Mövzu №4. Tərbiyəçi şəxsiyyəti və pedaqoji ustalıqda onun yeri
Tərbiyəçi peşəsinin professioqramı
“Əgər məndən soruşsalar ki, ən şərəfli peşə hansıdır, mən o zaman iftixarla deyərdim:–Tərbiyəçilik!”
H.Zərdabi
Peşələr aləmi geniş və rəngarəngdir. Bunlar həyatın tələbi ilə yaranmış, meydana çıxmış peşələrdir. Onların içərisində müəyyən vaxt ərzində mövcud olmuş, lakin öz həyatını yaşayaraq köhnəlmiş, tarixin arxivinə verilmiş peşələr də çox olmuşdur. Elə peşələr də olmuşdur ki, onlar cəmiyyətin inkişafı ilə əlaqədar yeniləşmiş, modernləşmiş, yeni məna və əhəmiyyət kəsb etmişdir. Lakin elə peşələr, sənətlər vardır ki, onlar lap qədimlərdə yaranmış, inkişaf etmiş, formalaşmış, bütün dövrlər üçün zəruri mahiyyət kəsb etmiş, nüfuzlu, hörmətli və şərəfli bir peşə kimi bu gün də öz şərəfini, hörmətini saxlamışdır. Belə peşələrdən biri, bəlkə də, birincisi Tərbiyəçi peşəsidir.
Digər peşələr və ixtisaslar kimi Tərbiyəçi peşəsinin də özünəməxsus xüsusiyyətləri çoxdur. Əvvəla, ona görə ki bu peşə “insan – insan” peşələr qrupuna daxil olub, insanların bir-birinə təsir etməsidir. Onun əsas mahiyyəti böyüyən nəsli gələcəyə, həyata hazırlamaqla müşayiət olunur. İkincisi isə, bu peşə onu seçəndən bütün ömrü boyu öyrənmək, yeniləşmək, dövrün tələbləri ilə ayaqlaşmaq tələb edir. Buna görə də onu sevən, seçmək istəyən hər bir gənc onun xüsusiyyətlərini bilməli və bu peşə haqqında dərin məlumata malik olmalıdırlar. Belə məlumat mənbələrindən biri Tərbiyəçi peşəsinin professioqramıdır.
Professioqram – İnsana təqdim olunmuş hər hansı peşənin spesifik xüsusiyyətlərini və bu sahədə peşəkar fəaliy-yətə dair tələbləri əks etdirən əlamətlər sistemidir. Tərbiyəçi peşəsinin professioqramı bu baxımdan uşaqlər üçün əsas məlumat mənbəyi kimi dəyərlidir.
Bir nümunəni nəzərdən keçirək.
Cəmiyyətdə Tərbiyəçilik peşəsinin əhəmiyyəti və yeri. Tərbiyəçi gələcək cəmiyyətin memarı və qurucusudur. Tərbiyəçi gənc nəslin tərbiyə olunması, onların gələcək həyata hazırlanması kimi nəcib və şərəfli bir işi yerinə yetirir. Tərbiyəçi bu gün yaşayır, işləyir, bu işi ilə gələcəyi qurur. Yaxşı deyilmişdir: “Bağ bağbansız keçinə bilmədiyi kimi, bəşəriyyət də Tərbiyəçisiz keçinə bilməz” (S.M.Qənizadə). Cəmiyyət öz gələcəyini məhz onlara etibar etdiyindən Tərbiyəçi peşəsi cəmiyyətdə ən şərəfli və ali məqsədlərə xidmət edən peşələrdən biri sayılır.
Vətənimizin insanlıq tarixinin gələcək səhifələrinin yazılmasında Tərbiyəçinin öz yeri və öz rolu vardır. Çünki gələcək cəmiyyətin necəliyi Tərbiyəçidən çox asılıdır. Bu baxımdan Tərbiyəçi peşəsi ən məsuliyyətli peşələrdən biridir. Məhz buna görə də dövlətimiz hər vasitə ilə Tərbiyəçilərin sosial və mədəni həyatını diqqət mərkəzində saxlayır və bu sahəyə qayğını artırır.
Əmək növü: Tərbiyəçi peşəsi “insan – insan” peşələr qrupuna daxildir. Bu qrupun əsas əlaməti nitqdən ünsiyyət kimi istifadə edilməsidir. Burada “əmək aləti” rolunu Tərbiyəçinin nitqi oynayır. Bu qrupda fəaliyyət insanların ünsiyyəti əsasında qurulur.
Dostları ilə paylaş: |