O isə ara vermədən təkrar eləyirdi:
– Sevin məni, azacıq da olsa, lap azacıq da olsa, sevin! Ah, Cip!
Ağlına gələn fikir qızı ildırım kimi vurdu: «Neçəsinin qarşısında o, beləcə dizi üstə çöküb?» Onun
sifəti özünü
unutduğu bu anda gözəl idi, belə gözəlliyi ancaq şiddətli həvəs yarada bilərdi və qızın
qorxusu birdən keçib getdi. Forsen qırıq-qırıq halda mızıldanırdı:
– Mən evsiz səfiləm, mən bunu bilirəm. Əgər siz məni sevsəniz, mən tamam başqa adam olaram.
Mən sizin üçün böyük işlər görərəm. Oy, Cip, əgər siz nə vaxtsa mənim arvadım olmağa
razılaşarsınızsa! İndi yox. Nə vaxt mən sübut elərəm onda. Cip… elə sevimli, elə gözəlsiz!
Onun əlləri hey yuxarı qalxırdı, başını onun döşlərinin arasında gizlətdi. Nə elədiyinin fərqində
olmayan Cip əliylə onun saçına toxunur və deyirdi:
– Ayağa qalxın, xahiş edirəm.
O, ayağa qalxdı və pıçıldadı:
– Mənə rəhm edin. Heç olmaya bir söz deyin!
Qız isə tutqun gözləri ilə həyəcanlanmış halda, ona baxırdı. Birdən o, qızı qucaqlayıb özünə sıxdı.
Qız bütün gücüylə onu itələyib kənara sıçradı. O, xəcalətdən başını aşağı saldı və gözlərini yumdu,
dodaqları titrəyirdi. Sarsıntıdan qızın ürəyi yenidən əsdi.
– Bilmirəm, – mızıldandı. – Mən
sonra sizə deyərəm, İngiltərədə.
O, baş əyib, əllərini sinəsi üstə çarpazladı, sanki, bununla demək istəyirdi ki, heç nədən ehtiyat
eləməsin. Sonra isə yağışın hələ kəsmədiyinə baxmayaraq, qız irəli getdi, o da itaətkar halda qızla
yanaşı addımlayırdı, sanki, onun dodaqlarını öz məcburi öpüşü ilə təhqir eləməmişdi.
Öz otağına qayıdıb, islanmış donunu çıxardandan sonra Cip onun nə dediyini və ona necə cavab
verdiyini xatırlamağa çalışdı. Qız heç nə vəd eləməmişdi, amma ona həm Londondakı,
həm də
kənddəki ünvanlarını vermişdi. Özünü başqa şey haqda düşünməyə məcbur eləyirdi, ancaq elə hey
onun barmaqlarının toxunmasını, əllərinin möhkəmcə sıxmasını hiss edir, onu öpərkən gözlərinin necə
olmasını görür, yenidən qızı qorxu və həyəcan bürüyürdü.
Bu axşam o, konsert verirdi, qızın axırıncı konsertini. Düzü o, heç vaxt hansısa ümidsizliyinin
gücüylə, hansısa ağılsız sərxoşluqla belə çalmamışdı. Qız ona qulaq asır, varlığını yeni hiss bürüyürdü:
bu taledir! İstədi,
istəmədi, ondan qaça bilməzdi.
V FƏSİL
İngiltərəyə qayıdandan sonra Cip bu hissdən məhrum oldu, yaxud demək olar ki, məhrum oldu.
Forsen başqası ilə tanış olar və onda Cipin ona bəxş etdiyi hər şeyi tapardı. Qızın onun üzərində hansısa
hakimiyyətinin olduğunu, qızın xatirinə özünün başıpozuq həyatına son qoyacağını düşünmək belə
gülməliydi! Ancaq qəlbinin dərinliyində qız buna ümid eləyirdi.
Uinton yenidən azad nəfəs aldı və onu Mildenxeme getməyə tələsdirdi. Qıza yeni at almışdı və
gənc tülküləri ovlamağın vaxtıydı. Ən azından bir həftə çöllər boyunca həvəslə at çapmaq və qaçan
tazıların görünüşü ona hər şeyi unutduracaqdı. Amma sonra, əsl ov mövsümü başlayanda qız yenidən
darıxmağa və narahat olmağa başladı.
Mildenxem qaşqabaqlı idi, payız küləkləri cansıxıcı tərzdə vıyıldayırdı. Onun balaca,
qəhvəyi iti
Lass qocalıqdan öldü. Qız taqəti kəsilən itini uzun müddət tək qoyduğu üçün özünü bağışlaya bilmirdi.
Hər zaman xatırlayır, yadına salırdı ki, Lass və sadə ürəklilərə xas olan xasiyyətlə yanıqlı oxşamalara
həvəsli Betti onun qayıtmasını gözləyirlər. İndi Cip özünü qəddarlıqda günahlandırırdı. Belə hallarda o,
başqalarına qarşı etinasız, özünə qarşı isə sərt olurdu. Bir neçə gün demək olar ki, xəstə oldu, özünü
yaxşı hiss eləməyə başlayanda isə təşvişə düşən Uinton onu Londona bibisi Rozamundanın yanına
göndərdi. Düzdü, Cipsiz o, tənha qalacaqdı, amma əgər qız özünü paytaxtda yaxşı
hiss eləsəydi və fikri
dağılsaydı, o, çox razı qalardı. Üç gündən sonra, şənbə günü Uinton Londona gəldi və qızını hiss
olunacaq qədər şən görəndə çox sevindi, qəlbi rahatlanmış halda, Mildenxemə qayıtdı. Atası gedəndən
sonrakı gün isə Cip Forsendən məktub aldı, məktubu Beri-stritdən yola salmışdılar. Yazırdı ki, Londona
qayıdır, qızın ona lütf elədiyi bircə baxışı, ona dediyi bircə sözü belə unutmayıb. Onu yenidən görənə
kimi rahatlıq tapmayacaq. «Uzun müddət, – məktub belə qurtarırdı, – sizinlə görüşənə qədər mən ölü
kimiydim, məhv olmuşdum. Əlinizi öpür və sizin qulunuz olaraq qalıram. – Qustav Forsen». Bunu
başqa kişi desəydi, qız yalnız nifrətlə gülümsərdi. İndisə bu məktub Cipdə onu
təşvişə salan əvvəlki
duyğunu, ondan qaça bilməyəcəyini dərk eləmək kimi xoş və həyəcanlı duyğunu oyandırdı.
Cavabında qız yazdı ki, əgər o, hər hansı bir gün saat beşlə altı arasında gələrsə, bibisi onu
görməyinə sevinəcək və imzasını qoydu. «Gita Uinton». Qız rəsmi qısalığı ilə xoşuna gələn bu
məktubu yazmağa xeyli vaxt sərf elədi. Doğrudanmı, qız onun hökmdarı olurdu? Onu istədiyi kimi
idarə eləyə bilərdimi? Məktub buna şübhə yeri qoymurdu. Ümumiyyətlə, götürəndə Cipin üzündən nə
fikirləşdiyini oxumaq mümkün deyildi, hətta Uinton da tez-tez dalana dirənirdi. Rozamunda bibisini
Forsenin gəlişinə hiyləgərcəsinə, ayaqüstü hazırlayırdı. Forsen gələndə isə görünür, ona aydın oldu ki,
ehtiyatlı olmalıdı, o, hiss elətdirməməyə çalışaraq, yalnız Cipə baxırdı. Gedəndə isə onun qulağına
pıçıldadı.
– Yox, belə yox! Belə yox! Mən sizi tək görmək istəyirəm! Tamam tək!
Qız gülümsədi və başını yırğaladı, ancaq yenidən onun sevincinin günahı
oynamağa və
alovlanmağa başladı.
Axşam Rozamunda bibiyə etinasız halda dedi:
– Mister Forsen atamın xoşuna gəlmir, bəlkə də, ona görə ki, atam onun musiqisini qiymətləndirə
bilmir.
Bu ehtiyatlı irad aldığı tərbiyənin hüdudları daxilində musiqini acgözlüklə sevən Rozamunda
bibini qardaşına
məktub yazanda, Forsenlə bağlı olanlar haqda susmağa məcbur elədi. Sonrakı iki həftə
ərzində Forsen skripkasını da götürərək, az qala hər gün gəldi. Ehtiraslı baxışlar altında qız özündə
olmasa da, onu müşaiyyət edirdi. Qız artıq bu baxışlardan ötrü darıxmağa başlamışdı.
Uinton Beri-stritə gələndən sonra qız çətin vəziyyətə düşdü. Boynuna alsınmı Forsenin bibisigilə