Mühazirə Müasir diplomatiya beynəlxalq münasibətlərin tənzimlənməsi vasitəsi kimi


Müasir və ənənəvi diplomatiyanın səciyyəvi xüsusiyyətləri



Yüklə 68,7 Kb.
səhifə2/3
tarix27.12.2023
ölçüsü68,7 Kb.
#162236
növüMühazirə
1   2   3
M.D. muhazire 1 - Copy

Müasir və ənənəvi diplomatiyanın səciyyəvi xüsusiyyətləri
Diplomatiya tarixinin predmeti diplomatiya ilə müəyyən olunur. Lakin, diplomatiyaya dair çoxsaylı ədəbiyyatda, hələlik, hamı tərəfindən qəbul edilən vahid tərif yoxdur. Diplomatiya “diplom” sözündən olub yunan dilində diploma – ikiqat yığılmış sənədlər deməkdir.
İlkin mənada diplomat - «diplomu» olan şəxs demək idi. Qədim Romada yunan terminologiyasına körə «diplom» - əyalətə və ya xaricə göndərilən rəsmi şəxslərə senat tərəfindən verilən zəmanət və ya etimadnaməyə deyilirdi.
Diplomatiya və diplomatik anlayışlar isə XVII əsrdən tətbiq edilib. Lakin “diplomatiya” anlayışı müasir anlamda ilk dəfə Fransız diplomatı Fransua Kalyerin 1716-cı ildən çap olunmuş kitabında(“Hökmdarlarla danışıqlar aparılması üsulları”) istifadə edilib. Diplomatiya beynəlxalq münasibətlər elmi, dövlətlərin xarici siyasəti qarşısında duran məqsəd və vəzifələri dinc yol ilə hayata keçirən danışıqlar sənətidir. Buradan beynəlxalq münasibətlər və diplomatiya arasındakı mühüm əlaqə ortaya çıxır. Diplomatiya özlüyündə beynəlxalq münasibətlər üzərində “üstqurum” kimi çıxış edir.
“Diplomatiya” və “müharibə” anlayışları bir-birlərinə zidd anlayışlardır. İkili və ya beynəlxalq problemlərin və qaşıdurmaların gücdən istifadə etmədən, sülh yoluyla həll edilməsində “diplomatiya” üsulu tətbiq olunur. Diplomatiya uzlaşma sənətidir. Diplomatiya tədqiqatçıları, ümumiyyətlə, XX əsrin əvvəllərinə qədər tətbiq olunan diplomatiya üsulunu “köhnə” və ya“ənənəvi” diplomatiya; I Dünya Müharibəsinin sonundan etibarən tətbiq olunan diplomatiya üsulunu isə “yeni” və ya “müasir” diplomatiya adlandırırlar. Diplomatiyanın bu cür təkamülünü “ənənəvi” və “müasir” olaraq 2 dövrə bölmək doğru deyil,çünki indiki dövrdə həm “ənənəvi” həm də “müasir” diplomatiya üsulları, yanaşı və bir-birlərini tamamlamaqla istifadə edilir. Dövlətlərin bir başa milli mənfəətlərini maraqlandıran problemlərin həllində, ümumiyyətlə “ənənəvi” yəni ikili diplomatiya üsulunun birdən çox dövləti maraqlandıran problemlərin həllində isə “müasir” və ya çoxtərəfli diplomatiya üsulunun tətbiq edildiyini müşahidə etmək olar.
Yuxarıda qeyd etdiyimiz kimi I Dünya Müharibəsinə qədər davam edən dövrü diplomatiya tədqiqatçıları “ənənəvi diplomatiya” kimi xarakterizə edirlər. Bu dövrün ən diqqət çəkən xüsusiyyəti dövrə güc tarazlığı damğasının vurulması idi. Belə ki, sözü gedən dövrdə müharibə baş verə biləcək bir hadisə idi. Dünya Müharibəsi ilə birgə istər ənənəvi diplomatiya, istərsə də bu müasir diplomatiya içərisində müharibə anlayışının həm mənası, həm də məzmunu geniş anlamda dəyişmişdir. Xüsusilə, Vudro Vilsonun 14 Məddəsinin ilk maddəsi ilə birgə diplomatiya yenidən açıq xarakter daşımağa başlamışdır. Əslində “müasir diplomatiya ” kimi xatırlanmağa başlayan bu açıq diplomatiya növü bir qədər də ənənəvi diplomatiya kimi irəli sürülən gizli diplomatiyaya reaksiya olaraq meydana gəlmişdir. Lakin tətbiqdə kiçik bir fərqlə, ənənəvi Yunan şəhər-dövlətlərinin əksinə “gizli görüşlər,açıq müqavilələr” şəklində özünü göstərdi. Digər tərəfdən, ənənəvi Yunan şəhər-dövlətlərində olduğu kimi açıq görüşlər,açıq müqavilələr şəklində deyildi. Hətta bu yeni diplomatiya, açıq müqavilələrlə birlikdə ictimaiyyətə açıqlanmayan gizli maddələri də özündə ehtiva etməkdə idi. Bu baxımdan, əslində “açıq diplomatiya, keçmişini xatırladan amma bu keçmişi heç cür tam olaraq yaşada bilməyən” bir nağıl idi. Buna görə də, görüşlərin gizli icra edilməsi amma müqavilələrin açıq şəkildə imzalanması qərara alınmışdır.
Ənənəvi diplomatiyanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri gizlilikdir. Gizlilik dedikdə, diplomatik görüşlərin inkişaf formasının və nəticələrinin ictimaiyyətə açıqlanmaması nəzərdə tutulur. Buna görə də I Dünya Müharibəsinin başlanmasına qədər beynəlxalq siyasət və diplomatiya bir növ “saray siyasəti” xüsusiyyəti daşıyırdı. Yəni diplomatik əlaqələr çox vaxt şəxsən hökmdarlar tərəfindən icra edilirdi. Xarici ölkələrə göndərilən diplomatlara da hökmdarın fərdi nümayəndəsi gözü ilə baxılırdı. Bu ənənəvi diplomatiya növündə yalnız diplomatik görüşlərin deyil, əldə edilən nəticələrində açıqlanmaması və ya gizli tutulması getdikcə sazişlərin və müqavilələrində gizli bağlanmasıyla nəticələnirdi. Bəzən bir bölgənin xalqı başqa bir dövlətin tabeliyinə keçdiyini sonradan öyrənirdi. Bu tip diplomatiyaya qarşı ən böyük reaksiya ABŞ prezidenti Vudro Vilsondan gəlmişdir. I Dünya Müharibəsindən sonra bağlanacaq açıq müqavilələrdən söhbət gedirdi. Həqiqətən də, XX əsrdə demokratiyanın inkişafı xalq kütlələrinin rəhbərlik ilə əlaqədar problemlərə getdikcə daha böyük nisbətdə qarışması kimi səbəblərlə əlaqədar diplomatiya ənənəviyə nisbətən daha açıq xarakter daşımağa başlamışdır. Lakin bununla birlikdə istər diplomatik inkişaf, istərsədə tərəflər arasında əldə edilən razılıqlar baxımından haqqında danışılan bu nisbi “açıqlığı” çox da şişirtməmək lazımdır.
Tarixdə diplomatiyanın meydana çıxdığı ilk forma hazırda “ad hoc diplomatiya” adlandırılır. Hələ daimi elçi olmayan diplomatiya nümayəndələri müəyyən vəzifələri yerinə yetirmək üçün seçilirdilər və verilən vəzifəni yerinə yetirdikdən sonra öz ölkələrinə geri dönürdülər. Bu diplomatiya növü ilk dəfə ənənəvi Yunan şəhər-dövlətlərində meydana gəlmişdir. Daimi diplomatiya ünsürlərinin meydana çıxdığı dövrə, dövrün məşhur italiyan filosofu Makiavellinin diplomatiya haqqında fikirləri öz damğasını vurmuşdur. Belə ki bu ünsürlər yazılı olmayan qaydalarda belə özünü göstərirdi. Məsələn, o dövrdə iki illiyə xarici ölkələrə təyin edilən elçilər, dedi qoduya yol verməmək üçün xanımlarını özləri ilə aparmırdılar. Ancaq zəhərlənmə ehtimalına qarşı aşbazlarını yanlarından heç vaxt əskik etmirdilər və aşbazlarıda mütləq kişi olurdu. Dövrün elçilik rütbəsinə qəbul xüsusilə zəruri idi və elçilər təyin edildikləri ölkələrin xalqları tərəfindən casus kimi qəbul edilirdilər. Əslində bu, müəyyən mənada doğru idi. Çünki nə qədər elçinin ilk vəzifəsi ona verilən buyruqları təyin edildiyi ölkəyə çatdırmaq olsa da, ikinci vəzifəsi, həmin ölkənin hərbi, iqtisadi və mədəni fəaliyyətləri ilə əlaqədar öz ölkəsinə xəbər vermək idi. Bir sözlə, sözü gedən dövrdə, elçilərin casusluq etməyi, təyin edildikləri ölkələrin daxili işlərinə qarışması və bunların ucbatından da zəhərlənməsi adi hal idi. Ən mühüm cəhətlərdən biri də o idi ki, diplomatiya peşəsi “aristokratik” xarakter daşıyırdı. Ənənəvi diplomatiyada diplomatlar ümumiyyətlə müəyyən bir ictimai təbəqədən seçilirdi və qohumluq əlaqələri bu peşədə çox böyük rol oynayırdı.
Ənənəvi diplomatiyanın digər bir forması “qapalı diplomatiyadır”. Beynəlxalq əlaqələr və diplomatik yazışmaların başqa ölkələrə qarşı qapalı və gizli şəkildə icra edildiyi diplomatiya növüdür. Bu daha çox XVIII və XIX əsr Avropa diplomatiyasında sıx rast gəlinən bir tərzdir. Saray diplomatiyası kimi də adlandırılan bu tərz fəaliyyətdə diplomatik addımların hər mərhələsi xaricə qapalı şəkildə davam etdirilirdi. Hazırda təzyiq qruplarının sıxlığı, demokratik inkişaf və ünsiyyət sahəsindəki səviyyə nəzərə alınarsa, ənənəviyə görə daha açıq bir diplomatiya icra edilsədə, diplomatik fəaliyyətin açıq və ya qapalı olmasının fayda və qorxuları əhəmiyyətli bir mübahisə mövzusudur. Diplomatiyanın bağlı qapılar arxasında təyin olunması,geniş kütlələrin əleyhinə bəzi qərarlar qəbul edə bilməni mümkün edir. Diplomatiyaya zidd olan, xüsusilə,kritik problemlərin həllində tətbiq olunan gizlilik diplomatik zərurət hesab edilir.Diplomatiya qədim dövrdə açıq (diplomatiya) olaraq başladığı macərasını müasir dövrdə yenə açıq (diplomatiya) olaraq davam etdirir. Lakin bu açıqlıq təkamülə məruz qalmışdır.Beləliklə, qədim Yunan şəhər-dövlətlərində açıq görüşlər və açıq müqavilələr şəklində başlayan diplomatiya böyük nisbətdə açıq müqavilələr, lakin gizli görüşlər şəklində dəyişmişdir.
İndiki dövrdə ənənəvi diplomatiyanın bir forması olan ikili diplomatiya ilə yanaşı çoxtərəfli xüsusiyyətə malik “parlamentar diplomatiya” da sıx tətbiq edilməyə başlamışdır. Lakin bu diplomatiya üsulu daha çox dövlətlərin milli mənfəətlərini maraqlandırmayan ortaq problemlərin həllində beynəlxalq konqreslər və qlobal forumlarda istifadə edilir. Bu baxımdan ictimaiyyətə açıq olaraq icra edilən bu diplomatiya növündə daha çox həmin dövlətlərin siyasətlərinin təbliğatı aparılır.Lakin ölkələrin milli mənfəətlərini maraqlandıran əhəmiyyətli mövzular daha çox kiçik salonlarda, görkəmli restoranlarda və ya dar koridorlarda dövlət nümayəndələri tərəfindən rəhbərlik edilən qeyri-rəsmi görüşlərdə dilə gətirirlər ki, buna isə “səssiz diplomatiya” deyilir. Səssiz diplomatiyada istifadə edilən üsullar daha çox ənənəvi üsulları özündə ehtiva edir və bu baxımdan gizli diplomatiyanın bir alt qrupu kimi qiymətləndirilə bilər.
Yeni diplomatiyanın qazandığı bir başqa xüsusiyyətsə mətbuat ilə qurduğu yaxın əlaqədir. Hətta “diplomatiyanı, mətbuat –nəşr orqanlarının qarşısında icra edilən bacarıq və hünər” adlandırmaq səhv bir ifadə sayılmaz. Buna görə də, gündəlik mətbuat və nəşr orqanlarını, yazılı və vizual medianı izləmək diplomatların ilk vəzifəsi hesab olunur. Qaldı ki, mətbuat və nəşrin xalqın şüurlandırılması və formalaşdırılmasında çox böyük bir rolu olduğu hər kəs tərəfindən qəbul edilən bir gerçəkdir.
Xüsusiyyəti bu istiqamətdə dəyişən diplomatiya, növ baxımından da ciddi bir dəyişikliyə uğramış, bəzilərinə görə isə böyük bir zənginlik qazanmışdır. Beləliklə, keçici bir şəkildə “”ad hoc olaraq fəaliyyətə başlayan diplomatiya, ortaq problemlərin artması ilə birlikdə çoxtərəfli bir xüsusiyyət qazanmış, daxildə fərdi diplomatiyanın da əhəmiyyətli olduğu ənənəvi diplomatiya yerini müasir diplomatiyaya vermişdir. İndiki dövrdə isə açıq diplomatiyanın bir nümunəsi olan və BM-də istifadə edilən “parlamentar diplomatiyanın” əhəmiyyəti getdikcə artmaqdadır. Lakin belə bir sual ortaya çıxır: Diplomatiyanın açıqlıq xüsusiyyəti əhəmiyyət qazandıqca diplomatiyanın, son məqsədi olan uzlaşmanı reallaşdırma qabiliyyəti də artırmı? 1962-ci il Kuba Böhranının və 1979-cu il Kemp Devid Sazişinin görüşlərinin gizli olaraq icra edildiyini, uzlaşmanın ancaq müəyyən bir yetkinliyə çatdıqdan sonra açıqlandığını və ictimaiyyətə əvvəldən açıqlandıgına görə Amerikanın 1963-73-cü illər Vyetnam müharibəsində çətin anlar yaşandığı nəzərə alınarsa bu sual həqiqətəndə müzakirə edilməyə layiqdir və mütləq müzakirə edilməlidir.
Müasir Diplomatiya 18 əsrlik klassik diplomatiyadan əsaslı sürətdə fərqlənir. Müasir diplomatiyanı ənənəvi diplomatiyadan fərqləndirən başlıca səciyyəvi xüsusiyyətlər kimi aşağıdakıları qeyd edə bilərik:

  1. Danışıqlar prosesinin rolunun artması və çoxtərəfli diplomatiyanın meydana çıxması. Əgər əvvəllər danışıqlar ənənəvi olaraq ikitərəfli əsasda dövlətlər arasında baş tuturdusa, hazırda beynəlxalq təşkilatların daxilində və üçüncü dövlətlərin iştrakı ilə danışıqların əhatə dairəsi genişləndirilmişdir.

  2. Yüksək səviyyədə həyata keçirilən diplomatiyanın rolunun artması. XX əsrin ikinci yarısından etibarən diplomatiyanın bu formasının yayılması beynəlxalq vəziyyətin dəyişməsində rol oynamış, vacib məsələlərin dar çərçivədən kənarda müzakirə olunmasına şərait yaratmışdır. Digər tərəfdən bu tip danışıqlarda dövləti təmsil edən yüksək vəzivəli şəxslər olduğundan qəbul olunmuş qərarların yerinə yetirilməsi imkanı daha da artmışdır. Eyni zamanda informasiyanın birinci əldən alınması, fikir mübadiləsi məsuliyyəti artırmış və səhv etmək imkanını azaltmışdır.Bu diplomatiyanın ən bariz nümunəsi kimi 1962-ci il Kennedi və Xruşovun Karib böhranı ilə bağlı olan danışıqlarını qeyd etmək olar. Lakin bu diplomatiyanın mənfi cəhəti şəxsi simpatiya və antipatiyaların danışıqlar prosesinə daha çox təsir göstərməsidir.

  3. Beynəlxalq münasibətlərin xarakterinin dəyişməsi diplomatiyadan adekvat cavab tələb edir: Beynəlxalq arenaya yeni dövlətlərin çıxması, Vestfal sisteminin tənəzzülü və qeyri-dövlət aktorlarının sayının artması diplomatik fəaliyyətə də təsir edir. Bu proseslər diplomatiyadan cəld və adekvat transformasiya olunmağı tələb edir.

  4. Konflikt və böhran vəziyyətlərinin tənzimlənməsi. Bu müasir diplomatiyanın əsas vəzifələrindən biridir. Soyuq müharibədən sonra dünyanın bir çox bölgələrində müşahidə olunan etnik, dini və milli konfliktlər bu sahədə nəzəri və praktiki fəaliyyətin aparılması və təcrübənin artırılmasını zəruru edir. Bununla bağlı yeni ifadələr: böhran diplomatiyası, preventiv diplomatiya, sülhməramlı fəaliyyət, humanitar müdaxilə - beynəlxalq menasibətlərdə öz əksini tapır.

  5. Müasir diplomatiyanın səciyyəvi xüsusiyyətlərindən biri də çoxplanlılıqdır. Əvvəllər diplomatiya yalnız xarici siyasət və ticarətin tənzimlənməsinə yönəlmişdir, lakin XX əsrin II yarısından etibarən müzakirə olunan məsələlərin əhatəsi genişlənmişdir. Yeni mövzulara tərksilah, ekolojo problemlər, terrorizmlə mübarizə, sosial məsələlər, narkomaniya ilə mübarizə, qaçqınlar məsələsi aiddir. Müzakirə olunan məsələlərin əhatəsinin artması diplomatiyanın yeni üsul və vasitələrinin də meydana çıxmasına təsir etmişdir.

  6. Müasir dünyanın dinamikliyi diplomatiyanın informasiya –kommunikativ funksiyasını dəyişib: telefon,faks, elektron poçt və internet kimi vasitələrin yaranması informasшyanın daha tez ötürülməsinə şərait yaratmışdır. Bu eyni zamanda bu cür məlumat ötürülməsinin təhlükəsizliyi məsələsini də meydana gətirmişdir.

  7. Diplomatiyanın ikinci istiqamətinin meydana çıxması (Two Track Diplomacy). Diplomatiyanın ənənəvi birinci istiqamətindən (One Track diplomacy) - rəsmi şəxslərdən, diplomatlardan – fərqli olaraq, ikinci istiqamətini tədqiqatçılar, alimlər, jurnalistlər, hətta idmançılar (futbol diplomatiyası) və musiqi xadimləri təşkil edir. Bu növ diplomatiyadan adətən konfliktlərin həlli prosesində geniş istifadə olunur.

  8. Müasir diplomatiyanın əsas cəhətlərindən biridə beynəlxalq ictimai əlaqələrin diplomatiya vasitəsi kimi istifadə olunmasıdır. Son illər ictimai diplomatiya (public diplomacy) və ya xalq diplomatiyası beynəlxalq ictimai əlaqələr nöqteyi-nəzərindən daha çox diqqəti çəkir. Qloballaşma dövründə dünya ölkələri bütün səviyyələrdə adamlar (xalqlar, millətlər, icmalar) arasından şəxsi münasibətlər yaradılmasına böyük əhəmiyyət verirlər. Dövlətlər ictimaiyyətlə əlaqələr institutu və ya pablik rileyşns (ing.- public relations) vasitəsilə vacib diplomatik məqsədlərini həyata keçirirlər. İctimai diplomatiyanın məqsədi ölkələr, xalqlar, siyasi liderlər, ictimai xadimlər və sadə vətəndaşlar arasında bilavasitə təmas nöqtələri tapmaq və ölkənin siyasəti və dəyərləri haqqında daha çox informasiya verməkdi.

Diplomatiyanı dövlət və qeyri-dövlət olaraq iki yerə bölmə ideyası Cozef Montvil tərəfindən irəli sürülüb.

Yüklə 68,7 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə