51
qədər – beş il, on il, iyirmi il çəkəcəyini o vaxt Allahdan
başqa heç kim bilmirdi; nə bakılılar, nə
də qeyri-bakılılar.
Bir vaxtlar, beş-altı yaşım olanda bu dinamitin mənşəyini çox axtarmışdım. Ən çox da
babamın zəhləsini tökürdüm, baş-qulağını aparırdım ki, ay baba, bu «çuşka» sözü hardan
pırtdıyıb çıxıb, mənası nədi, bu sözün «çaşka» sözünə bir aidiyyatı varmı? və s və i. Məhz babama
qəmiş olmağımın səbəbi isə o idi ki, kommunist atamın yanında bu sözü dilimə gətirən kimi
qulağımın dibindən bir şillə qoyub deyirdi ki, başından böyük qələt eləmə, camaat arasında ayrı-
seçkinlik salmaq əsl pionerə yaraşmaz. Nənəmdən soruşanda, arvad heç bir dəqiq cavab verə
bilmirdi, söhbəti o yan-bu yana fırladırdı, o ki qaldı cüvəllağı kiçik əmimə, onun işi lap fısqırıq
idi, bir dəfə peşman olub ondan soruşdum ki, əmi, «çuşka» nə deməkdi? Əmim də damağındakı
kazbeki çıxarıb onların dalıyca o qədər söydü ki, axırı mən qulaqlarımı tutub aradan çıxdım,
çünki məktəbdə bizə öyrətmişditlər ki, kimsə yanınızda söyüş söysə, oranı mütləq tərk eləmək
lazımdır.
Bəli, qeyd elədiyim səbəblərə görə də, mən öz sualımı həmişə babama verirdim, elə bil
sövq-təbii ilə hiss edirdim ki, cavabını o hamıdan yaxşı bilir, amma oturub mənə izah eləməyə
hövsələsi çatmır.
Axırı əl çəkmədiyimi görən kişi bir gün keyfi yaxşı olanda (deyəsən, həmin gün uzun
axtarışdan sonra özünə əntiqə buxara papaq almışdı) həyət qapımızın sağ tərəfindəki balaca
skamyada oturub sual verdiyim xüsusda bildiklərini mənə danışdı. Dedi ki, bala, ən əvvəl
yadunda saxla ki, bu «çuşka» sözünü təmiz bakılılar icad eləməyib, çünki bu urus sözüdü, o da
məlumdu ki, bizim köhnə Bakı camaatının çoxusu heç indiyəcən urus dilini fərri qanmır, budey ,
xırda əmin, urus dilində bildiyi ancaq « yob tvayu mat» sözüdü, ayrı şey bilmir. Urusdar donuz
balasına çoşqa deyərlər. Əlli-altmış il əvvəl, mən də sənin kimi xırda uşaq olanda bizim nöyüt
mədənnərində işdiyib çörək pulu qazanmaqçün Urusyətdən də çoxlu sarışkə gəlmişdi bura. Olar
da ki, ölür donuz ətiyçün, hansının balaca həyət-bacası olurdusa iki-üç dənə donuz saxlıyırdı.
Razin tərəfdə lap çox idilər. Hə, biz də baxıb görürdük ki, onların «çoşqa» didiyi bu donuz
balaları bütün günü palçığın içində ağnayıllar, zir-zibilin içində eşələnillər. Bu sözü birinci dəfə o
vaxtlar eşitdi Bakı camaatı. Hə, sonra, nə diyim, onu diyirdim axı, bu urusdar möhkəm vuran
olullar. Adam vurmağı dimirəm, elə şeylərdə fərasətdəri yoxdu, araq vurmağı diyirəm.
Mədənnərdən çıxan kimi elə qara-qura, nöyütdü pal-paltarda doluşardılar meyxanalara, o vaxtkı
stalovılara, gecə yarıyacan araqdan-çaxırdan içərdilər eşşek kimi, sonra da bir-birinnən sallana-
sallana çıxardılar küçələrə, urus mahnıları oxuya-oxuya gedərdilər qaldıqları evlərə tərəf. Az
içmiş olannarı birtəhər gedib çıxa bilirdi evlərinə, amma hansıları ki, lül-qəmbər idilər, heç
evlərinin yolunu da tapa bilməzdilər, yıxılıb qalardılar Bakı küçələrindəki nohurların, palçığın,
zir-zibilin içində. Bizim camaat da onnara baxıb deyərdi ki, bu sarılar içəndə elə öz «çoşka»larına
oxşıyırlar, ölürlər palçığın içində eşələnməkçün.
Beləliklə, babamın mənə verdiyi informasiyadan belə məlum olurdu ki, bizdə «çuşka»
epiteti ilk dəfə 19-cu əsrin sonlarında bura köçüb gəlmiş ruslara şamil edilib. Yaxşı, bunu
öyrəndik. İndi keçirik, bu dinamit xislətli sözün sonrakı taleyinə.
Qeyd etmişdik ki, əllinci illərin sonlarında sovet hökumətinin qərarına əsasən əyalətdə
yaşayan əhaliyə sərbəst şəkildə ali təhsil almaq, yaxud, ümumiyyətlə yaxşı iş tapmaqçün kənddən
çıxmaq hüququ verildi və elə həmin ərəfədə də Bakıya böyük bir axın başladı. Kimisi oxumağa
gəlirdi paytaxta, kimisi işləməyə, kimisi də elə-belə gəzməyə.
52
Bəs onda necə oldu ki, əvvəllər eşşək kimi içib palçıq içində eşələnən alkaşlara şamil edilən
bir epitet birdən-birə bizim əyalətdən gələn camaatımıza aid edilməyə başladı? Kim onlara ilk
dəfə «çuşka» dedi? Bakılılar? Yox, bayaq dedik ki, təmiz bakılıların rus diliylə çox araları yox idi.
Bəs kim? Əlbəttə ki, psevdobakılılar - yəni Bakıda yaşayan rusdilli əhali ( Əvvəl qeyd etmişdik ki,
bunların içinə SSRİ-də yaşayan başqa millətlərin nümayəndələri və Rusiyada təhsil almış azsaylı
rusdilli azərilər daxil idi).
Bu zümrəyə məxsus şəxslər özlərini daha çox Avropalı hiss etdiklərinə görə, bizim əyalət
adamlarına yuxarıdan aşağı baxırdılar, onları geridə qalmış hesab edirdilər ki, bu da məlum
məsələdir ki, çoxlarının xoşuna gəlmirdi. O ki, qaldı binəva bakılılara (əsl bakılıları nəzərdə
tuturam), adı çəkilən «inkişaf etmiş» zümrəyə məxsus ali şəxslərin gözündə biz bakılılar o
rayonlardan gəlmiş camaatdan da beşbetər çuşkaydıq, sadəcə bizim gəmidə oturduqlarına görə
bu sözü bir çox hallarda üzümüzə deyə bilmirdilər, deyəndə də bizimkilər cavab verirdilər ki,
xoşunuza gəlmirsə rədd olun çıxın gedin hardan gəlmisiz ora, Urusyetə, nə bilim, hara. Öz
şəhərimizdi, özümüz bilərik neynirik.
Amma əyalətdən gələn, özünü bir növ, qəriblikdə hiss edən adamlar bu cür cavab verə
bilmirdilər və ona görə də, adıçəkilən epitet nə qədər xoşlarına gəlməsə də, onu udmalı olurdular.
Bəlkə də camaatımızın arasına bu cür ayr-seçkiliyin düşməsi də «parçala və hökm sür»
siyasəti yeridib əsarət altında saxladığı xalqları daha rahat istismar edən imperiyanın bir
siyasətiydi. Yəqin ki. Əgər belə olmasaydı bakılı-qeyri bakılı konfliktləri rus imperiyasından
əvvəllər də olardı, amma olmamışdı.
Şəxsən mənim özümün də yadıma gəlir ki, ta səksəninci illərə qədər bizim yuxarı
məhəllənin uşaqları başlarında şapgə, əllərində təsbey şəhər içinə düşəndə «yuxarı» zümrəyə
mənsub cavanlar, ən çox da qızlar, bizimkilərə baxıb gülürdülər, «fu, çuşka» deyə lağa
qoyurdular.
Əcəbdi, gəlib məmləkətimizdə yaşamaqları bəs deyildi, hələ bir öz heyvanlarının, daha
dəqiq desək, özlərinə oxşayan heyvanın adını bizə qoydular. Bizim bəzi başıboş həmvətənlərimiz
də, bir balaca qabağa gedən kimi düşdülər onların küyünə, başladılar özününkülərə yuxarıdan
aşağı baxmağa, öz dilimizdə danışmağı özlərinə sığışdırmadılar, onlara baxıb başladılar kənddən-
bucaqdan gələn qohum-əqrabalarına «çuşka» deməyə.
Bütün bu deyilənlər hamıya məlumdur, bu barədə çox yazılıb , çox söhbətlər gedib,
uzatmağa lüzum yoxdur. Şəxsən məni əsəbləşdirən bu idi ki, bizim rayon camaatı bütün bu
işlərin səbəbini biz bakılılarda görürdü və böyük bir qisminin ürəyində bakılılara qarşı elə bir
nifrət yaranmışdı ki, indiyəcən bunun əlamətləri özünü büruzə verir. Lakin bu o demək deyil ki,
bizim əsl bakılılarla əyalətdən gələnlər arasında heç bir konflikt olmurdu. Olurdu və mənim əsl
məqsədim, məhz bu konfliktlərin kökünə getmək, onların səbəblərini axtarmaqdır. Bunun üçünsə
yenə də öz ailəmizin tarixinə baş vurmalı olacam.
Beşinci fraqment
Bizim ailənin əyalət camaatıyla ilk köklü kontaktı təxminən altmışıncı illərin əvvəllərində
baş vermişdi. Şəxsən mən özüm o vaxtlar
hələ dünyada olmasam da, hər şey çox yaxşı