dininin hər bir müsəlmanın qarşısına
qoyduğu
tələblərdir. Lakin həmin tələblərə İslamı qəbul etmiş oğuz
türklərinin həmişə əməl etdiklərini demək çətindir.
"Kitab"ın mətni üzərində müşahidələr göstərir ki, oğuz türklərinin müsəlmançılığı daha çox
kafirlərlə üz-üzə dayanarkən, döyüşdən əvvəl meydana çıxır. Qalan vaxtlarda onlar demək olar ki, ibadət
etmirlər. Bu, aşağıdakı səbəblərdən irəli gələ bilər:
a)
İslama bütün dərinliyi ilə hələ bələd olmayan bir sıra mühüm dini işləri kənardan gələnlərə
verən (diqqət edək: "Saqqalı uzun tat əri banladıqda") oğuz türkləri İslam dünyası qarşısında öz
öhdələrinə əsasən qəzaya getməyi, kafirləri məğlub edərək kilsələrini yıxıb məscid yapmağı, "ban
banlatmağ"ı (yəqin onu da "tat əri" icra edir) götürmüşlər;
b) epos təfəkkürü üçün müsəlmançılığın "xırdalıqlar"ına getmək o qədər də maraqlı olmadığına
görə, ozanlar "sülh dövrü"nün İslam həyatına
fikir verməmiş, ancaq müsəlmanlarla kafirlərin üz-üzə
durduğu dramatik məqamlarda müsəlman olmağın üstünlüklərini göstərmək məqsədini izləmişlər.
Müsəlman türklərin kafirlərlə döyüşü həmişə sonuncuların məğlubiyyəti ilə başa çatır. "Kitab"da
həmin döyüşlərdən biri bu cür təsvir edilir:
"...Bir
qiyamət savaş oldu, meydan dolu baş oldu. Başlar kəsildi top kibi. Şahbaz-şahbaz atlar
yügürdü, nalı düşdü. Ala-ala göndərlər susaldı. Qara polat uz qılıclar çalındı, yelmağı düşdü. Üç yeləkli
qayın oqlar atıldı, dəmrəni düşdü. Qiyamətin günü ol gün oldu. Bəg nökərlərindən, nökər bəglərindən
ayrıldı. Daş Oğuz bəgləri ilə Dəli Dondar sağdan dəpdi, İç Oğuz bəgləri ilə Qazan dübə dəpdi, Şöklü
Məlikə həvalə oldu. Şöklü Məliki bögürdübəni atdan yerə saldı, qafillicə qara başın alıb kəsdi, qax-
şıdıban alca qanın yer yüzünə tökdü. Sağ tərəfdə Qaratəgin məlikə Qıyan Səlcuq oğlu Dəli Dondar qarşı
gəldi, sağ yanını qılıcladı, yerə saldı. Sol tərəfdə Buğacıq məliyə Qaragünə oğlu Dəli Budaq qarşı gəldi.
Altı pərli gürz ilə təpəsinə qatı tuta urdu.
Dünya-aləm gözünə qaranqu oldu, at boynun qucaqladı, yerə
düşdü. Qazan bəgin qardaşı kafirin tuğilə sancağını qılıcladı, yerə saldı. Dərələrdə, dəpələrdə kafirə qırğın
girdi, leşinə quzğun üyüşdü. On iki min kafir qılıcdan keçdi. Beş yüz Oğuz yigitləri şəhid oldu. Qaçanı
Qazan bəg qovmadı, aman deyəni öldürmədi. Qalın Oğuz bəgləri doyum oldu".
"Kitab"da
kafirlərlə döyüşlərin təsvirinə, oğuz türklərinin hərbi qələbələrinin tərənnümünə,
demək olar ki, bütün döyüşlərdə "çapar yetən" igidlərin — qazi ərənlərin hünərinə, hətta kimin hansı
silahdan istifadə etməsinə (bu sonuncu bütün xalqların orta əsrlər dastanları üçün xarakterik olub silahın
tarixi mövqeyini əks etdirir) xüsusi diqqət yetirilsə də, əsas məsələ müsəlmanın kafir üzərindəki mənəvi-
ruhani qələbəsidir: "Kafirin kəlisasını yıqdılar, yerinə məscid yapdılar. Keşişlərin öldürdülər, ban
banlatdılar. Əziz Tanrı adına qüdbə oqutdular". Və heç şübhəsiz, eposun yaradıcısı (və ifaçısı) olan
ozanlar qədim türk epos ənənəsini davam etdirərək ayrı-ayrı qəhrəmanların
fəaliyyətinə xüsusi fikir
vermiş, onların hünərindən danışmışlar; eposu yazıya alan, "Kitab"ın üzünü köçürən müsəlman katiblər
isə süjetlərin hansı ideyaya xidmət etməsini əsas götürmüşlər.
"Kitabi-Dədə Qorqud"da kafirlər "yeddi bin, qaftanın ardı yarıçitəli, yarımından qara saçlı, sası
dinli, quzğun dilli", fürsət güdüb çapqınçılıq edən namərdlər kimi təsvir edilir. Qazan xan ova gedərkən
kafirin casusu öz böyüyü Şöklü Məliyə xəbər verir... "Altun ban evlərin kafirlər çapdılar. Qaza bənzər
qız-gəlini çığrışdılar. Tovla-tovla şahbaz atlarını bindilər, qatar-qatar qızıl dəvələrini yeddilər, ağır
xəzinəsini, bol ağçasını yağmaladılar. Qırq incə belli qız ilə boyu uzun Burla xatun yesir getdi. Qazan
bəyin qarıcıq olmuş anası qara dəfə boynunda asılı getdi. Xan Qazanın oğlu Uruz bəg üç yüz yigidlən əli
bağlı, boynu bağlı getdi". Və hələ bu azmış kimi, bir bölük kafirlər Qapılar Dərvəndinə gedir ki, Qazanın
on min qoyununu da gətirsin.
Kafirlər Qaraçuq Çobanı dilə tuturlar:
Qaranqu axşam olanda qayğulu çoban,
Qarla yağmur yağanda çaxmaqlı çoban!
Bərə, çoban, iraqından, yaqınından
bəri gəlgil,
Baş endirib bağır basgil,
Biz kafirə salam vergil.
Öldürməyəlim, Şöklü Məliyə səni ilətəlim,
Sənə bəglik alı verəlim.
Qaraçuq
Çobanın kafirə cavabı isə düşmənin düşmənə sözüdür:
Ala-qara söyləmə, mərə, itim kafir,
İtimlə bir yalaqda yundum içən azğın kafir.
Kafir
Oğuz igidlərindən qorxur, onlarla açıq döyüşə girmək istəmir. Məsələn, elə ki, bilirlər Bəkil
atdan yıxılıb ayağını sındırıb, kafir dərhal onun üzərinə gəlir. Və təkurla (kafirlərin başçısı ilə) kafirlər
arasında belə bir söhbət gedir:
"Al
ayğır qaçan kim yağı qoxusun alsa, ayağını yerə dögərdi, tozu gögə çıqardı.
Kafirlər aydır:
―Bu at Bəkilindir. Biz qaçarız.
Təkur aydır:
—
Mərə, onat görün, bu gələn Bəkilsə,
sizdən öndən mən
qaçaram, — dedi".
Eposda kafirin qorxaqlığı oğuz igidlərinin — müsəlmanların onlara saymaz münasibəti ilə
qarşılaşdırılır və belə bir təsəvvür yaradılır ki, bir oğuz igidi onlarla kafiri məğlub etməyə qadirdir...
Kafirin casusu gəlib təkura xəbər verir ki, Oğuzdan bir igid gəlib qoruqda yatır. Təkur altmış
adam göndərir ki, onu tutub gətirsinlər. Lakin "oğlan gördü kim, bir alay atlı gəlir, sıçradı, adı görklü
Məhəmmədə salavat gətirdi. Atına bindi, qara donlu kafirə qılıc urdu, basdı qələyə qoydu. Yenə uyxusun
yenəməyib yerinə varıb yatdı, uyudu. Yenə atının çilobərin biləginə keçirdi.
Kafirlər, saq onları qaçaraq təkurə gəldilər. Təkur aydır:
—
Tuv
yüzündə! Altmış kişi bir oğlanı tutamadınız?! — dedi.
Bu
kərrə yüz kafir oğlanın üzərinə gəldilər. Ayğır yenə oğlanı oyardı. Gördü kafirlər alay
bağlamış gəlirlər. Oğlan durdu, atına bindi. Adı görklü Məhəmmədə salavat gətirdi. Kafirə qılıc qoydu.
Basdı qələyə tıqadı. Atını döndərdi genə mənzilinə gəldi. Yuxusun yenəmədi, gerü yatdı, uyudu".
Kafirin
qorxaqlığını,
Oğuz igidlərinin, müsəlman türklərin qarşısında dura bilməmələrini bir fakt
da təsdiq edir ki, kafirlər onlara olan hücumun qarşısını almaq üçün igid Oğuz əsirlərindən istifadə
edirlər. Məsələn, "Uşun Qoca oğlu Səgrək boyu"nda kafirlər əsir düşmüş Əgrəki qardaşı Səgrəkə qarşı
qoyurlar... Yaxud əsir düşmüş Qazan xan oğlu Uruzla döyüşməli olur.
Kafirlər biləndə ki, onların qalası alındı, məsləhətləşib belə qərara gəlirlər ki, "Qazanı çıqaravuz
onlarla bərabər edəvüz".
Və Qazana:
" — Qazan bəg, üzərimizə yağı gəldi. Bu yağıyı üzərimizdən ayırarsan, səni qoyu verəlim, —
dedilər. Həm xəraca müti olalım. Sən
dəxi and iç kim, bu bizim elə yağılığa gəlmiyəsən — dedilər".
Qazanı yaraqlandırıb Oğuz igidlərinin qarşısına çıxarırlar. O, biləndə ki, axınçılara oğlu Uruz başçılıq
edir, sevinir, "əlhəmdü lillah, mənim oğlancığım böyük ər olmuş" —
deyir.
Kafirə əsir düşmək "Kitab"ın maraqlı motivlərindən biri olub yalnız müsəlman cəmiyyətinin
deyil, kafirlərin də xarakterini, dünyagörüşünü, həyat tərzini anlamağa kömək edir.
Dirsə xanın xanımı həyəcanlanır ki, oğlu birdən kafirə əsir düşmüş olar:
...Qara donlu azğın dinli kafirlərə
Bir oğul aldırdınsa degil mənə.
Xan babamın qatına bən varayım,
Ağır xəzinə, bol ləşkər alayın,
Azğın dinli kafirə bən varayım,
Yaralanıb qazlıq atımdan enməyincə,
Yönümlə alca qanım silməyincə,
Qol-bud olub yer üstünə düşməyincə,
Yalqız oğul yollarından dönməyəlim...
Eposda Qazan xanın,
onun ailəsinin, Bamsı Beyrəyin, Qazlıq Qocanın, Əgrəkin... kafirə əsir
düşməsindən bəhs edilir.
Qazanın əsir düşməsi, əsirlik həyatı "Kitab"ın ən maraqlı səhifələrini təşkil edir...
Qazan Trabzon təkurunun göndərdiyi şahinlə ova çıxır, "kafir eli"nə çatarkən onu yuxu tutub
yatır. Kafirlər Qazanı "uyduğu yerdə tutdular, əlin-ayağın bərk bağladılar. Bir ərəbəyə yüklətdilər.
Ərəbəyə möhkəm orğanla sarıdılar. Ərəbəyi çəkdilər, yürüyü verdilər".
Qazan
kafirə əsir düşdüyü ilk andan düşməni saymır, onu məsxərəyə qoyur:
"Gedərkən ərəbə qıcırdısından Qazan oyandı. Gərindi, bu əlindəki orqanları həp qırdı, ərəbənin üzərinə
oturdu. Əlin-əlinə çaldı, qas-qas güldü.
Kafirlər aydırlar:
― Nə gülərsən?
Qazan
aydır:
—
Mərə, kafirlər, bu ərəbəyi beşigim, sizi yamuru-yamuru dadım-dayəm sandım, — dedi".
Qazanı Tomanın qələsində dərin bir quyuya salırlar. Təkurun xatunu gəlir ki, adı hər yana
yayılmış igidi görsün.