27
olsaydım
elə bilərdim ki, məni tovluyub cəhənnəmdə bişirməyə gətiriblər; əcinnə var, qır qazanı,
nöyüt var, alov var. Cəhənnəm daha necə olur ki?
Əvvəlcə qızılbaşların hamısı qaçıb bu vahiməli yerdən uzaqlaşmaq istəyiblər. Amma Şah
İsmayılın qəzəbindən qorxub böyük iradə bahasına özlərini saxlayıblar, birtəhər qalaya
yaxınlaşıblar.
Görüblər ki, yox əşi, Bakı dövrəsində sülənmək o qədər də qorxulu deyil, sadəcə gərək
ayağını bir yerə basanda diqqətli olasan ki, torpaqdan alov-zad çıxmasın.
Müxtəsəri, qızılbaşlar qala divarlarına yaxınlaşan kimi bakılılar qapıları bağlayıb arxayınca
içəridə oturaraq, başlayıblar müdafiəyə tədarük görməyə. Arxayınçılıqlarının səbəbi də, Bakının
liman şəhəri olmağıydı; qurudan nə qədər mühasirədə qalsalar da, aclıqdan, susuzluqdan
qorxuları yox idi, Xəzər dənizi onları yedizdirib içizdirirdi, gəmilər vasitəsiylə şəhərə nə
lazımdısa gətizdirirlər. Səfəvilərin də ki, tam mühasirə üçün hələ donanması yox idi.
Qızılbaşlar Bakıya bir neçə dəfə güclü hücumlar eləsələr də, divarları aşmağa müvəffəq
olmurdular. Bu vəziyyətdə yenə də nöyüt bakılıların köməyinə gəlirdi. Dənizdən tutduqları
suitilərin dərisini soyan bakılılar, bu dərilərdən tuluğlar düzəldib, içini neftlə doldururdular və
başına bağladıqları fitili yandırıb yuxarıdan atırdılar qızılbaşların qızıl başlarına.
Qızılbaşlar ilk dəfə bunu görəndə çaş-baş qalmışdılar, hələ bəlkə möhkəm qorxuya da
düşmüşdülər (artıq neçənci dəfəydi ki qorxuya düşürdülər binəvalar). Əvvəl-əvvəl onlara elə
gəlmişdi ki, hətta dəniz məxluqatı da bakılılara köməyə gəlib. Düşünmüşdülər ki, dənizdən çıxan
suitilər gəlib qala divarına dırmaşıb oradan özlərini atırlar hücuma keçənlərin təpəsinə. Sonra
təəccübləri bir az da artmışdı, görmüşdülər ki, yerə dəyən suitilər partlayıb yanırlar və ətrafdakı
qızılbaşları da yandırırlar.
FÇox baş sındırsalar da bunun səbəbini başa düşməmişdilər və bu kamikadze suitilərin
partlayıb yanması onlara tilsim kimi görünmüşdü, düşünmüşdülər ki, yəqin bu tilsim də kafir
Fəzlullahın xələflərinin işidir. Nəhayət, Şah İsmayılçün xəbər göndərib bildirmişdilər ki, bəs, şah
sağ olsun, bakılılar cəhənnəmdən çıxan odlu suitilərini buraxıblar ləşkərin canına, hamı od tutub
yanır, hərgah tez bir zamanda özünü bura yetirib məsələyə əncam çəkməsən, bu suitilər bizim
qızıl başlarımızı tamam əridəcək, qızıl külçələr düzəldib satacaqlar Məskov tacirlərinə.
Şah İsmayıl da bu naməni oxuyandan sonra, daha bir müddət fikrə gedir, düşünür, daşınır,
axırda qərara gəlir ki, başqa yol yoxdur, özüm Bakuyə tərəf üz tutmalıyam. Elə də eləyir.
Şəhərə yaxınlaşıb məşvərət qurur, ən əvvəl yanan suitilər barədə danışır, qorxuya düşmüş
qoşunu sakitləşdirməyə çalışır. Təqribən belə bir nitq söyləyir ki, biz cəfəri-məzhəb şiəyik, Bakuyə
əhli isə hənəfi-məzhəb sünnüdülər, şəksiz ki, onların heyvanatı da sünnü məzhəbdi. Qala
divarlarından tullanan suitilərin yanması da Allahın işidir, Allah bizə demək istəyir ki, ey
qızılbaşlar, kafirlərdən qorxub eləməyin, onların sizə atdıqları hər zad sizə yetişən kimi od tutub
yanacaq, heç bir xətər yetirməyəcək.
Əmirlərdən biri qorxa-qorxa şaha deyir ki, bəs axı bu suitilər yananda bizim adamlardan
da bəzisini yandırır.
Şah da cavab verir ki, o da Allahın hikmətidi, suitilərin yandırdığı adamlar şiəliyi zahirdə
qəbul edib daxildə sünniliklərini saxlayanlardı. Kim sidq ürəklə bizim əqidəmizi qəbul eləməsə,
sünni suitiləri məhz onları yandıracaq, cəhənnəmə vasil edəcək.
28
Hamı şahın bu sözlərinə səmimi qəlbdən inanır, amma bayaqkı əmirin dili yenə dinc
durmur, dillənir ki, bəs, Allah bakılıların bizimkilərə atdıqları oxları, nizələri da yandırsaydı, heç
pis olmazdı.
Şah bu sualı da cavabsız qoymur, deyir ki, həmin oxların düzəldiyi dəmir şiə
məmləkətlərindən gətirildiyinə görə onların yanmasını Allah məsləhət bilməyib.
Hə, elə bu müşavirə zamanı da qərara gəlirlər ki, şəhərə elçi göndərib təslim olmağı təklif
eləsinlər.
Həmin dövrlərdə Bakuyənin hakimi Şirvanşah Fərrux Yasarın oğlu Qazı bəy idi, amma o
Şamaxıda qoşun yığmaqla məşğul olduğu üçün şəhərə hələlik onun arvadı başçılıq edirmiş və bu
arvad da deyilənə görə, çox zəhmli bir adam olubmuş. Hətta Qazı bəy özü də ondan bir balaca
qorxurmuş. Bu qadının bir qəribə xasiyyəti də varmış ki, xoşuna gəlməyən kişiləri qala
divarından aşağı atmağı əmr edərmiş.
Şah İsmayılın göndərdiyi elçi də, nə səbəbdənsə, bu müdhiş qadının qəzəbinə tuş gəlir və
əmr edir ki, onu qala divarından tullasınlar aşağı.
Şəhərin qazısı Əbülfəth bəy şahzadə zövcəsinin bu əmrinə etiraz edib deyir ki, elçi ilə bu
cür davranmaq kişilikdən deyil, həm də göndərdiyi adamın öldürülməsi Şah İsmayılın xoşuna
gəlməz (bayaqdan elə Şah İsmayıl deyirik, amma yadımızdan çıxıb ki, o vaxtlar İsmayıl hələ şah
deyildi, inaqurasiya keçirməmişdi, eləcə İsmayıl ibn Heydər idi).
Qazının bu cür qorxacaqlığı Qazı bəyin zövcəsini lap cin atına mindirir, onu təslimçilik,
separatçılıq toxumu səpməkdə günahlandırır, deyir ki, on üç yaşlı uşaqdan qorxan kişidən bu
boyda şəhərə qazı olmaz və əmr edir ki, qazını da, elçiylə birlikdə tullasınlar divardan aşağı. Əmr
yerinə yetirilir.
Qızılbaşlar əvvəl elə düşünürlər ki, qala divarlarından yenə onların başına suitilər tullanır.
Lakin görürlər ki, bunlar partlayıb eləmədilər, yanmadılar, eləcə guppultuynan yerə dəyib
qaldılar. Ürəklənib yaxın gəlirlər və məlum olur ki, bakılılar şahın elçisiylə bərabər bir qoca kişini
də atıblar divardan aşağı.
Bu xəbər on üç yaşlı İsmayıla çatanda, o, lap qəzəblənir, qoşunlarını qala üzərinə hücuma
göndərir və xeyli əziyyətdən sonra qızılbaşlar lağım atıb divarın bir hissəsini partladaraq
uçurmağa müvəffəq olurlar və qalaya doluşurlar. Beləcə, Bakı təslim olur.
Bu hadisədə mənimçün ən maraqlı olan detal Qazı bəyin adı naməlum qalan arvadının
Bakı qazısını qala divarından aşağı atması əmri olub. Həmişə düşünmüşəm ki, görəsən, şəhərin
möhtərəm qazisi, hörmətli ağsaqqalı əl-qolu bağlı vəziyyətdə qala divarının üstündə dayanıb
fərraşların ona arxadan təpik vurub aşağı tullamasını gözlədiyi dəqiqələrdə nə fikirləşib?
Düzü, onun həmin vəziyyətdə nə fikirləşdiyini xəyalımda canlandırmaq cəhdim əvvəl
uğursuzluğa düçar oldu. Nə qədər çalışsam da, ağlıma bir şey gəlmədi. Qərara aldım ki, mərhum
qazinin qala divarından atıldığı yeri təqribən müəyyən edim və ora dırmaşım. Elə də etdim. Qala
divarlarının böyrüylə bir xeyli sülənəndən sonra hansısa sövq-təbii ilə hiss elədim ki, adamların
divar üstündən aşağı atılması üçün ən münasib yer İçərişəhərin indiki Vahid bağına söykənən
hissəsindədir.
Bakı Soveti metrosunun arxasındakı qapıdan qalaya girib divar boyu aşağı getdim və Ağa
Mikayıl hamamının qabağındakı yoxuşla divarın üstünə çıxdım. Həm ətrafa, həm də qaladan
bayıra baxanda gördüm ki, deyəsən zənnimdə yanılmamışdım. On-on beş metrlikdə hamamın
olması da mənim nöqteyi-nəzərimi təsdiq edirdi. Yəqin ki, o vaxt ölümə məhkum edilmiş