113
3. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi (xitamı).
Mülkiyyət hüququ elə subyektiv hüquqlara aiddir ki, o müəyyən hüquqi
faktların olması və yaxud onların məcmusu zamanı əldə edilir. Belə hüquqi
faktlar mülkiyyət hüququnun əldə edilməsi əsasları (üsulları) adlanır.
Mülkiyyət hüququnun əldə edilməsi üsulları ilkin və törəmə olmaqla iki yerə
bölünür. İlkin və törəmə üsulların fərqləndirici kriteriyalarına gəlincə, birincisində
kriteriya kimi iradəvi, ikincisində isə hüquq varisliyi əsas götürülür.
İradəvi kriteriya tərəfdarları hesab edirlər ki, mülkiyyət hüququnun əldə
edilməsinin ilkinə elə üsullar aiddir ki, bu zaman mülkiyyət hüququ iradədən asılı
olmayaraq əldə edilir. Törəmədə isə mülkiyyət hüququ mülkiyyətçi sələfin
iradəsindən asılı olaraq əldə edilir.
Hüquq varisliyi üsullarının tərəfdarları isə ilkinə o üsulları aid edirlər ki,
onun əsasında hüquq varisliyi yoxdur, törəmədə isə üsullar hüquq varisliyinə
söykənir.
Bu mübahisələr həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyır. Məsələn,
iradəvi kriteriyanın tərəfdarları milliləşdirməni sözsüz olaraq mülkiyyət
hüququnun əldə edilməsinin ilkin üsullarına şamil edirlər. Dövlət bu zaman
əvvəlki mülkiyyətçinin iradəsi ziddinə olaraq mülkiyyətçi olur. Əksinə, hüquq
varisliyi üsullarının tərəfdarları isə milliləşdirməni mülkiyyət hüququnun əldə
edilməsinin törəmə üsulu hesab edirlər.
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin və törəmə üsulları qüvvədə
olan qanunvericiliklə birbaşa olaraq təsbit edilməmişdir. Lakin bu üsullar
qanunun təfsirində öz əksini tapır.
İlkin üsulla mülkiyyət hüququnun əldə edilməsi o deməkdir ki, əşya
üzərində mülkiyyət hüququ əvvəllər heç kəsə məxsus olmamışdır və ilk dəfə
əldə edilir.
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsuluna aşağıdakılar aid edilir:
yeni hazırlanmış əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi; emal;
yığılması hamıya müyəssər olan əmlakın mülkiyyətə götürülməsi; sahibsiz
əmlak üzərində mülkiyyət hüququ; tapıntı; nəzarətsiz heyvanlar; dəfinə; əldə
etmə müddəti; özbaşına (icazəsiz) tikilmiş tikililər üzərində mülkiyyət hüququnun
əldə edilməsi və s.
Mülkiyyət hüququnun törəmə üsulla əldə edilməsinə aiddir: milliləşdirmə;
özəlləşdirmə; hüquqi şəxsin ləğvi və yenidən təşkili zamanı onun əmlakına
mülkiyyət hüququnun əldə edilməsi; rekvizisiya və müsadirə; vərəsəlik hüququ
əsasında mülkiyyət hüququnun əldə edilməsi və s.
Bu üsulların bəziləri (məsələn, rekvizisiya, müsadirə və s.) həm də
mülkiyyət hüququnun itirilməsi (xitamı) üsullarına aiddir. Çünki bazar
iqtisadiyyatı dövründə şeylərin mülki dövriyyədə dolanmasının yüksəlməsi,
onlara sahiblik hüququnun da tez-tez dəyişməsi ilə səciyyələnir. Bu isə bir
şəxsdə, mülkiyyət hüququnun əldə edilməsi, digər şəxsdə isə belə hüquqların
itirilməsinə səbəb olur.
Mülkiyyət hüququnun əldə edilməsinin elə üsulları var ki, onlar həm ilkin,
həm də törəmə kimi çıxış edirlər. Məsələn, bəhər və gəlirə mülkiyyət hüququ və
s.
Mülkiyyət hüququnun əldə edilməsi üsulları mülkiyyət hüququnun bütün
növləri üçün və yaxud mülkiyyət hüququnun bir növü üçün səciyyəvi ola bilər.
Məsələn, alqı-satqı müqaviləsi mülkiyyət hüququnun hər bir növünün əldə
edilməsi üçün əsas ola bilər. Elə üsullar da var ki, onlar mülkiyyət hüququnun
114
yalnız bir növünün əldə edilməsi üçün səbəb ola bilər. Məsələn, milliləşdirmə,
müsadirə və s. ancaq dövlət mülkiyyət hüququnun əldə edilməsi üçün əsasdır.
Belə üsullara qanunla müəyyən edilmiş hallarda fiziki və hüquqi şəxslərdən
alınan vergi, rüsum, gömrük və s. aid etmək olar.
Mülkiyyət hüququnun əldə edilməsinin ayrı-ayrı üsullarını nəzərdən
keçirək.
Yeni yaradılmış və ya hazırlanmış əşya üzərində mülkiyyət hüququnun
əldə edilməsi ilkin üsuldur, belə ki, mülkiyyət hüququ əvvəllər olmayan əmlak
üzərində yaranır. Əmlakı yaradan və ya hazırlayan (qanuni yolla) onun
mülkiyyətçisi hesab olunur. Belə əmlak daşınar və daşınmaz əmlak ola bilər.
Daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alman vaxtdan
əldə edilir.
Emal və spesifikasiya mülkiyyət hüququnun əldə edilməsi üsulu kimi
onunla xarakterizə olunur ki, əmlak başqasının materialı üzərində şəxsin əməyi
nəticəsində yaranır. Əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, əşya
üzərində mülkiyyət hüququnu material sahibi əldə edir.
Elə hallar olur ki, emal və spesifikasiya edən, özgə materialından
mülkiyyətçi ilə müvafiq müqavilə olmadan istifadə edir. Bu zaman emal edən üç
halda yeni yaradılan əmlakın sahibi ola bilər:
1) əməyin dəyəri materialın dəyərindən əhəmiyyətli dərəcədə yüksək
olduqda;
2) emal edən vicdanlı olduqda, yəni o işi başa çatdırana qədər materialın
başqasına məxsus olduğunu bilməmiş olduqda;
3) spesifikator (emal edən) əşyanı kommersiya məqsədi üçün deyil, öz
şəxsi məqsədi üçün düzəltmiş olduqda. Bu əlamətlərdən hər hansı biri
olmayanda mülkiyyətçi materialın sahibi olur.
Əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, əşyanın sahibi olan
material mülkiyyətçisi spesifikatorun (ustanın və s.) haqqını ödəməlidir; əgər
mülkiyyətçi spesifikator olsa materialın dəyərini ödəməlidir. Belə qayda müqavilə
olmayanda da tətbiq olunur.
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarından biri də yığılması
hamıya
müyəssər
olan
əmlakın
mülkiyyətə
götürülməsi
üsuludur.
Qanunvericiliyə, mülkiyyətçinin verdiyi ümumi icazəyə və ya yerli adətə uyğun
olaraq meşələrdə, sututarlarda və ya başqa ərazidə gilə-meyvə yığılmasına,
balıq tutulmasına, heyvan ovuna və ya hamıya müyəssər olan digər əmlakın
yığılmasına yol verildiyi hallarda müvafiq əmlaka mülkiyyət hüququnu onu yığan
və ya ovlayan şəxs eldə edir.
Hüququn obyekti kimi mülki dövriyyədə olan əmlak, eyni zamanda
subyektə - məxsus olduğu sahibkara malikdir. Ola bilər ki, bəzən əmlak bu və ya
digər hüquqi faktlar nəticəsində sahibsiz olur. Sahibsiz əmlak dedikdə, sahibi
olmayan və ya sahibi naməlum olan əmlak başa düşülür. Mülkiyyətçinin imtina
etdiyi daşınar əşya da sahibsiz əmlak hesab olunur. Mülki Məcəllənin 185-ci
maddəsinə
əsasən,
mülkiyyət
hüququndan
imtina
etmək
məqsədilə
mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış
əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər.
Mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya
başqa obyekt olan şəxs, əgər orada dəyəri şərti maliyyə vahidi miqdarının elli
mislindən aşkar aşağı olan atılmış əmlak və ya atılmış metal qırıntıları, zay
məhsul, faydalı qazıntıların çıxarılması zamanı əmələ gələn təpəciklər, istehsal
tullantıları və başqa tullantılar varsa, həmin əmlakdan istifadəyə başlamaqla və
ya əmlakı mülkiyyətə yönəltdiyini göstərən digər hərəkətlər etməklə, onu öz
mülkiyyətinə yönəltmək hüququna malikdir.
Dostları ilə paylaş: |