çatmırdı.
Kimsə bundan daha qəribə pərəstişkarlıq görmüşdümü? Cipə əvvəl
olduğu kimi yenə də elə
gəlirdi ki, cilovu əlində möhkəm saxlayıb və yalnız sədəqə verir, əl tutur. Eyni zamanda onu artıq azad
olmadığı fikri təqib edirdi. Hətta düşündüyü kimi Forsen üçün dəfedilməz olan məftunediciliyinin gücü
də indi öz əleyhinə işləyirdi. Başlanğıcda tam şübhə, qız bundan artıq şübhələnə bilməzdi. Əgər qız ona
gülümsəmirdisə, o, qaşqabaqlı olur və özünü bədbəxt hiss edirdi. Qız gülən kimi isə o canlanır, əhvalı
düzəlirdi. Qız ona baxanda onun adətən, kinli və narahat olan gözlərinin ifadəsi də dəyişirdi, bu
gözlərdə kədərli, itaətkar heyranedicilik işarırdı. Belə riyakarlıq olmazdı, amma belə dəyişkənliyi qız
onda daima müşahidə edirdi. Qız harada olurdusa, o da orada olurdu. Qız konsertə gedirdi, o, artıq
salonun girişindən beş-altı addım aralıda gözləyirdi. Şirni dükanına çay içməyə gedirdi, o da orada
olurdu. Hər axşam qızın atla Neroberqə yola düşüb keçə biləcəyi yerdə dolaşırdı.
Əgər hörmətlə qızın yanında bir neçə dəqiqəliyə oturmağı xahiş elədiyi Koxbrunnendəki həmin
görüş nəzərə alınmasa, o, qızı öz cəmiyyətinə bağlamadı və onu nəyləsə gözdən salmağa cəhd
eləmədi. Yəqin, o, belə həssas qızla bunun təhlükəli olduğunu başa düşdü. Bu alovun ətrafında fırlanan
başqa kəpənəklər də var idi və bu da onu özünü elə aparmağa məcbur eləyirdi ki, pərəstişini başqaları
hiss eləməsin. Cip
isə nə baş verdiyini görürdümü, başa düşürdümü ki, onun müdafiə mövqeyinin
altını necə qazırlar, ona öz ətrafında görünməyə icazə verməyin necə təhlükəli olduğunu, bununla da
geriyə gedən yolunu bağladığını hiss edirdimi? İşin mahiyyətinə görə, yox. Bütün bunlar onu sərxoş
eləyən həmin günlərin təntənəsini gücləndirirdi, qız həyata
daha çox vurulur, daha möhkəm inanırdı ki,
onu qiymətləndirir və heyran olurlar, o, başqalarının yaxın düşə bilmədiklərini belə idarə eləmək
bacarığına malikdir.
Forsen onu həyəcanlandırırdı. Axı kim belə narahat, şıltaq, qaynayan insanın yanında darıxa
bilərdi? Bir dəfə o, qıza öz həyatının bəzi məqamlarından danışdı. Onun isveçli atası kiçik torpaq
sahibkarı olub, fiziki cəhətdən olduqca güclüymüş, ancaq çox içirmiş. Anası isə rəssam qızıymış. Ona
skripkada çalmağı anası öyrədibmiş, amma o, hələ uşaq olanda anası ölübmüş. On yeddi yaşı olanda
atası ilə dalaşır və Stokholmun küçələrində skripka çalmaqla öz çörəyini qazanmağa başlayır. Necə
olursa, məşhur bir skripkaçı onun çalğısını eşidir və ona dərs verməyə başlayır. Həddən artıq içən atası
ölür və ona balaca bir malikanəni miras qoyur. O, dərhal da malikanəni satır, pulunu isə özünün kobud
tərzdə dediyi kimi «hər cür axmaqlıqlara» xərcləyir.
– Ah,
miss Uinton, mən həyatımda çox səfehliklər eləmişəm, ancaq bir daha sizi heç vaxt görə
bilmədiyim həmin gün elədiyimin yanında, onlar hamısı boş şey olacaq
O, bütün bu sözləri həyəcanla deyib, dərhal da kənara çəkildi. Qız bir qədər şübhədən, bir qədər
də şəfqətdən gülümsədi, ancaq onun qəlbində özünün də anlaya bilmədiyi hansısa yeni hiss doğdu.
Ümumiyyətlə,
həmin günlər o, özünü başa düşməkdə çətinlik çəkirdi.
Uinton isə onda nələr baş verdiyini görürdümü? Düzünü demək lazımsa, o, təşvişə düşmüşdü.
Ancaq hər şeydən çox öz narahatlığını düşünülməmiş hərəkətiylə aşkar eləməkdən qorxurdu, deyək ki,
müalicəsinin bitməsinə iki həftə qalmış Cipi buralardan aparmaq kimi. Axı o, məhəbbətin əlamətlərini
yaxşı bilirdi! Uzundraz, yırtıcı kimi olduqca yöndəmsiz, skripkayla atəş açan, enli almacıq sümükləri
və nazik bakenbardları olan bu cənabın (Ey ədalət sahibi!) yaşıltəhər gözlərini Cipdən çəkmədiyini
Uinton özlüyündə hiss eləmişdi və onun qorxusu güclənmişdi.
Bəlkə də, ola bilsin ki, yalnız ingilisin
əcnəbilərə anadangəlmə nifrəti onu həlledici addım atmaqdan saxlayırdı. O, bütün bunları ciddi qəbul
eləyə bilməzdi. Cip, onun zərif Cipi məgər belə növdən olan tipə aludə ola bilərdimi? Heç vaxt!
Bundan əlavə qız hər hansı çətinliyi olanda, ya tərəddüd eləyəndə mütləq onun fikrini soruşurdu. Bu
zaman Uinton qızın utanaraq sirr verməzliyini unudurdu, onu da yaddan çıxardırdı ki, o, özü də Cipi
sevəndə hər cür mehribanlıq göstərməkdən qaçırdı, qız da onu sevərkən öz qəlbini ona açmırdı.
Ümumiyyətlə, o, nə qədər bəsirətli olsa da, görə bilməli olduğu şeyləri görə bilmirdi,
təkcə Forsenin
özgə bir niyyəti yoxmuş kimi açıq-aşkar elədiklərindən başqa. Onların getmək ərəfələrində Uintonun
haqqında heç bir şey bilmədiyi bir epizod nəzərə alınmazsa, bunlar elə də ciddi şey deyildi.
Sonuncu gün sakit, bir qədər qüssəli idi. Axşam yağış yağmışdı və nəm hompuş ağacların
gövdələrindən, yerə tökülmüş yaş yarpaqlardan biyan kökünün küclə seziləcək qoxusu gəlirdi. Cipdə
belə hiss yaranmışdı ki, buna qədər sevinclə dolu olan qəlbi birdən-birə boşalıb. Səhər yeməyindən
sonra, Uinton hesabların ödənilməsi ilə məşğul olanda, qız vahəyə enən parka gəzib dolaşmağa getdi.
Göyün üzü buludlarla örtülmüşdü, ağaclar məyus halda başlarını aşağı salmışdılar, bütün ətraf pərişan
idi. Qız parkdan çıxıb çay boyunca getməyə başladı, kəndin kənarındakı palçıqlı dalanı keçib təpəyə
qalxdı, oradan şosse yoluna qayıda bilərdi. Nəyə görə hər şeyin sonu olur? Həyatında ilk dəfə
Mildenxem haqqında, ov haqqında sevinmədən düşünürdü. O indi Londonda yaşamaq istəyirdi. Orada
musiqidən, rəqsdən, adamlardan,
ona həzz verən xoş, sevinc dolu hisslərdən məhrum olmurdu.
Haradansa taxıldöyən maşının boğuq, yoğun fit səsi gəlirdi və bu səs onun əhvalını dəqiqliyi ilə
ifadə eləyirdi. Qurğuşun rəngli buludların fonunda başı üzərindən ağappaq göyərçin ağararaq, uçub
keçdi, artıq qızılı rəngə çalan ağcaqayınlar titrəyərək, yağış damlalarını yerə tökürdülər. Bütün bunlar
necə də yazıq görünürdü! Birdən yaşıl çəpərin arxasından iki balaca oğlan çıxdı, az qala onu vurub
yerə sərəcəkdilər, yol boyunca qaçmağa başladılar. Cip sifətində yağışın ilk damlasını hiss elədi.
Yağsaydı ən çox sevdiyi yeganə donu korlanacaqdı, belə havada göyümtül rəngli, məxməri bu donu
geymək olmazdı! Qız yağışdan qorunmaq üçün ağcaqayınların altına qaçdı. Yağış,
bəlkə də, tezliklə
kəsəcəkdi. Məsafəyə görə bir az zəifləsə də, taxıldöyən maşının şikayətli fit səsi hələ də eşidilirdi və bu
səsə görə o, özünü daha da narahat hiss edirdi.
Oğlanların çıxıb qaçdıqları yaşıl çəpərin arxasından hansısa bir adam göründü, yolla geniş
addımlayaraq, ona təfər gəlirdi. Budur, ağcaqayınların yanındakı arxın üstündən tullandı. Forsen!
Tövşüyürdü, əzgin idi, həyəcandan ağarmışdı… Yəqin, ona çatmaq istəmişdi, buna görə də çayı
keçmədən birbaşa təpənin ətəyindən dolanan cığırla bura qalxmışdı. Onun şıq kostyumu sərt yoxuşu
qalxarkən çox əzilmişdi. Forsen güclə nəfəsini dərərək dedi:
– Demək, siz sabah çıxıb gedirsiniz və mənə bu haqda heç nə deməyibsiniz! Mənə bircə söz belə
demədən xəlvətcə getmək istəyirsiniz! Siz həmişə belə qəddar olursuz? Yaxşı,
onda mən də sizə aman
verməyəcəyəm!
Birdən o, dizləri üstə çöküb qızın kəmərinin lentindən yapışaraq, üzünü ona söykədi. Cip diksindi
və ayaq üstəcə dondu. O, qızın dizlərini qucaqlamışdı.
– Cip, mən sizi sevirəm… Mən sizi sevirəm, məni qovmayın… İcazə verin, sizinlə olum! Mən
sizin itinizəm, qulunuzam. Oy, Cip, mən sizi sevirəm!...
Onun səsi qızı təsirləndirdi və qorxutdu. Son iki ildə kişilər ona az deməmişdilər, «sevirəm sizi»,
ancaq o sözlərdə heç vaxt belə qarşısıalınmaz istək olmamışdı, belə həris və yalvarış dolu baxışları qız
heç vaxt görməmişdi, belə narahat, dözümsüz və eyni zamanda da münasibətlərində belə ağciyər olan
birisi ilə də rastlaşmamışdı. Qız güclə deyə bildi:
– Qalxın! Xahiş edirəm!