17
məmləkətlərə ki, qərbin sivilizasiya mühərriki onların ruhundakı müsəlmançılığı həzm-rabedən
keçirtsin və bir burum tüstüyə döndərib üfürsün havaya.
Bu səbəbdən də, o məmləkətlərdə təhsil alıb geri dönən cavanlarımız daha nə müsəlman
olurdu, nə bakılı, nə də ümumiyyətlə türk. Ordan gələn cavanlar din-imanı, əxlaqı, itirib, ancaq
savad kəsb edirdilər. Yəni, «intelegent» adlı yeni bir millətin, dinin nümayəndəsinə çevrilirdilər.
İntelegentlər bizimkilərə yuxarıdan aşağı, oralardakılara isə aşağıdan yuxarı baxırdı. O səbəbdən
də bizimkilərin başının təpəsini görürdülər, ordakıların ayaqlarının arasını.
Sonra isə Sovet hökuməti quruldu, «intelegent» millətini «kommunist» tayfası əvəz elədi və
ümumiyyətlə, Bakıda çox şey dəyişdi. Yerdə qara qızıl, göydə qızıl bayraq; bir sözlə doşab
almışdıq, bal çıxmışdı - aşağı qızıl, yuxarı qızıl...
Bakı tarixində uzundrazlığına görə nöyüt buruqlarıyla bəhsə girən bir məxluq da var ki,
onun adına tut ağacı deyərlər. Bizim tut ağacları o qədər uzun olur ki, az qalır başı dəysin Bakı
tarixinin damına. (Tavanına yox, məhz damına, Bakı tarixinin tavanı yoxdu). Əslində biz tut ağacı
deyəndə ağ tutu nəzərdə tuturuq, çünki qara tut bir o qədər də iri olmur. (Bəziləri deyə bilər ki,
çinar ağaclarımız ağ tutdan da uzundur. Bəli, uzun olmağına uzundur, amma Bakı tarixində çinar
olmayıb, onları sonradan kommunistlər gətirib). Ağ tut ağacları nöyüt buruqları boyda olsalar da,
onlardan bir fərqi var. Buruq sadəcə uzundur, daha doğrusu uzundrazdır, ağ tut ağacları isə həm
uzundu, həm də möhtəşəmdi, əzəmətlidi, vüqarlıdı. Nöyüt buruqları Bakının gələcəyidi, tut
ağacları isə keçmişi. İlk buruqları əcnəbilər icad eləyib, əcnəbilər qurub, ona görə də buruqlar elə
əcnəbilərə oxşayır, yəni içi boş olurlar. Tut ağacları isə bizim köhnə kişilərə bənzərlər.
Məndən olsa deyərdim ki, tut ağacı Bakı tarixinin simvoludur, lakin bir az əvvəl həm öz
babamı, həm də bizim damlardakı qırı Bakının simvolu elan elədiyimçün tut ağacına yer qalmır.
Yaxşı bəs onda tut ağacı Bakının nəyi olsun?
Əşi, atalar üçdən deyib, gəlin dediyim üç şeyin hamısını Bakı tarixinin simvolu hesab edək,
yəni Bakı tarixinin simvolu qırlı damda bitmiş tut ağacına dırmaşan babamın şəkli olsun.
Qoy babam Bakının qədimi kişilərinin, qır yeraltı sərvətlərinin, tut ağacı isə təbiətinin
rəmzi kimi çıxış etsin.
Tut ağacının da xəzriylə münasibətləri gərgindir, çünki xəzri bu ağacın budaqlarını
sındırır, bəhərini çırpıb yerə səpir, başına toz-torpaq ələyir.
Bakı damlarının aralarından boylanan tut ağacları asfaltı deşib çıxan otlara bənzəsə də,
onlar kimi yararsız deyillər. Tut ağacları Bakı tarixinin mədəni, elmi, tərbiyəvi mərkəzləri olub.
Tut ağacı xırda uşaqlara idman meydançasını əvəz edib – dırmaşıblar, tullanıblar, sallanıblar; tut
ağacının kölgəsində şeir-qəzəl, meyxana məclisləri qurulub, arvadlar yığışıb laqqırtı vurub, tut
ağacının altında gecələr sevgililər görüşüblər, tut ağacına çoxlu mıx çalıb asılqan düzəldiblər və
s...
Bakı kəndlərində tut ağaclarının dövrəsində, adətən, çoxlu əncir əkərdilər ki, tut
darıxmasın, darıxsa bəhəri olmaz. Əncir ağaclarının kölgəsində yatmağa uşaqları qoymurlar.
Guya kim onun altında yatsa, cin-şeytanın hücumuna məruz qalar, yaxud əncir ağacı adamı
yuxudaykən boğub öldürər. Əncir yarpaqları insan əlinə bənzəyər, elə bil beş dənə barmağı var.
Çox güman ki, bayaq dediyim fikrin yaranmağı da, əncir yarpağının məhz bu formada olmasıyla
bağlıdır. Allah bilir, bəlkə də hansısa köhnə bakılı yüz qram vurandan sonra gəlib yatıb əncir
ağacının altında, külək də onun başı üstündəki, yarpaqları tərpədib, bu bədbəxt də yarımyuxulu
18
halda gözlərini açanda elə bilib ki, hansısa naməlum bir məxluq yaşıl əllərini uzadıb onu boğmaq
istəyir və elə bilib ki, əcinnələr ona hücum edir. Bundan sonra da, hər yana səs salıb ki, bəs, əncir
ağacının altında kim yatsa, cin-şeytan onu boğacaq, mən özüm canımı güclə qurtardım.
Əncir ağacını əhatə eləyən bu mistik aura ona gətirib çıxarıb ki, tut ağacından fərqli olaraq,
onun gövdəsini heç kəs asılqana döndərməyib. Bəlkə də məsələ əncir ağacının pota olmasındadı.
Əgər o da tut ağacları kimi hündür olsaydı, camaat heç mövhumata-filana fikir verməzdi, bir
ovuc yüzlük mıxı çalardılar birbaşa onun mistik aurasına və həyətdəki artıq şeyləri asardılar bu
iri mıxlardan.
Hə, beləliklə, gəlib yetişdik Bakı tarixinin ən qəribə və əcaib bir nöqtəsinə, yəni mıx
məsələsinə. Bakı kişilərinin, ələlxüsus yaşlı nəslə mənsub bakılıların çox əndrabadi bir adəti var;
həyətin dər-divarında taxtadan düzəlmiş nə varsa, hamısının üstünə mıx vurub oradan nəsə
asmaq. Və Bakı həyətlərinin demək olar ki, hamısında tut əkildiyinə görə, mıxlardan çoxusu,
məhz bu ağacların payına düşür.
Canlı asılqana dönmüş tut ağacları bədəninə oxlar sancılmış xristian apastollarına oxşayır
(mən bu övliyaların şəkillərini Avropa İntibah dövrü rəssamlarının albomlarında görmüşəm və
uşaq vaxtından belə tablolara baxaraq fikirləşirdim ki, görəsən, bu oxları, nizələri yazıqların
bədəninə elə belə sancıblar, yoxsa çəkiclə vurublar). Şükürlər olsun ki, o vaxt şəhid apastolların
bədəninə sancılmış oxlardan nəsə asmaq heç kimin ağlına gəlməyib, ya da asmağa bir şeyləri
olmayıb.
Amma onu deyim ki, əgər həmin müqəddəs apastolları iyirmi-otuz il bundan əvvəl
Bakının köhnə həyətlərindən birində çarmıxa çəkib oxlasaydılar, bakılılar heç vəchlə bu fürsəti
əldən verməzdilər; müqəddəsliyə-filana əhəmiyyət vermədən biri gəlib oxdan dəmir vanna
asardı, biri maşın pakrışkası, bir ayrısı da mis aftafa. Sonra da səhər tezdən hansı birisə qarnını
sıxıb rahatxanaya qaçanda görərdi ki, asılqanın yeri boşdur, müqəddəs apastol də, mis aftafa
qarışıq qeybə çəkilib.
Hər nədisə xristianların bəxti gətirib...
Harasa mıx vurmaq bakılıların nəzərində çox ali bir fəaliyyət növüdür. İnsan hansısa bir
obyektə mıx vurub oranı asılqana döndərməklə, sanki təbiətə və hökumətə meydan oxuyur.
Məsəlçün, tut ağacına mıx vuranda fikirləşir ki, təbiət bunu ağac kimi xəlq eləsə də, mən onu
asılqana döndərirəm, deməli, təbiətə qalib gəlirəm, əjdahayam, məndən yoxdu.
Köhnə Bakı həyətlərindəki bütün tut ağaclarının və başqa taxta predmetlərin asılqana
dönməsinin bir səbəbi də darısqalçılıqdır. Kiçik həyətlərdə artıq şeyləri yığmaqçün ayrıca anbar
tikmək imkanı olmadığından, adamlar məcbur olur əli çatan yerlərə mıx çalıb nəyi varsa ordan
assın.
Bakının tipik köhnə həyətlərindən birini təsvir edək: qalın taxta qapını açıb dörd-beş
ailənin yaşadığı 40-45 kv.m-lik həyətə daxil oluruq. Həyət qapısının arxasına vurulmuş mıxlardan
bir burum rezin şlanq (xalça –palaz yumağçün), uşaqların düzəltdiyi «samokat» və bir neçə ədəd
naməlum dəmir-dümürlər asılıb. Keçirik bir az qabağa. Həyətin sağ küncündəki taxta
rahatxananın divarına vurulmuş mıxlardan aftafa , süpürgə, xəkəndaz və iki ədəd plasmas
vanna sallanıb. Hə, Həyətin ortasında isə iri bir tut ağacı. Tut ağacının asılqana dönmüş
gövdəsindən velosiped təkəri, balta, mişar, şvabra, və s . məişət predmeləri yellənir. Bütün
mənzillərin qapılarının enli çərçivələrindəki mıxlara da kartof-soğan dolu kapron setkalar
keçirilib.