79
bəzzaz dükanına, dükan od tutub yandı, bir alayısı gedib deydi kiminsə evinin divarına,
müxtəsəri aləm qarışardı bir-birinə. Elənçiy dava-qırğın olanda, heç girdəvoylar da, gözə
görünməzdilər, hərəsi qaçıb bir küncdə gizdənərdi. Bilirdilər, bakililərün gözü qızdısa, day heç nə
görmür, kimi gəldi yortub buraxıllar.
Axırda bizim məhəllə ağsaqqalları yığışıb getdilər Qoçu Nəcəfqulunun üstünə ki, bəs,
amandu, dərdimizə bir əncam elə, bular yenə də bizim məhəllədə dava qırğın salıllar, aləm dəyir
biri-birinə, arvad-uşaq yaman qorxur. Nəcəfqulu da, Çəmbərəkətdilərnən İçərişəhərdəki
Ağşalvarlıların böyüklərini yanına çağırıb başa saldı ki, day əvvəlki vaxtlar döyül, indi o
yannarda camaat yaşıyır, gedin dava-qırğınçün ayrı bir yer tapun. Onnan sonra məhəllə
sakitdəşdi. Sonradan bu yannarın hamısını camaat alıb ev-eşik tikdirdi, arada da bu piləkannarı
tikdilər, adını da qoydular Qırxpillekan. Yoxsa Dağlı məhəlləsinnən aşağı, İçərişəhərə düşməyçün
gərək fırlanıb Çəmbərəkənd qəbirsannığının içinnən keçeydin. İndi yaxşıdı, camaat yuxarı
məhəllələrdən bu piləkannarnan düşür düz aşağı, ta Dumun qabağına. Pənc qoşa.
-Bəs niyə kənddən köçmüşdüz? «Altı dörd», - Mirsəftər zərin şaqqıltısının müşayətiylə
soruşur.
Babamın gözləri azacıq dolur, əvvəlcə dərindən nəfəs alır, başını qaldırıb kölgəsiylə bütün
həyəti qucaqlamış iri tut ağacının gövdəsinə nəzər yetirir, ağaca çalınmış mismardan asılan və
çoxdan bəri istifadə edilmədiyindən artıq pas atmış iri balıqçı tilovlarına baxır və nəhayət, stolun
üstündə uçuşan xırda milçəkləri əliylə qovub ağır-ağır dillənir.
– Bilirsən, balası, sən indi qıraqçı döyülsən, evin içinin adamısan, başqası olsaydı, özümü
yorub danışmazdım. Bizim kəndin torpaqları çox da fərli döyüldü, onunçün camaatın çoxunun
çöreyi dənizdən çıxırdı. Kəndin üç tərəfi sudu, camaatın da yarısı balığa gedərdi, tutduqlarını
ərəbələrə doldurardılar, Bakiyə götürüb satardıldar, dolanardılar. Mənim atamın da özünün
lötkəsi vardı, qərdeşdəriynən bir yerdə çıxardılar balığa. Bu xaraba qalmış dəniz də, bir verəndə
beş almasaydı, dinc dayanmazdı. Neynəsin, adətidü də. Beyəm kimi kimə havayı çörey vərir.
Əvəzində mütləq nəsə götürür də. Bu dənizin də, işi bizim balıqçılarnan idi. Bir il, beş il, on il
çörey vərirdi, sonra birdən üzü çönürdü, hansısa hərəkətün xoşuna gəlmirdi, verdiyi çöreyin
əvəzində birdəfəlik canuvu alırdı. O vaxtlar bizim qohum-əqrabada öz əcəliynən ölən kişi,
diyəsən, heç yox idi. Özü də tək bizimkilər yox, bütün kənd o cür idi. Bizim qəbirsandığımızda
çoxusu arvad qəbirləriydi, kişi qəbirlərini barmaqnan saymaq olardı. Cahar pənc. Pay atonnan,
pəncxananı da, tutmusan ki.
– Niyə ki? Bəyəm kişiləri qəbiristanlıqda dəfn etmirdiniz? - Mirsəftərin fikri nərdtaxtanın
yanında olduğundan babamın sözünün məğzini anlamır.
– Eh, ay rəhmətdiyin oğlu. Kefdən danışırsan. Kişilərin goru vardı ki, kəfəni də olsun?
Dimirəm ki, hamısı o xaraba qalmış dənizdə qırılırdı? Balıqçı nədi, qəbir, kəfən nədi? Bizim əsl
qəbirsandığımız elə o dəniz idi də. Camaatın canını alırdı, heç meyitlərini də dala qaytarmırdi.
Balıqçı ki, qırx beş-əlli yaşına çatdı, sağ-salamat qaldı, camaat ona imam- peyğəmbər kimi
baxardı. Hamı diyərdi, gör, kişi nə qədər əməli-saleh adamdı ki, bu neçə illərdə dəniz də, onun
canına qıymıyıb. Az qalırdı qapısına nəzir daşısunnar.
– Altı bir, - Mirsəftər zəri atıb soruşur, - yəni kəndin ətrafındakı torpaqlar o qədər pis idi
ki, heç cür əkin biçinlə dolanmaq olmurdu?
– Olurdu e, - babam başını yellədir, - ancaq çox çətin idi. Həm torpaq şorannıq, həm külek
imkan vermirdi, həm də sulamaq çetin idi. Süzün rayonnardakı kimi çay yox, arx, kəhriz yox.
80
Quyu suyuynan nə əkəceysən ki? Yenə camaatın dadına dəniz çatırdı. Balığınnan, kürüsünnən
daşıyıb götürürdülər, sıxıb yağını işdədirdilər.
-O cür dada çatmaqdansa, çatmasa daha yaxşıdı. – Mirsəftər də ağır ağır başını yellədir,
babamın atdığı zərləri əlinə götürür. – Əvvəldən elə şorannıq olub o tərəflər?
-Yox, -babam qətiyyətlə deyir, - əvvəllər, nə bilim, iki yüz il, üç yüz il bunnan qabaq dəniz
bizim kəndimizdən xeyli aralıymış, diyilənə görə səhər kətdən çıxanda günorta ancaq çatmaq
olurdu dənizə. Pirallahı da, o vaxtlar cəzirə döyülmüş, elə yapışıq imiş bizim torpaqlara. Həmən
vaxtlarda kəndin yan-yörəsində çox əntiqə, keyfün istiyən torpaqlar varmış. Kəndin gilavar
əlində də sıx meşələr, cəngəlliklərdi. Xanlar, bəylər Bakidən durub biz tərəflərə gələrdilər ki,
meşələrimizdə ova çıxsunnar, ceyran vursunnar.
-Doğrudan? – Mirsəftər deyəsən inanmaq istəmir. – Abşeronun qurtaracağı hara, cəngəllik
hara.
-Nə var burda ki? Diyirəm meşəlik olub da . – Kirayənişinin onun sözünə şübhəylə
yanaşmağı deyəsən babamın xoşuna gəlmir. – Oğlum yaşındasan, hindi durub səni barmağıma
dolamiyciyəm ki? Tayımsan?.. Pənc cahar.
Bir neçə dəqiqə ortaya sükut çökür, yalnız nərdtaxtaya dəyib şaqqıldayan zərlərin, bir də
bala-bala öz xanalarını dəyişən daşların səsi eşidilir. Nəhayət, yenə, babam dillənir.
– O vaxtlar kənd camaatı əkinçiliklə yaxşı güzaran qurubmuş özünə. Elə bərəkətli torpaqlar
olub ki, day nə istəsən əkmək olurmuş. Amma sonra elə bir hadisə olub ki, kəndin əhvalı
korranıb.
– Nə olub ki? - Mirsəftər ani olaraq əl saxlayır, sonra yenə zəri tullayır. – İki bir.
– Bizim kəndin qırağında bir türbə vardı. Vardı diyəndə ki, elə indi də var, ancaq day
kəndin qırağında döyül, kənd böyüyüb, türbə qalıb evlərün arasında. Hə, bu türbə çox qədimidü.
Heç kim dürüst bilmir ki, haçan tikilib. Biri diyirdi ki, nə bilim İskəndər Zülqərneynin vaxtınnan
qalıb, alayısı diyirdi ki, yox, bəs, şah Abbasın vaxtında tikilib. Hə, çox ağır bir pir idi o yer, bu
türbəyə də bir seyid nəsli qulluq eliyirmiş, elə öləndə də onları türbənin yan-dövrəsində
basdırırmışdar. Sonra bu türbənin kəramətini görüb camaat da yavaş-yavaş başdadı öz ölülərini
orda basdırmağa, türbənin dövrəsi də dönüb oldu qəbristannıq. Hə, indi fikir ver, gəlib çıxıram
söhbətimin mustafasına. Diməli, iki-üç yüz il əvvəl, kənd camaatının əkin-tikindən qaz vurub
qazan dolduran vaxtı bir neçə nəfər nadürüst, tamahkir adamın gözü düşür qəbristanlığın
ətrafındakı torpaqlara, başlayırlar camaatın içində söz-söhbət çıxartmağa ki, bəs, kəndin gül kimi
yeridü, torpağına da söz yoxdu, ancaq bu seyiddər oranı döndəriblər qəbirsandığa, bir az da belə
getsə ölülər artdıqca, kəndin ən yaxşı əkin yeri qəbirsandıq olacey, ölülər bu dünyada da yerimizi
dar eliyəceylər, nə bilim filan-beşməkan. Müxtəsəri, camaatın beynini doldurullar ki, day
türbənin yan-yörəsində ölü dəfn eləməsinnər, qəbirsandığı da köçürtsünnər kənddən xeyli
aralıqdakı daş-kəsəkli bir yerə, deyirlər ki, burda onsuz da heç nə əkib becərmey olmur, qoy elə
ölülərə qismət olsun buralar. Türbənin qulluğunda dayanan seyiddər əvvəlcə razı olmullar, kənd
əhlinə başa salıllar ki, bura müqəddəs yerdi, kəramətdi yerdi, ölüləri basdırmaqçün elə buralar
məsləhətdü. Ancaq xeyri olmur, camaat o nadürüstdərin fitvasına gedib qəbirsandığı köçürdür
kənddən uzaq, həmin daş-kəsəkli yerə. Türbənin dövrəsində də xırda hasar çəkillər ki, daha əlavə
ölü basdırmağa yer olmasın. Yan yörədəki torpaqların da hamısında taxıl əkillər.
Kənd camaatının bu hərəkəti seyidlərə xoş gəlmir, məclisdərin birində türbənin axırıncı
qulluqçusu olan seyid gəlib camaata deyir ki, siz bir parça torpağuvuzu ölülərə qıymaduz, dünya