Bütün bu saydığımız fəaliyyətlərin nəticəsi idi ki, 1917-ci
ildə (1-11 may) M.Ə.Rəsulzadənin də proqram xarakterli
məruzə ilə çıxış etdiyi Rusiya Müsəlmanları Qurultayında dil
və maarif məsələləri müzakirə olunarkən İ.Qaspıralının xatirəsi
şərəf və hörmətlə anılmış və dil xüsusunda qərar qəbul
edilmişdir: “Maarif və kültür işləri hər xalqın öz idarəsində
yürüdülür. İbtidai məktəblərdə təhsil dili olaraq, hər qəbilənin
öz ana dili işlədilir, orta məktəblərdə ümumi türk dilinin
işlədilməsi məcburidir. Yüksək məktəblərdə də təhsil dili türk-
tatar qəbilələri üçün ortaq olan türk dili olacaqdır” (141, s. 60).
Lakin dil və kültür birliyi siyasəti heç də bütün türk ziyalıları
tərəfindən birmənalı qarşılanmamışdır. Bir çoxları bu ideyaya
qarşı çıxmış və hər cür təhsilin qəbilələrin, qövmlərin danışdığı
ləhcədə və ya şivədə olmasını müdafiə etmişlər. H.Zərdabi və
İ.Qaspıralı tərəfindən irəli sürülmüş dil birliyi ideyasının ən
etibarlı və ardıcıl tərəfdarları Türkiyədə Hüseyn Kazım Kadri bəy,
Ziya Gökalp bəy, Rusiya türkləri içərisində isə Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, Ə.Topçubaşov, Y.Akçuraoğlu və M.Ə.Rəsulzadə
kimi türkçülər
olmuşlar ki, heç şübhəsiz, bu ziyalılar içərisində də
məsələyə fərqli yanaşmalar var idi. Məsələn, Y.Açkura, Ə.Ağa
oğlu və Ə.Hüseynzadə bir az da irəli gedərək dil, fikir və kültür
birliyi ilə yanaşı türklər arasında əsgəri və siyasi birlik fikrini də
müdafiə edirdilər. Lakin Ənvər Paşanın aqibətini gördükdən
sonra, siyasi baxımdan yanıldıqlarını başa düşmüş, Ziya Göyalp
və onun məsləkdaşlarına qatılaraq Türk Milli Mücadiləsini və
onun öndəri Qazi Mustafa Kamal Paşanı bütün gücləriylə
dəstəkləmişlər (141, s. 70-71).
Bütün hallarda Azərbaycan ziyalılarının dil probleminə
münasibətində S.C.Əfqani və İ.Qaspıralının təsiri açıqca hiss
olunmaqdadır. Dilin milli birlik və tərəqqidəki rolunu Ş.C.Əfqani
belə dəyərləndirirdi: “Əgər dil birliyi olmasa, milli vəhdətin
həqiqi mahiyyəti və həyat gücü ola bilməz. Dil birliyi insanlar
arasında çox mühüm əhəmiyyət kəsb edən əsas əlaqə vasitəsidir.
O, müxtəlif məzhəbə qulluq edən tayfaları, müxtəlif arzularla
118