacaq,
mənim Bakımın küçələrində həmişə trolleybuslar, tramvaylar dolaşacaq, dondurma satanlar
10
altına çarx bərkidilmiş taxta qutularını qabaqlarına qatıb bütün günü «maroj», «maroj» qışqıra-
qışqıra tinləri, dalanları gəzəcək, yaşlı-cavan quşbazlar şalvarlarının balaqlarını, köynəklərinin
qollarını çırmalıyıb, damda göyərçin uçurdacaq, axşamlar əllərində təsbeh fırladan, başlarından
aerodromu şapkələri əskik olmayan Bakı kişiləri küçələrin o üz-bu üzündə şakkaşuruknan nərd
atacaq, dirsəyəcən yağın, benzinin içində olan şoferlər qapılarında saxladıqları hökumət
maşınlarının kopotunu qaldırıb motorunda eşələnəcək, ağzıdualı, başı buxara papaqlı, şəvə
saqqallı ağsaqqallar tut ağaclarının altında yığışıb Seyid Əzimin, Füzulinin qəzəllərini
xırdalıyacaq, arvadlar həyətlərdə paltar yuya-yuya dünən axşam televizorda göstərilən indeyski
kinonu müzakirə edəcək, uşaqlar da gah çərpələnk uçurdacaq, gah da taxta avtomatlarla,
tapançalarla silahlanıb «dava-dava» oynayacaq. Və başdan-başa qır iyi verən bu İdilliya
əbədiyyətə qədər dəyişməyəcək, hər şey olduğu kimi qalacaq, heç kim qocalmayacaq, ölməyəcək
heç yer uçurulub dağıdılmayacaq, hər şey olduğu kimi qalacaq. Mən də Əzrayılın dəvətnaməsini
alana qədər qır iyi verən bu tablonu hər gün seyr edəcəm, toz basanda siləcəm, islananda
qurudacam, çirk olanda yuyacam, ən nəhayət, özümlə bərabər, öz içimdə o dünyaya aparacam.
Bəli, o dünyaya. Çünki bu dünyada artıq mənim özümə yer olmadığı kimi, mənim Bakımın da
yeri yoxdur. Nə mənim Bakımın, nə də onun tarixinin. Mənim Bakımın tarixi isə adamın içini
yeyir. Hətta nağıl olsa belə…
Nə vaxtsa qəmli olsam, nağıl danış mənimçün,
Nəfəs kimi daralsam, nağıl danış mənimçün.
Yalan şirin zəhərmiş, məni həmişə aldat,
Həqiqəti cırıb at, nağıl danış mənimçün.
Bu günləri bir anlıq silib çıxart yadından,
Unutduğum qadından nağıl danış mənimçün.
Dəniz-dəniz günahdan xilas bəhanəsiylə,
Mələklərin səsiylə nağıl danış mənimçün.
Həyat duman kimiydi, itib-batıb dağıldı,
Ölüm də bir nağıldı, nağıl danış mənimçün.
Əcəl yuxusu gəldi, bu yaşı sil gözümdən,
Yavaşca öp üzümdən, nağıl danış mənimçün.
Bəlayə düşsə Fəhmi, xilas üçün gəlib sən,
Otur yanımda hərdən nağıl danış mənimçün.
Birinci fraqment