15
silkələyərdi, ağaca dırmaşmış fəqir balıqçılar da dəymiş tut kim ağacdan qopardılar və
tökülərdilər aşağıda dayanıb ətəyini açmış əcəlin qucağına.
Xəzriylə Xəzər həm də əcəlin köməkçiləridirlər. Bizim balıqçıların çoxu qırx-qırx beş ildən
çox yaşamazdı. Bakıda qoca balıqçılara çox nadir halda rast gəlmək olar.
Başqa ölkələrdə də balıqçılar tez-tez batır, lakin Bakıdakı qədər yox, çünki o tərəflərdə xəzri
kimi vələdüzna yoxdur...
Xəzərin balıqçılardan xoşu gəlmir. Səbəb isə məlumdur, bəlkə də naməlumdur...
Xəzridən çox danışsaq da, gilavarın adını çəkmədik. Bəlkə də eşitsə bu haqsızlıqdan
inciyəcək, küsəcək, qaşqabağını sallayacaq. Lakin bir az düşünsə, bizi başa düşər. Atalarımız
deyib: «igid atını təriflər, müxənnətsə arvadını». Yəqin ki, Gilavardan ətraflı danışsaydıq,
Xəzrinin xoşuna gəlməzdi, qəzəblənərdi. Çünki müxənnət deyil, namus-qeyrət məsələsinə bütün
bakılılar kimi yaman həssasdı.
Nədəndir sakit olmaz, hər gün aramsız əsər xəzri,
Yəqin ki, axtarır hər yerdə ol güldən əsər xəzri.
Rəva görməz özündən başqa bir kəs o gülə baxsın
Onunçün gözlərimə gündə toz-torpaq ələr xəzri
Necə gör bir sınıbdır qol-budağım, öylə bil ki, mən
Açıqlıqda bitən tənha çinarəm, qəm-kədər xəzri.
Səbanın istirahət vaxtı çatmışsa, zərər yoxdur,
Saçın ətrin bu gündən ver gətirsin hər səhər xəzri
Ayağın dəydiyi hər zərrə torpağı öpərdim mən,
Götürüb qaçmasaydı məndən əvvəlcə əgər xəzri.
Bir an da istəmir ki, səndən ayrılsın, onunçün də,
Bu yerlərdən kənara etməz heç bir vaxt səfər xəzri.
Bu yanda Fəhmi tək aşiqlərin qalmış sənə həsrət
O yanda çəkmiş ağuşa səni o bəxtəvər xəzri.
Xəzridən
həmişə Xəzərin iyi, Xəzərdən isə xəzridən başqa hər şeyin iyi gəlir. Ən çox da
nöyütün.
Nöyütün əsl adı, yəni elmi adı neftdir, bəlkə də tərsinə, neftin əsl adı nöyütdür. Allah bilir,
hər halda bakılıların leksikonunda neft sözü olmayıb, ona görə də ikinci variant həqiqətə daha
yaxın görünür. Nöyütü bir zamanlar Abşeron torpağındakı çuxurlardan vedrə ilə yığıb satardılar
qərib tacirlərə. Camaat nöyütlə lampa yandırardı, məşəl düzəldərdi, arabaların çarxlarını
yağlayardı.
16
100-120 il bundan əvvəl Rudolf Dizel adlı bir nemes alimi təzə növ mühərrik kəşf elədi ki,
bu mühərrikin kerosinlə qidalanması nöyütə olan tələbatı artırdı. Kerasin nöyütün bir balaca
təmizlənmiş formasıdır. Qozun qabığını təmizləyib ləpəsini ayrıca satdıqları kimi, nöyütü də
təmizləyib ondan alınan kerosini, benzini yedizdirirlər mühərriklərə. Müxtəsəri, o vaxtdan bəri
bu mühərrik sahibləri düşdülər dünyanın canına, başladılar nöyüt axtarmağa, axtara-axtara gəlib
çıxdılar Bakıya. Gördülər ki, paho, bura cənnətdi ki. Adamlar hətta tərliyəndə də, bədənlərindən
neft damcılayır. Bu minvalla, buruq qoyub başladılar nöyütümüzü bala-bala kaçatdamağa.
Buruqlar şprisə oxşayır. Elə bil, yekə bir dəmir şprisi soxurlar ana torpağın yumşaq yerinə,
qara qanını sorurlar bayıra.
Adam öz içindəki qara-qura xüsusiyyətləri çölə çıxardanda dost-tanış ondan üz döndərdiyi
kimi, Bakı torpağı da içindəki qara nöyütü üzə çıxaran kimi bitkilər, heyvanlar ondan yavaş-
yavaş üz döndərməyə başladılar. Əvvəl taxıl zəmiləri əkilib aradan çıxdı; xırman yerlərində
buruqlar peyda oldu. Sonra quşlar yox oldular; Bakının, Abşeronun mərkəzindən qaçıb Xəzərin
sahillərinə sığındılar. Ən axırda da Abşeronun ləpədöyənlərində şappıldaşan balıqlar sahillərdən
qeyb oldular, çəkildilər dənizin dərinliklərinə. Səbəb də buydu ki, neftin emalı vaxtı yerdə qalan
qara qura zibili utanıb qızarmadan axıdırdılar dənizə və sahil zolağının üzü qaralırdı, sanki suyun
üzünə qara boya çəkirdilər. Dəniz dönüb olurdu fağır bir zənci balası.
Dənizin üzü qaraldıqca bakılıların da üzü ağarırdı, balıqların da. Başlarının üstündə adətən
günəşi, ayı görməyə adət etmiş balıqlar bir də onda xəbər tutdular ki, neftçilər onların da damını
qırrıyıblar, beləliklə, balıqlar da dönüb oldu zənci balaları. Elə o səbəbdən də, utandığlarından baş
götürüb getdilər dənizin ortalarına, aylı, günəşli və nöyütsüz yerlərə. Amma bədbəxtlər
bilmirdilər ki neftçilər dənizin ortasında da onlardan əl çəkməyəcəklər. Bakıdakı nöyütü içib
qurtarandan sonra, üz verəcəklər Xəzərin içərilərinə, orda da buruq qoyub başlayacaqlar suyun
altında gizlənmiş nöyütü də içməyə və yavaş-yavaş oralarda dolaşan balıqların da damını
qırlayacaqlar. Bəli, balıqlar bunu bilmirdilər, bilsəydilər, ya o vaxtdan özlərini nöyüt içməyə
öyrəşdirərdilər, ya da uçmağı məşq eliyərdilər.
Bakı ətrafı meşələrə söz ola bilməz. Bir hissəsi əncirliklərdi, bir hissəsi üzümlüklər, bir
hissəsi də buruqluqlar. Qəribə də olsa, Bakı əncirindən, üzümündən nöyüt iyi gəlmir. Heyif,
gərək gələydi, əncirin içindən də nöyüt çıxsaydı işimiz lap fısqırıq olardı. Onu da yığıb küt
satardıq əcnəbilərə.
Nöyütü əvvəllər arabayla daşıyırdılar, eynən əncir-üzüm kimi, sonralar kiminsə ağlına
gəldi ki, dəmir borulardan istifadə eləmək daha sərfəli olar. Elə də elədilər. Mədənlərdən,
zavodlara, zavodlardan limanlara borular çəkildi. Bakı tarixinin səthi qoca kişilərin əlləri kimi
damar-damar oldu.
Bundan sonra nöyüt aşağıdakı marşrutla hərəkət etməyə başladı: yerin içindən sürünürdü
yuxarı, yəni, mədənlərin rezervuarına, ordan da qaça-qaça gedirdi neftayırma zavoduna, limana,
nəhayət gəmilərə dolub üz tuturdu uzaq-uzaq məmləkətlərə.
Bu uzun marşrutun son nöqtəsi xaricdəki müxtəlif maşınların, gəmilərin mühərrikləri
olurdu ki, onlar da nöyütümüzü həzm-rabedən keçirərək bir topa tüstüyə döndərib buraxırdılar
havaya.
O vaxtlar nöyütün marşrutu bizim bir çox cavanlara da maraqlı göründüyündən maddi
vəziyyəti imkan verənlərin çoxusu onun yoluyla getdilər. Yəni, burdan qaça-qaça getdilər əcnəbi