63
Elə bu vaxt Mirsəftərin səkkiz yaşlı oğlu və beş yaşlı qızıyla birgə bazardan qayıdan arvadı
Güləbətin ( kiçik əmim elə ilk gündən onun adını «Kəlbətin bacı» qoymuşdu, amma sözü elə
tələffüz edirdi ki, Mirsəftərgil bu ibarəni əmimin yox, Bakı ləhcəsinin ayağına yazmağa məcbur
olurdular) həyətə daxil olur, tut ağacının yanında dayanıb qaşqabaqlarını sallatmış kişiləri görür,
sonra da yerdəki toyuq leşinə nəzər salır və deyəsən, məsələnin nə yerdə olduğunu anlayır. Başını
yellədib əlindəki dolu zənbilləri qapısının ağzına qoyub köksünü ötürür.
– Mən sizə dedim ki, belə düşüy iş tutmayın. Ağbirçək arvaddı, tayınızdı belə zarafat
edirsiniz? İndi nə deyəcəksiz ona? Deyəcəksiz ki, özbaşına öldü toyuq? Allah bilir, beyninə nə
qara-qura fikirlər gələcək.
– Hə də, ağıllının birini yola saldıq, o biri başladı. Əcəb girinc qalmışıq bu arvad tayfasının
əlində. – Əmim dodağaltı mızıldanıb üzünə süni bir təbəssüm yapışdıraraq Mirsəftərin arvadına
deyir. – Sənniy bir şey yoxdu, ay Kəlbətin bacı, sən keç içəri, yorğunnuğuvu al, sonra da o
rayonuvuzdakı kimi əntiqə bidənə çay dəmlə bizimçün. Ordan gətirdiyün otdardan da atginən
içinə. Qoy iyi çıxsun. Arvad gələndə nə diməy lazımdısa, onu biz fikirləşib taparıq.
Güləbətin təzədən zənbilləri götürüb içəri daxil olur və otaqdan onun bir o qədər də güclü
olmayan səsi eşidilir.
-Heç yaxşı iş tutmamısınız. İndi arvad elə biləcək ki, biz nəsə yedizdirmişik toyuğa,
onunçün ölüb. Üç gündür gəlmişik, indidən düşmən olacaq bizimlə.
– «Onsuz da zəndeyi-zəhləsi gedir sizdən. Bunnan o yanası yoxdu ki?» –Bunu əmim demir,
eləcə ürəyindən keçirir və nəsə bəhanə fikirləşib tapmağa cəhd edir, həm də bu bəhanə elə əsaslı
bir şey olmalıdır ki, arvad ona inansın, toyuğun öz əcəli ilə dünyadan köçməyinə zərrə qədər də
şəkk-şübhəsi qalmasın…
– Ay köpək uşaqları, oynamağa yer qəhətdi? Süzə min dəfə dimişəm ki, ayaqqabıynan
dama çıxmıyın, qırı çartdadırsız.
Dalanın başından babamın səsi gəlir, deyəsən, yenə də qonşu uşaqları bizim evin damına
dırmaşıblar. Babamın da ən zəhləsi getdiyi şey idi bu. İki-üç dənə cüvəllağının ucbatından hər qış
damırdı evlər, itin zülmünü çəkirdik.
– ...atovuzu dalıvıza sərəciyəm, dayanun…
Həyətimizdəkilərin hamısı diksinir. Deməli, babamla nənəm qonaq getdikləri yerdən artıq
qayıdırlar. Hesabla axşam gəlməliydilər, amma hər nədisə bu saat həyətə girəcəkdilər, arvad
sevimli çil toyuğunun, öz diliylə desək, yıxılan evin dirəyi olan, gündə yumruq boyda bir cüt
yumurta qoyan əziz-xələfinin cəsədini görəcəkdi və …
Bundan sonra nə olacağını həyətdəkilər yalnız öz təxəyyüllərinin gücünə uyğun təsəvvür
etməyə çalışırlar.
Bir işi tutanda məlum məsələdir ki, adam onun axır nəticəsini çox dumanlı şəkildə görür.
Atam də bir-bir toyuqların axırına çıxmağı qərarlaşdıranda arvada nə cavab verəcəklərini
fikirləşməmişdi və yalnız indi, son anda hiss edir ki, ağlına heç bir şey gəlmir, onunçün də canını
yüngülvari bir narahatçılıq bürüyür, arvadın toqquşan qaşlarının arasından çıxacaq qığılcımlar
elə bil zaman pərdəsini yararaq indidən atamın bədəninə səpələnib bədənini yandırır və atamdan
çıxıb ətrafa yayılan bu narahatçılıq dalğaları həyətdəkilərin hamısına sirayət edir.
Mirsəftəri həyəcandan qaşınma tutur, hətta üzündə yüngül nəmişlik də hiss edir, elə
fikirləşir ki, arvad toyuğun cəsədini görən kimi onun, bəli, öz oğlanlarının yox, məhz onun üzünə
bir parça tüpürəcək, hələ bəlkə ağır söz də deyəcək.
64
Babamın səsini eşidən bibim yuxarıdakı otağının pəncərəsindən başını çıxarıb
nigarançılıqla həyətə boylanır, çil toyuğun hələ də ortalıqda qaldığını görüb xov içində
dodaqlarını sıxır, qorxudan pəncərəni bağlayıb pərdəni çəkir, amma sonra maraq ona güc gəlir,
pərdəni azca aralayıb bir gözüylə həyət qapısına zillənir, elə bil bu saat oradan əjdaha gələcəyini
gözləyir.
Mirsəftərin evdə əsəbiliklə vurnuxan arvadı isə bazardan təzə alıb gətirdiyi almalardan
birini tələsik yuyub ağlayan qızının ağzına basır ki, çığırtısı kəsilsin, yoxsa uşağın cır səsi arvadı
lap əsəbləşdirər, özündən çıxarar.
Hətta həyətin ortasındakı tut ağacı da narahatlıqdan az qala büzüşür, yarpaqlarının
yüngülvari xışıltısında gərginlik notları hiss olunur.
Bircə kiçik əmimin dünya-aləm vecinə deyil. Eləcə damağındakı «Kazbek»in kötüyünü
çeynəyərək başmağın burnundan çıxan barmaqlarıyla toyuğun lələklərinin arasını eşəliyir, elə bil
qızıl axtarır orda. Bəlkə də nəyəsə arxayındır, lakin bu arxayınçılığın səbəbini, deyəsən, heç özü
də yaxşı anlamır.
Bütün həyət tufanqabağı sakitliyin son saniyələrini yaşayır. Addım səsləri ağır-ağır
yaxınlaşır, tuk, tuk, tuk… Danq... budur həyət qapısından iki addım solda olan kanalizasiya
lyukunun altı azca boşalmış qapağı danqıldayaraq gələnlərin lap yaxında olduğunu xəbər verir.
Üç, iki, bir, mator!..
Təbii ki əvvəlcə qabaqda gələn babam həyətə daxil olur. Hava istidir, babam buxara
papağını çıxarıb dəsmalla başının tərini silir, əlində tutduğu toxunma setkadakı iki ədəd iri Zirə
qarpızını yerə qoyur, kənddəki qohumların pay verdiyi bu ağır yükdən qurtulub, divara
söykənərək nəfəsini dərir, yalnız bundan sonra həyətə nəzər salır, ailə üzvlərimizin ona zillənən
narahat baxışlarından çaşır, hətta yuxarı otağın pəncərəsini azca aralıyıb, ona baxan qızının pərdə
dalında görünən yeganə gözündəki nigarançılıq nişanələri də kişinin nəzərindən qaçmır.
Bircə anlıq babamın canını qorxu bürüyür, elə zənn edir ki, nəsə çox ciddi bir şey olub; ya
kiçik gədə kimisə bıçaqlıyıb, ya Allah eləməsin, qız nəsə artıq-əskik hərəkət eləyib, ya da
….birdən Mirsəftərin qapısının ağzında çox əndrabadi şəkildə uzanıb özünü günə verən çil
toyuğun cəsədini görür və o saat hər şeyi anlayır. Dünyagörmüş adam olduğundan
həyətdəkilərin üzündəki narahatlığın səbəbini də o dəqiqə başa düşür…
Kanalizasiyanın lyuku bir də danqıldayır və iki saniyədən sonra başını aşağı dikən nənəm
də yorğun addımlarla həyətə girir, adət etdiyi kimi ağ örpəyini başından götürüb səliqəylə
qatlayır, xına çəkməkdən qəhvəyi rəng almış uzun saçları görünür.
Bu an Mirsəftərin şüşəbəndinin küncündə məskunlaşmış toyuqlar, elə bil nənəmin gəlişini
hiss edib bərkdən qaqqıldaşmağa başlayırlar, sanki bu üsulla öz havadarlarına nəsə vacib bir sirr
açmaq istəyirlər, bəlkə də imdad gözləyirlər…
Toyuqlar hay-küy qaldıran kimi qapısında quruyub qalmış Mirsəftər bir az da büzüşür, bir
az da balacalaşır, üzündəki xəyali tüpürcək sanki kislotaya dönüb dərisini daha çox yandırmağa
başlayır…
Və nəhayət, nənəm də heyvanların səs-küyünə başını qaldırır, təbii ki, nəzəri həyətin
ortasında uzanıb qalmış çil toyuğa sataşır və …
Beş saniyəlik sükut.. nənəmin yorğun şüuru gördüyünü dərk eləməyə çalışır, bəlkə də onu
qara basdığını düşünür…