____________Milli Kitabxana____________
105
məyiblərsə, əgər biz də iyun ayının axırlarından son vaxtlara qədər
bu işlərdə
müəyyən dərəcədə barışdırıcı mövqedə olmuşuqsa, - baş nazir Surət
Hüseynovun verdiyi vədlərə görə, - beləliklə biz, ümumiyyətlə, vaxt
itirmişik, bu dövrdə isə Əlikram Hümbətov və onun tərəfdarları bu vaxtdan,
bu fürsətdən istifadə edib, həm öz cinayətkar hərəkətlərinin dairəsini
genişləndiriblər, həm də bu məsələni cinayətkarlıq, quldurluq, mafiozluq
istiqamətindən
və məzmunundan artıq müəyyən qədər millətlərarası
münaqişə həddinə, yaxud da ki, qondarma "Talış-Muğan Respublikası"
yaratmaq həddinə gətirib çıxarıblar.
Həm Milli Məclisdə, həm də avqust ayının 13-də keçirdiyimiz
müşavirədə bəzi iradlar tutublar ki, Azərbaycan Respublikası rəhbərlərinin
dövlət orqanlarının mövqeyi məlum olmadığına görə, xalq da çaş-baş
qalmışdır. Bəli, bu iradlar haqlıdır, ola bilər bu, bizim də müəyyən qədər
günahımızdır. Biz günahımızı boynmuza almağa hazırıq. Ancaq mən sizə
proseslərin gedişini, mərhələlərini izah edərkən, yəqin ki, siz və bizi
eşidənlərin hamısı bu günahlarımızın o qədər də böyük olmadığını dərk
edərlər.
Qeyd etdiyim kimi, biz Milli Məclisdə bu məsələni iki gün ciddi
müzakirə etdik, ciddi qərar qəbul etdik. Lakin sonra fikir belə oldu ki, bu
qərarın elan olunması hələ dayandırılsın, çünki Əlikram Hümbətovla əlavə
danışıqlar aparılacaqdır. Bu danışıqlar Gəncədə aparıldı, ancaq nəinki müsbət
nəticə vermədi, hətta daha mənfi hallara gətirib çıxardı və belə bir halda,
srağagün Lənkəranda xalq ayağa qalxdığı dövrdə Əlikram Hümbətov yenə
silahdan, gücdən istifadə etməyə çalışdı. Xalq isə öz iradəsini göstərdi və
srağagün Lənkəranda və onun ətrafında olan rayonlarda Əlikram Hümbətova
bildirdi ki, xalq, əhali bu qanunsuz hərəkətlərə, cinayətkar hallara daha yol
verməyəcəkdir.
Dünən səhərdən vəziyyət daha da gərginləşdi. Dünən səhər bizə
məlumat gəldi ki, Lənkəranın əhalisi toplaşıb Əlikram Hümbətova öz
etirazını bildirir, ondan tələb edir ki, bütün bu əməllərindən əl çəksin,
silahları yerə qoysun. Əhali, yəni oraya toplaşan minlərlə adam bizim icra
hakimi təyin etdiyimiz Dilruba Camalovanı icra hakimiyyətinin binasına
gətirmişdir. Əlikram Hümbətov isə xalqın təzyiqinə dözə bilməyib qaçmış,
ancaq yenə də öz cinayətkar, quduz hərəkətlərini davam etdirmişdir.
O, meydanda dinc əhaliyə, əliyalın silahsız adamlara atəş açmış, onları
qorxutmağa çalışmış, əhali isə bundan qorxmamış və çəkinməmişdir.
Dünən vəziyyət böhran halına gəlib çatdı. Ona görə də biz milli
təhlükəsizlik naziri Nəriman İmranovu, daxili işlər naziri Vaqif Novruzovu,
daxili işlər və milli təhlükəsizlik orqanlarının bir qrup işçisini vertolyotlarla
Lənkərana göndərdik.
Orada vəziyyət çox gərgin olduğuna görə mən dünən Azərbaycan
televiziyası ilə xalqa müraciət etməyə məcbur oldum. Bu müraciət də sizə
məlumdur. Dünən bizə gələn məlumatlardan, telefon zəng-
____________Milli Kitabxana____________
106
lərindən, teleqramlardan və ümumi ictimai rəydən məlum olur ki, bu
müraciəti xalq çoxdan gözləyirmiş. Müraciət ümumən bəyənilir, xalq
tərəfindən rəğbətlə qarşılanıb, xalqda canlanma və böyük ümid yaradıbdır ki,
Azərbaycanda daha hakimiyyətsizlik yoxdur, dövlət orqanları fəaliyyətdədir
və respublikanın bu ağır dövründə Azərbaycan dövlətçiliyini qoruyub
saxlamağa iqtidarı var və bundan sonra da olacaqdır. Mən dünəndən indiyə
qədər bu müraciətimizə müsbət əks-səda verən bütün şəxslərə, kollektivlərə,
bütün əhaliyə minnətdarlığımızı bildirirəm. Onların bizimlə həmrəy olması
gücümüzü artırır, bizə daha da ürək-dirək verir, iradəmizi daha da
möhkəmləndirir. Hamını
əmin etmək
istəyirəm ki, biz bu yoldan
çəkinməyəcəyik, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini qoruyacağıq və
respublikanın parçalanmasına yol verməyəcəyik.
Dünən Lənkəranda gedən proseslər faciə ilə qurtarmışdır. Əhali, xalq
Əlikram Hümbətovun və onun cinayətkar dəstəsinin əleyhinə qalxdığı vaxtda
Əlikram Hümbətov qaçıb gizləndi. Onu axtardılar. Bir məlumat gəldi ki, o,
meşələrə qaçıb; bir məlumat gəldi ki, başqa yerlərə qaçıb. Sonra isə ora
gedən nümayəndələrimiz məlumat verdilər ki, orada keçmiş Sovet Ordusu
diviziyasının qərargahı Əlikram Hümbətovun əlindədir. Bu, xəyanətkar
Azərbaycan rəhbərlərinin, keçmiş müdafiə naziri Rəhim Qazıyevin fəaliyyəti
nəticəsində olub. Əlikram orada gizlənib. O qərargah böyük hasarla əhatəyə
alınmışdır. Silahlı adamlar heç kimi yaxına buraxmırlar, orada gizlənirlər.
Əhali qərargahı mühasirəyə almışdır. Dünən bütün gecə səhərə qədər
qərargah mühasirədə olmuşdur.
Bir məsələni də sizə çatdırmaq, müdafiə nazirinin müavini Vahid
Musayev haqqında məlumat vermək istəyirəm. Sizə danışdım ki, Rəhim
Qazıyev mənim burada işlədiyim ilk günlərdə onun müdafiə naziri təyin
olunmasını təkidlə təklif etmişdir. Sizə bildirdim ki, sonra Əlikram
Hümbətov mənimlə görüşlərinin ikisində də məhz onun müdafiə naziri təyin
olunması barədə öz fikrini söyləmişdir. Əlikram Hümbətovla görüşdüyümüz
günün sabahısı baş nazir Surət Hüseynov heç bir səlahiyyəti olmadan,
özbaşına gedib Müdafiə Nazirliyində Vahid Musayevi nazir kimi təqdim
etmişdir. Biz bunu təkzib etməyə məcbur olduq. Sonra isə Surət Hüseynov
mənə belə izahat verdi ki, guya Vahid Musayev Əlikramla çox yaxın adamdır
və onun müdafiə naziri kimi təqdim olunmasının əsas səbəbi budur ki, o,
Əlikram Hümbətovu tərksilah edəcək və həmin silahlı dəstələri Azərbaycanın
Müdafiə Nazirliyinə tabe edəcəkdir.
Şübhəsiz ki, mən belə səbatsız hərəkətlərlə razılaşa bilməzdim. Mən buna
yol vermədim. Ancaq sonra Vahid Musayev bir neçə şəxsə müraciət etmişdir
ki, Heydər Əliyev məni qəbul etsin. Mən onu qəbul edəndə söhbətimiz
zamanı həm Rəhim Qazıyevin, həm də Surət Hüseynovun haqqında mənfi
sözlər danışdı və bildirdi ki, guya çox saf niyyətli bir adamdır. Ancaq mən
dedim ki, bunlar məni maraqlandırmır. Mən sizi bundan ötrü qəbul
etməmişəm. Xahiş etmisiniz ki, sizi qəbul edim, deyin görüm nə istəyirsiniz?