75
– Nöşün e? Beyəm qorxuram olardan? Atamın
həyətində oturub məni divara
dırmaşdıraceylər? Bəsdi də. Səhərdən bayram eliyillər, çalıb-oynuyullar, day gecədi, yıxılıb
yatsunnar da.
Nənəm ona acıqlanır.
– Qız uşağısan. Otur yerində, ayıbdı. Filan qədər kişi xeylağı var evlərində. Gədə gələr,
düşüb abırlarını verər.
Bibim bu dəfə küçəyə tərəf boylanaraq, xilas gözləyən əsirlər kimi ümid dolu baxışlarını
tinin başına zilləsə də, küçədə pişiklərdən başqa canlı məxluq gözə dəymir. Saat artıq on birə
yaxınlaşır.
– Birdən qaqaşım heç gecə evə gəlmədi? Bəs biz səhərəcən yatmıyaq? Oturub bu qara-
mərəkəyə qulaq asaq? – Bibim təəssüflə içini çəkir. - Bəlkə sən özün düşəsən aşağı?
Nənəm sərt hərəkətlə başını qaldırıb bibimə baxır, onun çatılmış qaşlarını görən bibim
özünü yığışdırır, təklifinin nə qədər namünasib olduğunu anlayır. Utanıb başını aşağı salır və
mızıldanır.
– Yaxşı, onda oturub qaqaşımı gözdüyək.
Hər ikisi bir müddət susub otururlar, danışmırlar. Nənəm bibimin üzünə baxmağa sanki
xəcalət çəkir, bəlkə də övladının bu narahatçılığında özünü günahkar sayır, amma birdən üzü
gülür, nəsə fikirləşib tapmış adamlar kimi cəld ayağa durur, otaqda vurnuxmağa başlayır.
– Nə axtarırsan? – bibim qeyri-ixtiyari maraqlanır.
Otağı ələk-vələk edən nənəm əsəbiliklə əllərini yellədir:
– Hanı o?
– Nə?
– Əşşi, o yekə paltar qayçısını diyirəm də. Səhər əlimdeydi e.
Bibimin gözlərində heyrət nişanələri görünür.
– Qayçını neynirsən?
– Lazımdı.
– Odey, taxçaya qoymuşam.
Nənəm yekə paltar qayçısını götürəndə təəccübdən, həm də qorxudan bibimin boğazı
quruyur, düşünür ki, nənəm kirayənişinləri «qayçılamaq» istəyir.
– Hə də, ata-babası gündə birini bıçaqlıyırdı, bu da qayçılamaq fikrinə düşüb. Allah axırını
xeyir eləsin. – Bibim bunları beynindən keçirib vahimə içində yerindən sıçrayır, arvadın qarşısını
kəsmək istəyir.
– Sən babovun qəbri, eləmə, ay məmə, bizi qana salma.
– Əşşi, çəkil görüm. - Nənəmin səsindəki hökm bibimi geri çəkilməyə vadar edir və
arvadın qapıya yox, pəncərəyə tərəf getməsi isə onu lap çaşdırır. Bir şey soruşmağa da macal
tapmır, nənəm pəncərəni açıb iri dəmir qayçı tutmuş əlini sol tərəfə uzadır və yalnız bu zaman
bibim başa düşür ki, arvad Mirsəftərgilin evinə gedən elektrik xəttini kəsmək istəyir.
Əlbəttə ki, nənəmdən fərqli olaraq bibimin elektrik cərəyanı barədə məlumatı daha çox idi,
lakin bu məqamda gücü yalnız: -«eləmə, tok vurar»- qışqıraraq özünü arvada tərəf atmağa çatır.
Başı pəncərədən çöldə olan arvad qızının sözünü eşitmir və nazik məftili var gücüylə
dəmir qayçının arasına sıxıb kəsir...
Bayırda möhkəm qığılcım qopur və nənəmin «Vaxsey» bağırmasıyla həyətin qaranlığa
qərq olması bir olur…
76
Sakitlik çökür. Bibim özünü itirir, biixtiyar nənəmi çağırır, arvadın yüngül iniltisindən hiss
edir ki, pəncərənin ağzında yıxılıb qalıb. Elə bu vaxt arvadın qışqırığını eşidən Mirsəftər də cəld
yuxarı qalxır, cibindən kibrit çıxarıb yandıraraq evə girir.
– Arvada nə oldu ki?
Nənəmin pəncərənin ağzında yıxıldığını görüb onun üstünə atılır, ayağa qaldırmağa
çalışır, bibim tez şam gətirir, yandırırlar, yalnız bundan sonra inildəyən arvadın göyərmiş sifətini
görən Mirsəftər onu elektrik cərəyanı vurduğunu anlayır. Amma özünə gələn nənəm heç bir
köməyə ehtiyacı olmadığını bildirərək kirayənişini təzədən aşağı göndərir, özü isə qızının
köməyiylə ayağa qalxıb divana uzanır. Görkəmindən bilinir ki, özündən razıdır, hər nədisə
həyətdə sakitliyi bərpa etməyə nail olub.
Buna baxmayaraq ürəyində özü özünə söz verir ki, bundan sonra bir də o zəhrimar toka
yaxın da getməyəcək. Düzdü, əvvəllər də «tok vurmaq» ifadəsini çox eşitmişdi, amma elektrikin
mahiyyətindən xəbəri olmadığından onu məftilin içiylə axan nəsə bərk qızmış qatı bir maye kimi
təsəvvür edirdi və naqili kəsmək istəyəndə də fikirləşirdi ki, ən uzağı bir az əlimi yandıracaq,
ondan artıq nə olacaq ki? Lakin oldu. O oldu ki, bu hadisədən sonra nənəmin sağ əli hissiyyatını
tamamilə itirdi, yalnız uzun müalicədən sonra sağaldı.
Onu da qeyd edim ki, o vaxtlar elektrik xətlərində gərginlik indiki kimi 220 volt yox, onun
yarısı qədər, yəni 127 volt idi, ona görə də nənəm belə yüngül uxəsarətlə canını qurtara bilmişdi,
əgər gərginlik indiki qədər olsaydı, şübhəsiz ki, arvadın axırı çatacaqdı.
Təbii ki, bu hadisə ailədəki kişilərə bir az ayrı cür çatdırıldı, nənəm dedi ki, zivədən paltar
asanda təsadüfən əlim məftilə dəyib, tok vurub məni…
Mirsəftər bizim həyətimizdə düz doqquz il qaldı və bu doqquz ildə nənəm bircə dəfə də nə
ona, nə də arvadına bir irad tutmadı. Özünə sığışdırmadı, abır- həyasını saxladı. Düzü, buna heç
o qədər lüzum da yox idi, çünki beş-altı aydan sonra onlar da bizim həyətin abü-havasını
götürdülər, müəyyən mənada ailənin bir üzvü oldular.
Həmin ərəfələrdə babam da təqaüdə çıxdı. Həmişə işdə-gücdə olan kişi təzə-təzə heç
öyrəşə bilmirdi bekarçılığa. Məhəllədə yaşıdlarından demək olar ki, heç kim qalmamışdı və kişi
boş vaxtını bilmirdi necə keçirtsin. Gah atamı dirəyirdi ki, mənimçün beş-altı kilo günəbaxan
tumu al, dalanın başında oturub tum satacam, gah əmimin yaxasından yapışdı ki, mənə köhnə bir
maşın yığdır, şəhər içində xaltura edəcəm və s. Təbii ki, bu təkliflərin heç biri reallaşmadı,
oğlanları babamın nə tum satmasını, nə də maşınla xaltura eləməyini rəva bilmədilər. Çox
çəkmədi ki, babam, necə deyərlər, haqqın yolunu tapdı. Bekar olanda Mirsəftəri çənəsinin altına
salıb Bakının keçmişindən, köhnə kişilərindən, nə bilim, əvvəllər baş verən hadisələrdən
danışmaqla gününü axşam eləməyə başladı. Yazımın əvvəlində qeyd etdiyim kimi, elə mənim
özüm də həmişə bu söhbətlərə həvəslə qulaq asırdım və kişi danışdıqca Bakının keçmişi, adət-
ənənələri, insanları mənimçün şəffaflaşırdı, görünməyən tərəfləri görünməyə başlayırdı,
mahiyyəti üzə çıxırdı.
Yox, indi yox, babamın Mirsəftərlə söhbətləri barədə başqa vaxt yazacam. İndi isə…əlbəttə
ki, bir az istirahət eləmək lazımdır. Çox yox, bir az…
Altıncı fraqment