85
Əlini uzadıb doğranmış qarpız dilimlərindən
birini götürmək istəyən babam, kirayənişinin
sözündən sonra əl saxlayır, bir neçə saniyə nəsə fikirləşir, gözlərini döyür.
– Deyirsən, yəni, o da elə İran ərmənilərinnənmiş?
– Nə bilim? Axı həmşərini ermənilər özününkü bilib dəstələrinə götürməzdilər.
Babam bir az da fikrə gedir, stolun üstündəki qarışqalardan daha üç-dördünü öldürəndən
sonra içini çəkir.
– Doğurdan e. Heç bu vaxteycən ağlıma gəlməmişdi. Mən də, o günnən bu yana qırx ildü
hara çatıram, həmşərilərin nəsil-necabətini söyürəm ki, it uşaqları o vaxt ərməniyə kömey
eliyirdilər.
Mirsəftər əlindəki qarpız dilimindən bir dişləm qopararaq, çeynəyə-çeynəyə bir müddət
babama baxsa da, onun təəssüf hissi keçirib-keçirmədiyini ayırd edə bilmir. Və qəfildən ağlına nə
gəlirsə, söhbətin istiqamətini tamam dəyişir, babama ilk baxışdan qəribə görünən bir sual verir.
– Ağsaqqal, heç Lenini görmüsən.
Babam çeynədiyi qarpız tikəsini udub başını yellədir.
– Yox əşi, mən heç Məskoda olmuşam ki, o keçisaqqalı da görəm? Ancaq gürcü balasını
görmüşəm.
– Kimi?
– İstalini diyirəm.
– Harda görmüsüz ki?
– Zirədə. – Babamın adi tərzdə verdiyi cavab Mirsəftərə ağ yalan kimi görünür. Amma
xasiyyətini bildiyindən kişini özündən çıxartmamaqçün ehtiyatla soruşur.
– Axı mən heç eşitməmişəm ki, Partiyanın o vaxtkı Baş katibi haçansa Abşeron kəndlərinə
qonaq gəlsin.
Babam başı üstündəki tut ağacından qarpız dilimlərinin üstünə düşən yarpaqları götürüb
yerə atır və gülümsünüb dillənir.
– Əşi o vaxt İstalin baş katib döyüldü. Heç adı İstalin də döyüldü. Cüvəllağının biriydi.
Beş-on dənə lotu-potunu yığmışdı başına, bizim xozeyinnərin boynuna tavan qoyurdu, pul alırdı.
Özünkilərin içində hamı ona Koba diyirdi, bizim camaat da elə gürcü balası diyən kimi bilirdilər
ki, söhbət kimnən gedir. Kasıb-kusub onun xətrini çox istiyirdi. Bizim kəntimiz şəhərdən lap
uzaqda, az qala dənizin içindeydi, onunçün də elənçiy cüvəllağılar, araqarışdırannan Urusyətdən
gizdin gələndə day poyuznan-zadnan gəlməzdilər. Həştərxannan minərdilər xırda balıqçı
gəmilərinə, gələrdilər, bizim kəntin yan-dövrəsində gizdincə çıxardılar qırağa ki, hökumət
adamlarının xəbəri olmasun. Sonra şəhərdə nə zibilləri olardısa, aradan çıxmağ lazım olanda yenə
də cümardılar gözdən-qulaqdan uzaq olan bizim kəntə, dəniz qırağındaki bağlarda gizdənərdilər.
Həm burda axtaran olmurdu, həm də bəd ayaqda elə burda, Pirallahıda balıqçı gəmilərinə minib
təzədən qaçardılar Həştərxana. Mən xırda uşaq idim, Bakiyə köçməgimizdən yarım il əvvəl,
qonşumuzun oğlu Əbdüləliynən Gürgan tərəfdə, bağların arasında qoyun otarırdıq. Bir də
gördük ki, hardansa bağların içinnən yekə, bığlı bir dənə kişi çıxdı, əntiqə kürkü də vardı, hə,
yaxınlaşıb Əbdüləlini qırağa çekdi, nəsə danışdı, mən də Əbdüləlidən beş-altı yaş kiçiyiydim
diyənə sesimi çıxartmadım, müxtəsəri, bığlı kişi sözünü diyənnən sonra qoyunnarın içindən bir
dənə ətdisini seçib apardı özüynən. O gedənnən sonra Əbdüləlidən soruşdum ki, o kimdi elə, nə
didi. Əbdüləli çiyinnərini çekib, dedi, tanımıram, ancaq tapşırdı ki, qoyunun yiyəsinə diyərsən ki,
86
gürcü balası apardı, imkan olanda pulunu da göndərəcey. Axşam kəntə gələndə qoyunnarın
yiyesinə hər şeyi necə olub elə də danışdıq. Kişi lap dilxor oldu, dedi bir dənə qoyun nöş
vərmisüz, mənim bütün həyvannarım ona qurbandu. Sonra bildik ki, bu bığlı kişi İstalin imiş.
Camaatdan eşitdik ki, bizim kətçimiz Mirzəbala gizdədirmiş onu bağlarda. Möhkəm cur imişlər
Mirzəbaleynan. Ancaq on yeddinci ildən sonra araları deydi. Mirzəbala qoşuldu Musavata,
hökumət adamı oldu, ancaq İstalin qırmızılarnan bir yerdə qaçdı Urusyetə. Onu da diyim ki
padşah olannan sonra nə Mirzəbaleya, nə də o vaxtkı alayı currarına əl vurmamışdı. Hərəsi bir
yerə düzəlib işdiyirdilər. Sonra Mirzəbala özü qalmadı burda, sağ-salamət çıxdı getdi Türkiyeyə.
Yəqin ki, hindi lap qoca kişi olar, əgər ölmiyibsə... Həm də tek İstalin döyüldi, bizim kəntin yan-
dövrəsindeki bağların quyularında o qədər inqilabçılar gizdənib ki… – Qəfildən babamın üzünə
təəssüflə dolu qəribə bir kinayəli gülüş yayılır, – o vaxt özdəri gizdənirdilər quyularda, hökumətə
gələnnən sonra da axunddarı, mollaları, beyləri, ağaları doldurdular o quyulara. Sən çərxi-fəleyün
işinə bax e, hələ bil ki, dünyanı tərsinə çövürdülər, quyulardekilər çıxdı dağ başına, dağ
başındekilər də doldular qarannıq quyulara. Nə bilim, vallah, uşaq vaxtı heç yatsam da yuxuma
girməzdi ki, Molla Muradəli kimi ağzı dualı, nurani bir kişini, bir dəfə müsəllayə çıxmasıynan
göydən yerə yağış yağdıran bir axundu Gürgan bağlarında diri-diri quyuya atıb üstünü qumnan
dolduraceylər, Həci Ataxan kimi sözü daşdan keçən, Sabunçidə iki dənə urus girdəvoyunu
tepiyinin altına salıb eşşeycən çırpan hörmətdi bir mülkədarı dəniz qırağında boynuna daş
bağlıyıb körpüdən aşağı ataceylər. Eh, bilirsən nə qədər elənçiy kişilərin axırına çıxdılar? Bir
döyül, iki döyül.
Mirsəftər də, başını yellədir.
– Düzdü, ağsaqqal, yaxşı ki, axır vaxtlar zamanə dəyişib. O vaxtın arxivləri açılır,
şəxsiyyətə pərəstiş dövrünə aid sənədlər çıxır, məlum olur ki, nə qədər günahsız adam güllələnib,
sürgün olunubmüş. Sağ qalanlar geri qayıdır, vəfat edənlərə də ölümündən sonra bəraət verilir.
Odey neçə il bundan əvvəl Hüseyn Cavidin də, Mikayıl Müşfiqin də, repressiya olunmuş başqa
şairlərin də təzədən kitabları çıxdı. Bəlkə də görmüsüz. Məndə var, axşamlar bekar olanda
oxuyuram.
– Yaxşı eliyirsən, oxu, həyif ki mənim çox oxumaqnan aram yoxdu, hövsələm çatmır, ancaq
oxuyan olanda qulaq asıram. – Babam nərdtaxtanın üstündəki daşları oynadaraq nəsə fikirləşir, –
yox, yalan diyərəm, nə Cavid, nə də o birsini görməmişəm. Bəlkə də görmişəm, ancaq fikir
vərməmişəm. Ancaq Cəfər yadımdadu, yaxşı yadımdadu.
– Cəfər Cabbarlı?
– Bir dənə Cəfər olub da, ayrısı yoxdu ki? Həri, o dağlı balasını diyirəm. Bizim bu
Qırxpilləkannan bir az yuxarıda, Savetskinin üstünədə Dağlı məhəlləsində olurdu. Hər gün
burdan düşüb işə gedirdi. Qabiliyyətdi oğlan idi, böyük-kiçiy biləndi, salam verməmiş
yanımızdan keçməzdi. Çox vaxt da əlində tar olardı.
– Hə, mən oxumuşam ki, pyeslərinin içindəki mahnıları da özü bəstələyərmiş, çox vaxt elə
tamaşa vaxtı da özü ifa edərmiş.
Babam laqeydliklə çiyinlərini çəkir.
– Onu day bilmirəm, tiyatıra-zada gedən olmamışam, ancaq tarı yadımdadu. Bir gün bizim
bu pilləkannardan düşürdi, biz də qonşum Kəblə İmamverdiynən pilləkannarın qırağında bax elə
bələnçiy üzbəüz oturub nərd atırdığ. Diyəsən yaman tələsirdi dağlı balası, pilləkannarı beş-beş
düşürdü. Elə bizə salam vərib təzə aralanmışdı ki, ayağı daşa ilişdi, büdrədi. Özünü birtəhər