103
əlamətlərinə, tamamilə, yabancı idi.
İstər iqtisad, istərsə də hüquq elmi müxtəlif münasibətlərin olmasına
baxmayaraq mülkiyyətə xüsusi və həm də dəyişkən bir iqtisadi kateqoriya kimi
baxır.
Beləliklə, iqtisadi mənada mülkiyyət dedikdə, maddi nemətlərin və ən
əvvəl istehsal vasitələrinin mənimsənilməsi və onlar üzərində sahiblik, istifadə və
sərəncam verməklə əlaqədar olaraq insanlar arasında tarixən müəyyən edilmiş
iqtisadi münasibətlər başa düşülür. Bu münasibətlər hüquqla mühafizə edildikdə
mülkiyyət hüququna çevrilir. Mülkiyyət hüququ öz normaları vasitəsilə mülkiyyəti,
yəni iqtisadi münasibətləri möhkəmləndirir və mühafizə edir. Mülki Məcəllənin
152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka
(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair
sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Mülki hüquq elmində mülkiyyət hüququ iki mənada başa düşülür: obyektiv
və subyektiv mənada.
Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini
nizama salan hüquq normalarının məcmusu, subyektiv mənada mülkiyyət
hüququ dedikdə isə mülkiyyətçinin öz mülahizələrinə görə, heç kimdən asılı
olmayaraq qanunla müəyyən edilmiş hüdudlarda müəyyən əmlaka sahiblik,
ondan istifadə və üzərində sərəncam hüququ başa düşülür. Demək, mülkiyyət
hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və
üzərində sərəncam hüququnun məcmusu təşkil edir.
Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin
hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Söhbət əgər faktiki sahiblikdən
gedirsə, bu o demək deyildir ki, sahibkar əşya ilə bilavasitə təmasda olsun.
Məsələn, uzunmüddətli məzuniyyətdə olan şəxs onun evində olan əmlakın
sahibi olaraq qalır. Deməli, əşyaya faktiki sahib olmağa mahiyyətcə müvəqqəti
iqtidarsızlıq və ya imkansızlıq, əşyaya sahibliyi ləğv etmir.
Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata
keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi
vasitəli, ikincisi isə vasitəsiz sahibdir.
Əmlak üzərində sahiblik qanuni və qanunsuz ola bilər. Əşya üzərində
sahibliyin hər hansı bir hüquqi əsası olduqda belə sahibliyə qanuni və yaxud titul
sahibliyi deyilir. Hüquqi əsasları olmayan sahiblik qanunsuz və yaxud titulsuz
sahiblik adlanır. Əmlak, ümumi qayda üzrə o adamların sahibliyində olur ki,
bunun üçün bu və ya digər hüquqlara malik olsun. Belə hallarda mübahisəli
məsələlərə faktiki sahibliyin qanuna-uyğunluğu prezumpsiyası vasitəsilə baxılır.
Başqa sözlə, əmlakın faktiki sahibinin əmlak üzərindəki sahibliyinin əksi sübuta
yetirilməzsə, tanınır.
Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan
edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan
müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla,
əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün
qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən
məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım
olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna
edilir (Mülki Məcəllənin 164-cü maddəsi).
Qanunsuz sahiblik öz növbəsində iki yerə, vicdanlı və vicdansız sahibliyə
ayrılır. Mülki Məcəllənin 166-cı maddəsində mülkiyyətin sahiblik əsasında
ehtimal edilməsindən bəhs edilir. Həmin maddəyə uyğun olaraq daşınar əşyanın
sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir.
Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o,
104
mülkiyyətçi olmuşdur. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi
ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin
mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib
vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi
hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal
edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə
bilməz.
Əşyanın vicdansız sahibi onu mülkiyyətçisinə qaytarmalı və əşyanı
saxlaması ilə bağlı bütün zərərin əvəzini ödəməli, habelə əldə etdiyi bəhərin
əvəzini ödəməlidir.
Əşyanın vicdanlı sahibi isə öz ehtimal edilən hüququna uyğun olaraq
əşyadan fayda götürdüyünə və ondan istifadə etdiyinə görə ixtiyarlı şəxsə
zərərin əvəzini ödəməyə borclu deyildir. O, əvəzi ödənilərkən yoxa çıxan və ya
zərərçəkən şeyin əvəzini ödəməyə borclu deyildir.
İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil
etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş
imkanıdır. Ola bilsin ki, bəzi əşyalar həm şəxsi, həm də təsərrüfat məqsədilə
istifadə edilsin. Məsələn, tikiş maşını ilə nəinki ailə üzvləri üçün, habelə haqqı
ödənilməklə digər şəxslər üçün də paltar tikilə bilər. İstifadə hüququ, adətən
sahiblik hüququna söykənir. Lakin sahibi olmadığın əşyadan da istifadə etmək
olar. Bu, müqaviləyə və yaxud qanuna əsasən, həyata keçirilir. Məsələn, əmlak
kirayəsi müqaviləsinə görə kirayəçi, nəinki əmlakın müvəqqəti sahibi, o,
həmçinin, əmlakın istifadəçisi hesab edilir.
İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da
daxildir. Əgər əşyanın tətbiq edilməsi və ya ona qulluq olunması ictimai
mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi
müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra
etmək və ya müvafiq muzd müqabilində əşyanın başqa şəxslərin istifadəsinə
vermək vəzifəsi qoyula bilər.
Sahiblik kimi istifadə də qanuni və qanunsuz ola bilər.
Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin
etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi öz əmlakını
satmaq, kirayə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə
qərar qəbul edir. Bir qayda olaraq, əmlak üzərində sərəncam mülkiyyətçiyə
məxsus olur. Mülkiyyətçi olmayanın əmlak üzərində sərəncam verməsi yalnız
qanunda göstərilən hallarda ola bilər. Bu, kreditorun borcunu ödəmək məqsədilə
mülkiyyətçinin əmlakının məcburi satılmasında ve s. hallarda özünü göstərir.
Məsələn, vətəndaşlar özlərinə məxsus olan bu və ya digər əmlaklarını ssuda
almaq məqsədilə lombardlara təhvil verirlər. Əgər onlar göstərilən müddətdə
aldıqları pulu geri qaytarmasalar lombardlara verilən əmlak satılır. Sonra verilmiş
ssuda götürülür, qalan hissə isə mülkiyyətçiyə verilir. Bir sıra əmlakdan istifadə
edildikdə onlar öz varlığını itirir, məhv olurlar. Bununla əlaqədar olaraq mülkiyyət
hüququ xitam edilir. Deməli, mülkiyyətçi tərəfindən əmlakın məhv edilməsi də
sərəncam hesab edilir. Lakin əmlakını məhv edən mülkiyyətçinin fəaliyyətinin
hüquqi tənzimini vermək nəzərə çarpacaq dərəcədə mürəkkəbdir. Əgər
mülkiyyətçi əmlakı məhv edir və ya atırsa, o, əmlak üzərində sərəncamını
birtərəfli qaydada əqdin baş verməsi vasitəsilə həyata keçirmiş olur, bu halda
mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun xitamına və yaxud bu hüquqdan
imtina olunmasına yönəldilmişdir. Yox, əgər əmlakdan bir dəfə istifadə
olunmaqla (məsələn, meyvəni yemək və s.) mülkiyyət hüququna xitam verilirsə,
onda mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun xitamına deyil, əmlakdan
faydalı xassələrin hasil edilməsinə yönəlir. Deyilən misalda əmlak üzərində
Dostları ilə paylaş: |