111
Bələdiyyələr haqqında respublika qanunvericiliyinə uyğun olaraq, torpaq
münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri
daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində
olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;
onları ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və
respublika vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; bələdiyyə
torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ehtiyac
yarandıqda respublikanın torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
onları geri almaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına
dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; bələdiyyə
torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət
etmək və respublika qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətlərə
malikdirlər.
Bələdiyyələrin mülkiyyətində, həmçinin, su təsərrüfatı obyektləri də ola
bilər. Bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində olan yerli
əhəmiyyətli su təsərrüfatı obyektləri Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə
verilir.
Su təsərrüfatı obyektləri üzərində bələdiyyə mülkiyyəti aşağıdakı şərtlərlə
yaradıla bilər:
1) qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan su
təsərrüfatı obyektlərini bələdiyyə mülkiyyətinə verməklə;
2) bələdiyyələr tərəfindən yeni su təsərrüfatı obyektləri yaratmaqla;
3) hüquqi və fiziki şəxslərin mülkiyyətində olan su təsərrüfatı obyektlərini
əqdlər əsasında bələdiyyə mülkiyyətinə almaqla;
4) qanunvericilikdə
nəzərdə
tutulmuş
digər
şərtlərlə.
Bələdiyyə mülkiyyətində olan su təsərrüfatı obyektlərindən, əsasən
əhalinin həyat və sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq,
onları içməli su ilə təchiz etmək, təsərrüfat-məişət ehtiyaclarını ödəmək, habelə
kütləvi istirahət (rekreasiya), müalicə, turizm, idman və başqa məqsədlər üçün
istifadə edilir.
Mülkiyyət hüququnun növləri. Mülkiyyət hüququnun formaları öz
növbəsində növlərə bölünə bilər. Məsələn, vətəndaşların və ya hüquqi şəxslərin
mülkiyyəti növ kimi müvafiq mülkiyyət formalarının tərkibində nəzərdən keçirilə
bilər.
Mülkiyyətin növlərə ayrılmasının müxtəlif səbəbləri ola bilər. Növlər bir
mülkiyyət formasının hüdudlarından çıxmaya da bilər (dövlət - bələdiyyə), eyni
zamanda, mülkiyyətin formasından asılı olmaya da bilər. Məsələn, ümumi
mülkiyyət hüququnun iki növü - paylı mülkiyyət və birgə mülkiyyət hüququ iki və
daha artıq şəxsə məxsusdur. Burada payçılar qismində həm dövlət, həm də
xüsusi mülkiyyətçilər çıxış edə bilər.
Mülkiyyətin növlərə bölünməsi konkret əmlakdan da asılı ola bilər. Bu
nöqteyi-nəzərdən mülkiyyət hüququnu daşınar və daşınmaz əmlaka görə də
fərqləndirmək olar.
Mülkiyyət hüququnun növləri eyni zamanda yarımnövlərə də ayrıla bilər.
Məsələn, xüsusi mülkiyyətin növü kimi hüquqi şəxslərin mülkiyyətini öz
növbəsində təsərrüfat ortaqlıqları və cəmiyyətləri, istehsal və istehlak
kooperativləri, ictimai və dini təşkilatların mülkiyyətinə və s. bölmək olar.
Mülki qanunvericilikdə mülkiyyət hüququnun xüsusi bir növü olan ümumi
mülkiyyət hüququna geniş yer verilir.
İki və ya bir neçə şəxsin (mülkiyyətçilərin) eyni bir əmlak üzərində
mülkiyyəti ümumi mülkiyyət adlanır. Ümumi mülkiyyət hüququ dedikdə, eyni bir
112
əmlakın bir neçə şəxsə məxsus olduğunu təsbit və mühafizə edən, həmin əmlak
üzərində ümumi mülkiyyətçilər tərəfindən birlikdə sərəncam verilməsini,
sahibliyini və istifadə etmələrini nizama salan hüquq normalarının məcmusu
başa düşülür. Ümumi mülkiyyət hüququ aşağıdakı əlamətləri ilə xarakterizə
edilir:
1. Ümumi mülkiyyət hüququ subyekt çoxluğuna əsaslanır. Burada
subyektlərin sayı həmişə ikidən artıq olur;
2. Ümumi mülkiyyət hüququ özünün obyekt vahidliyi ilə xarakterizə
olunur.
Ümumi mülkiyyət iştirakçıları mülkiyyət hüququnu bütün mülkiyyətçilərin
razılığı ilə həyata keçirirlər. Onlardan heç biri digər mülkiyyətçilərin razılığı
olmadan əmlak üzərində sərəncam verməyə haqlı deyildir.
Ümumi mülkiyyət hüququ qanundan, müqavilədən, vərəsəlikdən və digər
əsaslardan əmələ gələ bilər.
Məzmununa görə ümumi mülkiyyətin iki növü fərqləndirilir:
1. Paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət);
2. Paylar məlum olmayan ümumi mülkiyyət (birgə mülkiyyət).
Ümumi mülkiyyətin növləri arasındakı fərq ondan ibarətdir ki, paylı ümumi
mülkiyyətdə iştirak edən hər bir şəxsin payı əvvəlcədən məlum olur. Birgə
ümumi mülkiyyətdə isə iştirakçıların payı məlum olmur.
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarının payları bərabər və
yaxud qeyri-bərabər ola bilər. Mülki Məcəllənin 214-cü maddəsinə əsasən, əgər
paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən, təyin edilə
bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar
bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi
mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu
mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi
qaydası təyin edilə bilər.
Paylı
mülkiyyətin
mülkiyyətçisi
ümumi
mülkiyyətdən
istifadənin
müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı
yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə,
ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna
malikdir.
Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün
mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə
məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Paylı mülkiyyətdə hər bir iştirakçı öz payını bağışlama, mübadilə, satma
yolu ilə özgələşdirmək hüququna malikdir. Lakin pay satılarkən qalan
iştirakçılara həmin payı almaq üçün üstünlük verilir. Paylı ümumi mülkiyyətin hər
bir iştirakçısı öz payını ümumi əmlakdan ayırmağı tələb etməyə haqlıdır. Əmlakı
onun təsərrüfat təyinatına zərər yetirmədən bölmək mümkün olmadıqda payın
əvəzi pulla verilir.
Ümumi mülkiyyətin ikinci növü birgə mülkiyyətdir. Birgə mülkiyyət dedikdə,
əmlak üzərində bir neçə şəxsin paylar məlum olmayan mülkiyyəti başa düşülür.
Birgə mülkiyyətin də iki növü fərqləndirilir:
1. Ər-arvadın birgə mülkiyyəti;
2. Kəndli (fermer) təsərrüfatı üzvlərinin birgə mülkiyyəti. Ər-arvad və
yaxud kəndli (fermer) təsərrüfatı üzvləri mülkiyyət hüququnu - sahiblik, istifadə
və sərəncam hüququnu öz aralarında razılığa əsasən, həyata keçirirlər. Birgə
mülkiyyət hüququna əşyanın (əmlakın) özgəninkiləşdirilməsi və ya birgə
mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son
qoyulması ilə xitam verilir.
Dostları ilə paylaş: |