Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə78/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   87

 
 
196 
 
Son zamanlar “İl Pikkolo” adlı faşist qəzeti lap həyasızlaşmışdı. O, hər gün Hitler ordu-
sunun qələbələri, faşistlərin partizan dəstələrinə divan tutmaları haqda cürbəcür uydurmalar 
yayırdı. 
 
Vasyanın ayağı sağalan kimi Mehdiyə aman vermir, hey onu dilə tuturdu ki, əməliyyata 
getmək üçün icazə alsın. Vasya rahatlıq tapmır, Triyestə can atırdı. Axı “İl Pikkolo” qəzetinin 
redaksiya və ya mətbəəsini, gestaponun binasını partlatmaq lazım idi. 
...Vasya ilə Mehdini, demək olar ki, bütün partizan dəstəsi yola salırdı. Onlar öz sevimli 
kəşfiyyatçılarının arxasınca məhəbbət və intizarla baxırdılar. Kəşfiyyatçılar get-gedə uzaq-
laşırdılar. Nəhayət, ağacların dalında görünməz oldular. 
Ertəsi gün dostlar artıq Triyestə yaxınlaşırdılar. Hava qaralırdı.  
...Vasya  ilə  Mehdi  fəhlə  məhəllələri  ilə  gedirdilər.  İlıq  və  xoş  bir  axşam  idi.  Belə 
axşamlarda ya pəncərə qabağında, ya da darısqal və qaranlıq otaqlardan çıxıb qapı ağzında 
oturmaq yaxşı olur. Ancaq heç yerdə bu hitlerçilərin əlindən adamlara rahatlıq yoxdur! 
Bir qədər sonra artıq Mehdigil tanış küçələrlə irəliləyirdilər. Ətraf qaranlıq zülmət içində 
idi.  Səmada  ulduzlar  sayrışır,  aşağıda  isə  göz-gözü  görmürdü.  Lakin  birdən-birə  yanan 
fənərlər küçəni işıqlandırdı. Fənərlər həm qabaqda, həm arxada, həm də yanlarda yanaraq 
Mehdi ilə Vasyaya yaxınlaşırdı. 
– Dur! – deyə kim isə bərkdən qışqırdı, – tərpənmə! 
Vasyanın  əli  qeyri-ixtiyari  olaraq  döşündəki  avtomata  yaxınlaşdı,  lakin  Mehdi  onu 
saxladı. 
– Sakit ol! 
Feldjandarmlar onları sıx bir halqa kimi dövrəyə aldılar. 
Mehdi soruşdu: 
– Nə var, nə olub? 
– Hə, qoy bir baxaq görək, bu qoçağın çantasındakı nədir? – deyə hündürboy, qırmızısifət 
patrul Vasyaya yaxınlaşdı və əlini onun çantasına uzatdı.  
Mehdi təmkinli, lakin amiranə bir səslə xəbərdarlıq etdi: 
– Ona toxunmayın!  
 
Ona qədər avtomatın çaxmağı şaqqıldadı. Avtomat lülələri Vasya ilə Mehdinin kürəyinə 
dirəndi. 
Mehdi qəzəbləndi: 
– Bu nə hoqqabazlıqdır? 
– Xeyr, hoqqabazlıq qurtardı, əzizim! – patrul kinayə ilə gülümsündü, – daha sizin hoq-
qabazlığınız qurtardı. 
– Mən sizə xəbərdarlıq etməliyəm ki, cənab patrul, – deyə Mehdi təkidlə dilləndi, – siz 
bu  dəqiqə  öz  zarafatlarınızdan  əl  çəkməsəniz,  axırı  pis  olacaq.  Onu  bilin  ki,  mən  təcili 
tapşırığı yerinə yetirirəm! 
– Bəli, biz bilirik! Biz hətta kimin tapşırığını yerinə yetirdiyinizi də bilirik! 
– Qorxuram ki, səhv edəsəniz, cənab patrul, – deyə Mehdi əlini cibinə salıb narıncı rəngli 
bir karton çıxartdı və kinayə ilə dedi, – buyurun!  
Patrul kartonu Mehdinin əlindən aldı. O, birdən-birə özünü elə itirdi ki, Vasya ürəklənib 
dikəldi,  hətta  onun  sifətində  ötkəm  bir  ifadə  yarandı.  Patrulun  əlindəki  şey  şəhər  gestapo 
rəisinin müavini Şultsun özü tərəfindən verilmiş icazə vərəqəsi idi. Triyest şəhərində belə bir 
icazə vərəqəsi, necə deyərlər, lap daşdan keçirdi. Buna görə də patrul özünü itirmişdi. O, bu 
dəfə mülayim bir səslə dedi: 
– Məni bir məsələ də maraqlandırır. Əgər bu vərəqəni cənab Şults özü sizə təqdim edibsə, 
onda gərək siz biləydiniz ki, dünəndən bəri onun gizli əmri ilə şəhərdə hərbi qulluqçuların 
cüt-cüt  gəzməsi  qadağandır.  Üçlükdə,  dördlükdə  gəzmək  olar.  Ancaq  gərək  adamlar  bir-


 
 
 
197 
 
• • •
 
birindən beş-altı addım aralı getsin. Siz isə iki nəfər çiyin-çiyinə verib gedirdiniz. Bir də ki 
şəhərdə çanta ilə gəzmək məsləhət görülmür! 
–  Əvvəla,  –  deyə  Mehdi  səbirsizliklə  cavab  verdi,  –  mən  on  gün  olar  ki,  şəhərdən 
çıxmışam. Mən cənab Şultsun təsir dairəsindən uzaqda olduğum üçün onun gizli əmrindən 
xəbərim yoxdur. Mən elə bir yerdə idim ki... Lənət şeytana! Bunun sizə heç bir dəxli yoxdur. 
İkincisi də, siz bu komediyanı qurtaracaqsınız, ya yox?! 
– Hə, belə de, – deyə patrul nəsə başa düşmüş kimi səsini ucaltdı, – deməli, cənab Şultsun 
təsir dairəsindən kənarda idiniz. Anlayıram, anlayıram. Elə əvvəldən də belə deməli idiniz.  
O, icazə vərəqəsini Mehdiyə qaytarıb nəzakətlə üzr istədi:  
– Üzr istəyirəm, cənab... bağışlayın... adınızı... 
–  Mənim  adımı  bilmək  də  sizin üçün vacib  deyil, – deyə Mehdi  icazə  vərəqəsini geri 
alaraq nəzakətlə cavab verdi – siz onsuz da mənim haqqımda lazım olduğundan artıq şey 
öyrəndiniz.  
Mehdi bu narıncı icazə vərəqəsini vaxtında ələ keçirə bildiyinə sevinirdi. Belə vərəqələri, 
adətən, Şults öz agentlərinə verirdi. Yaxşı ki, “Mixaylo”nun zahiri əlamətlərini təsvir edən 
elanlar artıq hər yerdən qoparılmışdı. Görəsən, onlar, doğrudan da, “Mixaylo”nun asıldığına 
inanırlar?.. 
– Vasya! – deyə Mehdi dostunun çiyninə toxundu, – daha sən mənimlə getməyəcəksən.   
– Mehdi! 
– Sus! Görmürsən, ikilikdə gəzmək qorxuludur?! Tək olsam, birtəhər başımı qurtararam... 
Amma səninlə bir yerdə çətindir. Bax məni bu darvazanın dalında gözlə. Mən qayıdanda o 
saat  mənə  yaxınlaşma!  Bir  az  ləngiyib  bax  gör,  mənim  dalımca  gələn  yoxdur  ki?  Elə  ki 
gördün heç kəs yoxdur, onda çıx, arxadan çat! Yox, gördün ki, dalımca gələn var, onda sən 
də o adamların dalınca düş. Elə ki partlayış baş verdi, necə olursa-olsun onları aradan çıxart. 
Lap çarəsiz qaldıqda, eybi yoxdur, atəş aç! Ola bilsin ki, biz şəhərdə vuruşmalı olacağıq. 
Razılaşdıqmı? Ancaq tez ol, Vasya!.. 
Mehdi  “İl  Pikkolo”  redaksiyasının  yerləşdiyi  küçəyə  döndükdə  qeyri-ixtiyari  olaraq 
addımlarını yavaşıtdı. O, burada da gözlənilməz bir vəziyyətlə üzləşdi: esesçilər bütün  mə-
həlləni mühasirəyə almışdılar. Mehdi geri dönmək istədikdə gördü ki, sağ və sol tərəfdən 
esesçilər  ona  yaxınlaşırlar.  Onlar  gəzintiyə  çıxıbmış  kimi  tələsmədən  yeriyirdilər.  Əgər 
Mehdi artıq bir hərəkət etsəydi, bütün işləri korlaya bilərdi. Onun arxa tərəfində böyük bir 
binanın darvazası vardı. Mehdi hiss edirdi ki, ona darvazadan da göz qoyurlar. O, əlini cibinə 
salıb icazə vərəqəsini yoxladı. 
–  Cənab  zabit,  siz  burada  nə  edirsiniz,  –  deyə  ona  yaxınlaşan  esesçi  soruşdu,  –  hansı 
hissədənsiniz? Hara gedirsiniz?    
 “Mən ona nə cavab verim? – deyə Mehdi düşündü, – zabitlik sənədlərini göstərim? Adam 
nə bilsin ki, burada nə işlər baş verib? Yoxlayacaqlar, çək-çevirə salacaqlar, onda hər şey 
məhv olub gedəcək”. 
Ümid bircə icazə vərəqəsinə qalıb. Onlara heç bir izahat verməyəcəyəm! Bəlkə, birdən 
icazə vərəqəsini nəzərə almayıb çantanın içini yoxlamaq istədilər?  
– Paho, deyəsən, o, heç alman dilini bilmir! – deyə kim isə istehza ilə səsləndi, – bəlkə, 
rusdur? 
– Böyründə çantası da var!.. Mərc gəlirəm ki, çantanın içindəki nə əl-üz dəsmalıdır, nə 
də diş fırçası! 
Qabaqdakı zabit bu dəfə daha sərt bir ifadə ilə soruşdu: 
– Mən sizinləyəm, cənab zabit, hansı hissədənsiniz? – o, gözlərini Mehdinin çantasından 
çəkmirdi. 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə