Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)


Mühazirə 11.Neft yataqlarının işlənilməsinin xarakterik



Yüklə 1,84 Mb.
səhifə19/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
Mədən geologiyası Mühazirələr toplusu

Mühazirə 11.Neft yataqlarının işlənilməsinin xarakterik
mərhələləri (2saat).

Neft yataqlarının işlənilməsi çox uzun bir müddət ərzində və özünəməxsus dinamik sistemlə aparılır. Yerləşdiyi ölkədən (hövzədən), geoloji quruluşundan, ehtiyat həcmindən, işlənilmə sistemlərindən və s. amillərdən asılı olmayaraq neft yataqlarında hasilatın dinamikasının ümumi oxşarlığı vardır: işlənilmənin əvvəlində illik neft hasilatının həcmi maksimum həddə çatır, sonra nisbi stabillik qeyd olunur; bundan sonra isə onun sistematik azalma dövrü başlanır. Bu dövrdə neft hasilatının enmə tempi müəyyən ardıcıllıqla baş verir: əvvəlcə azalma kəskin, sonralar isə zəif templərlə gedir. Neftçıxarma dinamikasının göstərilən ümumi qanunauyğun inkişafı fonunda fərdi yataqlarda onun ən müxtəlif formaları müşahidə olunur. Məsələn, əgər bir qrup yataqlarda hasilatın maksimum həddinə qısa bir vaxtda (3-5 il) nail olunursa, digərlərində bunun üçün daha çox müddət tələb olunur; və ya bəzi yataqlarda hasilatın nisbi stabilliyi bir neçə illər müşahidə olunursa, digərlərində belə bir dövr çox qısa olur, yaxud heç olmur: yatağın neft hasilatının maksimum səviyyəsinə çatdıqdan sonra, dərhal enməsi başlanır.


Beləliklə, yatağın neft hasilatının əvvəlindən sonuna qədər olan vaxtı – işlənilmə dövrü adlandırsaq, onun dinamikasında baş verən spesifik dəyişmə illərini mərhələ adlandırmaq məqsədəuyğun sayılar. Belə olduqda işlənilmə dövrünü aşağıdakı mərhələlərə bölmək olar (şək.1).
Neft yataqlarının işlənilməsi prosesində onların ilkin təbii şəraiti dəyişmələrə məruz qalır: neftlilik sahələri və effektli qalınlıqlar azalır, lay təzyiqləri enir, hasilatlarda tədricən suyun həcmi artır, qaz resursları tükənir və s. Neftçıxarma proseslərini tənzimli aparmaq üçün layın dinamiki və statik göstəricilərini elə dəyişmək lazımdır ki, həmin layın həcmi üzrə toplanmış neft ehtiyatları bütövlükdə eyni dərəcədə işlənilməyə cəlb olunsun. Bunun üçün yatağa yeni quyuların qazılması, suvurma prosesində dəyişikliklərin edilməsi, istismar quyularında hasilatın (su, neft, qaz) dəyişilməsi və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmalıdır. Bu tədbirlər layın işlənilmə ilə əhatə əmsalının 100% yaxın bir həddə çatdırılmasına nail olunmasına gətirilməlidir ki, bu da son nəticədə neft ehtiyatlarının maksimum mənimsənilməsini təmin etməlidir. Göstərilən tələbatı yerinə yetirmək üçün neftli layın quruluşu, flüidlərin fiziki-kimyəvi xassələri, suxurlarda neftlədoymanın səciyyəsi və s. haqqında kifayət qədər məlumatlar olmalıdır. Məhz bu məlumatlara istinad edərək işlənilmə proseslərini aktiv tənzimləmək (idarə etmək) mümkündür.



Şəkil 1. Neft yatağının işlənilmə mərhələləri


I mərhələ - yatağa layihə sənədlərinə müvafiq ilkin quyular qazılır və istismara verilir. Onların yüksək hasilatları isə illik dinamikanı maksimum səviyyəyə çatdırır ki, bu da I mərhələnin son həddi hesab edilir.
II mərhələ - hasilatın nisbi stabillik illəridir. Bu mərhələnin müddəti 1-10 il ola bilər və burada illik neft hasilatının həcmi onun maksimum qiymətindən təxminən 10%-ə qədər aşağı enir. Həmin anı II mərhələnin sonu və III mərhələnin başlanğıcı hesab etmək lazımdır. Bəzi yataqlarda, xüsusilə enerji mənbəyi qaz resursları ilə səciyyələnən yataqlarda, işlənilmənin I mərhələsində quyulardan alınan yüksək hasilatın səviyyəsini sonrakı illərdə saxlamaq mümkün olmur. Odur ki, belə yataqlarda II mərhələ çox qısa dövrdə qeyd olunur və ya heç qeyd olunmur. Buna misal olaraq, Azərbaycan mədənlərində qırməki lay dəstəsi ilə əlaqədar obyektlərin işlənilmə xarakterini göstərmək olar. Burada müxtəlif mədənlərdə işlənilmənin əvvəlindən əldə edilən maksimum hasilatın səviyyəsini saxlamaq mümküm olmamışdır: illik neft hasilatı dərhal enməyə məruz qalmışdır. Odur ki, bu tip yataqların II mərhələsi qeyd olunmamışdır. Belə olduqda işlənilmənin I mərhələsindən sonra bilavasitə III mərhələsi başlanır.
Qeyd etmək lazımdır ki, I və II mərhələlərdə yataqların çıxarıla bilən ehtiyatlarının 40-70% qədəri artıq realizə edilə bilər.
III mərhələ - yataqda işlənilmənin ilk illərində (I və II mərhələlər) əldə edilən böyük neft hasilatı onun enerji mənbəyinin xeyli istifadəsinə səbəb olur. Odur ki, sonralar quyu fondunun maksimum hissəsinin işə salınmasına və lay enerjisinin enməsinə qarşı tədbirlərin görülməsinə baxmayaraq hasilatın kəskin aşağı enməsi müşahidə olunur. Beləliklə, illik neft hasilatı azalır və neftçıxarma tempinin 2%-i səviyyəsinə qədər düşür. Bu hədd III mərhələ ilə IV mərhələnin sərhəd qiyməti kimi qəbul olunur (M.M.İvanova, 1976).
IV mərhələ - yataqda illik neft hasilatının daha da azalması dövrü bu mərhələyə aid edilir. Burada illik neftçıxarma tempinin qiyməti 2%-dən aşağı olur. Bu mərhələ yataqların işlənilməsinin son dərəcə uzun sürən dövrüdür. Bu dövrdə yataqlar geoloji və texnoloji amillərin xeyli mürəkkəbləşməsi ilə səciyyələnir: lay təzyiqi azalır, sulaşma qeyri-bərabər formada özünü göstərir, quyuların istismarına qum tıxacı təsir etdiyindən onların hasilatı yüksək olmur və s. Odur ki, işlənilmənin IV mərhələsində neftçıxarmanın illik tempi bir qayda olaraq yüksək olmur.
Beləliklə, neft yataqlarının işlənilməsi dörd mərhələli kimi qəbul edilir. Lakin, son vaxtlar yataqların işlənilmə prosesində onların neftverimini artıran yeni üsullar tətbiq olunur ki, onlar da prosesin inkişafına müsbət təsir edirlər. Bəzi yataqlarda laya təsir üsulları onların illik işlənilmə tempini 2%-dən yüksək bir səviyyəyə qaldırmağa imkan verir. Belə illəri IV mərhələyə aid etmək isə geoloji - işlənilmə baxımından düzgün deyil. Odur ki, işlənilmə prosesində yeni bir mərhələnin - V mərhələnin - ayrılması təklif olunmuşdur (B.Ə.Bağırov,1986). Yataqların geoloji-texnoloji göstəricilərindən və laya təsir üsullarının tətbiqinin nəticələrindən asılı olaraq bu mərhələnin müddəti müxtəlif olur. Bir müddət keçdikdən sonra işlənilmə tempi yenidən 2%-dən aşağı bir səviyyəyə enir (şək. 1). Odur ki, müvafiq tədqiqatları apararkən belə yataqların hasilat dinamikasının ardıcıllığı aşağıdakı kimi əks olunmalıdır: I-II-III-IVa-V-IVb.
Yataqlarda illik neft hasilatının təqdim olunmuş formada mərhələlərə bölünməsi onlarda müqayisəli geoloji-mədən analizin aparılmasına şərait yaradır ki, bu da işlənilmə prosesinin mənfi və ya müsbət cəhətlərinin aşkar edilməsində əhəmiyyətli olur.
Qeyd etmək lazımdır ki, I, II və III mərhələlər işlənilmənin əsas, IVa və IVb - işlənilmənin son və ya tamamlayıcı, V mərhələ isə tətbiq olunan prosesin mütərəqqi dövrü adlanır.
Dünya neft yataqları üçün xarakterik olan bu mərhələlərin ayrılması fonunda Azərbaycan obyektlərində neftçıxarmanın özünəməxsus xüsusiyyətləri də aşkar edilmişdir. Onların səciyyəsinə nəzər salaq.
Ölkəmizdə işlənilən yataqların geoloji-istismar xassələrinin təhlili göstərir ki, illik neftçıxarma dinamikasının inkişafına təsir edən əsas amil onlarda lay rejiminin biruzəsidir. Bu yataqların böyük əksəriyyətində qarışıq (ətraf sularla qaz resurslarının müxtəlif kombinasiyada təsiri) və ya neftdə həll olmuş qaz rejimi qeyd olunur. Məhz bu səbəbdən də onların işlənilməsinin xarakterik mərhələlərini təhlil edərkən lay rejimləri nəzərə alınmışdır.
Qarışıq rejimli yataqların neftçıxarma dinamikasını təhlil etmək üçün müxtəlif mədənlərdə (Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qala, Buzovna-Maştağa və s.) qırməkialtı və qırməkiüstü qumlu, balaxanı, suraxanı lay dəstələrindən bu rejim üçün xas olan obyektlər aid edilir. Neftdə həll olmuş qaz rejimli yataqlar üçün isə qırməki lay dəstəsi ilə əlaqədar olan işlənilmə obyektlərinin dinamiki göstəriciləri ayırd edilmişdir.
Məlum olmuşdur ki, lay rejimlərinə görə qruplaşdırılmış yataqların neft hasilatının dinamikasında kəskin fərqlər mövcuddur. Məsələn, hərgah qarışıq rejimli yataqlarda hasilatı maksimum qiymətinə çatdırılması üçün 3 il tələb olunmuşsa, neftdə həll olmuş qaz rejimlərində bu səviyyəyə çatmaq üçün orta hesabla 5 il tələb olunmuşdur. Araşdırmalar göstərir ki, belə yataqların az saylı quyularla (bazis obyektlərindən qaytarılan) işlənilməyə verilməsi I mərhələnin uzanmasına öz təsirini göstərmişdir. Maraqlıdır ki, I mərhələdə onlarda çıxarılabilən neft ehtiyatının yalnız 10% realizə olunmuşdursa, qarışıq rejimli horizontlarda bu göstəricinin qiyməti 13%-ə çatır; III mərhələdə qarışıq rejimli yataqlarda çıxarılabilən ehtiyatın 41,0% realizə olunmuşsa, neftdə həll olmuş qaz rejimində isə cəmi 32,0% çatır. Lay rejimlərinə görə ayrılmış yataqlarda işlənilmə proseslərinin digər müxtəlifliyi də aşkar edilmişdir ki, bunlar da Cənubi Xəzər hövzəsində yeni kəşf ediləcək oxşar yataqların dinamik göstəricilərinin proqnozlaşdırılmasında istifadə edilə bilər (B.Ə.Bağırov, 1986).



Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə