29
binəvaları Ağa Mikayıl hamamına gətirib, yuyub təmizlətdirirdilər,
pak edirdilər, üz-gözünü
qırxırdılar, tövbə mərasimini yerinə yetirirdilər, yəni insanı, bir növ, o dünyaya səyahətə
hazırlayırdılar, yalnız bundan sonra həm ruhən, həm də cismən təmizlənmiş Allah bəndəsini
hamamdan çıxardıb üzbəüzdəki qala divarının üstünə dırmaşdırırdılar və nəhayət, elə yaş-yaş
atırdılar divardan aşağı.
Nə isə, divarın üstünə çıxıb xeyli o yan-bu yana boylanandan sonra gözlərimi yumdum,
xəyalən beş yüz il, daha dəqiq desək, beş yüz dörd il əvvələ gedib özümü binəva qazinin yerində
təsəvvür eləməyə çalışdım. Amma… heyif ki, gözlərimiz kimi qulaqlarımızı da, qapamaq üsulu
hələ müəyyən edilməyib və mən xəyalımın arabasına minib beş yüz dörd il əvvələ doğru çapmaq
istərkən, gah maşınların siqnalı, gah yaxınlıqdakı evlərin qapılarının zəngləri, gah da küçə boyu
addımlayan adamların mobil telefonlarının «simfoniya»ları açıq qulağımdan keçib şüuruma daxil
olur və təzəcə razqon götürən «xəyal arabamın» təkərlərinə dolaşırdılar, onu hərəkətdən
saxlayırdılar. Təxminən beş dəqiqədən sonra gördüm ki, xəyalımın arabasının təkərlərində artıq
təkərlik qalmayıb, sınıb tökülüblər. Qəzəblə yerə tullandım və arabanın sınıb dağılmış təkərlərinə
iki-üç təpik vurub gözlərimi açdım. Bir müddət çaşqınlıq içində donub qaldım, elə bu vaxt
qəfildən gözüm Vahid Poeziya evinə sataşdı. Diqqətimi cəmləşdirib gördüm ki, içəridə nəsə
yığıncaqdı və gombul, qarayanız bir arvad əlində tutduğu kağıza baxıb nəsə oxuyur, ətrafda
oturan adamlar da (bunların da 80 faizi arvad idi) huş-guşla ona qulaq asır. Başa düşdüm ki, şeir
məclisidir.
Yenə də qəfildən, şüurumdakı duman elə bil təmizləndi. Mən özümü min beş yüzüncü ildə
hiss etdim və o saat da möhtərəm Bakı qazısının bu divarın üstündə dayanıb öz ölümünü
gözlədiyi dəqiqələrdə nə düşündüyünü mənim beynimin monitorunda peyda oldu -
«Feminizasiya»
Bəli, bir arvad əmriylə (nə olsun ki, bu arvad Şirvanşahın gəlini idi, hər nəydisə arvad idi)
əgər bu boyda şəhərin hörmətli, izzətli elm sahibi, ağsaqqal qazısı ölü it cəmdəyi kimi qala
divarından aşağı atılırsa, deməli, həqiqətən də bu şəhərin sonu çatıb. Ən pisi isə, bu idi ki, heç kəs
şəhər qazısını bu qəzəbli qadının əlindən xilas etməyə səy göstərmədi, bax elə həmin andan
bakılılar öz Bakılarını itirməyə başladılar. Bakının indiki kökə düşməyinin binası məhz onda
qoyuldu; məhz onda Bakı adlı möhtəşəm imarətin özülünə ilk dəfə külüng çalındı. Bu imarət
hissə-hissə, mərtəbə-mərtəbə ovuldu, uçuldu, ən nəhayət, bizim gözümüzün qabağında,
ümumiyyətlə, yer üzündən silindi.
Düzdü, bu müddət ərzində bir çox kişilər qollarını çırmalayıb bu imarəti təzədən bərpa
etməyə cəhd göstərdilər, uçulmuş daşlardan bəzilərini təzədən qaldırıb yerinə qoydular, fəqət
onların bu səyi Sizif əməyindən başqa bir şey deyildi. Çünki içinə virus düşmüş kompüterim tam
təmizləməkçün onu yalnız formatlamaq lazımdır. Heç bir «antivirus« proqramı bu virusların
kökünü birdəfəlik kəsə bilmir. Formatlama zamanı isə, hamıya məlumdur ki, yaddaş tamamilə
silinir.
Bəli, «Bakı tarixi» adlı kompüterin prosessorunda bu saat «formatlama» əməliyyatı həyata
keçirilir və bu proses bitəndən sonra yaddaşı təmizlənən kompüteri bizə verib deyəcəklər ki,
buyurun, təhvil alın şəhərinizi. Biz də, hansısa qeyri-şüuri bir ümidlə onun yaddaşına girib nəsə
tapmağa çalışsaq da, bu boyda şəhərin yaddaşında qırx-əlli alqoritmdən başqa heç nə
görməyəcəyik…
30
Üçüncü fraqment.
Çatıbdı vaxtı, gedir son baharı gəncliyimin,
Yubanmağa daha yox ixtiyarı gəncliyimin.
Nə vaxtsa gözləmə ki bir daha yaşıllaşacaq,
Susuz qalıb, quruyubdur çinarı gəncliyimin.
Yanımda sən yox idin, ondan ötrü böylə dolub
Kağız çiçəklər ilə laləzarı gəncliyimin.
Əgər kədərli, həzin nəgmə tək düşürsə yada,
Sənin xəyalın idi bəstəkarı gəncliyimin.
Sənə yetişmək üçün ki özün fəda elədi,
Gərək qapında qazılsın məzarı gəncliyimin.
Xəzəl kimi səpələnmişsə yerdə duyğularım,
Demək küləkli keçib ruzigarı gəncliyimin.
Neçin bu Fəhmini tək qoydun intizar içrə,
Sənə yetişmədimi ahü-zarı gəncliyimin.
Mən Bakının köhnə məhəllələrinin birində, daha dəqiq desəm Qırxpilləkən deyilən bir
yerin sol tərəfində (aşağıdan baxanda) dünyaya göz açmışam. Elə fikir yaranmasın ki, mən başqa
yerlərdə də dünyaya gəlmişəm, qətiyyən yox, mən elə bircə dəfə dünyaya gəlmişəm ( sağ
gəlməyəydim, bakılılar demişkən) və əgər ikinci dəfə belə bir hadisə olsaydı mən yenə də burda
doğulmaq istərdim; burda, yəni, qır iyi verən qara-qura Bakı həyətlərində, amma deyəsən,
həmişəki kimi fikrim dolaşdı, aləmi qatdım biri-birinə. Lap təmiz danışsaq, mən dediyim yerdə
doğulmamışam. Rayon yerlərindən fərqli olaraq Bakıda evdə doğuş qəbul eləmək adəti yoxdur,
mən də sovet qanunlarına uyğun olaraq Bayıldakı Krupski adına roddomda doğulmuşam, sonra
kəmalü-ədəblə gəlmişəm Qırxpilləkənin böyründəki həyətimizə. Ancaq sözün həqiqi mənasında
dünyaya gəlməyim, dünyanı dərk etməyim məhz dediyim məkanda yerləşən həyətdə olub.
Yazımın sonrakı hissəsində də mən dünyaya gəlməyim deyəndə, əslində dünyanı dərk etməyə
başlamağımı nəzərdə tutacağam (oxucunun başı gicəlləndi deyəsən)
Qısası, mən dünyaya gələndə kiçik əmim artıq üç-dörd il idi ki həbsxanada yatırdı, bibimlə
nənəm isə bütün günü yalnız qara çörəklə pendir verirdilər.
Hərçənd ki, dieta saxlamağın heç bir bəni-adəmin orqanizminə ziyanı yoxdur (əlbəttə ki,
qastriti olanları çıxmaq şərtiylə), bununla belə nənəmlə bibimin bütün gün ərzində yalnız pendir-
çörək yeməyinin səbəbi heç də arıqlamaq, artıq çəkidən azad olmaq cəhdi deyildi (o vaxtlar bizim
zənən tayfası hələ «supermodel» xəstəliyinə tutulmamışdı və qadınların fikrincə gözəlliyin ilkin