-53-
insanlar informasiyanı –bəzən təkcə mətni deyil, hadisə yerindən videoreportajları da çox
yüksək sürətlə və keçmişdə adət etdiyimiz maneələrlə üzləşmədən dünyanın tanınmış xəbər
agentliklərinə, onlar da öz növbəsində, nəhəng şəbəkədən və qat-qat çox inkişaf etmiş texniki
imkanlardan istifadə edərək bütün dünyaya çatdıra bilir, nəticədə cəmi bir neçə dəqiqə əvvəl
daxil olmuş təzə xəbər dünyanın müxtəlif guşələrində çoxmilyonlu auditoriya üçün əlyetən
olur.
Çox vaxt informator və KİV eyni bir şəxsin timsalında təmsil olunur.Bu baxımdan, yenə
Liviyada baş verənlərin işıqlandırlımasını misal göstərmək olar. Belə ki, liviyalı bloqgerlər və
YouTube istifadəçiləri bir tərəfdən, özləri video və mətn materialları yaradır və beləliklə,
informator rolunda çıxış edir. Digər tərəfdən isə, informasiyanın mənbəyi kimi qalmaqla
bərabər, özlərinin yaratdığı informasiyanın yayılması funksiyasını yerinə yetirirlər: noutbuk
vasitəsilə xəbər materiallarını və sair sosial şəbəkələrdə öz
akkauntlarına yerləşdirirlər. Özü də informasiyanın yaradılması və çox qısa vaxt ərzində
yayılması əksər hallarda eyni yerdə (məsələn, mobil rabitə şəbəkəsinin əhatə dairəsində olan
səngərdə və ya zirehli texnikanın kölgəsində) baş verirdi və indi də belədir. Bu isə, əlbəttə,
operativliyin zirvəsi sayılmalıdır. Bizim günlərdə texniki innovasiyalar elə səviyyəyə
çatmışdır ki, yanında günəş batareyası, adi noutbuk və mobil telefon olan hər bir insan,
praktik olaraq, elə həmin Liviyadan “qaynar” xəbərləri çatdıra bilər. Portativ günəş
batareyaları noutbukun işləməsi və telefonun yenidən doldurulması üçün enerji istehsal edir,
noutbukun materialın (həm mətn, həm də video şəklində) tərtib edilməsi üçün istifadə olunur,
sonra həmin materiallar adi mobil teıefon vasitəsilə İnternetə yüklənir və beləliklə, bütün
dünya üçün əlyetən olur. Göründüyü kimi, indi informatorlar praktik olaraq tamamilə
avtonom rejimində və subyektiv xarakterli əngəllərlə üzləşmədən, dünyanın istənilən
nöqtəsində işləyə bilərlər. Əlbəttə, bu cür operativlik informatorun və KİV-lərin eyni bi şəxsin
simasında təmsil edilməsi sayəsində mümkün olur. Həm də informasiyanın müəllifi və onu
yayan heç də həmişə peşəkar jurnalist olmur, əslində buna ehtiyac da yoxdur. Ona görə də biz
informatorla iş və bu işin operativliyinin artırılması məsələlərini başqa baxımdan-informasiya
xidmətləri bazarında mühüm yer tutan iri xəbər agentliklərinin, o cümlədən AzərTAc-ın
mövqeyindən araşdıracağıq. Belə agentliklərin fəaliyyəti mövzu dairəsinin məhdudluğuna
deyil, başqa əlamətlərə əsaslanır: informasiyanın yayılma dairəsinin daha geniş olması,
informasiyanın mənbələrinin və əldə edilməsi üsullarının müxtəlifliyi, mətbu və multimedia
məhsullarının peşəkar rejimdə çatdırılması və s.
İri agentliklərin real vaxt rejimində işləmək imkanı vardır. Məsələn, ən mühüm hadisələr
barədə məlumatlar cəmi bir neçə dəqiqə ərzində ünvan sahiblərinə daxil olur. Agentlik
-54-
informasiyanın auditoriyaya çatdırılması funksiyasını müstəqil şəkildə yerinə yetirir, yəni
informator informasiya mənbəyi kimi bu prosesdə iştirak etmir. Deməli, agentlik icranın
operativliyinə və səmərəliyinə də nəzarət edir. Buna görə də, agentliyin “qaynar” xəbərin
informatordan ona daxil olmasını necə sürətləndirə bilməsi daha vacib məsələdir. Çünki
burada birincilik amili xüsusi əhəmiyyət kəsb edir. Agentlik çalışmalıdır ki, informasiya ilk
növbədə ona çatdırılsın və rəqiblər həmin mənbəyə ondan daha əvvəl yol tapmasınlar, əks
halda, təzə xəbər rəqiblərin redaksiyasına sıza bilər. Bu, çox mühüm məqamdır, çünki xəbər
efirdə, yaxud İnternetdə yayılarkən həmişə bu məlumatı birinci yaymış KİV-ə istinad edilir.
Buna görə də xəbərin agentliyə daxil olması ilə onun veb-saytda və ya efirdə buraxılması
arasındakı vaxtı minimuma endirmək həm də neytral informatora müraciət etməklə
informasiyanı ondan almaq, beləliklə, bazarda rəqibləri qabaqlamaq çox vacibdir.
Agentliklər yeni yaranan vaxtlarda qəzet və jurnalları yalnız xronika və əsasən mətn
xarakterli, nadir hallarda fotomateriallarla müşayiət olunan rəsmi məlumatlarla təchiz
edirdilərsə, müasir dövrdə informasiya xidmətlərinin əhatə dairəsi və formaları xeyli
genişlənmiş, müxtəlifləşmişdir. Müasir agentliklər öz abunəçiləri üçün cari hadisələrin
xronikası və anonslarla yanaşı, analitik sorğu materialları, xüsusi informasiya da hazırlayır,
mətbuat konfransları keçirir, bəyanatlar verir, aksiyalar təşkil edirlər. İri və nüfuzlu agent-
liklər müxtəlif məzmunlu, dövriliyi və forması müxtəlif olan onlarca, yüzlərcə informasiya
məhsullarına, o cümlədən multimedia məhsullarına abunə təklif edirlər. Multimedianın
nailiyyətlərindən geniş istifadə olunması son məhsulu auditoriya üçün daha cəlbedici və
maraqlı edir. Buna görə də informatordan alınmış, çox vaxt cüzi olan məlumat əsasında daha
maraqlı və dolğun material yaradılması ilə yanaşı, həm də həmin materialın multimedia
məlumatına çevrilməsi, yəni alınmış informasiya əsasında xronika kadrlarından, bunlar
olmadıqda isə arxiv kino materiallarından istifadə edilməklə videosüjet hazırlanması vacibdir.
İnfoqrafikanın imkanlarından istifadə edilməsi sayəsində materiallar istehlakçılar üçün daha
maraqlı ola bilər. İşin bu hissəsi agentliyin malik olduğu təcrübədən, onun kadrlarının
peşəkarlıq səviyyəsindən və texniki imkanlarından asılıdır.
Eyni zamanda, daha bir mühüm amil ondan ibarətdir ki, “yarımfabrikat” şəklində xəbərin
multimedia məlumatına çevrilməsi prosesi müstəqil informatorun özünün imkanları və
peşəkarlığı sayəsində sürətlənə bilər. Məsələn, əgər informasiya mənbəyindən redaksiyaya
göndərilən material buraxılış üçün tam hazır olmasa da, zəruri videosüjetlər və şərhlər
vardırsa, bu proses xeyli sürətlənər. Belə halda “çiy materialın” işlənməsi üçün sərf edilən
vaxtın azalması yenə də agentliyin xeyrinə olacaqdır. Bundan əlavə, istehlakçılar da həmin
yenilikdən tez xəbər tutacaqlar.