83
Qarpızdan gözünü
çəkməyən Mirsəftər birdən, elə bil, nəyisə xatırlayır, Babamdan
soruşur.
– Düz deyirlər ki, Zirə qarpızına çırtma vuran kimi partlıyır?
Babamın əlindəki bıçaq bir anlıq havada donub qalır və qarpızın ömrü bir neçə dəqiqə də
uzanmış olur.
– Eh, rəhmətdiyin oğlu, çırtma nədü? Hünərün varsa yaxşı yetişmiş qarpuzun yanında bir
az bərkdən danışginən. Atamın goruyçün, o saat partdıyacey. Bizim qarpuzdarın adam kimi canı
var, dil bilillər. Ses-küydən də xoşdarı gəlmir, xasiyyetdəri ağırdu, söz götürən döyüllər, – babam
əliylə qarşısındakı qarpızı göstərir, - bu pişrastdu, vaxtınnan qabaq yetişir. Bunnar bir az gönü
qalın olullar. İnşaallah, yayın axırında bizim əsas qarpuzdar çıxanda özün görərsən. Sağlığ olsun,
beş-on dənə götürüb gələciyəm. Bax elə səniynən oturaceyig burda, qarpuzı da qoyaciyik
qabağımıza. Elə sənin yanunda bir dəfə bərkdən qışqıraceyəm qarpuzun üstünə, o saat
partıyacey.
Babam sözünə fasilə verib bıçağı qarpıza batırır və kəsib səliqəylə dörd yerə bölür.
– Bəh-bəh, əntiqə. Qıpqırmızıdu. - Birdən elə bil babamın yadına nəsə düşür, başını əyib
həyət qapısından bayıra, Qırxpilləkənə tərəf boylanır. – O vaxt biz bura təzə köçəndə, nə bilim on
yaşım vardı, ya on iki, dürüst yadımda qalmıyıb, bütün günü məhəllə uşaqlarıynan bu damların
üstünə atdanıb düşərdik, oynıyardıq. O vaxt İrannan bura çoxlu həmşəri gəlmişdi. Mədənnərdə
fəhləlik eliyib, külfətdəriyçün çörey pulu göndərərdilər. Bizim qoçular, qoluzorrular da çox
incidərdi oları. Hə, canım sənə disün, çoxu da Qırxpilləkannan yuxarıda, Həmşəri palanda
qalırdılar. Dəniz qırağına, mədənnərə də həmişə bizim bu pilləkannardan düşüb gedərdilər. Biz
də, məhəllənin xırda uşaqlarıynan paltarımızın əteyini daş-kəsəklə doldurub damda gizdənərdik,
pilləkannanrnan aşağı düşən həmşəriləri nişan alıb atardıq, ləzzət tutardıq.
– Bəs bir şey demirdilər sizə? - Mirsəftər gözünü qarpızın tumların üstündə gəzdirərək
təəccüblə soruşur.
– Əşi ay rəhmətdiyin oğlu. Kimdi həmşəriləri adam sayan. Bizimkilər piştovlarını..
– Nəyi?
– Tapançanı diyirəm də, hə, piştovlarını yoxlamaq istiyəndə yoldan keçən həmşəriləri
nişan alardılar. Yazıqları heç itirib-axtaran olurdu ki? Biz də böyüklərə baxıb özümüzü onnara
oxşadırdıq da. Yoxsa yerri camaata elənçik eləseydik, atamızı dalımıza səriyərdilər. Hə, bir dəfə
necə oldusa, atdığım iri daş parçası yekəbaş, keçəl bir həmşərinin parıldıyan kəlləsinin düz
ortasından tutdu, daş dəyən kimi başı qarpız kimi partdadı, qanı axıb sifetini tutdu. Yazıq heç
sesini də çıxartmadı, bilmirəm qorxdu, ya heç halı olmadı, helə başını tutub uzandı yerə.
– Öldü? – Kirayənişin artıq gözünü qarpızdan çəkib babamın tük basmış üzünə zillənir.
– Mən nə bilim? - Babam çiyinnərini çəkir. - Əvvəlcə nəsə qorxduq, uşaqların hərəsi qaçıb
bir yanda gizdəndi. Axşamtərəfi qırxpilləkənə düşəndə baxdıq ki, kişidən əsər-əlamət yoxdu.
Yerdə laxtalanmış qanının ləkəsi qaralıb qalmışdı. Ya özü birtəhər sürünüb getmişdi, ya da o biri
həmşərilər gəlib süriyib aparmışdılar. O haqq-hesabdan sonra hər dəfə qarpıza bıçaq vuranda ki,
belə partdıyır, həmənki həmşərinin kəlləsi gəlir gözümün qabağına.
Mirsəftər babama toxdaqlıq vermək qərarına gəlir. Amma çox nahaq.
– Eybi yox, uşaqlıqdı da. Adam uşaq olanda, bilmədən çox iş görür. Çox da vicdan əzabı
çəkməyin.
Babam sanki diksinir. Qaşlarını çatıb təəccüblə Mirsəftərə baxır.
84
– Nə? Vicdan əzabı? Nə danışırsan? Əzab nöş çekirəm? Həmşəridü də. Mən olmıyım ayrısı
olsun. Onsuz da ya hansısa qoçunun gülləsinə tuş gəliceydi, ya da mədəndə quyuların birində
boğulub öləceydi. Bir dənə həmşəri başının partdamağı nədü ki, onunçün də fikir çekim. Məni
ayrı şey dilxor eliyirdi. Həmişə qarpuz kesəndə o keçəl həmşərinin partdıyan kəlləsinnən axan
qan gəlir gözümün qabağına. Mən də qannan iyrənirəm, ürəyim bulanır. Sonra qarpuz gücnən
boğazımnan keçir. Bilmirəm, ağzıma yedim, ya burnuma. Gərəkdi ki, qarpuzu kəsənnən sonra
beş-on dəyqə başımı bir işnən qatım, o keçəl yadımnan çıxsun, yoxsa oturub adam kimi yeyə
bilmirəm.
Mirsəftər ədəblə babamın əlindən bıçağı alıb qarpızı doğrayır, səliqəylə sininin içinə
düzməyə başlayır.
– Düzdü, ağsaqqal, baş yarılmaq nədi ki? Bizim rayonda elə qoyun otaranda, addımbaşı
kiminsə uşaqı qayadan daşdan yıxılırdı, baş-gözü partlayırdı. Adam öldürmək ağır şeydi. O da
ola həmşərilər kimi yazıq adamları. Əsas budu ki, öldürməmisiz.
Babam fikrini yayındırmaqçün doğranmaqda olan qarpıza yox, stolun üstündə asudə
gəzişən iri qarışqalara baxır və qəfildən barmaqını uzadıb, baş barmaqıyla bir neçəsini əzir. Elə
bil ki, barmağındakı qətiyyət dilinə keçir.
– Eh, nöş öldürməmişəm?! O qədər öldürmüşəm, o yana da keçmişəm.
Mirsəftərin bıçaqı qarpızın içində donub qalır, təəccüblə babamın laqeyid gözlərinə baxır.
– Kimi, həmşəriləri?
– Həmşəri də olub, erməni, urus da olub.
– Haçan?
– On sekkizinci ildə. Onsuz da elə əvvəldən həmşərilərnən çox aram yox idi, ancaq on
sekkizinici ildən sonra lap zəhləm getdi olardan.
– Niyə ki? - Qarpızın içində qalmış bıçaq yenidən hərəkətə gəlir.
– Əşi, o vaxt beş-altı vağon ərməni saldatı getirmişdilər Bakiyə. Guya burdan keçib davaya
gediceydilər, türklərnən vuruşmağa. Bu köpey uşaqları da, dinc diyanmadılar, şəhərdəki
ərmənilərnən əlbir olub, başdadılar aşağı məhəllələrdə müsürmannarı incitməyə, evləri talan
elədilər. Nə qədər müsürmanı qırdılar. O vaxt bizim məhəllə cavannarı yuxarıdakı Dağlı
məhəlləsinin cayıllarıynan birləşib sözü bir yerə qoyduq ki, ərməniləri yuxarı məhəllələrə
buraxmıyaq. Ağsaqqalları göndərdik samballı qoçuların yanına, axırda Aşurbeyov bizimçün əlli
dənə tüfəng, otuz-qırx karobka da güllə göndərdi. Biz də dağlı məhəlləsinnən aşağı səngər
düzəltdik, ərməni saldatdarı iki-üç dəfə yuxarı məhəllələrə çıxmaq istiyəndə gülleyə basıb
qeytərdik dala. Hə, canım sənə disün, hələ həmin davalar vaxtı bir gün o köpey uşağı ərməniləri
qovlıyıb özümüz də aşağı düşmüşdük. Baxdıq Həci Zeynalabdinin qız mektəbinnən yüz addım
yuxarıda, ərmənilərin bir saat əvvəl səngər qurduğu yerdən kimsə çağırır ki, ay qardaş, kömək
eliyin, ölürəm, canım çıxır. Yaxın gəlib gördük, bir dənə həmşəridü, sağ qolunu güllə aparıb, qanı
axıb gedir. Demə, bu vələdüzna da ərmənilərnən imiş. Babam Kərbəlayi Fəttahın qəbrinə and
olsun, elə hirsdəndim ki, beşaçılanda nə güllə vardısa, hamısını boşaltdım bu itoğlunun qarnına.
O vaxtdan sonra, lap zəhləm getdi onnardan.
-Bəlkə, heç həmşəri deyilmiş? - Artıq qarpızı dilimləyib bıçağı bir kənara qoymuş Mirsəftər
dillənir. - Axı deyilənə görə, İranda da erməni çoxdu. Yəqin ki həmşərinlərin içində yaşadıqlarına
görə elə bizim dili də bilməmiş olmazlar.