Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə74/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   87

 
 
 
183 
 
• • •
 
Müqayisə  xarakterli  mətnlərin  (inşa,  esse,  məruzə)    hazırlanması,  ilk  növbədə,  yazı 
bacarığınızın  inkişafına  əhəmiyyətli  təsir  edir.  Bu  iş,  həmçinin  sizi  müstəqil  və  yaradıcı 
düşünməyə, öz sözünüzü deməyə istiqamətləndirir.   
Belə yazıları yerinə yetirərkən nələrə diqqət etmək vacibdir? 
1.  İlk növbədə, mövzunun necə ifadə edildiynə nəzər salmaq lazımdır. Mövzunun müqa-
yisə  tələb  edib-etmədiyini  müəyyənləşdirmək  çətin  deyildir.  Belə  yazılar  üçün  müəy-
yənləşdirilmiş mövzularda, adətən, “müqayisə” sözü işlədilir. Məsələn, “Azad və Fərda ob-
razlarının müqayisəli təhlili”, “Koroğlu və Bolu bəy surətlərinin müqayisəli səciyyəsi” və s. 
Esse üçün  maraqlı olan  “Yurdumuzun baharı və qışı” mövzusunda “müqayisə” sözü olmasa 
da, müqayisə aparmağın lazım gəldiyini başa düşmək çətin deyildir. Bu, esse üçün plan tərtib 
edilərkən  nəzərə  alınmalıdır.  Yaxud  “Sabirin  satiraları”,  “S.S.Axundovun  yaradıcılığında 
hekayə janrı”
 
mövzularında hazırlanan məruzələrdə müqayisəsiz keçinmək mümkün deyildir.  
2.  Sonra plan tərtib edilir. Planın giriş, əsas hissə, nəticədən ibarət olduğunu bilirsiniz. 
3.  Girişdə  mövzu  barədə  ümumi  məlumata,  onun  işlənməsinin  əhəmiyyətinə  diqqətin 
cəlb edilməsi vacibdir. Yaxud mövzu bədii əsərlə bağlı olarsa, girişdə əsər, onun müəllifi 
barədə yığcam məlumat vermək məqsədəuyğundur.
  
4.  Yazının  məzmunu  əsas  hissəni  təşkil  edir.  Əsas  hissədə  əhatə  olunacaq  məsələləri 
bəndlər  şəklində  ifadə  etmək  faydalıdır.  Bunu o  vaxt  uğurla  yerinə  yetirmək olur ki, mü-
qayisənin hansı  əsaslar  (əlamətlər) üzrə  aparılacağı  əvvəlcədən  müəyyənləşdirilmiş  olsun. 
Məsələn, Azad və Fərda obrazlarını aşağıdakı əsaslar üzrə müqayisə etmək səmərəli olar: 
– Talelərinə, yaşadıqları həyat tərzinə münasibətlərinə görə. 
–  Xalqa, vətənə münasibətlərinə görə. 
–  Milli azadlıq hərəkatına münasibətlərinə görə. 
– Xarakterlərindəki başlıca cəhətlərə görə. 
5. Yazının sonunda nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması vacibdir. 
Essenin məzmunca inşadan fərqləndiyini bilirsiniz. Sizə məlumdur ki, ümumiyyətlə, esse 
şəxsi düşüncələrinizi, hislərinizi dilə gətirməyinizə, bəyan etməyinizə imkan yaradan yazı 
növüdür.  Bu,  seçdiyinz  sözlərdə,  ifadələrdə,  qurduğunuz  cümlələrdə  də  əksini  tapmalıdır. 
Sadə cümlələrdən, adlıq cümlələrdən daha çox istifadə etməyinz faydalıdır.  Sizə məlum olan 
bədii təsvir və ifadə vasitələrindən gen-bol yararlanmalı, yazınızın obrazlı olmasına çalış-
malısınız. Bütün bunlar yazınıza yeni məzmun və forma verəcək.  Beləliklə, yazınız fərqli 
üslub, yeni keyfiyyət qazanacaq.  
Essedə, inşadan fərqli olaraq, sitatlara, faktların, rəqəmlərin sadalanmasına yer vermək 
məqsədəuyğun sayılmır. 
Essenin  kompozisiyasında  sərbəstliyin  olması  məqbul  hesab  edilir,  başqa  sözlə,  onun 
quruluşuna, inşadan fərqli olaraq, dəqiq meyarlarla yanaşılmır. Məsələn, essedə birbaşa mət-
ləbə  keçmək,  yazıya  əsas  məsələyə  münasibətin  bildirilməsi  ilə  başlamaq  mümkündür. 
Essedə (müqayisə xarakterli çıxılmaqla) bir fikirdən gözlənilmədən digərinə keçilməsi, baş-
qalarına ziddiyyətli görünən nəticələrin çıxarılması (əlbəttə, bu, məntiqli olmalıdır) nöqsan 
hesab edilmir. Müqayisə xarakterli essedə müqayisənin xüsusiyyətlərini diqqət mərkəzində 
saxlamağınız  vacib olsa da, hiss və düşüncələrinizin ifadəsində sərbəst olmalısınız.  
Əgər  esse  ədəbi  əsərlə  əlaqədardırsa,  onun  mövzusu,  ideyası,  obrazları,  müəllifin  qal-
dırdığı problem barədə şəxsi mövqeyinizi ifadə etməyə səy göstərməlisiniz. 
Müqayisə  xarakterli  məruzənin  üzərində  işləyərkən  informasiya  səciyyəli  məruzə  ilə 
bağlı  qazandığınız  bacarıqları  tətbiq  etməyi  unutmayın.  Burada  başlıca  fərq  müqayisənin 


 
 
184 
 
xüsusiyyətlərinin,  tətbiqi  qaydalarının  diqqət  mərkəzində  saxlanılmasıdır.  Ümumiyyətlə, 
məruzədə faktlara, rəqəmlərə, sitatlara tez-tez müraciət edilir. Bu isə yazınızın məzmununa 
və formasına təsirsiz qalmır. Deməli, yazı tərziniz, üslubunuz yeni bir çalar qazanır. 
Müqayisə  xarakterli  mətnin  (inşa,  esse,  məruzə) hansı  səviyyədə  yerinə  yetirildiyini  – 
özünüqiymətləndirməni  aşağıdakı  meyarlardan  istifadə  etməklə  də  müəyyənləşdirmək 
mümkündür: 
–  müqayisə obyektlərinin doğru seçilməsi
–  obyektlərin mühüm əlamətlərinin üzərində dayanılması; 
–  müqayisənin eyni (vahid) əsaslar üzrə aparılması; 
–  obyektlərin arasındakı əlaqənin açılması; 
–  obyektlərin arasındakı oxşarlığın, fərqin səbəbinin aydınlaşdırılması; 
–  müqayisədən nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.  
Məruzə  ilə  bağlı  səkkizinci  sinifdə  öyrəndiyiniz  qiymətləndirmə  meyarlarından  doq-
quzuncu sinifdə də istifadə edə bilərsiniz. 
 
 


 
 
 
185 
 
• • •
 
 
 
 
 
 
 
 
 
 
 
L A Y İ H Ə L Ə R   Ü Z R Ə   İ Ş
 
I   y a r ı m i l
 
I MÖVZU 
“XX əsrin I yarısında ədəbiyyatımızda 
vətənpərvərlik və qəhrəmanlıq motivləri” 
(ədəbi-bədii kompozisiya) 
 
1.  “Sovet rejimi şəraitində ədəbiyyatımızda xalqımızın vətənpərvərlik və qəhrəmanlıq 
hislərinin bədii ifadəsi” mövzusunda şeir, nəsr, dramaturgiya üzrə məruzələrin 
hazırlanması.  
2.  Şeir, nəsr, dramaturgiya üzrə ədəbi-bədii kompozisiya ilə çıxış edəcək kiçik 
qrupların yaradılması. 
3.  I qrupun üzvləri arasında şeir və mahnıların ifaçılarının müəyyənləşdirilməsi. 
4.  II qrupun üzvləri arasında nəsr əsərlərindən parçaların ifadəli oxusu, kiçik 
səhnələşdirmə üzrə  ifaçıların müəyyənləşdirilməsi. 
5.  III qrupun üzvləri arasında dram əsərindən bir parçanın səhnələşdirilməsi üzrə 
ifaçılarının müəyyənləşdirilməsi. 
6.  Aparıcıların, bədii mətnlərin seçilməsi, proqramın hazırlanması.  
7.  Layihənin qiymətləndirilməsi.  
 
II MÖVZU 
“Həyat həqiqətlərinin ədəbiyyatımızda bədii əksi” 
(müqayisə xarakterli məruzə müsabiqəsi) 
 
1.  Müsabiqənin şərtlərinin (məruzənin  həcmi, məzmunu, dili, üslubu, təqdim edilmə 
tarixi və s.) müəyyənləşdirilməsi və əvvəlcədən elan edilməsi. 
2.  Münsiflərin  seçilməsi və kurikulumun standartları üzrə qiymətləndirmə meyarları 
barədə təlimatlandırmanın aparılması. 
3.  Müsabiqənin şərtlərinə cavab verən ən yaxşı məruzələrin seçilməsi, ədəbiyyat 
kabinetində nümayiş etdirilməsi. 
4.  Seçilmiş məruzələrin müəlliflərin təqdimatında dinlənilməsi. 
5.  Məruzələr  üzrə fikir mübadiləsi, münsiflərin və dinləyicilərin rəylərinin 
dinlənilməsi.  
6.  Layihənin qiymətləndirilməsi, münsiflərin yekun rəyinin elan edilməsi. 
7.  Qaliblərin rəğbətləndirilməsi. 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə