69
təhsilə olan həvəsinə, zəhmətkeşliyinə, inadkarlığına paxıllıq edirdilər.
Təbii ki, belə olan halda
hər iki tərəf öz xəyali üstünlüyünü gözə çarpdırmaqla ruhani rahatlıq tapmağa çalışırdı və bu da
dediyim kimi, arzuolunmaz konfliklərlə nəticələnirdi.
Amma bir şey də var ki, bütün bu danışdıqlarım yalnız insan ağlına təsir edə bilər,
hissiyyat isə tamam başqa qanunlarla yaşayır. Əslində, mənim izahatlarım heç nəyi
dəyişməyəcək, həm bakılıların, həm də qeyri-bakılıların qarşılıqlı münasibətləri elə əvvəlki kimi
qalacaq, nifrət edən yenə də nifrət edəcək, kin saxlayan yenə də kin saxlayacaq, çünki Allah insanı
belə yaradıb və qiyamətəcən də belə qalacağıq. Beləliklə, mənim allahlıq iddiasına düşən bəzi
başdanxarab dahilərimiz kimi bir-iki cızma qara ilə nə dünyanı, nə də insanları dəyişmək
niyyətim də yoxdur, oxuculara ağıl öyrətmək fikrindən də uzağam (əmim demişkən, mənim elə
özümə ağıl öyrədən lazımdır). Əsas məqsədim isə həm bizim camaatın, həm də əyalətdən
gələnlərin qarşılıqlı narazılıqlarının zahiri, bəli, məhz zahiri səbəblərinin bəziləri barədə
danışmaqdır, çünki bütün mövcudatın daxili bircə Allahın hökmündədi, bizsə yalnız zahiri
əlamətləri araşdıra bilərik. Bunun üçünsə yenə konkret hadisələrə, konfliktlərə keçməliyik ki,
kimin hansı halda daha çox haqlı olduğuna araşdıraq. Konkret hadisə deyəndə mən əlbəttə ki, öz
ailəmizlə bağlı olan hadisələri nəzərdə tuturam və uzun, darıxdırıcı moizədən sonra yenə də
həyətimizə ilk kirayənişinin gəlməyi ilə başladığım söhbəti davam edirəm.
Mirsəftər nənəmin toyuqlarıyla bir evdə yaşamaq əzabından qurtulandan sonra
bizimkilərin çoxuna elə gəldi ki, artıq bütün işlər yoluna qoyulub, bundan sonra həyətdə daha heç
bir narazıçılıq olmayacaq, əvvəlki kimi İdilliya hökm sürəcək. Əsas məsələ nənəmi
sakitləşdirmək, onun narazılığını aradan qaldırmaq idi ki, buna da nail olunmuşdu.
Əfsus ki, belə olmadı, arvadın ilkin aqressivliyi naməlum səbəblərdən bibimə keçdi və o
vaxtacan tıxsız balıq kimi tanınan bu on səkkiz yaşlı qızın tamam üzü döndü. Onun
davranışındakı bu dəyişiklik məncə onunla bağlıydı ki, o vaxtkı Bakının tipik ev qızlarından olan
bibim həmişə böyüklərin iradəsinə tabe olmağa öyrəşsə də, məhz bu halda, ailədəki kişilərin
nənəmin rəyilə hesablaşmadan, həyətə rayonlu kirayənişin buraxmaqları və nənəmin bununla
barışmağa məcbur olmağı ona yaman pis təsir eləmişdi, içində belə bir hiss yaranmışdı ki,
qardaşları onu və analarını bu rayonlu dostlarına dəyişiblər, müəyyən mənada, xəyanət ediblər
onlara, satqın çıxıblar.
Bu səbəbdən də bibim təxminən belə düşünürdü ki, bu ekspansiyaya müqavimət
göstərmək istəyirsə yalnız və yalnız öz gücünə etibar etməlidir. Nə xain qardaşlardan, nə
ağsaqqal atadan, nə də artıq ümidini itirmiş qoca anadan ona kömək olmayacaq, neyləsə yalnız
özü edəcək.
Beləliklə, qız bütün işini-gücünü atıb başladı Mirsəftəri, onun arvadını, uşaqlarını
güdməyə, hər hərəkətlərinə qulp qoymağa, qaşınmayan yerdən qan çıxartmağa, bir sözlə,
bakılılar demişkən baldızlıq eləməyə. Atamla əmim onu sakitləşdirməyə çox cəhd eləsələr də, bu
qəfil aqressivliyin qarşısını ala bilmirdilər. Həm də Mirsəftərgilin davranışında həqiqətən də
şəhər tərzi-həyatına uyğun gəlməyən detallar çox idi ki, bibim də bunları əsas gətirib öz hirsini,
qəzəbini atamın, əmimin üstünə tökürdü, bütün günahları yalnız onlarda görürdü.
-Qışqıra-qışqıra danışıllar evdə. Elə bil çöllü-biyabandadılar, səsdəri evin içindədi. – Bibim
dediklərini sübut etməkçün atamı yuxarı otağa dartır, çöl qapını bağlayır. Doğrudan da aşağıdakı
kirayənişinlərin səsindən burada oturmaq olmur, kiçik bir otağın içində olsalar da elə biri-biriylə
danışırlar ki, elə bil aralarında əlli metr məsafə var və səslərinin tonunu alsalar heç nə
70
eşitməyəcəklər. – Görürsən? – Bibim Ərəbzəngi kimi əllərini belinə qoyur. - Baş qulağım gedir
səsdərinnən. Düş, bir kəlmə de ki, evdə adam kimi danışsınnar, xoruz kimi bannamasınnar.
Heyvan döyüllər.
Atam əvvəlcə bacısını sakitləşdirməyə çalışır:
– Fikir vermə, kənd yerinnən gəliblər, elə öyrəşiblər. Orda evlər, həyətdər yekədi,
məcburdular bərkdən danışmağa.
– Mən neyniyim olarçün? Bəlkə pambıq soxmalıyam qulaqlarıma? Bura gəliblər, cannarı
çıxsın öyrənsinnər bizim qayda qanunnarı. – Atamın tərəddüd keçirdiyni görən bibim bir az da
qızışır. – Mənə bax, əgər düşüb diməsən, özüm düşəcəm, bir-iki kəlmə elə söz diyəcəm ki,
birdəfəlik dərs olsun.
Atam azca sərt səslə onun bu niyyətinin qarşısını alır:
– Yaxşı, yekə-yekə danışma, özüm Mirsəftəri çağırıb başa salaram, elə diyərəm ki, xətrinə
deyməsin. Onsuz da qərib adamdular burda, sıxılıllar, özdərini yad kimi hiss eliyillər, istəmirəm
təzədən sıxım oları.
– Nöşün e. – Bibim qardaşının yumşaqlığını qorxaqlıq kimi başa düşür - nədi, qorxursan o
düdükdən? Odey, qonşumuz Xanımcan arvad da iki dənə tələbə buraxıb həyətinə. İt kimi
qorxullar onnan. Heç səsdəri də çıxmır. Bir şey olan kimi də arvad ağzınnan çıxanı diyir olara.
Atam qaşqabağını salladır:
– Sən məni Xanımcana tay tutursan?
– Tay tutmuram, amma mən sakittiy istiyirəm həyətdə. Bular gələnnən nə mənim, nə də
arvadın rahattığı yoxdu. O yazıq day səsini çıxartmır, xəcalət çəkir, abır-həyasına sıxılıb oturub.
Siz bütün günü işdə olursuz, hər şeyi görmürsüz, bular gah radionu qışqırdıllar, gah özdəri
qışqırıllar, uşaqları da ki, vəhşi kimi şeydilər, o gün də arvadın qapısındakı gül dibçeylərindən
birini vurub sındırıblar. Həm də ayaqyoludan çıxanda dallarıyca su tökmüllər. İndi diyirsən
danışmıyım ki, nə var-nə var kişinin oğlu qəribdi, xətrinə deyər, inciyər?
– Eybi yox, öyrəşəllər. - Atam bacısını sakitləşdirməkçün ayrı söz tapmır.
– Qozbeli qəbir düzəldər. Nahaq buraxdın həyətə onnarı. Adam qonum qonşu yanında da
xəcalət çəkir. Odey, dostuvun arvadı yenə paltar səriyir orda.- Bunu deyib həyətdəki zivənin
qabağında dayanan Güləbətini göstərir. – Abırsızın qızı abırsız, indi yenə də bütün alt
paltarllarını asacey həyətin ortasında, gəlib gedənin gözünün qabağında. Day dimir ki, əlli dənə
kişi xaylağı girir həyətə.
-Dedim ki, çağırıb başa salaram.- Atam bacısına söz verir. Qız bir az sakitləşir, amma bir
gün, iki gün keçir. Həyətdə heç nə dəyişmir, kirayənişinlər yenə evdə qışqıra-qışqıra danışır,
uşaqları yenə həyətdə vəhşilik edir, belə məlum olur ki, atam hələ öz dostuna heç nə deməyib.
Yəqin ki, utanır nəsə irad tutmağa, xəcalət çəkir.
Nəhayətdə, bibim kiçik əmimdən xahiş edir, əmim də şapkəsinin qaldırıb başını qaşıyır,
sonra razılaşır, söz verir ki, axşam həyətdə nərd oynayanda yarızarafat, yarıgerçək hər şeyi
Mirsəftərə başa salsın…
– Hə, bu da sabir ( yəni sə-bir), – əmim axşam ikinci tasın əvvəlində əsas söhbəti açmağı
qərara alır. – Hə, Şaqqulu… (əmim Mirsəftərin arvadı Güləbətini «Kəlbətin bacı» çağırdığı kimi,
onun özünə də həmişə Şaqqulu deyirdi. Daha bilmirəm, prikola tuturdu, yoxsa xətrini istədikdən
belə eliyirdi. Əsas söhbətdən yayınsam da qeyd eləmək istəyirəm ki, ümumiyyətlə, əmimin
nəzərində Bakının kişi cinsinə məxsus əhalisi bir neçə kateqoriyaya ayrılırdı: – Şaqqulular,