Sovet İttifaqı və Amerika Birləşmiş Ştatları arasında müqaviləni general-leytenant
Qrızlov və general Din imzaladılar. Bu müqaviləyə uyğun olaraq müttəfiqlərin
vətəndaşlarının köçürülməsi üçün nəqliyyat vasitəsi ayrılmayınca hər bir müttəfiq
başqa müttəfiq ölkənin vətəndaşının yemək, geyim, tibbi xidmət və digər
ehtiyaclarını təmin edəcək. Sovet zabitləri Amerika və ingilis hökumət orqanlarına
nəqliyyat ayrılınca sovet vətəndaşlarına xidmətdə kömək göstərəcəklər. Britaniya
təbəələrinə və Amerika vətəndaşlarına xidmətdə isə sovet hökumətinə Britaniya və
Amerika zabitləri kömək edəcəklər. “Hər üç dövlət arasındakı razılaşmaya əsasən
onlar hər cür kömək etməyə öhdəlik götürür və bütün hərbi əsirlərin, mülki
vətəndaşların təhvil verilməsi üçün hərbi əməliyyatların aparılmasına qarşılıqlı
yardım edirlər”. (349, s. 198-199)
Qeyd edək ki, Krım (Yalta) konfransında hərbi
əsirlərə aid qəbul edilən bu
razılaşma birmənalı qarşılanmadı. Legionerlər sovet dövlətinin onlara amansız
cəzalar tətbiq edəcəyini yaxşı başa düşürdülər. Ayrı-ayrı legionların təmsilçiləri
Beynəlxalq Qızıl Xaç Təşkilatı və digər qurumlarla əlaqələr qurmağa çalışırdı.
Məsələn, gürcü Mixail Kedia Cenevrəyə gedib danışıqlar aparsa da, lazımi nəticəni
əldə edə bilməmişdi.
General Vlasovun da Amerika ordu hissələri
ilə öz əsgərlərini xilas etmək,
sovetlərə qaytarılmamaq mövzusundakı danışıqları uğurla getmirdi. Amerikanın 3-
cü Ordu rəhbərliyi Vlasovun təkliflərini qəbul etmirdi. Amerikalılar yalnız bir fikri
irəli sürürdülər: qeyd-şərtsiz təslim olmaq. (371, s.219).
Sovet ordu hissələri Berlinə yaxınlaşdıqda və Almaniyanın
məğlubiyyətinin qaçılmaz olduğu reallaşdıqda Azərbaycan legionerlərinin də taleyi
təhlükəli vəziyyətlə üzləşdi. Belə olduqda, legionerləri xilas etmək məqsədi ilə
1945-ci ilin fevralında Berlində “Azərbaycan Milli Birlik Məclisi” üzvlərinin bir
dəstəsi müşavirə keçirdi. Müşavirədə azərbaycanlı legionerlərin ingilis-amerikan
qoşunlarının nəzarət etdikləri Şimali İtaliyaya köçürülməsi qərara alındı. Eyni
zamanda qeyd olundu ki, ingilis-amerikan qoşunlarının Sovet ordusu ilə savaşacağı
təqdirdə SSRİ-yə qarşı mübarizələrini davam etdirsinlər. Böyük çətinliklə
Türkiyəyə gedən Ə. Qazıyev isə buradakı İngiltərə və ABŞ səfirləri ilə görüşüb,
legionerləri Sovet hökumətinə verməməklərini xahişə cəhd etsə də, bu, baş
tutmadı. Türkiyə polisi Ə. Qazıyevi həbs edir və digər əsirlərlə birgə Sovet
hökumətinə təhvil verir. (97)
Müharibənin sonlarına yaxın Şərq cəbhəsində vuruşan Azərbaycan
legionerlərinin sovet ordu hissələrinin əlinə keçməməsi üçün Ə. Fətəlibəylinin
təşəbbüsü ilə birliklərin əvvəlcə cənub və qərb cəbhələrinə, bir müddətdən sonra
isə o dövrdə daha sakit bölgə olan İtaliyaya köçürülməsinə başlanıldı. Qeyd edək
ki, bu çox çətin və ağır prosesin həyata keçirilməsində mayor Ə. F.
Düdənginskinin böyük xidmətləri olmuşdu. (404)