Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə17/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

Nöqtələr


◘Bu ayədə dörd məsələ önə çəkilir: İlahi təqdirdən razılıq və ona təslimçilik; Razılığın dillə bəyanı; Allahın fəzl və kərəminə ümid; Dünyaya bağlanmamaq və Allaha rəğbət.

Bildirişlər


1. Münafiqlər heç vəchlə Allahdan və Onun təqdirlərindən razı qalmırlar.

2. Beytul-malın sərfində, iqtisadi məsələlərin həllində hansı siyasətin yürüdülməsi və hansı qərarların çıxarılması Allah, Onun rəsulu və İslam ümmətinin rəhbərinin ixtiyarındadır.

3. Yalnız çətinlikləri düşünüb bədbinləşmək olmaz. Səbir daha yetərli gələcəyi təmin edir.

4. Dünyadakı məhrumiyyətlərin acılığı Allahın qəti behişt vədləri ilə şirinləşir.

5. Allahın bizə borcu yoxdur. Nə verirsə, Öz fəzlindən verir.

6. Allahın lütfləri peyğəmbərlər və övliyalar vasitəsi ilə çatdırılır.

7. İlahi məhəbbət səbir, razılıq və qənaət üçün zəmindir.
Ayə 60:

﴿إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاء وَالْمَسَاكِينَ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللّهِ وَابْنِ السَّبِيلِ فَرِيضَةً مِّنَ اللّهِ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ﴾

Həqiqətən, sədəqələr (zəkat) ehtiyaclılar, miskinlər, zəkatı yerbəyer edənlər, qəlblərin cazibəsi, qulların azad edilməsi, borcluların borcunun ödənməsi, Allah yolunda (cihada) sərf və yolda qalanları təmin etmək üçündür. Bu, Allah tərəfindən göstərişdir. Allah biləndir və hikmət sahibidir.”


Nöqtələr


◘Həm “sədəqə”, həm də “sidaq” sözü “sidq” sözündəndir. “Sədəqə” Allaha imanda sədaqət, “Sidaq” mehriyyə və ya həyat yoldaşına sədaqət nişanəsidir.

◘Bu ayədə sədəqə deyilərkən vacib zəkat nəzərdə tutulur.

“Fəqir” deyərkən yoxsulluq belini qırmış kəs başa düşülür. “Miskin” isə yoxsulluqdan evdə oturmuş şəxsdir. Rəvayətlərə əsasən, fəqir xalqa əl açmır, miskin isə çarəsizlikdən əl açmağa məcbur olur.1

◘Ötən ayədə münafiqlərin zəkatın bölünməsi ilə bağlı Peyğəmbərə (s) iradlarından danışılırdısa, bu ayədə sədəqənin ünvanları göstərilir. Elə başa düşülür ki, münafiqlərin zəkatda gözü varmış.

◘“Əl-amilinə ələyha” deyərkən zəkatı toplayanlar, saxlayanlar, onun hesabını aparanlar, yerinə çatdıranlar nəzərdə tutulur. Onlara zəkatdan zəhmət haqqı verilir.

◘“Əl-muəlləfəti-qulubuhum” deyərkən İslama meyli olmayanlar nəzərdə tutulur. Belələrini imana sövq etmək üçün zəkatdan pay ayrılır.

Əlbəttə ki, qəlblərin cazibəsi üçün zəkatdan pul xərcləmək o demək deyil ki, insanlar pulla iman gətirsinlər. Həmin məbləğ xərclənir ki, insanlar İslamı dərk etmək üçün təhsil alıb həqiqəti dərk etsinlər.1

◘“Əl-ğarimin” deyərkən səhvə yol vermədən borca düşənlər nəzərdə tutulur. Məsələn, təbiət hadisələri nəticəsində var-yoxunu əldən verənlər bu zümrəyə aid edilə bilər.

İmam Sadiq (ə) buyurmuşdur: “Günaha yol vermədən borca düşmüş müsəlman öldükdə onun borcunu imam ödəməlidir.”2

◘“Fi səbilillah” deyərkən Allahın bəyəndiyi bütün işlər nəzərdə tutulur. Dini təbliğat, müsəlmanlara yardım bu qəbildəndir. Təfsirlərdə cihad bu təyinatın əsas ünvanı kimi göstərilir.

◘“İbnis-səbil” deyərkən vətənində imkanlı olduğu halda, səfərdə əliboş qalmış kəs nəzərdə tutulur.

Zəkatın siması


◘Zəkat hökmü Məkkədə nazil olmuşdur. Amma həmin vaxt müsəlmanlar azsaylı, zəkat cüzi olduğundan həmin məbləği hər kəs özü ödəyirdi. Mədinədə İslam hökuməti qurulduqdan sonra bu iş mərkəzləşdirildi və həmin büdcə din hakiminin ixtiyarına verildi.3

◘Zəkat təkcə İslama məxsus deyil. Digər dinlərdə də zəkat olmuşdur. Həzrət İsa hələ beşikdə ikən zəkat haqqında göstəriş vermişdir.4 Bu barədə həzrət Musanın və bütün digər peyğəmbərlərin buyruqları var.5

◘Quranda zəkatla bağlı dörd təbir işlədilmişdir: “Malın verilməsi (inail-mal)”6; Sədəqə”7; İnfaq”8; Zəkat”9

◘Quranda, adətən, zəkat sözü namaz sözü ilə yanaşı işlədilir. Rəvayətlərə əsasən, zəkat namazın qəbul şərtidir. Bu, Allahla bağlılığın xalqla bağlılıqla əlaqəli olduğunu göstərir.

Quranda heç bir dini göstəriş namaza zəkat qədər yaxın bəyan olunmamışdır.

◘Seyyidlərin zəkat alması haramdır. Bəni-Haşimdən olan bir qrup İslam Peyğəmbərindən (s) zəkat bölgüsü ilə bağlı iş istədilər. Onlar heyvanların zəkatını toplamaq və bu işlərinə görə pay almaq fikrində idilər. Həzrət Peyğəmbər (s) buyurdu: “Zəkat mənə və sizə haramdır.”1 Seyyid yalnız o zaman zəkat ala bilər ki, zəkatı verən də seyyid olsun.

◘Zəkat göstərişi İslamın varlı və kasıb zümrələrin mövcudluğuna maraqlı olmasını göstərmir, sadəcə, qarşıda duran gerçək bir problemi həll etməkdir. Bəzən varlılar özləri də təbii fəlakətlər səbəbindən yoxsulluğa düçar olurlar. İslam quruluşunda ictimai ehtiyacların təmini üçün büdcənin olması zəruridir.

◘Rəvayətdə deyilir: Allah-təala ehtiyaclıların çətinliyini həll etmək üçün varlıların malından pay müəyyənləşdirmişdir. Yetərli olmadıqda bu pay artırılır. Əgər insanlar fəqirlərin haqqını ödəsəydilər, hamı normal yaşayardı. Varlılar zəkat ödəsəydilər, yoxsul tapılmazdı.2

◘Şəxsi mülkiyyətə məhdudiyyət qoyan bəzi ideologiyaların ziddinə olaraq, İslam insana mülkiyyət azadlığı verir. İslam quruluşunun himayəsində olan hər bir şəxs öz istedad və bacarığını işə salıb istənilən qədər var-dövlət sahibi ola bilər. Amma zəkat ödəmək də zəruridir.

◘Zəkatın Allah yolunda xərclənməsi deyərkən təkcə yoxsullar nəzərdə tutulmur. İslam quruluşuna faydası olan istənilən bir cəhətdə zəkat sərf oluna bilər.3

◘İslam cəmiyyətini şər qüvvələrin fitnəsindən qorumaq üçün zəkatdan sərf oluna bilər.4

◘Əgər bir şəxs diyə ödəməli olarsa və buna gücü çatmazsa zəkatdan ona yardım göstərmək olar.5

◘Ola bilsin ki, “fir-riqab” təbirinə əsasən, məhbusların azadlığı və onların ehtiyacının təmini üçün zəkatdan xərclənilsin.

◘Zəkatın səkkiz istiqamətdə bərabər bölünməsi zəruri deyil. İslam hakiminin nəzarəti altında hər sahəyə ehtiyac qədərində pay ayrılmalıdır.

◘Zəkat sərvətin tarazlıq amilidir.

◘Zəkat Allahın verdiklərinə əməli təşəkkürdür.

◘Zəkat təbəqələrarası fərqi azaldır, fəqirlərlə varlılar arasındakı kin-küdurəti aradan qaldırır.

◘Zəkat insanda səxavət və mərhəmət ruhunu dincəldir, dünyapərəstlik və maddiyyata bağlılıq hissini zəiflədir.

◘Zəkat məhrumlar üçün ictimai bir təminatdır – fəqirə deyilir ki, nigaran olma, varlıya deyilir ki, yenidən səy et, müsafirə deyilir ki, yolda qalmaqdan qorxma, fəhləyə deyilir ki, sənin payın qorunur, qula azadlıq vəd olunur, ilahi xidmət sahəsi rövnəq tapır, ətrafdakıların qəlbi İslama cəzb olunur.

◘Allah zikrindən qəflət xalqın istismarına, qəlbin daşlaşmasına, tüğyan və əyyaşlığa, var-dövlətlə öyünməyə səbəb olur. Zəkat bu xəstəliyin dərmanıdır.

◘Zəkat yoxsulluğu aradan qaldırmaqla yanaşı İslama rəğbət oyadır. Ən azı insanlar İslam düşmənləri ilə həmkarlıqdan çəkinir. Rəvayətlərdə bildirilir ki, maddi yardımlar və İslama yaxınlaşma ilə fərdlərin imanı möhkəmlənir.6

◘İslam quruluşunun səciyyəsi olan zəkat ictimai ədalətə, fəqirliyin aradan qaldırılmasına, fəhlələrin təminatına, beynəlmiləl yaxınlığa, qulların azad olunmasına, qüvvələrin hərəkətə gətirilməsinə, müsəlman ayinlərinin hifzinə və ümumi xidmətlərin genişlənməsinə zəmin yaradır.



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə