61
Həmişə belə şeylərə görə mübahisə edən atamın mütiliyi nənəmdə artıq
belə bir fikir
yaradır ki, deyəsən, bu dikbaş da ağıllanıb adam olub, böyüklərlə çənə boğaza çıxmağın daşını
atıb. Hətta ürəyində azca sevinir də arvad.
Toyuqların yanından çıxanda nənəm yenə elə bil nəyisə xatırlayır, Mirsəftərə tərəf çönür,
qəribə, sınayıcı bir baxışla onu süzür, sonra da onun qapısından iki addım sağdakı iri tut ağacına
baxır və həyətin başını göstərir.
-Ayaqyolu bax ordadı ya.
-Hə, - atama işarə verir, – göstərib mənə; ayaqyolunu da, hamamı da.
Nənəm üç addım aralansa da, daxili narahatçılıq onu vadar edir ki, bir də geri çönüb
dediyini təkrar eləsin.
- Bax orda, piləkənin yanındadı ayaqyolu.
Nə fikirləşirdi arvad bunu deyəndə? Yəqin elə zənn edirdi ki, təzə qonşu axşam on metrlik
yolu getməyə tənbəllik edər, elə bu tut ağacının dibini döndərər ayaqyoluya. Hələ bəlkə qorxurdu
ki, atam da onun təsiri altına düşər və dostlar iki tərəfdən işə başlayıb bu yetmiş yaşlı biçarə tut
ağacının axırına çıxarlar, çürüdərlər onu.
Hə, Mirsəftər öz arvadını və iki xırda uşağını da, gətirib həyətimizdə yerləşdirəndən sonra,
nənəm ən çox o tut ağacının fikrini çəkirdi. Hər dəfə onun yanından keçəndə, elə bil, artıq ölümə
məhkum olunmuş bir məxluq görürdü, biixtiyar yazığı gəlirdi ağaca , hətta qaçılmaz saydığı bu
qətlin qarşısını ala bilmədiyinə görə vicdan əzabı içində qovrulurdu.
Ancaq öz sevimli toyuqlarının hamısının birdən kəsilib yeyilməsiylə barışmadığı kimi, bu
həyətə gəlin gələndən bəri gözünün qabağında olan bu əzəmətli tut ağacının dibinin ayaqyoluya
dönməsiylə də barışa bilməzdi və onu qorumaqçün gördüyü ilk tədbir kiçik əmimi ağacın
kötüyünün dövrəsinə adam boyunca setka çəkdirməyə məcbur etməyi olur. Əmim əvvəlcə bunun
səbəbini anlamasa da, nənəm öz dediyindən əl çəkmir.
-Onnara etibar yoxdu. Bir də gördün gecə biz yatannan sonra murdalladılar ağacın dibini.
-O boyda ayaqyolu olan yerdə neynillər ağacın dibini? –Əmim təəccüblənir.
-Sən bilmirsən, buların ayaqyolunnan zəhlələri gedir. Ağac dibini xoşduyullar. – Nənəm
elə ağıllı bir tərzdə cavab verir ki, əmim biixtiyar inanır, hətta tut ağacına yazığı gəlməyə başlayır
və nənəmin dediyinə əməl edir.
Tut ağacının ətrafına setka çəkilməsindən sonra da nənəm arxayınlaşmır. Gecə ərzində beş-
altı dəfə yuxudan hövlnak ayılıb paltarını əyninə geyir, həyətdə yanan yeganə lampanın işığında
gəlib diqqətlə tut ağacının dibini yoxlayır, yaş olub-olmadığını müəyyənləşdirməyə cəhd göstərir,
hətta əyilib ağcın kötüyünü iyləməyə də tənbəllik etmir. Bir sözlə, narahatçılıq içində qovrulur…
Çox təəssüf ki, nənəm bütün diqqətini tut ağacının müdafiəsinə yönəltdiyi bir dövrdə
zərbə ona tamam ayrı bir istiqamətdən dəyir. Mirsəftər bizim həyətə köçəndən bir həftə sonra
həyətdə vay-şüvən qopur ki, gecəykən nənəmin toyuqlarından biri ölüb.
Elə bu vaxt çox qəribə bir hadisə baş verir. Bütün haqqında danışdığım hadisələrin cərəyan
etdiyi müddətdə dinməz oturub öz sevimli «İtkin gəlin» kitabından ayrılmayan və heç bir səslə,
sözlə, hətta deyərdim nəfəslə də öz mövcudluğunu hiss elətdirməyən bibim yuyulmamış çömçə
kimi özünü soxur ortalığa, gecəykən ayaqlarını çox əcaib şəkildə uzadıb dünyadan köçmüş
toyuğun cəsədi üstündə heç kəsin gözləmədiyi bir həyasızlıq nümayiş etdirir.
– Vaxsey, bu nə zibildi düşdüy, arvad gəlib görsə özünü öldürəcey, bu çil-çil toyuğu
atasınnan çox istiyirdi.
62
Bibim öz qardaşlarının fırıldağından, yəni əmimin cibindəki sarı rəngli mənhus həblərdən
bixəbər olduğundan çil toyuğun rəhmətə getməyinin səbəbini təbii ki, Mirsəftərdə görür və bu
gecə kənddə xeyir işində olan nənəmin bir azdan evə dönəndə bu hadisəyə necə reaksiya
verəcəyini, bəlkə də əməlli-başlı dava-qırğın salacağını gözünün qabağına gətirdikcə əsim-əsim
əsir.
– Öldürəcey hamımızı, – elə bil nənəm barədə yox, onun həmişə üstündə bıçaq gəzdirən
atası Həsənağa haqqında danışır, – doğram doğram eliyicey, ən
birinci də bax bunu, təbii ki,
mağmın-mağmın dayanıb başını aşağı dikən Mirsəftəri göstərir. Nə qədər gec döyül, qoy köçüb
getsünnər, elə bu saat, nə qədər ki, arvad gəlmiyib.
Bu gözlənilməz müdaxilədən həm atam, həm də əmim bir anlıq özlərini itirirlər, təəccüblə
biri-birinə baxırlar, bir müddət susandan sonra, nəhayət, kiçik əmim bibimə çönüb əsəbiliklə əlini
yellədir:
– Əşi, səni kim vəkil eliyib arvadın adınnan danışasan e. Ged otur «İtkin gəlin»ivi oxu da.
Bibim özünə xas olmayan inadkarlığı ilə qardışlarını bir az da çaşdırır.
-Kitab vaxtıdı? Sən di görüm bu toyuğa nə olub belə? Diyandığı yerdə nöş ölməlidi ki? Nə
bilirsən, bəlkə elə bir-iki günə hamısı qırıldı? Allah bilir bular, –yenə də Mirsəftəri göstərir, – nə
töküblər heyvannarçün, zəhərriyiblər yazıqları.
Bibimin sonu görünməyən monoloqunun bu yerində Mirsəftər altdan- altdan
günahkarcasına əmimə baxır və elə bil demək istəyir ki, axı mən səni xəbərdar eləmişdim üstü
açılacaq, gərək atmazdın o zəhrimar tabletkaları heyvannarçün.
Bibim isə susmaq bilmir və onun ağlamsınaraq dediyi son sözləri əmimi lap özündən
çıxardır.
– ..hə də , bu gün toyuqların başını yiyəcəylər, sabah da bizim hamımızın axırına
çıxaceylər. Gəlib oturaceylər yurd-yuvamızda.
– Mənə bax, sən lap ağını çıxartdun a. Davay, sürüş yuxarı evə, səsivi çıxartson qulaqlarıvı
mıxlıyacam divara.
Əmimin səsində əmələ gəlmiş zəhm notları bibimi özünü yığışdırmağa məcbur edir və
yerdə uzanmış toyuq cəsədinə bir də baxıb köksünü ötürür, yəqin bu rəhmətliyin deyib-gülüb,
oynayan vaxtlarını yadına salır, ya da qardaşlarının belə hərəkətini görüb dünyanın vəfasızlığını
fikirləşir, bir sözlə, nə düşünürsə, qəzəblə «Allah cəzavızı vericey, baxarsuz» deyərək pilləkənə
doğru gedir və qəfil oyanmış hikkəsindən taxta pillələri iki-iki çıxaraq yuxarı mərtəbədəki otağına
girir.
Atamla əmim isə daha bir neçə dəqiqə təəccüblə gah biri-birinə,
gah da yerdəki çil toyuğun
cəsədinə baxırlar. Bəlkə doğurdan da səhv eliyiblər, bəlkə bu fırıldağın axırı doğrudan da pis
qurtaracaq. Əgər hamının quzu balası kimi sakit bildiyi on səkkiz yaşlı bibim toyuqlardan birinin
ölməyinə bu cür sərt reaksiya verirsə, onda arvad gələndə heç qabağında dayanmaq olmayacaq
ki?
Bu qəribə baxışların səbəbini təxmini də olsa hiss eləyən Mirsəftər həyəcandan qurumuş
boğazını azca yaşlamaqçün bir-iki dəfə udqunmağa çalışır, yalnız üçüncü cəhddən sonra buna
nail olub yavaşca pıçıldayır:
– Bəlkə bacı düz deyirdi? Uşaqları da götürüb qayıdım yataqxanaya.
– Uje gejdi, – atam başını yellədir.