Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə6/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   83
az dili

Fakültə: Pedaqoji
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Kurs: I
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Xuraman Hacizadə
Mövzu: Akademik kommunikasiya. Akademik yazı mədəniyyəti
Qloballaşmanın, informasiya-kommunikasiya sisteminin özü ilə gətirdiyi yenilik və üstünlüklərdən biri də elm və təhsil sahəsində yanaşmaların, standartların vahid bir forma alması (unifikasiyalaşması) və bunun tez bir zamanda yayılaraq dünya elm ictimaiyyəti tərəfindən fəal istifadə olunmasıdır.
Hazırda informasiya-kommunikasiya texnologiyalarının sayəsində müxtəlif xarakterli elmi tədbirlər – konfrans, simpozium, konqres və s. haqqında dünya elm ictimaiyyətini operativ olaraq məlumatlandırmaq və bu toplantılarda onların iştirakını təmin və təşkil etmək əvvəlki dövrlərlə müqayisədə qat-qat asanlaşıb. Bu kontekstdə beynəlxalq elm və təhsil məkanına inteqrasiya etmək zərurəti yaranır. Beynəlxalq elm və təhsil sisteminə inteqrasiyada tərəflərin bir-birini anlaması üçün dünyanın bir çox qabaqcıl universitet və təhsil mərkəzlərində qəbul olunmuş standartlara bələd olmaq lazımdır.
Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr imzalanmışdır. Azərbaycan alimləri və tədqiqatçıları, həmçinin doktorant, magistr və tələbələr beynəlxalq elmi tədbirlərə qatılır, çıxışlar edir, ölkəni tanıdır, elmi əməkdaşlıq əlaqələri qururlar. Bu əlaqələrin nəticəsi kimi, alimlərimiz, həm də beynəlxalq jurnallarda məqalələr dərc etdirir, xarici həmkarları ilə birgə layihələr və əsərlər üzərində işləyirlər. Təbii ki, əməkdaşlıq prosesində beynəlxalq elm və təhsil məkanındakı qayda və standartlarla tanışlıq baş verir, sistemlərarası fərqlər aşkarlanır. Uzun müddət Sovet təhsil sistemində tətbiq olunan qayda və normalar bir sıra hallarda beynəlxalq təhsil məkanında qəbul edilmiş analoji standartlara uyğun gəlmir. Bunlardan biri də akademik yazı qaydalarıdır.
Yazının ən başlıca xüsusiyyəti onun qalıcı və sənəd xarakterli olmasıdır. Başqa sözlə, məhz bu özəllikləri sayəsində yazılı materiala dönə-dönə qayıtmaq və ondan faydalanmaq mümkündür. Bu xüsusiyyət istifadəçilər üçün faydalı olmaqla yanaşı, həm də yazı müəllifindən böyük məsuliyyət tələb edir. Xüsusilə əgər söhbət alimin yazdığı mətn və ya materialdan gedirsə. Alim sözünə hər zaman inam və güvən olmuşdur. Bu güvəni qazanmaq yetərli deyil, onu həm də qorumaq və itirməmək lazımdır. Savadlı və yaxşı təşkil olunmuş yazı bunun ən sınanmış yollarındandır.
İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində yazmaq meyilləri də çoxalıb. Sosial media sıravi vətəndaşların İnternetə çıxışına unikal şərait yaradır, onları çağdaş kommunikasiya vasitələrinin fəal istifadəçisinə çevirir. Ənənəvi mediaya çıxışı daha çətin və çoxpilləli, bəzən isə qeyri-mümkün sayan insanlar öz axtarışları və tapıntıları haqqında məlumatları bloq yaratmaq və yazdıqlarını orada paylaşmaqla fikir mübadiləsini həyata keçirmiş olurlar. Təbii ki, bu istifadəçilər arasında elm adamları da çoxluq təşkil edirlər.
Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir, daha dəqiq ifadə etmək lazım gələrsə, onun özəlliyini müəyyənləşdirən meyarlardan biridir. Universitetdə təhsil alanlar və ya işləyənlər kurs işi, diplom işi (hazırda bu, buraxılış işi adlanır) və bu tipli oxşar işlər yazırlar. Sözsüz ki, elmi iş yazmaq tapşırığı alan tələbə və ya gənc tədqiqatçılar təşviş və narahatlıq hissləri keçirirlər. Elmi iş yazmaq gənc insanda bu tapşırığın öhdəsindən gələ bilməyəcəyi qənaətini yaradır. Ona elə gəlir ki, bu, keçilməz meşəyə düşmək və ya ucu-bucağı görünməyən bir okeanın ortasında təkbaşına qalmaq qədər müşkül və məşəqqətli işdir. Məsələnin öhdəsindən gəlmək üçün tələbə və ya gənc tədqiqatçının ilk cəhdi daha təcrübəli adamlardan kömək ummaq, məsələn, yuxarı kurslarda oxuyanların və ya bu yollardan keçmiş həmkarlarının fikrini soruşmaq, proses haqqında təsəvvür yaratmaq olur. Kitabxanalara gedib hazır buraxılış işlərini vərəqləmək, onların yazılma qaydaları, quruluşu haqqında məlumat toplamaq da çıxış yollarından biri sayılır. Qeyri-müəyyənlik, müəllim və professorların yanında biliksiz, hazırlıqsız görünmək qorxusu nə qədər gənci elmi iş yazmaq istəyindən daşındırır. Maraqlısı budur ki, bəzi tələbələrin bu sahədəki passivliyi professor-müəllim heyəti tərəfindən tez-tez təndiq olunur. Lakin bu tənqid və danlaq məsələnin həllinə kömək etmir, çünki hər il, xüsusilə yay sessiyalarında tələbələr buraxılış işlərini müdafiə və ya semestrarası dövrlərdə kurs işlərini təqdim edərkən vəziyyətin dəyişməz olaraq qaldığını görürük. Bəs səbəb nədir? Bunun çox sadə cavabı var: akademik və ya peşəkar yazı qaydalarının nə məktəblərdə, nə də universitetlərdə ayrıca bir fənn kimi öyrədilməməsi.
Akademik yazı qaydalarına bələd olmaq, həm də dünya elm sisteminə inteqrasiya olmaq, orada qəbul olunmuş standartları mənimsəmək və onun effektlərindən yararlanmaq deməkdir. Bütün dünyada elmi işlərin standart bir yazılma forması var. Həmin meyarlara uyğun gəlməyən işlər beynəlxalq elmi jurnallar tərəfindən qəbul edilmir. Akademik yazı qaydalarına əməl etmək savadlılıq, mədəniyyət və məsuliyyətin göstəricisidir. Hazırda yazı mədəniyyəti ilə bağlı orta və ali təhsil müəssisələrində müəyyən problemlər var. Bunlardan biri budur ki, bir sıra obyektiv səbəblərdən bəzi elm adamlarının beynəlxalq akademik yazı qaydaları haqqında təsəvvürləri o qədər də geniş deyil, bəzən isə yetərincə məhduddur. Bu isə, hər şeydən əvvəl, Sovet təhsil sistemində formalaşmış yazı standartlarının post-Sovet ölkələrində hələ də prioritet mövqeyə malik olması amili ilə bağlıdır. Digər səbəblərdən biri də, heç şübhəsiz ki, dil amilidir. Bir zamanlar latın dili elm dili sayıldığı kimi, çağdaş dünyada ingilis dilinin bu statusa yüksəlməsi faktı çoxlarımıza bəllidir. Bu səbəbdən də dünya elm sistemində baş verən proseslər haqqında məlumat, əsasən, ingilis dilində paylaşılır. Dil biliyi bu zəngin mənbələrdən istifadə etməyə imkan verməyən şəxslərin bir çox yeniliklərdən kənarda qalması ehtimalı böyükdür. Lakin beynəlxalq elm və təhsil sistemində tətbiq olunan qayda və standartlar haqqındakı informasiyanın tərcümə olunaraq yerli şəraitə uyğunlaşdırılması bu problemi həll edə bilər.
Elmi iş (tezis, məqalə, dissertasiya və s.) yazmaq mədəniyyətinin formalaşması və davamlı tətbiqi üçün akademik kommunikasiyanın inkişafı təxirəsalınmaz məsələlərdən biridir. Tələbə, magistrant, doktorant və gənc tədqiqatçılar öz elmi fikirlərini yazılı formada çatdırmanın müasir üsulları və formaları haqqında ətraflı məlumatlandırılmalıdırlar. Bu, həm onların öz gələcək karyeralarını qurmaqda, həm də beynəlxalq elm və təhsil məkanına maneəsiz qoşularaq ölkəmizi layiqincə təmsil etmələrinə şərait yaratmış olar.
Şəxsi məzmunlu yazışmadan fərqli olaraq, akademik yazıda proses xeyli fərqli olur. Birincisi, burada konkret yazı strukturu tələb olunur. Məsələn, giriş, əsas hissə və nəticə. Bu sadə strukturu bütün akademik yazı formatlarında görmək olar. Akademik yazıda giriş paraqrafı oxucunu mövzunun ümumi xarakteri ilə tanış edir, daha sonra isə müraciət edilən mövzu yazının əsas hissəsində müzakirə edilir və qiymətləndirilir. Girişdə çox qısa və aydın şəkildə, mövzu ilə bağlı mövqe, məsələyə münasibət bir - iki cümlədə bildirir, daha sonramüəllifin mövqeyi yazınızın əsas hissəsində bir neçə paraqrafda işıqlandırılır və ya ətraflı şəkildə izah edilir. Nəhayət, son paraqrafda – nəticədə qeyd edilən əsas məqamlar, fikirlər yekunlaşdırılır. Əlbəttə ki, bütün məqamlar əhatə olunmaya bilər. Nəticə ilə əlaqəli tövsiyə xarakterli paraqraf isə yazını müraciət edilən mövzu ilə bağlı gələcək fikirlərə yönəltmək, akademik yazı işinin gələcəkdə daha fərqli aspektlərdə işlənməsi üçün önəmli rol oynayır. Ümumiyyətlə, bir qayda olaraq, ali təhsil müəssisələrində yazılan akademik işlərdəki formatlara qısaca nəzər salsaq, aydın olur ki, onlarda formal struktura riayət edilir. Akademik yazı ilə digər yazı janrları arasında ikinci fərq isə nəşr edilmiş yazılardan gətirilən sitatlara bağlıdır. Əgər akademik yazıda hər hansı bir arqument irəli sürülürsə, fikri mövzu üzrə yazı nəşr etdirmiş bir və ya bir neçə müəllifin mövqeyi ilə əlaqələndirərək əsaslandırmaq lazım gəlir. Əslində, digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının əsas şərtlərindən biridir, çünki bu, müəllifin mövzu ilə əlaqədar ədəbiyyatı oxuduğunu, ideyaları anladığını, bu ideyalar və digər müxtəlif perspektivlərdən öz yazı işində istifadə etdiyini göstərir. Akademik yazıda hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya (durğu işarələrinə) və qrammatik standartlara əməl edilməlidir. Çünki, oxucu, böyük ehtimal ki, akademik yazı müəllfindən fərqli bir şəxsdir və yazanın nəyə işarə etdiyini heç də hər zaman bilməyə bilər. Bu səbəbdən də, fikirləri yazıda aydın ifadə etmək çox önəmlidir. Düşüncənin ifadə olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq olmaq üçün punktuasiya, eyni zamanda, qrammatik qaydalar akademik yazıda böyük önəm daşıyır. Ənənəvi olaraq, akademik mövzular konkret və fiziki forması olmayan ideya və anlayışlar kimi mücərrəd məfhumlara əsaslanmışdır. Bir sıra akademik mövzuların mücərrəd strukturuna baxmayaraq, yenə də konkret sözlərdən istifadə etməklə, mücərrəd ideyaları və onlar arasındakı münasibətləri izah etmək olar. Adətən, akademik yazı mücərrəd ifadələri və onların komponentlərini, onların digər mücərrəd ifadələrlə əlaqəsini aydın təsvir etməyi tələb edir. Hətta iqtisadiyyat, kompüter elmləri kimi praktik yönümlü fənlər belə, akademik öyrənmə və praktikada proses və hadisələrin təməlində duran müxtəlif nəzəriyyələrə, anlayışlara və digər mücərrəd ideyalara baş vurmağı tələb edəcək. Buna görə də, akademik yazının mahiyyəti də bir çox praktik və sosial yönümlü yazı işlərindən fərqlənir. Bu, ona görədir ki, akademik yazı tapşırıqları onların mahiyyətində duran, hadisələrin təməlində yatan prinsip, nəzəriyyə və anlayışlara baxmağı tələb edir. Akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır. Deməli:
1. Akademik yazı öz qayda və təcrübələri istifadə edilən ədəbiyyatlardan gətirilmiş sitatlarla dəstəklənən ideyaların təqdimatında müəyyən bir formal ardıcıllıq və ya struktura əsaslanmağa kömək edə bilər.
2. Akademik yazıda punktuasiya, qrammatika və orfoqrafiyanın ənənəvi qaydalarına əməl edilir.
3. Nəhayət, akademik yazı bir sıra digər şəxsi yazı formalarından fərqlidir, çünki o, təməl nəzəriyyələrlə bağlıdır, gündəlik həyatda idarəedici proseslərə və təcrübələrə səbəb olur.
Ümumiyyətlə, yazı işləri mövzu üzrə daha dərin anlayışa sahib olmağa kömək edir. Bu işlər hər hansı bir mövzunu daha dərindən və analitik şəkildə araşdırmaq imkanı yaradır.
Yazı işləri insanı daha fəal öyrənməyə təşviq edir.Bu işlər bilik və anlayışları, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığını oxucuya nümayiş etdirmək üçün bir vasitədir.
Unutmaq olmaz ki, akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil. Onlar düşünmə və planlaşdırma tələb edir, ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, yazanın öz rəylərini formalaşdırmağa imkan verir. Akademik yazı fikirləri onları aydın şəkildə təqdim edə bilən arqumentlərə çevirməyi tələb edir. Eyni zamanda, akademik yazıda cümlələrin mümkün qədər aydın yazılması zəruridir, çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir. Nəhayət, yazı işləri düşünmə, yazma və qiymətləndirmə bacarıqlarını gücləndirmək imkanı yaradır.


Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə