49
«Həqiqət» məfhumu
bu qədər amorf olduğundan, dünyada tarix boyu bir belə filosoflar,
fəlsəfi cərəyanlar, qollar, əllər, ayaqlar, burunlar, qulaqlar yaranıb və hər biri də bu «milyon üzlü
həqiqəti» özlərinin ən yaxın silahdaşı elan ediblər.
Dünyada insanların şüuruna uyğunlaşmayan yeganə həqiqət var ki, o da «mütləq ilahi
həqiqət»dir. Onun da belə əlçatmaz olmasının səbəbi öz sifətinin yalnız bir tərəfini göstərməsi,
ona yalnız bir rakursdan baxmağın mümkün olmasıdır. Yəni o biri, dünyavi həqiqətlərdən fərqli
olaraq «ilahi həqiqət»i əlimizə götürüb ora-burasını əlləşdirmək, hər dəlmə-deşiyinə burun
soxmaq imkanımız olmadığına görə, başqa rakursdan baxanda, onun həqiqət olmadığını sübut
eləmək də mümkün deyil.
Məhz bu «ilahi həqiqət»ə münasibət baxımından da dünyanın ağıllı adamlarını iki qismə
bölmək olar. Bir qism insanlar iddia edir ki, bu ilahi həqiqət də o birilərin tayıdır, nisbidir və əgər
əlçatmaz olmasaydı, başqa rakurslardan baxmaq mümkün olsaydı, onun da min dənə eybi
tapılardı, heç də «mütləq», «ilahi» olmadığı aşkara çıxardı, çünki dünyada, ümumiyyətlə, mütləq
həqiqət yoxdur, heç ola da bilməz. Hər şey nisbidir.
Bu düşüncə tərzi daha çox müasir qərblilərə məxsusdur.
İkinci qism ağıllı adamlar isə iddia edir ki, yox, elə deyil. Dünyavi həqiqətlər ilahi həqiqətin
zərrələridir və ona görə də nisbidirlər. İlahi həqiqət isə bu zərrələrin vəhdəti olduğuna görə
mütləqdir. Mütləq olduğuna görə də, hətta ələ keçirmək, hərtərəfli gözdən keçirmək mümkün
olsa belə onun hər üzündə eyni həqiqəti görmüş olarıq. Bu düşüncə tərzi isə daha çox şərq
millətlərinə xasdır.
Mən yeniyetmə olanda diskotekalarda üzərinə çoxsaylı xırda güzgü qırıntıları
yapışdırılmış plastmas kürələr olardı və tavandan asılmış bu güzgülü kürələr asta-asta
fırlandıqca öz üzərinə düşən işığı çoxlu kiçik zərrələrə parçalayıb ətrafa səpələyərdi, biz də bu
romantik işıq zərrələrinin içində üzərək qızlarla rəqs eliyərdik, sir-sifətimizdə oynayan işıqlardan
ləzzət alardıq.
Obrazlı dillə desək, «Mütləq ilahi həqiqət» həmin o güzgülü kürəyə, onun ətrafa səpələdiyi
işıq zərrələri isə dünyavi, nisbi həqiqətlərə bənzəyir.
Biz insanların bədbəxtliyi də ondadır ki, hər birimiz öz nisbi həqiqətimizi mütləq kimi
qəbul etmişik və bu səbəbdən də düşünmüşük ki, başqalarının həqiqət kimi təqdim etdikləri,
əslində saxta imitasiyadan başqa bir şey deyil. Heç cür anlamaq istəməmişik ki, heç birimizdə
mütləqlik yoxdur, hamımızın həqiqəti əslində həmin mütləqin zərrələri olan nisbi həqiqətlərdir.
«Hamı günahkardır dünyada, amma
Dünyada heç kimin günahı yoxdur.» – tezisi də, məncə, dediklərimi bir daha təsdiq edir.
Bizim ailə üzvlərinin də, hərəsinin öz həqiqəti var idi, amma fərq ondaydı ki, bütün ailə
üzvlərimiz hərdənbir də olsa dərk edirdilər ki, məhz nənəmin həqiqəti həmən mütləq həqiqətə
daha yaxındır. Eyni fikri bakılı-qeyri bakılı konfliktlərinə də şamil etmək olar. Hər iki tərəf özünü
haqlı, əks tərəfi isə haqsız saysa da, əslində hər ikisi haqlı, eyni zamanda da, hər ikisi haqsız
idilər.
Son otuz-qırx ildə təzahür tapan bu konfliktləri düzgün araşdırmaqçün, məncə, bakılıların
məhz iyirminci əsrdəki etnik tərkibinə nəzər salmaq lazımdır.
Bir çox ucqar məkanlardan fərqli olaraq Bakı kimi mərkəzi şəhərlərin əhalisi əsrlər boyu
tərkib etibariylə fasilə vermədən dəyişikliklərə məruz qalıb, müxtəlif istiqamətlərdən şəhərə
insanlar axışıb, kimisi çörək pulu qazanmaqçün, kimisi təhsil almaqçün, kimisi də nöyütə yaxın
50
olmaqçün. Və bu gələnlər də vaxt keçdikcə yerli camaata qaynayıb qarışıblar, Bakının spesifik
aurasına düşüb bakılılaşıblar. Keçmişdə yerli və gəlmələr arasında hansısa münaqişələrin
olmasına dair dəqiq tarixi faktlar yoxdur, amma yəqin ki, yüngülvari narazılıqlar olub. Bu da təbii
haldır. Məsəlçün, İçərişəhərdə yaşayan elitanın nümayəndələri Qala divarlarından kənarda, yəni
Bayırşəhərdə məskunlaşmağa başlayan gəlmələrə, rişxəndlə «ayaqyalın bayırşəhərli» deyərdilər.
Ölkəmizdə sovet hakimiyyəti bərqərar olduqdan sonra şəhərə axınların qarşısı demək olar
ki, alındı. Kəndlilər müəyyən mənada torpağa təhkim olunduqlarından azad yerdəyişmə
hüququndan məhrum edildilər, məcburi surətdə kolxozlara bağlandılar və ümumiyyətlə, sovet
vətəndaşlarının böyük hissəsinin əlindən bu hüquq alındı, evlər dövlətin sərəncamına keçdi.
İnsanların çoxunun yaşadığı evi satıb harasa başqa yerə köçmək imkanı qalmadı. Əgər kimsə bir
şəhərdən başqa şəhərə, bir kənddən başqa kəndə köçmək niyyətinə düşürdüsə, bunun üçün o
qədər dövlət instansiyalarını gəzməli, o qədər məmurlardan icazələr almalıydı ki, bu müddət
ərzində yerdəyişmə istəyi də ölürdü.
Beləcə, ötən əsrin iyirminci illərindən başlayaraq növbəti qırx il ərzində Bakı əhalisi demək
olar ki, heç bir dəyişikliyə məruz qalmamışdı. O illərin Bakı əhalisini milli-etnik baxımdan bu cür
qruplaşdırmaq olar. Birinci: Bakının ən qədim əhalisi hesab olunan və İçərişəhərdə yaşayan
«Ağşalvarlılar» ( bu, demək olar ki, itib-getmiş nəslin qəribə adının mahiyyətinə gələcəkdə baş
vurmağa səy göstərəcəyik). İkincisi, əslən Abşeron kəndlərindən olan ailələr. Üçüncüsü, Bakıda
neft «bum»u zamanı ölkənin müxtəlif əyalətlərindən və cənubi Azərbaycandan bir tikə çörək pulu
qazanmaq üçün Bakıya gələrək mədənlərdə işləyənlər. Dördüncüsü isə, Bakıda məskunlaşan
qeyri-millətlərin nümayəndələri, yəni ruslar, yəhudilər, ermənilər və s.
Qeyd etdiyimiz kimi, sovet hakimiyyətinin ilk qırx ili zamanı Bakıya daha kütləvi insan
axınları olmamışdı və inqilabdan əvvəl şəhərdə məskunlaşan bu qrup insanlar da əvvəlki
gəlmələr kimi bakılılaşmışdılar (bircə son qrupdan başqa. Burda yaşayan qeyri-millətlərin
nümayəndələri nə qədər özlərini bakılı elan etsələr də, bizimkilər onları tam özünkü kimi qəbul
etmirdilər).
Amma insafən heç kim öz əsli nəsəbini xatirindən çıxartmırdı, hamı kişi kimi boynuna
alırdı ki, bizim babamız, tutalım, Maştağadan Bakıya köçüb, ya Ərdəbildən qaçıb gəlib və yaxud
Həştərxandan bura sürgün olunub və etiraf edirdilər ki, əsl, təmiz bakılı onlar yox, məhz
İçərişəhərdəki Ağşalvarlılardır, bu da təbii ki, əriyib getməkdə olan bu nəslin hörmətini şəhər
camaatı içində artırırdı (gərək o vaxt qırmızı kitaba salardıq Ağşalvarlıları, onda bəlkə indiyəcən
bu nəslin daha çox nümayəndəsi qalardı).
Bu baxımdan demək olar ki, yarım əsr müddətində Bakı əhli kompaktlaşmışdı, kənardan
kütləvi axınla üzləşməmişdi və insanlar bu durğunluğa adət etmişdilər. Elə bilirdilər ki, həmişə
belə olacaq. Eyni məhəllədə, eyni həyətdə, eyni qonşularla ta qiyamətəcən yaşayacaq, xasiyyətinə
öyrəşdiyi insanlarla həmişə bir yerdə olacaq və bu qapalı mühit heç vaxt dağılmayacaq.
Təxminən əlli il əvvəl Bakı tarixinin ortasından burğu ilə yekə bir deşik açdılar, «çuşka» sözünü
bürməliyib soxdular ora, fitilin ucunu yandırdılar, Bakı tarixi də elə partladı ki, binayi-qədimdən
bizimkilər belə partlayış görməmişdi.
Lakin düz demədim, bu ilk partlayış elə də güclü deyildi, çünki bu elə tipli dinamit idi ki,
hissə-hissə partlayırdı, hərdən bir az. Onunçün də ilk partlayış o qədər dağıdıcı təsirə malik
deyildi, yəni Bakı tarixini tamamilə dağıda bilmədi, lakin təsirsiz də ötüşmədi. Üstünə xırda daş
dəyən Jiquli padpresi kimi çat-çat olsa da, bütövlüyünü hələlik saxlaya bildi. Və bu «hələliy»in nə