olunmamışdı. General Skorodumov gözlənilmədən 1941-ci ilin sentyabrın 12-də
ayrıca rus korpusunu yaratması haqqında elan verdi və 18 yaşdan 55 yaşa qədər
səfərbərliyin başlandığını bildirdi. Alman hökumət orqanları onun bu təklifinə
etiraz edib, sentyabrın 14-də generalı həbs etdilər. (254, s. 11-12) 1942-ci ilin
noyabrın 30-da alman komandanlığının xüsusi qərarı ilə Rus Mühafizə Dəstəsi
korpus adlanaraq Vermaxtın tərkibinə qoşuldu. 1943-cü ilin sentyabrın
əvvəllərində korpusda 4,8 min əsgər və zabit olduğu halda, 1944-cü ilin
sentyabrında bu rəqəm 11 minə çatırdı. (254, s. 13) Qeyd olunmalıdır ki, Rus
legionerləri müxtəlif adlarla birlik və ordular yaradırdı: 1) “Birinci Milli Ordu”. 2)
“Rus Milli Xalq Ordusu”. 3) “Rusiya Xalq Azadlıq Ordusu”. 4) “Rusiya
Xalqlarının Qurtuluş Komitəsi” və s.
1944-cü ilin avqustun 14-də Çexoslavakiyanın paytaxtı Praqada SS-in
dəstəyi ilə (xüsusən Himmlerin) general Vlasovun başçılığı altında “Rusiya
Xalqlarının Qurtuluş Komitəsi” (RXQK) yaradıldı. (395, s. 160) “Şərqi Türk
Silahlı Qüvvələri” və “Qafqaz Silahlı Qüvvələri” quruluşunda rus hərbi
əsirlərindən və “Şərqli işçilərdən” ibarət təşkil olunan “Rusiya Qurtuluş Ordusu”
1945-ci ilin yanvarında Vlasovun sərəncamına verildi. (395, s. 160)
Qeyd edək ki, 1944-cü ilin noyabrın 14-də qəbul edilən məşhur “Praqa
Manifesti” uzun müddət sovet tədqiqatçıları tərəfindən təhrif olunmuş məzmunda
izah edilmişdir. Manifest haqqında oxuculara belə məlumatlar verilirdi: “Hitler
sənədi”, “darıxdırıcı sənəd” və s. Sovet müəllifləri izah edirdi ki, bu manifest
xüsusiyyətçiliyin tərəfindədir, sinfi mübarizəyə son qoyulmasını tələb edir və s.
Lakin, qeyd etməliyik ki, bu Manifest 14 maddədən ibarət idi və yeni Rusiya
dövləti yaratmağa daha çox üstünlük verirdi.
Manifest bu sözlərlə başlayırdı: “Həmvətənlər! Qardaşlar və bacılar! Bu
ağır sınaq saatlarında biz Vətənimizin, xalqlarımızın və özümüzün xüsusi taleyini
həll etməliyik. İnsanlıq böyük itkilər dövrü yaşayır. Davam etməkdə olan dünya
müharibəsi bir-birinə qarşı olan siyasi sistemlərin ölüm-dirim mübarizəsidir.
Başda başqa xalqların əzilməsi və istismarı üzərində nəhəngliyi möhkəmlənən
İngiltərə və ABŞ mübarizə aparırlar. Digər tərəfdən isə başda başqa xalqların və
ölkələrin milli müstəqlliyini məhv edib, dünya inqilabını arzulayan Stalinin
başçılıq etdiyi beynəlmiləl qüvvələr mübarizə aparır. Mübarizə aparanlar
azadlıqsevən, yaşamaq istəyən, öz xüsusi tarixini və milli inkişafını
müəyyənləşdirmiş xalqlardır...
İki il əvvəl Stalin ayrı-ayrı ölkələri maribənin vətən azadlığı xarakteri
daşıdığı fikri ilə azad edə bilərdi. Lakin, indi Qızıl Ordu sovet dövlətinin
sərhədlərini keçərək Rumıniyaya, Bolqarıstana, Serbiyaya, Xorvatıstana,
Macarıstana soxulmuş, başqa torpaqlarda qanlar tökməkdədir. İndi bolşeviklər
tərəfindən davam etdirilən müharibənin əsl xarakteri üzə çıxmaqdadır. Onun
məqsədi - Stalin tiranlığının ağalığını SSRİ xalqları üzərində möhkəmlətmək və bu
ağalığı bütün dünyada həyata keçirməkdir.
Rusiya Xalqlarının Qurtuiuş Komitəsi öz məramını belə müəyyənləşdirir:
a) Stalin tiranlığının devirilməsi, Rusiya xalqlarının bolşevik sistemindən azad
edilməsi, Rusiya xalqlarının 1917-ci ilin xalq inqilabındakı hüquqlarının
qaytarılması; b) müharibənin dayandırılıb Almaniya ilə şərəfli sülhün bağlanması;
v) bolşeviklərsiz və istismarçılarsız yeni azad xalqın dövlətinin qurulması”. (371,
s.359-360)
Manifestin sonunda isə belə çağırışlar vardı: “Həmvətənlər, Avropada
yerləşən qardaşlar və bacılar! Sizin vətənə tamhüquqlu vətəndaşlar kimi
qayıtmağınız yalnız bolşeviklər üzərində qələbə sayəsində mümkündür. Siz -
milyonlarsınız. Mübarizənin qələbəsi sizdən asılıdır. Xatırlayın ki, siz ümumi iş
üçün, qəhrəman azadlıq qoşunları üçün işləyirsiniz. Öz gücünüzü və əmək
qəhrəmanlığınızı göstərin. Qızıl Ordunun zabit və əsgərləri! Avropa xalqlarının
əzilməsinə istiqamətlənmiş müharibəni dayandırın. Silahlarınızı Rusiya xalqlarına
aclıq, əzab və hüquqsuzluq gətirən bolşeviklərə qarşı çevirin. Vətəndəki qardaşlar
və bacılar! Stalin tiraniyasına və işğalçı müharibəyə qarşı mübarizəni gücləndirin.
Öz qüvvənizi hüquqlarınızın əldə olunmasına qarşı qəti çıxışlara və ədalət,
xeyirxahlıq uğrunda mübarizəyə səfərbər edin. Rusiya Xalqlarının Qurtuluş
Komitəsi sizin hamınızı birliyə, sülh və azadlıq uğrunda mübarizəyə çağırır! Praqa,
1944-cü il, 14 noyabr. Rusiya Xalqlarının Qurtuluş Komitəsinin sədri general
leytenant A. Vlasov. (371, s.357-362)
Lakin, “Rusiya Xalqlarının Qurtuluş Komitəsi”nin mövqeyindən
azərbaycanlı legionerlər narazılıq etdilər. Bunun səbəbi ondan ibarət idi ki,
“Vlasov Komitəsi” rus olmayan millətlərin də adından danışırdı. Vlasovun bu
mövqeyi milli təmsilçiləri və legionerləri ciddi narahat edirdi. Vlasov Komitəsinin
müraciətində xalqların azadlığı və suverenlik haqları qorunsa da, sanki
“kommunistsiz, bolşeviksiz” bir Rusiya dövləti quruluşu dəstəklənirdi.
Qeyd edək ki, “Vlasov Komitəsi”ni Himmler, Xarici İşlər Nazirliyinin
“Rusiya Komitəsi” və Göbbels müdafiə edirdilər. Qeyri-rus millətlərin
mövqeyində isə Alfred Rozenberq, Fon Mende və başqaları dayanırdı.
Himmlerin başçılıq etdiyi SS Mərkəz Dairəsi yaranmış gərginliyi aradan
qaldırmaq üçün yollar aramağa başladı. Milli təmsilçilərə belə bir plan təklif edildi:
“Şərqi Türk” və “Qafqaz Silahlı Gücü”nə paralel olaraq “Şərqi Türk” və “Qafqaz
Şurası” şəklində siyasi idarə orqanlar təşkil ediləcəkdi; bu müəssisələrin bir yanda
türküstanlıların, Krım tatarlarının və Volqa tatarlarının, digər tərəfdə isə gürcülərin,
ermənilərin, azərbaycanlıların və Şimali Qafqazlıların komitələrinin federativ
şəkildə birləşməsinin təşəkkülü vacib bilinmişdi. Vlasovun qarşısında sovet şərq
xalqlarının milli təmsilçiliklərinin dəyərini artırmaq üçün milli komitələr
mərtəbəsinə yüksəldiləcəklərdi. Sonradan isə legionlar və SS birliklərinin siyasi və
əsgəri komitəsinin komitələrə verilməsi planlanmışdı. “Doğu türk” və “Qafqaz
Şurası” da federativ bir şəkildə “RXQK-nə bağlanacaqdı”. (395, s. 161)
Dostları ilə paylaş: |