19
Kənardan baxanda Bakı tarixi özü elə möhtəşəm bir asılqandır. Daha kimlər asılmayıb bu
asılqandan… Sisyanovdan tutmuş Rastrapoviçəcən. Bakı tarixindəki mıxlardan o qədər şey
asıblar ki, qorxuram onların ağırlığına tab gətirməyə, parça-parça olub tökülə yerə. Onda vay biz
bakılıların halına. Hər şey əlimizdən alınandan sonra, daha özümüzü asmağa da, yerimiz
olmayacaq. Məcbur olub öz ah-fəryadımızdan sallanacağıq. Ona da ki, heç etibar yoxdur.
Asılmağa qalanda Bakı tarixindən ən möhkəm asılan şey Qız qalasıdır. İndiyəcən
müəmmalı qalır ki, Bakı tarixi bu boyda zırıltını necə saxlaya bilib və necə olub ki, indiyəcən bir
dəfə də qırılıb düşməyib. Amma nə yaxşı ki, qırılıb düşməyib, yoxsa bütün bakılılar Qız qalasının
altında qalası olardılar, yəni əzilib xingala dönərdilər.
Bakılılarçün Qız qalası adlı bir zad, ümumiyyətlə, mövcud deyil. Kubinka var,
Çəmbərəkənd var, İçərişəhər var, Axund hamamı var, amma Qız qalası yoxdur. Qəribədi, Bakı
tarixinə ekskursiyaya çıxanlar ilk növbədə Qız qalasının seyrinə dalır, içinə girir, daş-divarına əl
sürtür, təpəsinə çıxır. Bakılılarsa, hətta qalanın yanından keçəndə də, bircə dəfə də olsun başlarını
qaldırıb yuxarı baxmırlar. Bakılılar binayi-qədimdən yerəbaxan adam olublar, göyə çox baxmağı
xoşlamayıblar, çünki adam yuxarı çox baxanda papağı düşəcək yerə, qalacaq ayaq altında.
Qız qalası bakılılarçün ona görə yoxdur ki, bu qalanın nə funksiyası, nə tikilmə tarixi, nə də
əcaib görkəmindən bu vaxtacan baş aça bilməyiblər. Rasional adamlar olduqlarına görə,
mahiyyətini dərk edə bilmədikləri bir şeyi təbii ki, mövcudatın bir zərrəsi kimi qəbul etmirlər.
Heç kim bilmir ki, bu zırıltının adını nəyə görə Qız qalası qoyublar. Biri deyir ki nə vaxtsa
bir qız özünü yuxarıdan tullayıb aşağı, bir ayrısı belə bir fərziyyə irəli sürür ki, zərdüştlər
meyitləri bunun təpəsinə düzürmüşlər, bir sözlə, hamı ağzına gələni danışır. Şəxsən mənim
ağzıma gələn budur ki, bu qalanı əhatə edən pərdeyi-əsrar (yəni sirr pərdəsi) hələ də cırılmamış
qaldığına görə, elə adını da Qız qalası qoyublar, başqa sözlə desək, qala qız qalıb, sirri açılmayıb,
qalanın sirri öz bakirəliyini saxlayıb. Əgər bu sirri, nə vaxtsa, kimsə aça bilsə, yəni onu əhatə
edən sirr pərdəsi parçalanıb dağılsa, onda biz də bu qalanın adını dəyişib qoyarıq «Arvad qalası».
Qız qalası Xəzərlə yaxın rəfiqə olublar, söhbətləri tutub, çünki hər ikisi bakirədir və hər
ikisi də qız qarıyırlar.
Bir vaxtlar bu iki rəfiqə lap yaxın idilər, aralarından yel də keçmirdi. Hər gün qucaqlaşıb
birgə yatardılar. Lakin sonralar camaat bu iki qız uşağının belə isti münasibətlərində lesbiyanlıq
əlamətləri olduğundan şübhələndiyinə görə, onları bir-birindən ayırmaq qərarına gəldilər və Qız
qalasıyla Xəzərin arasında əntiqə bir bulvar tikdilər.
Bulvar Bakının dodağıdır, ya da dodaqlarıdır. Yox, yenə düz olmadı, axı bulvar bir
dənədir, onda belə deyək, bakının cəmi bir dodağı var, o da bulvardır. Bakı birdodaqlı şəhərdir,
həm də yaman enlidodaqdır. Təyyarədən baxanda adama elə gəlir ki, şəhər başını sahilə qoyub
acgözlüklə dənizin şor suyunu içir (yəqin şor su ilə şollar suyunu səhv salıb). Məncə, əcnəbilər də
məhz elə bundan istifadə ediblər; Bakı başını sahilə qoyub su içən zaman tullanıb miniblər
boynuna. Həm də, elə möhkəm miniblər ki, indiyəcən düşürdə bilmirik, bəlkə də heç düşürtmək
istəmirik. Bəlkə də düşürtmək istəyirik, amma böyüklər qoymur, çünki əcnəbiləri boynumuzdan
endirməyi tələb edən qara camaatdan fərqli olaraq böyüklərimiz ağıllıdırlar, bilirlər ki bu
qurumsaqlar (yəni əcnəbilər) mindikləri yerdən hələm-hələm düşən deyillər, əgər məcburi
surətdə düşürtməyə cəhd eləsək, yapışdıqları yeri iti dırnaqlarıyla cırıb-dağıdacaqlar. Əsl gənə
kimi. O səbəbdən də, gərək səbr edək, gözləyək ki, nə vaxt istədikləri qədər qan sovurub
20
doysunlar, onda bəlkə öz xoşlarıyla belimizdən düşdülər. Lakin şəxsən mən başqa şeydən
qorxuram. Qorxuram ki, belimizdən düşən əcnəbilər gedəndə öz yerlərini başqalarına
tapşırsınlar. Yəni biri belimizdən düşən kimi, yubanmadan bir ayrısı minsin.
Amma bu artıq ikinci fraqmentin mövzusudur. Hələliksə, Bakıya yağış yağır, yuxarı
məhəllələrin bütün toz-torpağını yuyub aparır dənizə. Sudan gələn suya gedər; yağışdan gələn
dənizə…
İnsan deyiləm, indi bunu anlamışam mən,
Eşq adlı buluddan süzülən bir yağışam mən,
şıltaq yağışam mən.
Yağdırsa da çirkabə məni qarə buludlar,
Qəlbimdəki şəffaflığımı saxlamışam mən,
çünki
yağışam mən.
Hər gün döyürəm pəncərəsin sevgili yarın,
Yox
ayrı yolum ki, ona dərdim danışam mən,
dilsiz
yağışam mən.
İsbat eliyə bilməyirəm eşqimi heç cür,
Mümkün ki deyil eşqin oduna alışam mən,
çünki
yığışam mən.
Yarın evinin dövrünü dəryayə çevirdim,
Çox
şükr, rəqibin yolunu bağlamışam mən,
qısqanc yağışam mən.
Yağsam da yerə, göylərə qaytar məni, ya rəbb,
Torpaqlara
biryolluğa qoyma qarışam mən,
çünki
yağışam mən.
Fəhmi, mənim eşqim ola bilməz ki, tükənsin,
Eşq aldı buluddan süzülən bir yağışam mən,
bitməz yağışam mən.
İkinci fraqment
Birinci fraqmentimiz əcnəbilərlə başa çatmışdı, daha doğrusu başa çatmamışdı, yarımçıq
qalmışdı, çünki başımız qarışdı bəzi-bəzi vacib işlərə, yazı qaldı başlı-başına, yəni yiyəsiz, detdom
uşaqları kimi. Elə ona görə də, bu yazımızın başı keçəl kimi görünür,