53
yadımdadır. Deməli, soyuq bir fevral axşamıydı və bütün ailəmiz nənəmin yanında yığışıb
həyətdəki boş otaqlardan birini kirayə verib-verməmək barədə məşvərət keçirdirdilər.
Həyətə kirayənişin buraxmaq ideyası atama məxsus idi. Ümumiyyətlə, bizim həyətdə iki
boş otaq var idi, birində əvvəllər babamın atası yaşayırdı, o rəhmətə gedəndən sonra boş qalmışdı
və kiçik əmim buranı özüyçün anbara döndərmişdi, çilingərlik alətlərini, maşınlarçün az tapılan
ehtiyat hissələrini ora yığırdı. Qarşısında uzun şüşəbəndi olan o biri boş otaq isə əvvəllər
babamın əmisi Ağaverdinin idi, amma öncəki yazılarımda danışmışdım ki, hökumət onu Sibirə
sürgün etmişdi və bundan sonra nənəm bu otağa beş-on dənə toyuq buraxmışdı ki, əlimiz aşağı
olanda yumurtasından, ətindən yeyək.
Atam da məhz bu otağı kirayə vermək fikrinə düşmüşdü. Neft daşlarında işlədiyi
müddətdə Mirsəftər adlı bir oğlanla dostlaşmışdı. Bu Mirsəftər hansısa rayondan gəlib burda
AZİ-ni bitirmişdi, neçə il idi ki, atamla bir buruqda qazmaçı işləyirdi, amma hələ hökumət ona
mənzil verməmişdi, yataqxanada qalırdı. Evli adam idi, ailəvi yataqxanada min cür əziyyət
çəkirdi və atam qərara gəlmişdi ki, nənəmin toyuq saxladığı həmin otağı boşaldıb mənzil
alanacan onlara verək. Ümumi həyətdə nə qədər narahatçılıq olsa da, yataqxana qədər olmaz,
burda balaca da olsa öz mətbəxləri, öz soyuducuları, qaz plitələri olacaqdı. Bircə ayaqyolu ilə
hamam ümumi qalacaqdı.
Mirsəftərin özü atamın təklifinə çox sevinmişdi, amma atam onu da demişdi ki, sənin
bizim həyətə köçməyinçün əvvəlcə gərək atamla anamın razılığını alım. Atam bir söz deyən deyil,
amma anamın xasiyyəti bir az ağırdı, yola gətirmək asan olmayacaq.
Atam düz deyirdi. Bizim ailədə heç kim həyətə kənar adamın köçməyinə etiraz etmirdi,
üzdə lap açıq hiss elətdirməsələr də, daxilən hamısı razıydı. Atam öz yaxın dostunun mənzil
şəraitini azca yaxınlaşdırmaqçün çalışırdı, onun kommunist vicdanı heç cür qəbul eləmirdi ki,
dostu yataqxanada əziyyət çəkdiyi halda həyətdəki gül kimi otaqda toyuqlar məskunlaşsın
(əlbəttə, əgər toyuqlar da Mirsəftər kimi kommunist olsaydılar, atam onların öz məskənlərindən
dərbədər düşməyinə razı olmazdı, amma heyvanları kommunist partiyasına qəbul eləmirdilər və
məlum məsələdir ki, əsl sovet vətəndaşı kimi, atamın nəzərində bakılı olmayan kommunist bakılı
toyuqlardan daha üstün idi). Babam da Mirsəftərin həyətimizə köçməyinə etiraz eləmirdi, bu
yaxınlarda təqaüdə çıxmağa hazırlaşırdı, bilirdi ki, bütün günü evdə bekar oturacaq, onunçün də
xam adam axtarırdı ki, darıxanda çənəsinin altına salıb aramla, tələsmədən qədim xatiratından,
nə bilim, Bakının keçmişindən, köhnə kişilərdən və s. belə şeylərdən danışıb vaxtını öldürsün. O
da məlum məsələdir ki, qərib adam məskunlaşdığı yerin tarixinə, adət-ənənəsinə həmişə maraq
göstərir, nəyisə öyrənməyə çalışır, ən azı ona görə ki, yerli camaata asan qaynayıb qarışsın,
başqalarından çox da seçilməsin. Babam da bunları bilirdi və Mirsəftərə, bir növ, baş-qulaq
aparmaqçün potensial namizəd kimi baxırdı. Bir az qabağa qaçıb onu da demək istiyirəm ki, bu
mənada Mirsəftər babamın ümidlərini həqiqətən də doğrultdu, yerli camaatın artıq əzbərdən
bildiyi və qulaq asmaq istəmədiyi söhbətləri Mirsəftər çox həvəslə dinləyirdi, heç vaxt babamın
sözünü kəsmirdi və hərdən haqqında söhbət gedən hansısa adətin, ənənənin öz rayonlarında
hansı şəkildə olması barədə informasiyalar da əlavə edirdi ki, bu da onların söhbətini xeyli
maraqlı edirdi. Mən özüm də, uşaq olanda çox oturardım onların yanında.
O ki qaldı kiçik əmimə, o da öz razılığını atama bildirmişdi, çünki ona da uyanda, keyfi
kök olanda prikola tutub məzələnməkçün xam adam lazım idi, bilirdi ki, onların həyətində
məskunlaşdığına görə kirayənişin onun hər cür prikoluna, zarafatına dözməli olacaq ( düzdü, bu
54
zarafatlar heç vaxt ədəb-ərkan həddini keçməzdi, mənim özüm də uşaq olanda həmişə
kirayənişinimizə sataşardım, adını dəyişib Mirdəftər əmi deyərdim). Bu baxımdan, kiçik əmimlə
babamın maraqları müəyyən mənada üst-üstə düşürdü.
Bibimlə anam isə belə söhbətlərə heç vaxt qoşulmazdılar, abır-həyalı ev qadınları kimi
böyüklərin dediyinə Allahın əmri tək baxardılar, hansı məsələ barəsindəsə öz fikirlərində israr
etmək adətləri yox idi. Anam bütün günü ev işləriylə məşgul olardi, bibim də bir küncə çəkilib
sakitcə kitab oxuyardi.
Gecə ruhumda yanan şam ki sönər sakitcə,
Isti göz yaşı donub daşə dönər sakitcə.
Tək buraxmam səni ölsəm də əgər, kölgən olub
Daim ardinca xəyalım sürünər sakitcə.
Sərsəri duygularım diqqəti cəlb etmək üçün
Yenə şer adlı libasın geyinər sakitcə.
Gecə göylərdə soyuqdurmu ki mən yandıqca
Atəşim üstə mələklər isinər sakitcə.
Bu qədər qəm yükünü çəksə də biçarə ürək
Səsi çıxmaz, gecə-gündüz döyünər sakitcə.
Nakam aşiqlərinin ruhudu, qar şəklin alıb
Saçına qonmaq üçün göydən enər sakitcə.
Kimsəsizlik soyugundan büzüşəndə Fəhmi
Yenə eşq oduna, yarım, bürünər sakitcə.
Hə, qalırdı bircə nənəmin razılığı və burda məsələ xeyli qəlizləşirdi.
Ümumiyyətlə,
kirayənişin məsələsi ortaya çıxan kimi nənəmin davranışında, xasiyyətində əmələ gələn
metomorfozalar ailə üzvlərimizin hamısı üçün gözlənilməz olmuşdu. Neçə illərdən bəri hamının
tanıdığı mülayim, nurani, ağıllı arvad birdən-birə dönüb olmuşdu tərs və aqressiv bir məxluq. Elə
bil içindəki hansısa knopkanı basmışdılar və üzü çönmüşdü arvadın. Əlbəttə ki, istər dünyada,
istərsə də insan psixologiyasında səbəbsiz heç bir hadisə baş vermir və nənəmin belə
dəyişməsinin səbəblərini də mən çox-çox sonralar araşdırıb öz-özlüyümdə dərk edə bildim.
Şəxsən mən bu dəyişikliyi bu cür başa düşürdüm. Arvad cəmi bircə dəfə , on-on iki
yaşında olarkən Abşerondan kənara çıxmışdı, atası onu hansısa rayona, bir dostugilə aparmışdı,
qalan bütün ömrünü Bakıda yaşamışdı, buranın camaatına, adət-ənənəsinə öyrəşmişdi və hətta
öyrəşmək desəm az olar, məncə bütün qapalı mühitlərdə yaşayan insanlar kimi, onda da belə bir
təəssürat formalaşmışdı ki, bütün dünya, nəinki dünya , bütün kainat elə Bakıdan və Bakı ətrafı