55
kəndlərdən ibarətdir.
Ünsiyyətdə olduğu adamlar da, elə öz qonşularımız, qohumlarımız, bir də
toyda, yasda gördüyü yerli camaat idi.
Əslində cəmiyyətdəki dəyişikliklər Bakıda rus hökmranlığı qurulandan bəri artıq tam
sürətlə gedirdi, lakin onu da demək lazımdır ki, nə çar hökuməti, nə də Sovet quruluşu Bakı
kəndlərinə və şəhərin yerli əhali yaşayan köhnə məhəllələrinə çox da nüfuz edə bilməmişdi, yəni
bu zonalar ta altmışıncı illərə qədər öz qayda-qanunlarına, adət-ənənələrinə uyğun yaşayırdılar,
şəhərin başqa hissələrindəki dəyişikliklər müəyyən mənada bu məhəllələrdən, burda yaşayan
camaatdan, ələlxüsus da yaşlı sakinlərdən yan keçirdi. Nənəm də bu cür həyat yaşayan köhnə
bakılılardan idi və birdən-birə bu qapalı mühitə tamam kənar bir şəxsin daxil olması və nəinki
daxil olması, lap onun qabırğasında, qaldığı otağın divarının o biri üzündə məskunlaşması fikri
ona qorxulu bir şey kimi görünürdü. Bu qorxu isə onunla bağlıydı ki, dediyim kimi, cəmi bircə
dəfə Bakıdan kənara çıxan arvadın rayon yeri, rayon camaatı barədə təəssüratı bir o qədər də
xoşagələn olmamışdı ( bu barədə də onun öz dilindən eşidəcəyik) və onunçün heç bir dəxli yox
idi ki, bunlar o vaxt uşaq olan , hər şeyi öz uşaq təfəkkürünün prizmasından keçirən bir qızın
təəssüratlarıydı. Nənəmin beynində rayon deyilən şey, məhz həmin yeganə səfəriylə, orda
gördüyü adamlarla, mühitlə qeyri-ixtiyari assosasiya yaradırdı və ona elə gəlirdi ki, bütün əyalət
camaatı eyni cür tipdədirlər, ayrı cür ola da bilməzlər. Bütün deyilənlərə onu da əlavə edək ki,
artıq həmin ərəfələrlə Bakıya əyalətdən böyük axın başlamışdı və orda-burda az-çox rastına çıxan,
hələ Bakının davranış qaydalarına alışmağa macal tapmamış əyalət adamlarının bir çox
hərəkətləri təpədən dırnağacan konservator olan nənəmin heç xoşuna gəlməmişdi. Beləcə, əslində
arvadın psixoloji vəziyyətində əmələ gələn dəyişikliyi anlamaq bir o qədər də çətin deyil.
Onun qəfil aqressivliyinin bir səbəbi də, məncə qorxu faktoruyla bağlıydı. Çünki, onun
fikrindən keçənlər o zamanlar nəinki bizim o biri ailə üzvlərimizin, hətta deyərdim ki, bütün Bakı
camaatının fikrindən keçmişdi, amma nənəmdən fərqli olaraq bir çoxları başa düşürdü ki,
qarşılaşdıqları proseslər, yəni bir məkandan başqa bir məkana kütləvi axın, kimlərinsə gəlməsi,
kimlərinsə getməsi, hansısa mədəni auranın dağılması , onun yerinə başqa bir auranın
yaranması– bütün bunlar hamısı təbii prosesdir, heç nə dünya durduqca öz ilkin formasını
olduğu kimi saxlamır, dəyişiklik labüddür. Nənəmsə artıq yaşı keçdiyindənmi, ya həddən ziyadə
qapalı mühitdə böyüyüb ömür sürdüyündənmi, ya nədənmi, bütün bunları anlamaq istəmirdi və
bu səbəbdən də içində belə bir şüuraltı qorxu yaranmışdı ki, bu gəlmələr bizim bütün həyat
tərzimizi korlayacaqlar, adət-ənənəmiz, abır-həyamız ayaq altında qalıb məhv olacaq, əvvəlki
cənnət Bakıdan heç nə qalmayacaq. Buna görə iradəsindən asılı olmayaraq arvadda
özünümüdafiə instinkti yaranmışdı və həyətimizdə əyalət adamının məskunlaşmasına bacardıqca
mane olmağa çalışırdı.
– Burnuvuzdan gəlsin o yumurtalar. – Nənəm azca qəzəblənsə də, bu kəlməni demək
tərzindən anlayırıq ki, məqsədi heç də bizim bütün ailə üzvlərimizin burnundan toyuq
yumurtalarının gəlməyini, yaxud çıxmağını seyr etmək deyil, sadəcə arvad onun toyuqlarının
məskəninə qəsd elədiklərinə görə ürəyini boşaldır.
– Əşi, guya yumurta qəhətdi başımıza, - atam dillənir, – dükanlar doludu yumurtaynan, nə
qədər istəsən al bişir də.
Nənəmin elə bil atasını söyürlər. Ya da yox, elə bil onun hansısa qiymətli bir qızıl əşyasını
dəmir-dümürlə müqayisə edirlər.
56
– Çox sağ ol. – Əcayib bir tərzdə deyir. – Sən o içi ağappaq inqubator yumurtalarını mənim
gül kimi toyuqlarımın qoyduğu sapsarı yumurtalarnan bir tutursan? Elə o peçattdı
yumurtalardan yemisən ki, indi üzümə ağ olursan da.
Nənəm düz deyirdi o vaxtkı camaatın çoxunun yadına gələr ki, hökumət fermalarının
yumurtalarına keyfiyyət nişanı adlanan balaca bir möhür vururdular. Amma hamıya məlumdur
ki, biçarə sovet höküməlinin xalqın xeyrinə nəzərdə tutduğu bütün qərarlar əks effekt verirdi.
Məsəlçün, camaat yumurtanın üstündə həmin bu keyfiyyət nişanı deyilən göy rəngli möhürü
görən kimi anlayırdı ki, inkubator yumurtasıdı, içindəki sarısı da heç ağından fərqlənmir, özü də
kapron kalqotka dadı verir.
-Sən də, ay Həsənağanın qızı, çox da zilə qaldırma bu yumurta söhbətini, – babam öz
mülayim səsiylə aranı soyutmağa çalışır. – Guya sənin o cüllütə oxşuyan toyuqların olmaseydi
acınnan öləceydik. Maşallah, hələ mən də işdiyirəm, uşaqların da əli çöreyə çatıb. Ala-babat
dolanırıq də. Boşalt o otağı , qoy o rayonnu tifil hökumətdən ev alaneycən gəlib bir-iki il qalsın
burda. Sakit oğlandu, beş-altı dəfə bura da gəlib, özün görmüsən. Həm də gədənin dostudu da.
Fərri adam olmasa uşaq məsləhət bilməz ki.
– Bu ya? – Nənəm təəccüb və bir az da kinayəylə atamı göstərir. – Sən diyirsən mən indi
bunun sözünə etibar eliyim? Adə, bu sabah murdar urusun birini də götürüb salar boğazımıza ki,
bunu yidizdirib içizdirün, qəmsəmoldu, nə bilim, piyanardu. Bunun ipinin üstünə odun yığmağ
olar?
– Yox da, sən də bizim camaatı urus ərməniynən nöş tay eliyirsən? Noolsun ki bakili döyül.
– Babam uzun müddət dəmiryolunda bələdçi işləmişdi, bütün rayonlarımızı gəzmişdi, onun üçün
də bilirdi ki, mahiyyət etibariylə bizim camaat elə bizim camaatdı, istər rayonda yaşasın, istər
şəhərdə. Fərq olsa olsa bir-iki adətdə, ənənədə olacaq.
– İstəmirəm, - nənəm müqavimət göstərir, – lazım döyül mənə onnarın ayda verdiyi otuz
manat. İstəmirəm gətirdiyləri pay-puçu. Mən öz toyuqlarıma öyrəşmişəm. Həm də, nə əziz-xələf
olub süzünçün bu rayonnı balası. Ciyərparavuzdu bəyəm?
-Dostumdu da, – atam səsini bir az yumşaldır, – ay məmə, hesab elə ki, bu saat sənin köhnə
padruqan, - atam bu sözü deyəndə azca gülümsünür, – Molla Məsməxanımın evi yandı, ya ayrı
şey oldu, düşdü küçələrə. Sən indi ona o boş otağı qıymıyaceysən ki, nə var-nə var toyuq
saxlıyırsan orda? Mən də elə də. Dostumdu, can-ciyərimdi, görürəm obşejitdə əziyyət çəkir,
istəyirəm bir az kömək eliyim də.
– Adə, mənə bax, - nənəmin qaşları yığılır. – Sən Molla Məsməxanımı o qurumsağa tay
eliyirsən? O ağzıdualı, orucdu, namazdı arvaddı, əlinnən Quran düşmür. Molla Məsməxanım
evsiz qalsa, toyuqların evinə köçürdmərəm, Onu öz otağıma salıb özüm köçərəm toyuqların
yanına. – Sonra da dodağaltı deyinir: – qurumsağın danışığına bax. Gör kimi kimnən bir tutur. –
yenə nəyisə xatırlayıb ürəyi açılır. – Adə, Molla Məsməxanımın duaları olmasa, Allah bilir, hansı
dərədə, harda olarduz hamuvuz. Hər ay süzün salamatdığıvuzçün filan qədər nəzir-niyaz
verirəm ona, Quran oxutdururam. Çoxsağoluvuzdu mənə?
Atamın yaralı yerinə dəydilər elə bil.
– Hə də. Zülümnən qazandığımız köpük-quruşu bizdən gizdin apar tök Molla
Məsməxanımın qabağına, o da yedizdirsün o avara gədəsinə.
Nənəm ah çəkir, bir az kövrəlir və övlad sarıdan bəxti gətirməyən «padruqasını» fikirləşir.