Qeyd edək ki, “Şərqi Türk Silahlı Gücü” üçün Harun əl Rəşid bəy,
“Qafqaz Silahlı Gücü” üçün isə Şimali Qafqaziyalı Lazar Biçeraxov seçilsə də, bu
birliyin işini tamamlaya bilmədi. Bu birliklərə paralel olaraq yaradılan “Şərqi Türk
Şurası” başqanlığına Krım tatarı Krıməl, sonradan isə daha nüfuzlu Qəyyum xan
təklif olundu. Lakin, hər ikisinin münasibətlərindəki gərginlik nəticəsində “Şərq
Türk Şurası” reallaşmadı. “Qafqaz Şurası”nın isə aşağıdakı İdarə Heyəti tərəfindən
idarə olunması razılaşdırıldı: 1) Azərbaycanlı Abbas bəy Atamalıbəyov; 2) Gürcü
Mixail Kedia; 3) Erməni Armik Camalyan; 4) Şimali Qafqazlı - Əli xan Qantəmir;
Heyətin katibliyi vəzifəsini isə gürcü Mixail fon Altibiya aparırdı. (395, s.
161-162)
Dörd Qafqaz Komitəsi təmsilçiləri “Vlasov Komitəsi”nə daxil olmağın
əleyhinə çıxış etdilər və özlərini Milli Komitə adlandırmaq tələblərini irəli
sürdülər. Qafqazlıların, eləcə də türküstanlıların açıqlamalarında bu fikir ciddi
vurğulanırdı: “Vlasov sadəcə rusların məsələlərini yönəltməli və eləcə də ruslar
adından ortaya çıxmalıdır”. (395, s. 164)
General Vlasov da rus olmayan milli təmsilçilərlə əlaqələr qurmağa
çalışırdı. Hətta Almaniya Xarici İşlər Nazirliyi və SS Mərkəz Dairəsinin də
cəhdinə baxmayaraq, tərəflər fikir eyniliyinə gələ bilmədilər. “Praqa Manifesti”nin
qəbulundan dörd gün sonra Rozenberqin adına etiraz yazısı göndərildi. Etiraz
məktubunu aşağıdakı xalqların təmsilçiləri imzalamışdı: İdil-Ural (türk-tatar) və
Qafqaz (azərbaycanlı, gürcü, erməni və şimali qafqazlı), Krım tatarları,
türküstanlılar, ukraynalılar. Milli təmsilçilər Almaniya hökumətindən aşağıdakı
xahişləri edirdi: 1) General Vlasovun miilətlərin iradəsinə qarşı olan bütün
tələblərinə mane olmaq. 2) Millətlərin müstəqil dövlət qurmaq haqlarının dərhal
tanınması və milli təmsilçiliklərin tanıdıqlarının ifadə edilməsi. 3) Milli birliklərin
hərəkətinin Vermaxta bağlı olmaqla bərabər öz komandirlərinin əmri altında və bir
arada bolşevizmə qarşı mübarizə aparmalarına icazə verilməsi və bu təşəkküllərin
siyasi idarəsinin milli təmsilçiliklərə buraxılması. Nəhayət, general Vlasovun
millətlər üzərindəki idarə iddiası kəskin şəkildə rədd edilməzsə, milli təmsilçilərin
heç birinin Vlasovun fəaliyyəti dolayısıyla bu təmsilçilərin yerliləri arasında baş
verə biləcək hadisələrin məsuliyyətini üstünə almayacağını ən qərarlı bir şəkildə
bəyan etməyi bir vəzifə borcu olaraq bildirməyi vacib sayır”. (395, s.165-166)
Hətta bəzi komitələrin legionları Vlasovun ordusuna qatılarsa,
həmvətənlərini itaətsizliyə və fərariliyə təşviq edəcəklərini açıqlayırdılar. Belə
hadisələr isə legionlar arasında artıq müşahidə olunurdu. Bu haqda türküstanlı, əsgi
legioner Baymirzə Hayit haqqında Türkiyədə nəşr edilmiş kitabda maraqlı
açıqlamalar vardır: “qeyri-rus millətlərin milli hürriyyət üçün savaşa qatılan
əsgəriləri yenidən bir rus ordusu və rus generalının əmri altına girmələri fövqəladə
narazılıq yaradır. Gürcü, erməni, İdil-Ural tatarları, Şimali Qafqaz legioner
birlikləri daha dünənə qədər özlərini əzən rusların əmri altında savaşmaları olacaq
iş deyildi. Alman komandanlığının aldığı bu qərar 270 000 civarında olan
Türküstan legioner arasında geniş narazılıqlara səbəb olur”.
1944-cü ilin 19-20 dekabrında alay komandiri Qulam Alimovun
komandirliyində toplanan türküstanlı subaylar, türküstanlı əsgərlərin rus
komandanlığı altında savaşa qatılma əmrini müzakirəyə başladılar. Müzakirələrin
sonunda mayor Hayitin Berlində alman Genelqurmayından bu durumun
düzəldilməsi xüsusunda təmsilçi olaraq göndərilməsinə qərar verildi. Hayit
Azərbaycan Milli Komitəsinin başqanı minbaşı Əbdürrəhman Fətəlibəyli ilə
birlikdə 1944-cü ilin 22 dekabrında İşğal Qüvvətləri (SS, Naurtac) komandanı
general Bergerlə görüşərək türküstanlı və azərbaycanlı əsgərlərin general Vlasov
komandası altında savaşmaları qərarının ləğv edilməsini bildirdi. Alman rəhbərliyi
qərarı ləğv etməyin qeyri-mümkünlüyünü, əmrin gücünün yerində qalacağını
bildirmələrinin ardından alay komandiri Qulam Alimov Türküstan alayına, 1944-
cü ilin 24 dekabrında isə alman ordusuna üsyan etmələrini və almanlara qarşı atəş
açılması əmrini verdi. Vəziyyət çox gərginləşdi və gözlənilən üsyan ilin əvvəlində
baş verdi. Türküstanlı əsgərlər alman əsgərlərinə qarşı atəş açdılar. Bu atışmada
almanların nə qədər itki verdiyi göstərilməmişdir. Sıraları pozulmuş Türküstan
ordusu əsgərləri Çexoslavakiya Milli Kommunist Partiyası milis güclərinə
qatılaraq alman qüvvələrinə qarşı vuruşmağa başladılar. Bu vuruşda almanların
itkisi 250 əsgər, 400 əsir oldu və bu əsirlər də ölümə məhkum edildilər. Savaşın
pis gedişiylə bu üsyan almanları çox hirsləndirdi. Alman yetkililəri vəziyyət
haqqında raport istədikdə Hayit hadisənin səbəbini anlatdıqdan sonra dedi: “Əgər
milli əsgərlər rus komandirliyi əmrinə verilməsi qərarında israr edilirsə, çox daha
vahiməli olayların cərəyan edəcəyini” bildirməsi üzərinə, almanlar qərarlarını
dəyişib 1945-ci ilin martında Türküstan legioner alayının “Türküstan Milli
Ordusu” olaraq tanımaq məcburiyyətində qalır”. (400, s.45-46)
Beləliklə, “Vlasov Komitəsi” milli təmsilçilərlə münasibətlər qurmağı
bacarmadı və ayrı-ayrı xalqlardan, o cümlədən azərbaycanlılardan ibarət
legionerlər və onların rəhbərləri müstəqil və azad yaşamaq istəyini üstün tutdular.
Onlar bununla bir daha sübut etdilər ki, Almaniya Silahlı Qüvvələri tərəfində
vuruşmaqda başlıca məqsədləri həm də gələcəkdə vətənlərini azad və müstəqil
dövlətlər cərgəsinə qoşmaqdır.
Qeyd edək ki, hələ 1944-cü ilin avqustun 22-də almanların müharibədəki
vəziyyətinin kəskin olduğu bir zamanda dörd Qafqaz Cümhuriyyəti Qafqazın
konfederativ əsaslarla mövcud olacağına aid sənədi (diplomatik notanı) Xarici İşlər
Nazirliyinin məsul işçisi fon Şulenberq vasitəsi ilə Xarici İşlər Nazirliyinə çatdırdı.
(141, s. 5)
1945-ci ilin martın 17-də Rozenberq azərbaycanlılara, gürcülərə,
ermənilərə Şimali Qafqaz və Krım tatarlarına Almaniya tərəfindən rəsmən
tanındıqlarını bildirdi. Tanınma sənədində həmin xalqların “gələcəyi haqqındakı
Dostları ilə paylaş: |