____________________________________________
37
Mən Sizdən üzr istəyirəm, çox danışdım. Amma bunlar məni
ağrıdan məsələlərdir. Mən bunları yazıçılar qurultayının
kürsüsündən demək istəmirəm. İstəyirəm ki, məsələyə diqqət
artsın. Çox sağ olun.
Heydər Əliyev: Birincisi, mən arzu edərdim ki, bizim bu
söhbətimiz Yazıçılar Birliyinin problemləri ilə əlaqədar olsun.
çox xahiş edirəm ki, mənim şəxsiyyətimlə, yaxud da ki, mənə
münasibətlə əlaqədar məsələlər burada qaldırılmasın. Mən bunu
dəfələrlə demişəm, bəlkə də bunu demək artıqdır, amma
məcburam. Millətin, Azərbaycan xalqının, ziyalıların bütün
dövrlərdə mənə olan müsbət münasibətindən çox razıyam. Heç
kəsdən də narazılığım yoxdur. Heç kəsdən. Buna görə də heç
kəs düşünməsin ki, məsələn, mənim üçün o ağır illərdə kimsə
mənə əl uzatmayıb, yaxud kömək etməyib, bəlkə də qəlbində
olan münasibəti göstərməyə imkan olmayıbdır, yaxud da ki,
biganə qalıbdır, - bir dövlət başçısı kimi, bu mənim üçün bir
əhəmiyyət kəsb edir, - yox, vallah, yox!
Bilirsiniz, mən Naxçıvandan seçilmiş deputat kimi 1991-ci
ilin fevralında Ali Sovetin sessiyasında danışdım, orada da
dedim. Dedim, mən Moskvada yaşaya bilmədim və buraya
gəldim ki, öz xalqımın, millətimin içində olum və onunla bir
yerdə olum. Belə hallarda bəziləri öz Vətənini tərk edir ki, gedib
rahat yaşasın. O vaxt Moskvada mənim yaşamağım üçün
çətinliklər də var idi. Ancaq hər halda, mən Vətəndən uzaqda
idim, ola bilərdi, Vətənin problemləri də mənim qəlbimdə
olaydı, amma mən ona cavabdeh deyildim. Lakin mən gəldim.
Kimsə bunun qarşısını almaq istədi, kimsə buna mane oldu və
sairə. Bunlar hamısı göz qabağında olan şeylərdir, keçib
gedibdir. Ancaq sonra, 1993-cü ildə mən dəvət olundum, Bakıya
gəldim, o vaxt dedim ki, heç kəs narahat olmasın. Bəzi
qüvvələr, adamlar tərəfindən mənə
____________________________________________
38
qarşı olan o ədalətsizliyə görə mən heç kəsdən, heç vaxt qisas
almamışam, almaram.
Bu gün yenə də deyirəm, mən bunları çoxdan unutmuşam,
bunları heç xatırlamaq lazım deyil. İrəliyə baxmaq, birləşmək
lazımdır. Hamımız bir olmalıyıq. Həyatın müəyyən bir
mərhələsində kimsə nəsə, bəlkə bundan da çox edə bilərdi,
etməyibdir. Nə olsun? Amma indi biz hamımız bir yerdəyik.
Dövlətimiz müstəqildir. İndi bütün bu çətinliklərin öhdəsindən
gəlmişik.
Güman edirəm ki, biz müharibəyə də son qoyacağıq, işğal
olunmuş torpaqlarımızın sülh yolu ilə azad edilməsinə də nail
olacağıq, sülh də yarada biləcəyik. Mənim buna artıq daha da
çox ümidim var. Ona görə də mən istəməzdim ki, bu məsələyə
indi bir daha toxunaq, çünki bu bizi əsas mövzudan kənara
aparır.
İkincisi, Sabir burada bir məsələyə toxundu. Mən buna öz
münasibətimi bildirmək istəyirəm. Amma mən bunu əvvəllər də
demişəm. Azərbaycanda xalqın 1988-ci ildən Ermənistanın
Azərbaycana təcavüzü və Moskvanın, ittifaqın o vaxtkı dövlət
başçılarının Azərbaycana ədalətsiz münasibəti ilə əlaqədar və o
vaxt Azərbaycana başçılıq edənlərin, həmin o kommunist
partiyasının rəhbərlərinin öz vətəninin, ölkəsinin, xalqının
problemlərinə lazımi qayğı göstərməməsi ilə əlaqədar, bəlkə də
öz hərəkətləri ilə xalqına xəyanət etməsi ilə əlaqədar ayağa
qalxmış insanlar, o meydana toplaşmış, mitinqlər aparmış
insanlar və o illər, dövrlər, hadisələr bizim xalqımızın tarixinin
parlaq səhifələridir.
Mən hesab edirəm ki, heç kəs onları başqa cür qiymət-
ləndirməməlidir. Şəxsən mən bu cür qiymətləndirirəm.
Bilirsiniz, ora, həmin o meydana yüz minlərlə adam
toplaşırdı. Onlar oraya niyə toplaşırdı? Axı onları zorla oraya
aparmaq olmazdı. Demək, onların tam əksəriyyətinin qəlbində
olan milli hissiyyat, torpaq, Vətən hissiyyatı və
____________________________________________
39
ədalətsizliyə qarşı etiraz bu insanları oraya toplayırdı. O vaxt o
mitinqləri aparanlar, xalqı bu işlərə daha da cəlb edənlər də, mən
hesab edirəm ki, çox cəsarətli insanlar olublar və onların
xidmətlərini heç vaxt unutmaq olmaz. Mən bunu həmişə
qiymətləndirmişəm və qiymətləndirirəm. Həmin o mitinqlərdə
burada oturan şəxslərin əksəriyyəti iştirak ediblər, - gəliblər,
danışıblar, sözlərini deyiblər. Ona görə də mən hesab edirəm ki,
bunların hamısı bizim xalqımızın qüdrətini, mənəviyyatını
nümayiş etdirən səhifələrdir, hadisələrdir.
Siz gərək ki, unutmamısınız, - 1994-ci ilin yanvar-fevral
aylarında Milli Məclisdə mənim təşəbbüsümlə məsələ qoydum,
bilirdim ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməyibdir.
Xatirinizdədir, mən Milli Məclisə məktub yazdım, təşəbbüs
qaldırdım. Milli Məclis bu məsələni təxminən iki ay müzakirə
etdi və biz 20 Yanvar hadisələri ilə əlaqədar qərar qəbul etdik.
Xatirinizdədir, o vaxt bunların hamısı televiziya ilə verilirdi.
Çoxlarınız da orada iştirak edirdiniz. O vaxtlar bəziləri
istəyirdilər kimlərisə günahlandırsınlar ki, niyə 20 Yanvar
gecəsi adamlar qırıldı. Çünki Nemət Pənahov, Etibar
Məmmədov, yaxud da ki, Xalq Cəbhəsi, başqaları camaatı
küçələrə çıxartdılar, adamlar ona görə qırıldı. Onları da
günahlandırmaq istəyirdilər. Sabir, xatirindədir, onda sən Milli
Məclisdə var idin. Onları günahlandırmaq, qərara yazdırmaq
istəyirdilər. Sənin də, başqalarının da xatirindədir ki, mən bunun
əleyhinə çıxdım. Dedim, onlar günahkar deyillər. Onlar öz
Vətənini qoruyurdular, öz hissiyyatlarını bildirirdilər. Günahkar
o tankları buraya gətirənlərdir, günahkar o tanrkları buraya
göndərənlərdir. Ona görə də mən o vaxt dedim, - nə Nemət
Pənahovu, nə Etibar Məmmədovu, nə Xalq Cəbhəsini, nə
başqasını, heç birisini günahlandırmaq olmaz. O vaxt mən buna
imkan vermədim. Bəli, o vaxt bəzi qüvvələr çalışdılar
Dostları ilə paylaş: |