|
Mm-dən mühazirələrin kanspektiTəhlükəli ekstremal vəziyyətlərdə insanların halının, davranış və fəaliyyətinin xüsusiyyətləri
|
səhifə | 77/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspektiTəhlükəli ekstremal vəziyyətlərdə insanların halının, davranış və fəaliyyətinin xüsusiyyətləri. Təhlükəli ekstremal vəziyyətlərdə (təbii fəlakət, texnogen qəzalar və terror aktları) insanların halı, davranış və fəaliyyəti son illər dünya alimlərini və ixtisadçıları ciddi surətdə narahat edir. Lakin bu günədək tədqiqatçıların diqqəti əsasən bu kimi hadisələrin nəticələrinin - tibbi-psixoloji, iqtisadi, sosial-siyasi və s. öyrənilməsinə yönəldilmişdir. Etiraf etmək lazımdır ki, müxtəlif ekstremal amillərin, xilasetmə və terrora qarşı əməliyyatların xüsusiyyətlərinin təsiri haqda xeyli biliklərin olmasına baxmayaraq, problemin bir sıra aspektləri, xüsusilə də zərərçəkənlərin və girov saxlanılanların vəziyyəti və davranışının dinamikası bu günədək ən az öyrənilən sahələrdəndir. Bununla belə məhz zərərçəkənlərin reaksiyalarının spesifikası, eləcə də onların zaman ötdükcə dinamikası bir çox hallarda terrora qarşı əməliyyatların, xilasetmə, tibbi və tibbipsixoloji tədbirlərin həm fövqəladə hal baş verdikdə, həm də sonrakı dövrdə strategiya və taktikasını müəyyən edir.
Qeyd olunanlara əsaslanaraq müxtəlif ekstremal şəraitlərdə xilasedicilərin və həmçinin mülki şəxslərin psixoloji cəhətdən daha çox hansı hadisələrdə zərər çəkməsini nəzərdən keçirək.
İlk növbədə insanların psixoloji durumunu tam şəkildə zədələyən yanğınlar haqqınında danışaq. Yanğın şəraitinin əsas psixoloji əhəmiyyət kəsb edən xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:
- yanğın baş vermiş obyektin ictimai, dövlət əhəmiyyətinin mövcudluğu;
- yanğının inkişafetmə miqyası və dinamikası;
- yanğının təhlükəli amillərindən insanların həyat və sağlamlığına, heyvanlara təhlükə yaranmasının mövcudluğu;
- yanğında döyüş hərəkətlərinin yerinə yetirilməsi üçün qüvvə və vasitələrin mövcudluğu və onların vəziyyəti;
- yanğında döyüş hərəkətlərinin yerinə yetirilməsi mürəkkəbliyi;
- yanğının təhlükəli amillərin təsiri;
- yanğınsöndürmə iştirakçılarının həyatına və sağlamlığına təhlükənin mövcudluğu və s.
Belə əhəmiyyətlərin müxtəlifliyi, xarici psixoloji amillərin mürəkkəbliyi yanğından mühafizənin idarəetmə orqanlarının əməkdaşlarında daxili səfərbərlik, çalışqanlıq, fəallıq, qətiyyətlik, əzmlik və mətanətlik keyfiyyətlərinin müxtəlif formalarda yaranmasına səbəb olur. Yanğının söndürülməsinin peşəkar əhəmiyyətli amilləri həm xarakteri üzrə, həm də insanlara psixoloji təsiri üzrə olduqca müxtəlif, səciyyəvi, dəyişkən və özünə xas olan xüsusiyyətlərə malikdir. Yanğında döyüş hərəkətlərini gecə və gündüz, aşağı və yuxarı temperatur şəraitlərində, tüstülənmiş və zəhərlənmiş mühitdə, hündürlüklərdə və zirzəmilərdə, partlayış, konstruksiyaların, qurğuların uçub-dağılması, insanlar arasında çaxnaşma, təlaş yaranması şəraitlərində yerinə yetirilməsi lazım gəlir. Qeyd olunan şəraitlər üçün xarakterik olan psixoloji əhəmiyyətli amillərə aiddir: əlverişsiz meteoroloji şərait; yüksək və aşağı hava temperaturu; havanın həddindən artıq rütubətliyi; rentgen və radioaktiv şüalanma; yüksək və aşağı atmosfer təzyiqi; güclü səs və titrəyişlər; zəhərli maddələr; tüstünün yüksək qatılığı və s. Bunlar bütün yanğınsöndürmə iştirakçılarının fəaliyyəti üçün səciyyəvidir, lakin hər bir yanğınsöndürmə prosesində onların cəmi özünəməxsus xüsusiyyətlərlə seçilir, konkret olaraq şəxsi heyətin əhval-ruhiyyəsinə psixoloji təsiri müəyyən edir. Alovun məşəli, yüksək temperatur, tüstülənmə insanlara psixoloji təsir göstərən ən səciyyəvi amillərdəndir. Bu amillər təkcə öz xarici görünüşlərinə görə psixoloji təsirə malik olmur. Onlar insanlara böyük maddi ziyan və əzab-əziyyət gətirən fəlakət, düşmən, qeyri-mütəşəkkil hal kimi qəbul edilə bilər. Bu amillər eyni zamanda yanğınsöndürmə iştirakçılarının həyatına da ən başlıca təhlükə mənbələrindən biri olur. Aparılmış tədqiqatların nəticələrinə əsasən təsdiq etmək olar ki, alov insanlar tərəfindən psixoloji cəhətdən ən xoşagəlməz təhlükə növü kimi qəbul edilir. Alovda tələf olma hadisəsi insanlar tərəfindən ən dəhşətli ölüm növü hesab edilir. Təhlükə növlərindən biri olduğu üçün alova öyrəşmək çox çətindir, bəzi hallarda isə bu heç mümkün olmur. Məhz bununla əlaqədar yanğınsöndürmə iştirakçıları alova qarşı yüksək psixoloji mətanətlik, yenilməzlik keyfiyyətlərinə malik olmalıdırlar. Havanın yüksək temperatura qədər qızması və şüa əks etdirən səthlərdən istilik şüasının (infra-qırmızı) ətrafa yayılması bədənin tez isinməsinə, nəfəs almanın, müşahidə aparmağın çətinləşməsinə, hissetmə orqanlarının fəaliyyətinin zəifləməsinə və pisləşməsinə (belə ki, temperaturun 21°C -dən 28°C qədər artması görmə qabiliyyətini iki dəfə zəiflədir və yorulma halını kəskin olaraq qaldırır), dərinin yanmasına və dözülməz ağrıların əmələ gəlməsinə səbəb olur. Nəticədə döyüş hərəkətlərinin yerinə yetirilməsi keyfiyyəti ciddi olaraq zəifləyir, hətta bəzi hallarda onların yerinə yetirilməsi tamamilə mümkün olmur. Qeyd etmək lazımdır ki, yüksək temperatura qarşı müxtəlif adamlarda hissiyatların fərdi psixofizioloji müxtəlifliyi mövcuddur. Yanğınlarda idarəetmə fəaliyyəti ilə əlaqəli olan vəzifələrə əməkdaşların təyin edilməsi zamanı bu keyfiyyətin nəzərə alınması faydalı ola bilər. İnsan bədənində temperaturun 40°C-ə qədər və daha artıq yüksəlməsi zamanı bərk qızdırma və istilik zərbəsinə məruz qalma halının baş verməsi mümkündür.
Tüstü insanlara müxtəlif cür təsir göstərir. O görməni məhdudlaşdırır, selikli qişanı və burun udlağını qıcıqlandırır, gözləri sulandırır, nəfəsalmanı çətinləşdirir, bəzi hallarda isə orqanizmin tam zəhərlənməsinə səbəb olur. Tüstü döyüş hərəkətlərinin yerinə yetirilməsini çətinləşdirir, yüksək gərginlik yaradır, səmti müəyyənetmə hissiyyatını zəiflədir. Kimyəvi tərkibli materialların yanması zamanı ətrafda zahərli qazların yaranması mümkündür. Bütün yanğınların həmrahı – karbon oksidin (CO) yüksək qatılığından ibarətdir. Yanğında qüvvə və vasitələrin idarə olunması zəhərli maddələrin güclü təsir etdiyi və yüksək zəhərlənmə təhlükəsi olduğu sahələrdə yerinə yetirilə bilər.
Qazla zəhərlənmə təhlükəsi yanğınsöndürmə iştirakçılarını şüurlu ehtiyat göstərməyə, gərginlik vəziyyətində olmağa, tənəffüs orqanlarının fərdi müdafiə vasitələrindən istifadə etməyə məcbur edir. Səs həmişə yanğınların söndürülməsi prosesini müşayiət edir, bəzi hallarda danışıq əlaqəsini çətinləşdirərək çox yüksək intensivliyə malik olur. Belə vəziyyət insanın işləmək qabiliyyətini zəiflədir və yorğunluğu gücləndirir. Qaz və neft fontanlarında baş vermiş yanğınlar zamanı səs 130 desibel ola bilər, bu isə yol verilən normadan çox yüksəkdir. Yüksəklik müasir mülki və sənaye obyektlərinin bina və tikililəri üçün olduqca xarakterik amillərdən biridir. Yanğınsöndürənlər yüksəkliyə öyrəşməli, ondan qorxmamalı, yüksəklikdə olduqları zaman öz peşəkar hərəkətlərini tez və inamla yerinə yetirməlidirlər. Nəzərə almaq lazımdır ki, yüksəkliyin artması ilə insanın tez yorulması baş verir. Yüksəklikdə işlərin görülməsi həmişə risklə və yüksək əsəbi-psixoloji gərginliklə əlaqəlidir. Yanğında buxarla, elektrik cərəyanı ilə zədələnmə təhlükəsi - yanğından mühafizə bölmələrinin şəxsi heyətinin peşəkar fəaliyyətini həmişə müşayiət edən amillərdir. Şəxsi heyət onların zədələmə təsirini qabaqcadan müəyyən etməyi bacarmalı və öz işini elə qurmalıdır ki, təhlükəli amillərin təsirindən özlərini qoruya bilsinlər.
Yanaraq uçub-dağılan obyektlərin görüntüsü çox güclü psixoloji təsiretmə qüvvəsinə malikdir. Uçub dağılma halları bütün hərəkətləri çətinləşdirir və bununla yanaşı, özündə daha bir xüsusi təhlükə növünü gizlədir – uçub dağılmaqda davam edən konstruksiyalar altında qalma təhlükəsini. Belə hallarda yanğınsöndürmə iştirakçıları ehtiyatlı və sərvaxt olmalı, mövcud təhlükə və risketmə dərəcəsini qiymətləndirməyi və bu təhlükədən vaxtında uzaqlaşmağı bacarmalıdırlar. Bir çox yanğınlarda yaranan “adi” ümumi şəraitlərdə insan cəsədlərinə, yanmış və zərərçəkmiş insanlara rast gəlinməsi adətən nadir hallarda, kütləvi dağıntılarla müşayiət olunan yanğınlarda isə daha tez-tez baş verir. İnsan kədərinin görünüşünə öyrəşmək, insanın, xüsusilə də uşaqların yanğında tələf olması faktı qarşısında sakit qalmaq çox çətindir.
Digər tərəfdən yanğının söndürülməsi zamanı öz yoldaşlarından kiminsə həlak olması barədə məlumatın yayılması çox güclü psixoloji təsirə malik olur. Bununla bərabər, belə şəraitlərdə özünü itirməmək, səbrli olmaq, səhvə yol vermədən və inamla döyüş tapşırığının yerinə yetirilməsini davam etdirmək yanğının söndürülməsində iştirak edən hər bir əməkdaşın borcudur. Təhlükədə olan insanların və dəstə halında toplanmış insan kütləsinin hərəkət tərzi döyüş tapşırığının yerinə yetirilməsinə xeyli maneələr törədə bilər. İnsanların düşüncəsiz hərəkətləri, çaxnaşma salmaları (pəncərələrdən tullanma, xilasedicilərə tabe olmama və b.), çığırtıları, qışqırıqları, ağlaşmaları yanğın yerində güclü əsəbi mühit yaradır və qüvvə və vasitələri idarə edən əməkdaşların yüksək gərginliyinə səbəb olur. Əgər nəzərdən keçirdiyimiz amillərin hər biri ayrı-ayrılıqda yanğınsöndürmə iştirakçılarına kifayət qədər güclü psixoloji təsirə malik olursa, onların kompleks təsiri zamanı yaranan psixoloji gərginliyin intensivliyini təsəvvür etmək çətin deyildir. Yanğınsöndürmə texnikasının, yanğın-texniki silahların inamla işləməsi, etibarlılığı və səmərəliliyi şəxsi heyətin fəaliyyətində daima özünü müsbət tərəfdən göstərən psixoloji amildir. Böyük bir kollektivdən ibarət olan yanğından mühafizə bölməsinin daxilindəki kollektivçilik amilləri hər bir yanğınsöndürmə iştirakçısına müəyyən psixoloji təsir göstərir.
Hər bir əməkdaşın fəaliyyətinə təhlükə ilə təkbətək qalan iştirakçı kimi baxılması düzgün deyildir. Əməkdaş həmişə birgə fəaliyyət iştirakçısı kimi, bölmənin kollektivinin üzvü kimi çıxış edir və bu zaman kollektiv üzvləri arasında gözlə görünməyən, lakin real mövcud olan sosial-psixoloji əlaqələr onun psixoloji vəziyyətində və hərəkətlərinin nizamlanmasında mühüm əhəmiyyət kəsb edir. Bu halda xüsusi psixoloji əhəmiyyət aşağıdakılardan ibarət olur:
- bir kollektiv kimi bölmənin sosial-psixoloji inkişaf səviyyəsi və bu kollektivdə mövcud olan sosial-psixoloji abu-hava;
- yanğında qarşılıqlı hərəkətlərdə olan vəzifəli şəxslərin şəxsiyyətlərarası qarşılıqlı münasibətləri və onların psixoloji cəhətdən bir-birinə uyğunlaşması;
- yanğınsöndürmə iştirakçıları arasında bilavasitə əlaqənin (gözlə, səslə) mövcudluğu, cütlük, üç nəfər tərkibində hərəkətetmə.
Sosial-psixoloji əlaqənin möhkəmliyi və onun düzgün inkişaf etdirilməsi həmişə şəxsi heyətin hərəkətlərinin keyfiyyətini artırır. Hətta zəif hazırlığa malik olan yanğınsöndürən təcrübəli və etibarlı yoldaşları yanında hərəkət edərkən qoyulmuş tapşırığı inamla və daha yaxşı yerinə yetirəcəkdir. Lakin biləndə ki, sənin yanında duran adama çətin dəqiqələrdə inanmaq və etibar etmək olmaz daimi daxili gərginlik mənbəyi, inamsızlıq və qətiyyətsizlik yaranır. Təkbaşına hərəkət etmək, digər yoldaşlarla bilavasitə əlaqəli hərəkət etməkdən psixoloji cəhətdən çox çətindir.
Beləliklə, yanğından mühafizə bölmələrinin şəxsi heyətinin psixoloji hazırlıq anlayışını qısaca və dürüst ifadə etmək olar. Psixoloji hazırlıq dedikdə, ekstremal şəraitlərdə işləmək üçün yanğınsöndürmə iştirakçılarında psixoloji dayanıqlığın formalaşdırılmasına istiqamətlənmiş məqsədyönlü və ictimai cəhətdən mütəşəkkil proses başa düşülməlidir. Müvafiq olaraq, onun əsas məqsədi yanğınsöndürmə iştirakçılarını ekstremal şəraitlərdə döyüş hərəkətlərinin yerinə yetirilməsinə psixoloji hazırlığının təmin edilməsindən ibarətdir.
Tədqiqatçı alimlər bəzi ekstremal hadisələr üzərində, məsələn, böyük itkilərlə nəticələnən Əfqanıstandakı (1986-cı il) döyüş əməliyyatları, Ufa yaxınlığında qaz partlaması nəticəsində iki sərnişin qatarının qəzaya uğraması (1989-cu il), “Komsomolets” sualtı gəmi ekipajının xilas edilməsində (1989-cu il), eləcə də terrora qarşı əməliyyatlardan sonra reabilitasiya dövrü keçən hərbçilərin və xilasedicilərin müayinəsi və analoji hallara aid digər materialların analitik öyrənilməsi nəticəsində bir sıra nəticələr əldə etmişlər.
Şəraitin spesifikası və etik prinsiplər nəzərə alınaraq tədqiqatlara əsasən təxirəsalınmaz tibbi yardıma ehtiyacı olmayan, eləcə də yüngül və orta dərəcəli yaralar almış hərbçilər və xilasedicilər cəlb olunmuşlar. Belə olduqda alınan məlumatların bir çoxu müəyyən natamamlığı ilə seçilir, bütöv təsəvvür isə ayrı-ayrı müşahidələrin tutuşdurulması yolu ilə formalaşdırılırdı. Alınan məlumatlar ağır travmalar almayan zərərçəkənlərin halının dinamikasında 6 ardıcıl mərhələnin olmasını müəyyənləşdirməyə kömək etmişdir.
“Vital reaksiyalar”(həyati, həyat hadisələrinə aid olan) 5 saniyədən 15 saniyəyədək sürür. Bu zaman insan davranışı bütövlükdə onun şəxsi həyatının qorunması imperativinə tabe olur, şüurda səciyyəvi daralma müşahidə edilir, zaman intervallarının və xarici, daxili qıcıqlandırıcıların qüvvəsinin dərk edilməsi pozulur, sümüklərin qırılması, yaralanma və bədən səthinin 40 %-dək yanması ilə (1-2-ci dərəcəli yanğınlar) müşayiət olunan travmalar meydana çıxır.
Bu dövrdə əsasən davranışın sonradan qısa müddətli, lakin geniş variantlı donub qalma halları ilə əvəz olunan instinktiv formaları səciyyəvidir. Məsələn, Ufa yaxınlığında gecə vaxtı dəmir yolu qəzası nəticəsində sərnişinlərin özünü qoruma instinktinə tabe olaraq, yaxınlarını düşünmədən vaqon pəncərələrindən bayıra atması halları müşahidə olunurdu. Ciddi zədələr almadıqda, sərnişinlər artıq bir neçə saniyədən sonra, sanki ayılaraq və sosial tənzimləmə bərpa edilərək yenidən fəlakət yerinə atılır, yaxınlarını xilas etməyə çalışırdılar. Yaxınların xilas edilməsi mümkün olmadıqda, bu hal psixopatoloji mərhələlərin, spesifikanın və proqnozun axarını uzun bir dövr üçün müəyyənləşdirirdi.
Dostları ilə paylaş: |
|
|