87
saxladı, yıxılmadı, ancaq tarı əlinnən düşüb pilləkana çırpıldı, çanağı ortadan bölündi iki yerə.
Dağlı balası tara baxdı, rəngi-rufu getdi. Gördik yaman yer eliyib ona tarın sınmağı, oyunu
saxlıyıb gəldig yanına ki, sakitdəşdireg onu. Dedi ki, tarın sınmağı bir şey döyül, ancaq iş ondadu
ki, on-on beş dəyqədən sonra tiyatırda tamaşam başdıyacey, çoxlu da hökumət adamı gəlicey,
mahnıları da tarda özüm çalmalıyam. Bu zibil də vaxt tapdı sınmağa. İndi beş-on dəqiqənin
içində hardan təzə tar tapım. Soruşdum ki, tiyatırda ayrı tar yoxdu ki? Didi tapmaq olar e, ancaq
hamı arxayındu ki, mənim özumdə var, özüm gəlib çalaceyəm. Mən dilləndim ki, atalar düz
diyib, tələsən təndirə düşər, ancaq sən fikir eləmə. Bir şey fikirləşərik. Çönüb Kəblə İmamverdiyə
didim ki, Kəbleyi, o əskər gedən kiçik oğlun o vaxt hərdən bizimçün dınqıldadırdı, onun tarı
hayandadu? Kəblə İmamverdi didi ki, vallah, uşaq əsgər gedənnən sonra o biri şeyləriynən bir
yerdə yığıb doldurmuşam çardağa, altı aydu ordadı, əgər taxtabitilər axırına çıxmıyıblarsa,
qurbandu, götür apar.
Müxtəsəri, Kəbleyi həyitə girib tez dama çıxdı, tarı tapıb aşağı düşdi, Cəfər alıb baxdı, elə
ayaq üstə dınqıldatdı, didi sesi yaxşıdu, ancaq kökdən düşüb, eybi yox, tiyatırda kökliyərəm. Tarı
alıb əlli dəfə çox sağ ol didi, sonra da tələsik düşdü aşağı. Bir-iki günnən sonra Cəfər gəldi ki, bəs
tarı götürmişəm, çox sağ olun. Kəblə İmamverdi almadı ki, mən onu sənə satmamışam,
bağışdamışam, dağlı balası çox illah elədi, tarın pulunu verməy istədi, ancaq Kəblə İmamverdi
didiyinnən dönmədi. Axırda dağlı balası didi ki, ərməni-müsürman davasınnan taza bir dənə
tiyatır yazıram, ordakı adamlardan birinə sənin adıvı qoyacıyam. Day bilmirəm qoydu, ya yox.
Ancaq yalan diməz, dağlılar sözdərinün üstündə diyanan olullar. Neçənci ildeydi bu söhbət… bu
saat yadıma salaram... hə, Bibi Uçan ili, həri-həri, yüz faiz, Bibi Uçan il idi.
– Kim uçan? – Mirsəftər elə bilir ki, babam onu lağa qoyur.
– Bibi də. – Birdən babam başının yellədir. – Hə, sən Bibini görməmisən axı. Uçmağını
hardan biləsən.
– Kimin bibisini?
– Bibiheybətdeki türbəni diyirəm. Orda İmamlardan birinin bacısının qəbri vardı, soradan
camaat oranı ziyarətgah eləmişdi, nəzir-niyaz gətirirdilər. Çox kəramətdi yer idi. Hə, birini qoyub
birini danışım, Hüseyn Rəhmanov vardı, köhnə kamunistdərdəndi, o vaxt hökumətin başında
diyanan üç adamnan biriydi, bunun da bir nurani, mömin anası vardı, həmişə ona diyərdi ki,
nahaq gedib bu allahsızdara qoşulmusan, meçiddəri sökürsüz, mollaları didərgin salırsuz,
Allahın qəzəbi tutar süzə. Bu da həmişə anasını lağa qoyurmuş, sözünə fikir vermirmiş. Davadan
beş-altı il qabaq hökumət fərman vərir ki, şəhərdəki iri meçiddərin, kilsələrin çoxu sökülsün.
Həmən ildə Qızıllı kilsəni də, Bibiheybət ziyarətgahını da söküb qoydular yerə. Hə, didiyim odu
ki, Bibiheybət meçidi dağılıb uçulan kimi həmən o Hüseyn Rəhmanov gəlir anasının yanına,
zarafatca diyir ki, məmə, ay məmə, muştuluğumu ver, Bibi uçdu. Anası da bir oğluna baxır, bir
onun başındakı urus papağına baxır, başını yellədib diyir ki, fikir eləmə oğul, çox qalmıyıb, bir
gün sən də uçarsan… doğurdan da davadan bir-iki il qabaq Hüseyn Rəhmanovu vraqnarod eliyib
basdılar içəri, gülləni də qoydular təpəsinə. Ancaq «bibi uçdu» kəlməsi o vaxt düşmişdi camaatın
ağzına…. Çox yerləri dağıtdılar həmin illərdə. Həyif.- Babam əyilib həyətin qapısına tərəf
boylanır və əliylə nəyisə Mirsəftərə göstərir. - Bax, burdan baxanda Qızıllı kilsənin bütün
minarələri görsənirdi. Bilirsən hardeydi? Qoşa qala qapısınnan bir az yuxarıda bazar var e, bax
onun üstündə. İndi diyəsən məktəbdü yerində. Eh, nolsun ki, kilseydi, bilirsən nə bina idi?
Biləcəridən şəhərə girən kimi gümbəzdəri görünürdü, şəhərün hansı yerində azırdunsa, Qızıllı
88
kilsənin parıldıyan gümbəzdərini tutub yolu tapırdun. Çox iri bir şey idi, həm də yaman möhkəm
idi. diyirdilər ki, onu tikəndə malasına filan qədər yumurta sarısı qatmışdılar. Yadımdadu ki,
belənçiy vurub dağıda bilmədilər, düz dörd il əlləşdilər, kərpic-kərpic sökdülər onu. Şəhərdeki
köhnə urusdar hər dəfə sökülən kilsənin yanınnan keçəndə gildir-gildir yaş tökürdülər… Mən
dürüst bilmirəm, ancaq camaat danışırdı ki, köhnə hökumətin vaxtında bir dəfə İstalin Bakidə
olanda girdəvoylar düşübmiş dalıyca, bu da görüb qaçmağa yer yoxdu, gedib girib o kilseyə,
keşişdərün də yazığı gəlib, götürüb gizdədiblər onu ən yuxarıdeki çardaqda, iki gün qalıb orda.
Bu kilsənin də zəngləri çox zırpı bir şeydi, səsinnən qulaq tutulurdu. Müxtəsəri, iki günün içində
İstalinin baş qulağı elə gedib ki az qalıb zənglərin səsinnən başına hava gəlsün, gic olsun. Birtəhər
məqam tapıb aradan çıxannan sonra, guya özü-özünə söz vəribmiş ki, imkan düşən kimi bu
kilsəni zəngləriynən bir yerdə sökdürüb qoyaceyəm yerə. Padşah olannan sonra elə də eliyir.
-Hə, yadıma düşür. - Mirsəftər babamın sözünü təsdiq edir. – Uşaq vaxtı hansısa tarix
kitabında oxumuşdum ki, Stalin inqilabçılıq fəaliyyəti zamanı bir neçə dəfə Bakıda olub, hətta
həbs edilib burda.
-Düz yazıblar. Neçə ay bizim Bayıl türməsində də yatıb. O, Bayılda yatanda Nəriman
doxtur həmişə gizdincə peredaça göndərirdi onunçün. Eh, o da bir alayı kişiydi. Allah Həci
Zeynalabdinə rəhmət eləsün. Doxtur kimi nə qədər cavannarı göndərirdi öz puluna Urusyətə,
dərs öyrənmeyə. Həyif, mənim cavannığım pis vaxtdara düşdü, ara qarışdı, məzhəb itdi aləm
deydi bir-birinə, Nukalay padşahın dalınnan deydilər, hökumət deyişdi. Yoxsa mən də gedib
oxiyib bir fərri adam olardım. Həci də əlimiz çatan adam idi. Böyük əmim Kəblə Muxtarın arası
xod idi onuynan. Həci Zeynalabdin onun xətrini çox istiyirdi, bilirdi ki, ağzı dualı mömin kişidü,
həm də heç kimnən qorxu hürküsü yoxdu, sözi kişi kimi üzə diyəndü. Kəbleyinin Şubanı
tərəflərdə qoyun sürüləri vardı. Həcinin bütün külfətiyçün, sonra, öz fabrikinin işçiləriyçün əti
ancaq Kəbleyidən alardı. Hər ay iki yüz qoyun ayırıb göndərərdik ona. Kəbleyi bircə kəlmə sözü
bəs eliyərdi ki, minnətsiz-filansız məni də göndərəceydi Urusyetə dərs oxumağa. – Deyəsən
gəncliyi yenə də kino lenti kimi babamın gözünün qabağından keçir, kişi həm kövrəlir, həm də
xoşhallanır.
-Deyirlər camaatın qayğısını çəkən adam olub Tağıyev. - Mirsəftər sözünü deyib babamın
üzünə baxsa da, görür ki, kişi deysən onu heç eşitməyib, öz aləmindədi, fikri də allah bilir
hardadı.
– Bir dəfə Kəbleyi Mərdəkana, Həci Zeynalabdinin bağına gedəndə məni də aparmışdı
özüynən. İndiyəcən yadımdadu, elə belənçiy isti bir yay günü idi, adamın nəfəsi kesilirdi istidən.
Rəhmətdik Həcinin bağınun qabağında faytonu saxladuq, ikimiz də düşdik. Əmim Kəblə Muxtar
bir torba təmiz cirə götürmişdi Həciyçün, bilirdi ki, xoşdıyır bizim cirəni. Hə, içəri girəndə gördik
Həci bağdakı ikimərtəbəli mülkdən bir az aralıdakı çarhovuzun qabağında dayanıb, əllərini də
belində cütdiyib. Diyəsən çarhovuzdakı balıqlara baxırdı. Biz həyətə girən kimi çönüb dilləndi ki,
gəl görək, Kəblə Muxtar, cirənin iyinnən bildim ki sənsən. Rəhmətdik düz diyirdi. Bizim kəntin
cirəsini ki, döyüb toz kimi elədün, iyi Allahü-əkbərin qurtaracağınacan gedib çıxır. Həci də yəqin
elə biz faytonnan düşəndə iyi hiss eləmişdi. Hə, külafirəngidə oturub kalan söhbət elədik, yəni
mən heç nə danışmırdım, elə oturub qulaq asırdım, xırda uşaq idim, ixtiyarım nəydi ki onnarın
yanında ağzımı açım, elə Kəblə Muxtar bir yol gözünü ağartseydi mənə gərək xəcalətdən yerə
girərdim. Müxtəsəri, şirin söhbətin bir məqamında Həci Zeynaləbdin əmimə baxıb dedi ki,