Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)



Yüklə 1,84 Mb.
səhifə3/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
Mədən geologiyası Mühazirələr toplusu

Neft-qaz mədən geologiyasının müasir problemləri və öyrənilmə yolları.
Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə nəticələri hələ də qənaətbəxş deyil. Məsələn, keçmiş SSRİ-də uzun müddət istismar edilən yataqların neftvermə əmsallarının orta qiyməti cəmi 0,35 təşkil edir. Nəzərə almaq lazımdır ki, bu nəticənin əldə edilməsi üçün kompleks geoloji-texniki tədbirlər həyata keçirilmiş, işlənilmə layihələrinə vaxtaşırı lazımı düzəlişlər də verilmişdir. Yataqların ehtiyatlarının mənimsənilməsində qeyd olunan belə vəziyyət, hər şeydən əvvəl onların daxili quruluşunun zəif öyrənilməsi ilə əlaqədardır: layların statik və dinamik göstəricilərinin sahə və stratiqrafik dərinlikləri üzrə paylanması mürəkkəb formada getdiyindən onları ənənəvi üsullarla tam aşkar etmək mümkün olmur. Odur ki, çox vaxt laya xas olan geoloji və işlənilmə xüsusiyyətləri müxtəlif interpretasiya üsulları ilə onların orta qiymətinə istinad etməklə təyin edilir. Geoloji-mədən tədqiqatların belə qoyuluşla aparılması müasir tələblərə cavab verən işlənilmə layihələrinin tərtibatını çətinləşdirir. Bu tələbatın yerinə yetirilməsi üçün geologiya elmini o cümlədən neft-qaz mədən geologiyasını dəqiq elmlər cərgəsinə gətirilməsi lazımdır.
Müasir dövrdə neft-qaz yataqlarının işlənilməsi ənənəvi üsullarla tərtib olunmuş xəritə, profil, hesablama sxemləri və s. əsasında aparılması gözlənilən nəticəni vermir. Məlumatların dolğunluğunu və etibarlığını təmin etmək üçün geoloji-riyazi modellərdən istifadə edilməlidir ki, bu da nəticə etibarı ilə çoxlaylı yatağın bütövlükdə və onun kəsilişində rast gələn ayrı-ayrı çöküntü komplekslərinin geoloji-fiziki xassələrini təyin etməyə kömək edir. Qeyd olunan müddəaları əsaslandırmaq üçün neft və qaz yataqlarının öyrənilməsinin prinsipial qoyuluşlarına nəzər yetirək.
Məlumdur ki, neft və qaz layının öyrənilməsində əsas informasiya mənbəyini qazılmış quyular təşkil edir. Quyuların dərinliyi və aralarındakı məsafə həmin layın geoloji quruluşuna istinadən seçilir. Onlardan alınan geoloji-geofiziki məlumatlar isə yatağın bütün həcmini deyil, yalnız onun ayrı-ayrı nöqtələrindəki səciyyəsini əks etdirir. Yatağın quruluşunun mürəkkəb olması və quyuların sayının azlığı şəraitində tərtib olunan xəritələrin etibarlığı aşağı olur və ya əksinə. Həmin məlumatların yatağa tam şamil edilməsi isə müəyyən ehtimallılıqla aparılır. Odur ki, geoloji xəritələrin təsvirinə də mütləq deyil, yalnız müəyyən ehtimallılıq dərəcəsi ilə baxılmalıdır.
Müasir dövrdə neft yataqlarının işlənilməsinin geoloji əsaslarının tərtibinə qoyulan başqa bir tələbat, müvafiq xəritə, qrafik və cədvəllərin çoxvariantlılıq və operativlik prinsipi əsasında qurulmasıdır. Burada nəzərdə tutulan məlumatların kompüter təsvirinin verilməsi nəzərdə tutulur ki, bu da yeni quyuların qazılmasından və işlək quyu fondundan alınan hər bir yeni məlumatların tədqiqat kompleksinə əlavəsinə şərait yaradır. Nəticədə ilkin məlumatlar dərhal dəqiqləşdirilir və lazım gələrsə işlənilmə prosesində tənzimlənilmə aparılır.
Yatağı elementlərinin paylanmasını müəyyən etmək üçün müxtəlif təminatlı xəritələr qurulur. Müasir dövrdə belə xəritələr üçölçülü variantda (x, yz koordinatları üzrə) modellər formasında verilir ki, bu da hər hansı bir lay parametrinin (məsələn, süxur məsaməliyinin, keçiriciliyin, neftlərin özlülüyünün və s.) onun həcmi üzrə dəyişməsinin əyani göstərilməsini təmin edir.
Neft, qaz və kondensat yataqlarının mənimsənilməsi prosesində neft-qaz mədən geologiya elmi aşağıdakı əsas məsələlərin öyrənilməsini təmin edir.
1. Ilkin tədqiqatlarla (o cümlədən seysmik kəşfiyyat nəticələri) təqdim edilmiş strukturun qazılmış quyularla dəqiqləşdirilməsi: yatağın kəsilişində yerləşən hər bir məhsuldar təbəqənin ayrılması və onların hər biri üçün struktur xəritə və profillərin qurulması (hərgah tektonik qırılma qeyd olunursa, onun yerini, istiqamətini, ekran xassəli olub-olmaması haqqında ilkin məlumatların alınması). Qazılmış quyuların geoloji-geofiziki kəsilişlərinin korrelyasıyası və makroqeyribircinsliyinin (laylaşma xüsusiyyətlərinin) təyini.
2. Yatağın daxili quruluşunun öyrənilməsi. Süxurların kollektorluq xassələrinin (məsaməlik, keçiricilik, karbonatlılıq, qranulometrik tərkib) təyini və onların sahəvi və dərinliklərdə paylanılma səciyyəsinin xüsusi qrafik və cədvəllərdə təsviri.
3. Lay flüidlərinin fiziki-kimyəvi xassələrinin təyini. Burada lay neftlərinin fiziki-kimyəvi xassələrindən onların sıxlıgı və özülülük göstəricilərinə, suların isə ion-duzluluq tərkibinə xüsusi diqqət yetirilməlidir.
4. Layların enerji mənbəyinin (rejimlərinin) öyrənilməsi. Lay təzyiqi və temperaturu haqqında məlumatların alınması və təhlili.
5. Neft, qaz və kondensat ehtiyatlarının hesablanması və yatağın xalq təsərrüfatı baxımından qiymətləndirilməsi.
6. Yatağın işlənilmə sisteminin əsaslandırılması. Quyuların ( o cümlədən horizontal) sayının və yerləşdirilmə sxeminin təyini. Suvurma modifikasiyasının seçilməsi, neftçıxarmada tətbiq olunan müasir üsulların istifadə imkanlarının öyrənilməsi.
7. Yataqların işlənilməyə verilmə vaxtından başlayaraq neft, qaz və su hasilatının dinamik göstəricilərinin təsviri və təhlili.
8. Lay təzyiqi və temperaturunun işlənilmə prosesində dəyişməsinin öyrənilməsi.
9. Yataqların işlənilmə proseslərinə nəzarət və onun operativ tənzimlənilməsi. Suvurma sisteminin effektivliyinin təyini və gələcək dövr üçün proqnozlaşdırılması.
10. Neftvermə əmsalını artıran müasir üsulların tətbiq imkanlarının öyrənilməsi.
11. Yatağın gələcəkdə hasilat dəyişmələrinin proqnozlaşdırılması.
12. Yer təkinin və ətraf mühitin mühafizəsinə istiqamətləndirilmiş tədbirlərin əsaslandırılması və tövsiyələrin verilməsi.
Beləliklə, göründüyü kimi neft və qaz yatağı axtarış və kəşfiyyat mərhələsindən sonra mədən geoloqlarının rəhbərliyi və bilavasitə istirakı ilə işlənilməyə verilir. Onun ehtiyatlarından istifadə dərəcəsi isə yuxarıda göstərilən kompleks tədbirlərin əsaslandırılması və effektli tətbiqindən asılıdır. Odur ki, mədən geologiyası istiqamətində ixtisaslaşan bakalavr, magistr və mühəndislər bu üsulların geoloji-riyazi modellərlə tətbiq yollarını mənimsəməlidirlər.

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə