65
…Yenə də babam, yenə də bu dünyagörmüş kişi öz qədim təfəkkürünün
müasir gənclərin
şüurundan daha sürətlə işlədiyini nümayiş etdirir.
- Buna bax a, – kişi əllərini yellədərək təəssüflə dillənir, – neçə vaxt idi o kopoyoğlu
siçovulların kökünü kəsmişdik, indi diyəsən, yenə həyətə dadanıblar.
Bunu deyib nəzərlərini yerdəki çil toyuğa dikir:
– Heyif, gül kimi toyuq idi, Allah bilir hansı siçovul boğub onu…
Hə, siçovul, əlbəttə ki…
Atamla əmim asudəliklə nəfəs dərirlər və bir az da təəccüblənirlər ki, necə olub, belə bir
inandırıcı bəhanə bu vaxta qədər onların ağlına gəlməyib. Axı bir il əvvəl, doğrudan da
siçovullar nənəmin bir neçə cücəsini boğub öldürmüşdülər və məsələyə heç dəxli yoxdur ki, bu çil
toyuq həmin cücələrdən üç dəfə böyük idi və yazıq heyvanın boynunda heç bir diş yarası
görünmür; həm də ki, necə olur, bir il qabaq həyətimizdən ayağı kəsilmiş bu murdar heyvanlar
məhz indi, Mirsəftər bizim həyətə köçəndən sonra peyda olublar. Əlbəttə, bütün bunlar
əhəmiyyətsiz şeylərdir, əsas odur ki, həm bu ölmüş toyuğun , həm də artıq atamla əmim
tərəfindən ölümə məhkum olunmuş o biri toyuqların qətlinə haqq qazandırmaqçün tutarlı bir
bəhanə tapılıb. Bəli, siçovlular yenə də siçovullar.
Arvad buna inanacaq, mütləq inanacaq.
Bunu sınamaq üçün həm atamın, həm də Mirsəftərin ümid dolu baxışları nənəmin
yüngülcə qırışmış üzünə dikilir və onun gözlərinin ifadəsindən növbəti hərəkətini əvvəlcədən
tapmağa çalışırlar.
– Yəqin çıxacağımız var imiş -Arvad baxışlarını toyuq cəsədindən ayırıb çox biganəliklə
cavab verir – Təki ölən elə toyuq-cücə olsun, adam olmasun.
Bunu deyib otağına tərəf addımlayır, lakin qapısını açıb içəri keçməmişdən əvvəl bir kəlmə
də deyir:
– Onsuz da, Molla Məsməxanıma demişəm iyirmi-otuz dənə də cücə tapsun mənimçün. –
Və qapını ardıyca örtür.
Bu sözlər bayaqdan bəri sevincək olmuş atamın üzünə yenə də narahatlıq qığılcımları
səpir. Arvad demək istəyir ki, bunların axırına çıxsaz da təzələrini alacam, o şüşəbənddə həmişə,
ta qiyamət gününəcən toyuq-cücə saxlıyacam, istəyirsiz dalınızla divara çıxın, xeyri yoxdu.
Həyətdəkilərin hamısı bu dəfə nədənsə kiçik əmimə baxır, gözlərindən bu sual oxunur ki,
əgər arvad təzədən cücə çıxardıb toyuq saxlayacaqdısa, onda indiki bədbəxt toyuqları zəhərliyib
öldürməyin nə mənası var?
Əmim hər şeyi başa düşsə də, yenə təmkinini itirmir, başını yellədib gülümsəməklə
həyətdəkiləri arxayın edir ki, fikir eləmiyin, arvad elə-belə, ürəyini boşaltmaqçün o sözü dedi,
təzədən cücə saxlamaq niyyəti yoxdur.
Bu məqamda mən kadrı saxlayıb diqqəti yenə də, kiçik əmimə yönəltmək istəyirəm. Bütün
bu toyuq əhvalatı zamanı əmimin soyuqqanlı, hətta arxayın olmasının səbəbi, o zaman
həyətdəkilərin çoxuyçün qaranlıq qalsa da bircə mən dəqiq bilirdim ki, hər halda kiçik oğul öz
doğma anasını o biri övladlarından daha yaxşı tanıdığını açıq şəkildə nümayiş etdirmişdi. Dəqiq
əmin olmasa da sövqi-təbii ilə hiss eləmişdi ki, əvvəl inadkarlıq göstərməsinə baxmayaraq, arvad
beş-on toyuğa görə həyətdə qanı qaraçılıq salıb, həm özünü, həm də külfətini camaat içində
66
hörmətdən salan deyil. Elə buna görə də o biri ailə üzvlərimiz həyəcan keçirdiyi zaman əmim
müəyyən mənada soyuqqanlıdı idi, yəni həmişəki kimi dünya-aləm vecinə deyildi.
Lakin görünür ki, ilk baxışdan sakit görünən nənəm ürəyini hələ tam boşaltmayıbmış,
çünki əmim rəhmətlik çil toyuğun ayaqlarından yapışıb zibil qabına tullamaqçün küçəyə
aparanda nənəm bir də başını öz qapısından çıxarıb qəribə bir əda ilə deyir:
– Həyifdi, tullamıyın onu. Filan qədər ət var üstündə. Ver bunun arvadına, – təbii ki
Mirsəftəri göstərir, – axşama çığırtma bişirsün süzə, Üç qərdeş bala-bala arağdan vurub yiyərsüz.
Nənəm son kəlməsini dilinə gətirən kimi Mirsəftər növbəti dəfə yüngülcə diksinir ( yazıq
bu bir saatın içində o qədər diksinmişdi ki, sonra arvadı onun canındakı qorxunu götürmək üçün
güclə dartıb çıldağa aparmalı olmuşdu), heç cür anlaya bilmir ki, bu «üç qərdeş» ifadəsini nənəm
kinayəylə deyir, yoxsa həqiqətən də onu öz oğlanlarıyla bir tutur.
Əmimin isə bu ideya əvvəlcə, deyəsən bir o qədər də xoşuna gəlmir, nənəmə etiraz edir:
-Əşi tullıyıram getsin də. Ölü toyuğun neyini bişirib yeyəcəyik e.
-Nöşün ki? - Nənəmin sifətində büzüşmüş bir təbəssüm peyda olur. – Bütün günü
dükannan baş-ayağı üstündə qalan ölü hökumət toyuqlarını alıb yimirsüz? Qəmsəmol qərdeşün
ölür onların ətiyçün ki. Mənim çil toyuqum əskiydu olardan?
«Qəmsəmol» sözü atamı yenə də qıcıqlandırır, ən əsas da ona görə ki, artıq on ildən çox idi
ki, komsomoldan komunistliyə tullanmışdı, amma nənəm bu sözü tələffüz etməyə çətinlik
çəkdiyindən, ya da qəsdən, elə həmişə atama «qəmsəmol» deyirdi.
– Doğurdan a. – Əmim başına alma düşən Nyuton kimi qaşlarını qaldırır. – Bəlkə bişirib
yeyək bunu. Öləndə nə olar ki?
Bu yerdə yaşı az olan oxucularçün bir arayış vermək istəyirəm: İndikilərdən fərqli olaraq
Sovet dövründə dövlət mağazalarına çıxarılan toyuqların çox hissəsi həqiqətən də baş-ayağı
üstündə satılırdı. Camaat arasında söz gəzirdi ki, rəngi adətən göm-göy olan və konslager
əsirlərinə oxşayan bu arıq toyuqları elektrik cərəyanıyla öldürürlər, qaynar suya basıb tüklərini
yoluşdururlar, sonra da elə baş-ayağı üstündə göndərirlər mağazalara. Yəqin ki, bunun səbəbi
tullanmalı olan toyuq başının və ayaqlarının pulunu da camaatın cibindən çıxartmaq idi, amma
hər nə idisə qiyməti ucuz olduğundan bazardan əl toyuğu almağa pulu çatmayan zəhmətkeş
kütlələr bu göyərmiş toyuq meyitləriylə qane olurdu. Şəxsən mən özüm də, uşaq olanda çox
yemişəm, insafən deyim ki, bişəndən sonra onların başqa toyuqların ətindən heç bir fərqi
olmurdu. Lakin nənəm kimi namaz qılan, oruc tutan adamlar bu toyuqları yemirdilər, murdar
sayırdılar, çünki bildiyimiz kimi, heyvanın ətinin halal olmağı üçün o gərək müsəlman qaydasına
uyğun kəsilib təmizlənsin, daha baş-ayağı da üstündə dükana göndərilməsin. Sözümün məğzi
odur ki, nənəm ölü hökumət toyuğu deyəndə məhz bunları nəzərdə tuturdu).
– Hə də, – nənəm təkrar edir, – bişirün, yiyün, həm də istiyirsüzsə, bir-iki dənə o ölü
toyuqlardan alıb qatun buna ki, tavada tək darıxmasın.
Əmim sual dolu baxışlarını atama və Mirsəftərə dikir, onların üzündə razılıq nişanələri
görən kimi, o da, sevinir. Artıq onlar bu çil toyuğu və eyni zamanda, hələ diri olan o biri toyuqları
da, tavada qızarmış vəziyyətdə təsəvvür edirlər, ağızları da yüngülvari sulanır.
Əmim geri qayıdır, əlindəki heyvanı Mirsəftərə uzadanda nənəm yalançı bir təəssüflə
həyətdəkilərin ürəyində elə özünün yaratdığı gözəl xəyalları kökündən baltalayır.
– Aa, yox e. Bişirib yeməy olmaz bunu. Axı o andıra qalmış siçovulun dişi deyib buna.
Allah eləməsün, min cür xəstəlik keçər sizə.