69
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
yaxşı durur, gah qalxır, gah suya düşür. Doğmaca qardaş kimi yanaşı üzürük”. Birdən
başı gicəlləndi. Düşündü: “Görəsən, indi kim kimi aparır? Mən onu, ya o məni? Onu
qayığa yükləyib aparsaydım, bu sual ortaya çıxmazdı. Amma indi yanaşı üzürük. Bir-
birimizə də möhkəm bağlıyıq. Eh, neyləmək, balıq məni aparır, qoy aparsın. Əslində isə
mən ona hiylə qurdum. Yazıq balığın
fikrindən də keçmirdi ki, mənə pislik eləsin”.
Onlar tələsmədən rahat-rahat üzürdülər. Qoca əllərini növbə ilə dənizə salıb şor suda
saxlayırdı ki, yaraları tez sağalsın, həm də başı gicəllənməsin. Göydə topa-topa bulud
üzürdü. Qoca göyə baxanda küləyin bütün gecə əsəcəyini anladı. Balıqdan bir an belə
gözünü çəkmirdi, baxdıqca baxıb özünü inandırmağa çalışırdı ki, gördüyü yuxu deyil,
gerçəkdir.
Yola düşəndən bir saat sonra bir köpəkbalığı özünü onlara yetirdi. Yırtıcı elə-belə
gəlməmişdi.
...Köpəkbalığı özünü qayığın quyruğuna yetirib həmləyə keçdi. Qoca onun cəhənnəm
qapısı kimi geniş açılmış ağzını, dəhşət saçan gözlərini gördü. Köpəkbalığı nəhəng
balığın quyruğundan iri bir parça qopardı, alt çənə üst çənəyə dəyəndə dişləri elə
şaqqıldadı ki, qoca diksindi. Köpəkbalığının əvvəl başı, sonra da beli sudan çıxdı, yırtıcı
ikinci həmləyə keçdi, dişlərinin şaqqıltısı yenə eşidildi. Qoca o dəqiqə nizəni onun təpə-
sinə, gözlərini birləşdirən xətlə burnundan başına qalxan xəttin kəsişdiyi yerə sapladı.
Əslində, xətt-filan yox idi; abı rəngli kələ-kötür yekə kəllə, geniş açılmış iri yırtıcı gözlər,
bir də hər şeyi parçalamağa hazır şaqqıldayan çənə vardı. Zərbə endirilən yerdə
köpəkbalığının beyni yerləşirdi, ona görə də qoca nizəni qanı axan əlində bərk-bərk tutub
düz oranı nişan almışdı. O, bu zərbəni heç nəyə ümid bağlamadan, amma coşqun bir
qətiyyətlə, qəzəblə, tükənməz nifrətlə vurmuşdu.
... Qoca didilib eybəcərləşmiş balığına daha baxa bilmirdi. Köpəkbalığı nəhəng
balıqdan bir parça qoparanda
qocaya elə gəlmişdi ki, yırtıcı onun özünün ətini yeyir.
“Balığıma
göz dikəni bax belə öldürərəm, – qoca qürrələndi. –
Ömrümdə birinci də-
fədir belə yekədişə rast gəlirəm. Doğrudur, bu yaşa çatanacan çoxunu görmüşəm, amma
belə nəhəngi qarşıma çıxmayıb... İşim çox yaxşı gedirdi, hayıf! Söz yox, bu gediş uzun
70
sürə bilməzdi. Bütün bunların yuxu olmasını elə istərdim ki! Kaş mən bu azman balığı
tutmamış olaydım, kaş indi çarpayımın üstünə qəzet salıb uzanmış olaydım”.
Bərkdən dedi:
– İnsan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, məğlub eləmək
olmaz...
“Balığı öldürməyimə peşmanam, – heyifsiləndi, – yaxşı bilirəm, bu mənə ucuz başa
gəlməyəcək... Həngamənin böyüyü hələ qabaqdadır”.
... Qayıq iki saat idi, üzürdü. Qoca bir azca dincəlmək üçün böyrü üstə uzanmışdı.
Özünə gəlib güc toplamaqdan ötrü balığın ətindən çeynəyirdi. Bu ara qayığa yaxınlaşan
qoşa köpəkbalığından birini görüb:
– Vay dədə! – deyə dəhşətlə səsləndi.
Bu, elə-belə bağırmaq deyildi, əlinə qəfil mıx batmış adamın tükürpədici fəryadına
oxşayırdı.
... Köpəkbalıqları şikarı parçaladıqca qayıq təkanlardan əsim-əsim əsirdi. Qoca heç
nə görmürdü, yalnız eşidib duyurdu, düşmənlərini havayı yerə kötəkləyirdi.
Birdən top-
puzu da yoxa çıxdı.
Onda qoca sükanı dartıb yerindən çıxartdı, qənimlərinə iki əliylə dalbadal zərbə
endirməyə başladı. Köpəkbalıqları indi qayığı dörd yandan araya almışdılar. Qaranlıq
gecədə suyun üzündə ağaran nəhəng balığın ətini didirdilər. Parçanı qoparan kimi çəkilir,
bir də hücuma keçmək üçün dövrə vurub yenidən qənimətə daraşırdılar.
Ən axırda bir köpəkbalığı dairə vurub nəhəng balığın başına sarı üzdü. Qoca artıq hər
şeyin bitdiyini anladı. Köpəkbalığı dişlərini nəhəng balığın möhkəm kəlləsinə ilişdirəndə
qoca da sükanı onun burnunun üstünə endirdi. Sonra dalbadal bir neçə zərbə vurdu.
Sükan şaqqıltı ilə sınıb parça-parça oldu. Qoca əlində qalmış dəstəklə balığı bir də vurdu,
dəstək ətə girdi, ikinci zərbəni də eyni yerə tutuzdurdu. Köpəkbalığı sıçrayıb qaçdı. Bu,
qayığa sonuncu hücum idi. Artıq yeyiləsi bir şey qalmamışdı.
Qoca zorla nəfəs alırdı. Ağzında mis paxırı dadı verən nəsə şirintəhər bir tam vardı.
Qoca bir anlığa qorxdu, ancaq bu halı da tez ötüşdü.
Qoca artıq tamam əzilib məğlub edildiyini anladı. Qayığın arxasına keçib sınıq sükan
dəstəyini yerinə taxdı, onun işə yaradığına sevindi, deməli, qayığı idarə
eləməyə bir şey
vardı. Köhnə kisəni çiyninə salıb oturdu, sahilə yön aldı. Bu saat qoca heç nə duymur,
heç nə düşünmürdü, hər şey ona yad olmuşdu. Ondan ötrü hər şey geridə qalmışdı. Bir
arzusu vardısa, o da doğma sahilə, evə çatmaq idi. Qayıq yaxşı üzürdü. Gecəyarı bir ayrı
sürü də nəhəng balığın skeletinə hücum elədi. Ac qarınqulular daraşıb əvvəlkilərin qaba-
ğından qalma sümüyü gəmirirdi. Qoca onları vecinə də almırdı, qayığını sürürdü. Ozü
də, qayığı da nəhəng balığın ağır yükündən qurtulmuşdu.
“Gözəl qayıqdır, – özünə təsəlli verdi, – möhkəmdir. Sınıb-eləməyib. Bircə sükanı
işdən çıxıb, onu da düzəltmək asandır”.
Qoca balıqçı qayığın isti axına girdiyini duydu. Sahil boyu uzanan qəsəbələrin çıraq-
ları lap yaxın görünürdü. O, harada olduğunu bilirdi, bilirdi ki, bir azdan evə çatacaq...
... Səhər tezdən oğlan komaya baş çəkməyə gəldi, qapıdan boylanıb baxanda qocanın
yatdığını gördü... O, qocanın rahat nəfəs aldığını görəndə rahatlandı.
... Balıqçılar sahildə qocanın qayığını araya alıb qayığa bağlı nəhəng balıq skeletinin
tamaşasına durmuşdular. Bir balıqçı çırmanıb suya girmişdi, əlindəki iplə balığın boyunu
ölçürdü.
Tərcümə edən: M. Süleymanov