5
saatsazlıq alətləri və beş dəftər fəlsəfi rübai (əlbəttə ki, bu rübailər gecə-gündüz Xəyyamı oxuyub
«Staliçnı» araqdan gillədən köhnə bir bakılının sayıqlamalarından başqa bir şey deyil, yoxsa
indiyəcən çoxdan onları çap eləmişdim) və bir neçə başqa şey qalıb ki, hal hazırda mənə lazım
olmasalar da onları az qala göz bəbəyim kimi qoruyuram, çünki rəhmətlik atamla surətbəsurət
söhbət etmək, öz dərdimi bölüşmək, məsləhət almaq, bir sözlə, öz əslimə qayıtmaq istəyəndə bu
predmetlər mənə yardımçı olur, onlara toxunmaqla, əlimə götürüb diqqətlə ora-burasını nəzərdən
keçirməklə elə bil, mənimlə rəhmətlik atam arasındakı keçilməz sədd əriyib itir, arada mistik bir
pəncərə açılır və mən atamı, onun vasitəsiylə babamı, ümumiyyətlə, bütün əcdadlarımı açıq aydın
görürəm.
Normal şəhərlər də belədir. Müasir Roma öz ata- babasından yadigar kimi müqəddəs Pyotr
kilsəsini, Paris Luvr sarayını, London Biq-Beni, Milan «La-skala» operasını, Moskva «Vasili
Blajennı» məbədini, Nyu-York… Yox Nyu-York heç nəyi saxlamayıb, çünki saxlamalı bir şeyi
yoxdur, əgər olsaydı onu, atam demişkən: «qəzet eliyib soxardı gözümüzə», bu şəhərin atası-anası
bilinmir, bir sözlə, Nyu-York bicbala şəhərdir, Amma Bakı axı bicbala şəhər deyil, onun dağ kimi
ata-babası, nəsli-nəcabəti olub. Məsəlçün, indiki Bakının atası olan mənim kinolu-teatrlı,
trolleybuslu-tramvaylı, Leninli-Kirovlu Bakım bu qədər vəfasız, etibarsız deyildi. Nə qədər
müasirləşsə də, yeniləşsə də, təzə mikrorayonlar, yeni qəsəbələr dünyaya gətirsə də onları şəhərin
kənarındakı düzənliklərdə yerləşdirirdi, ata-babasından qalma İçərişəhəri də, kəhnə məhəllələri
də əzizləyirdi, bircə daşına da toxunmurdu.
Amma indiki Bakı bilmirəm kimə oxşadı, belə bifər çıxdı, nihilist oldu. Qərara gəldi ki ata-
babadan ona heç nə qalmasa da olar, keçmişdən birdəfəlik əl üzüb yalnız və yalnız gələcəyə üz
tutmaq lazımdır. Beləliklə, indiki müasir Bakı nihilizmi əlində bayraq edib başladı ata-babasından
miras qalanları dağıtmağa, İçərişəhərin yarıdan çoxu sökülüb yerində yeni villalar tikildi, yuxarı
və aşağı məhəllələrdəki qədim evlər, rahat həyətlər, köhnə olsa da, indikilərdən yüz dəfə etibarlı
olan qədim mülklər dağıdılıb yerində kvadrat göydələnlər ucaldıldı, hər daşından babalarımızın
iyi gələn imarətlərin yerində beton mutantlar, kvadrat heyvərələr qaldırıldı.
Bəlkə də bu arzuolunmaz prosesin günahkarı təkcə müasir Bakı deyil, bəlkə də burda
düşmən barmağı var. Bizimlə mərd, igid, qeyrətli müsəlman babalarımızın arasında olan ruhani-
mənəvi bağları qırıb bizi yaddaşsız manqurtlara çevirmək və bu yolla daha asan istismar etmək
istəyən qüvvələrin təsiridir bəlkə bütün bunlar? Bəlkə məhz bu qüvvələr müasir Bakının beynini
doldurublar ki, əgər inkişaf etmək, sivil bir şəhər olmaq istəyirsənsə, səni keçmişə bağlayan
bağları mütləq qırıb atmalısan, gələcəyini öz keçmişinin xarabalıqları üstündə qurmalısan. Yəqin
ki, məsələ məhz bu cür olub, müasir Bakı da bütün bu qüvvələrin təsiri altına düşüb, başlayıb
onların dediyini canü-dildən həyata keçirməyə, yəni, ata babasından qalma nə varsa hamısını
uçurub dağıtmağa. Amma binəva heç cür başa düşmək istəmir ki, əgər sən gələcəyini öz
keçmişinin üstündə qursan, ata-babanın bütün nişanələrini dağıdıb töksən, birdəfəlik məhv etsən,
daha sənin o bicbala Nyu-Yorkdan, Vaşinqtondan nə fərqin olacaq? Və sabah onlar kimi bicbala
olmadığını nəylə sübut edəcəksən?
Yazımın bu hissəsi bədii əsərdən çox müxalifət qəzetlərinin köşə yazılarına oxşasa da,
başqa çıxış yolu yoxdur. İstəyirəm ki, oxucu məni Bakı tarixi barədə yazmağa vadar edən
səbəbləri lap yaxşı başa düşsün.
Bəziləri deyə bilər ki, tutalım İçərişəhəri başa düşdük, bəs axı Bakının başqa yerlərindəki
köhnə evlərin sökülüb yerində də təzə binaların tikilməsinin nəyi pisdir ki?
6
Belə düşünənlər əlbəttə ki yanılırlar. Əgər İçərişəhər bizim beş yüz-üç yüz il bundan
əvvəlki tariximizin simvoludursa, şəhərin mərkəzində, yaxud yuxarı məhəllələrindəki həmin
tikililər də yüz əlli il bundan əvvəlki Bakının yadigarlarıdır.
Qoy İçərişəhəri gəzən adam özünü on beşinci əsrdə hiss etdiyi kimi, yuxarı məhəllələrdə
dolaşanlar da, özlərini on doqquzuncu əsrdə hiss etsin. Bunun kimə ziyanı var ki? Qoy
tariximizin bütün dövrlərindən, hətta sovet dövründən də nəsə qalsın…
Amma bizə qulaq asan kimdi ki… Təzə Bakı öz işindədir. Yeganə gözü oxlanmış qəzəbli
Təpəgöz kimi ətrafdakı hər şeyi sındırır, dağıdır, tapdalayır, xaraba qoyur. Bir sözlə müasir Bakı
bu saat ata-babasının sümüklərini yeməklə məşğuldur. Ümumiyyətlə, indi yemək zəmanəsidir,
təzələr dişlərini itiləyib düşüblər köhnələrin canına - təzə musiqi köhnə musiqini yemək istəyir,
təzə ədəbiyyat köhnə ədəbiyyatı, təzə evlər də köhnə evləri və s.
Keçən həftə bizim köhnə həyətimizin yerində ucaldılmış iyirmi mərtəbəli nəhəng
göydələni görəndə mənə həqiqətən də elə gəldi ki, bu bina bizim həyətimizi yeyib və bu saat
yaraşıqlı qapısından içəri keçsəm onun mədəsində, yəni, hansısa anbarında, zirzəmisində
nənəmin namaz otağını, dayımın göyərçin saxladığı çardağı, babamın qır tiyanını, atamın
hərdənbir dınqıldatdığı tarı və nəhayət, öz qamış çərpələnglərimi, taxta avtomatlarımı,
tapançalarımı tapacağam (Əlbəttə ki, çeynənmiş, didilmiş, bir sözlə, həzm-rabedən keçmiş
vəziyyətdə).
Elə bu vaxt içimdə nə isə qaynadı, istədim ki, öz taxta avtomatlarımı götürüb
çərpələngimin ipindən yapışım, səmaya qalxıb yuxarıdan mənim Bakımı udmuş bu nəhəng
binaları atəşə tutum, dağıdım və onların mədəsindən çıxan qırıntıları bir yerə toplayıb öz Bakımı,
mənim Bakımı təzədən yığım, ikinci həyat verim, dirildim.
Qeyri-ixtiyari təzə binaya tərəf addımladım, qapıda qarşıma çıxan əcaib geyimli , cibinin
üstündə «Sekyuriti» yazılmış sarışın, göygöz oğlan mənə yaxınlaşıb soruşdu:
– Du yus pik inqliş?
Başa düşdüm ki, məni içəri buraxmayacaq, onunçün də özümdən asılı olmayaraq ingiliscə
bildiyim yeganə kəlmə dilimə gəldi, «Kis may əz» qışqırıb raqatkadan çıxan daş sürətiylə
üzüaşağı götürüldüm. Və qaça-qaça hiss etdim ki mən öz doğma şəhərimdə yavaş-yavaş qaçqına
çevrilirəm, əsl qaçqına. Hə, Bakıda yaşayan bakılı qaçqın... Ən dəhşətlisi isə bu idi ki bu qaçış
mənim xoşuma gəlirdi, daha dəqiq desəm, ürəyim buna etiraz etsə də, ruhən özümü çox yüngül
hiss edirdim, elə bil çiynimdən çox ağır yük götürülmüşdü. İndi başımıza gələnləri izah etməkçün
bəhanə tapılmışdı sanki. Bəhanə isə bu idi - bütün günahlar onlardadır, şəhərimi udan
məxluqlarda, onlar güclüdürlər, mənim daha əlimdən heç nə gəlmir, istəsəm də bir şey edə
bilmərəm, bacarmaram, gücüm çatmaz…
Dincəl bir az, ey hər gün özündən qaçan oğlan,
Ahıyla içindən çölünə yol açan oğlan.
Düşsən yağışa, tez dəyəcəksən yerə, vallah,
Kağız qanad ilə göy üzündə uçan oğlan.