Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə5/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   2   3   4   5   6   7   8   9   ...   77

özlərinə aid olmayan hər şeyə qarşı tamamən laqeyd görünən bu qocalara Votrenin göstərdiyi bu 
ikimənalı təsir, çox ehtimal ki, onları kifayətləndirməzdi. Votren, ətrafındakı bütün adamların işlərini bilir, 
yaxud duyurdu; halbuki heç kəs onun nə ilə məşğul olduğunu və nə fikirləşdiyini dərk edə bilməzdi. Zahiri 
xeyirxahlığı, daimi iltifatı və şən təbiəti özü ilə başqaları arasında sədd çəkdiyi halda, Votren bəzən 
xasiyyətinin qorxunc cəhətini büruzə verərdi. Yuvenal* kimi hazırcavablılıqla coşar, qanunlara 
məmnuniyyətlə istehza edər, kübar cəmiyyəti qırmacla   , onun daxili ziddiyyətlərini ifşa edərdi. Bu isə 
onun qəlbində ictimai intizama qarşı kinli bir küskünlüyün çırpındığını və həyatının dərinliklərində böyük 
bir sirr dəfn edilmiş olduğunu göstərirdi. 
Madmazel Tayfer oğrun baxışlarını və gizli həsrətlərini bu qırx yaşlı kişi ilə gənc tələbə arasında bölürdü. 
Bəlkə də, heç düşünmədən onu cəzb edən birinin qüvvəti, digərinin isə gözəlliyi idi. Bununla belə, heç 
birinin qızla maraqlanmadığı görünürdü. Lakin sadəcə bir təsadüf bu gün olmasa da, sabah Viktorinanın 
vəziyyətini tamamilə dəyişə bilər, bu gün yoxsul olan bir qız sabah varlı gəlin ola bilərdi. Lakin bütün bu 
şəxsiyyətlərin arasında bir nəfər belə zəhmət çəkib hər birinin müsibətində nə qədər həqiqət və nə 
qədər uydurma olduğunu yoxlamaq istəmirdi. Hamı bir-birinə qarşı öz şəxsi vəziyyətindən doğan 
qarşılıqlı bir qeydsizlik və şübhə ilə yanaşırdı. Hər kəs çəkdiyi iztirabları yüngülləşdirməkdə aciz olduğunu 
düşünür və bu iztirablarını bir-birinə söylədikdən sonra artıq mərhəmət badəsini son damlasına qədər 
boşaltmış olurdu. Qocalmış ər-arvad kimi onların bir-birinə söyləyəcək sözləri qalmamışdı. Bu surətlə 
onların münasibətləri yalnız xarici əlaqədən, heç bir şeylə yağlanmamış çarxların hərəkətindən ibarət idi. 
Hər biri küçədə sədəqə istəyən kor dilənçinin yanından başını belə çevirmədən keçər, həyəcan 
keçirmədən başqasının başına gələn müsibətlərə qulaq asar, səfalət məsələsinin həllini ancaq ölümdə 
görərdi. Ən dəhşətli can çəkişməsinə bəslədikləri bu qeydsizliyə səbəb də həmin səfalət idi. Ürəkləri 
xarabazara dönmüş bu insanların arasında ən xoşbəxt bir insan vardısa, o da ancaq bu xüsusi səfalət 
evində hökm sürən madam Voke idi. Şaxtada da, quraqlıqda da, yağış yağanda da, hər zaman dilsiz və lal 
olan, səhra kimi bomboş bir çölə çevrilən bu balaca bağça ancaq madam Vokenin nəzərində gözəl 
çəmənzara bənzəyirdi. Dükan taxtapuşu kimi ucuz rəng iyi verən bu sarı və kədərli ev ancaq onun 
nəzərində gözəl və cazibədar görünürdü. O, bu zindan bucaqlarının sahibi idi. O, əbədi katorqaya 
məhkum edilmiş bu məhbuslara yemək verir, onları ehtiramlı bir itaət altında idarə edirdi. Bu zavallılar 
Parisin hansı bir bucağında bu qiymətə təzəcə, qarın doyuzduracaq yemək, yaxud sığınacaq tapa 
bilərdilər? Bu yeri zərif, yaxud rahat şəklə salmaq mümkün olmasa da, hər halda cansağlığını pozmayan 
təmiz hala salmaq mümkün idi. Əgər madam Voke dəhşətli haqsızlığa yol vermiş olsaydı belə, bu fələkz 
dələrin dözməkdən başqa çarələri yox idi. 
Bu cür insan birləşmələrində insan cəmiyyətinin tərkib hissələri öz ifadəsini tapmalıdır və burada kiçik bir 
həcmdə tapmışdı da. Adətən, məktəblərdə və dərnəklərdə olduğu kimi, burada da, on səkkiz pansioner 
arasında zəlil, səfil bir nəfər tapılmışdı ki, bütün istehzalar, kinayələr onun üzərinə yağdırılırdı. Ejen 
Rastinyakın bu evdə yaşadığı ikinci ilin başlanğıcında, iki il daha aralarında yaşamağa məcbur olduğu bu 
insanların içərisində onun nəzər-diqqətini ən çox cəlb edən də həmin şəxs idi. Hamının istehza etdiyi bu 
şəxs keçmiş vermişel fabrikinin sahibi Qorio ata idi, halbuki rəssam, ya ədib onu görmüş olsaydı, çəkdiyi 
lövhənin mərkəzində onun simasını yerləşdirərdi. Bu ən qoca kirayənişinə qarşı bəslənilən kinlə qarışıq 
nifrəti, mərhəmət hissi ilə qarışıq təqibi, özgənin fəlakətinə bəslənilən bu hörmətsizliyi doğuran səbəb nə 
ola bilərdi? Bəlkə də, səbəb onun özü idi, bəlkə, onun təbiətində qəribəlik və gülməli adətlər vardı? 


İnsanlar gülünc vərdişləri ey bdən daha çətin bağışlayırlar. Bütün bu məsələlər bir çox ictimai 
haqsızlıqlarla əlaqədardır. Bəlkə də, insan təbiətində belə bir xüsusiyyət vardır ki, o gərək həqiqətən zəlil, 
aciz, yaxud zəif olduğundan, hər şeyə dözənlərin səbrini həmişə imtahandan keçirsin. Məgər biz 
başqasının, yaxud bir şeyin üzərində öz qüvvətimizi göstərməyi sevmirikmi? Küçə uşağı kimi əlsiz-ayaqsız 
bir məxluq belə, şaxta gücləndiyi zaman bütün evlərin qapı zənglərini çalar, yaxud hələ tərtəmiz olan bir 
heykəlin üzərinə dırmaşaraq, onun üstündə öz adını cızmağı sevər. 
Qorio atanın indi yaşı yetmişə yaxın idi. O, 1813-cü ildə ticarət işlərindən əl çəkdikdən sonra madam 
Vokenin evində yerləşmişdi. Əvvəlcə madam Kutürün indi yaşadığı mənzili kirayəyə götürmüşdü və 
bütün pansion üçün min iki yüz frank pul verirdi. Elə zənn etmək olardı ki, Qorio üçün yüz frank artıq, ya 
əskik verməyin heç bir əhəmiyyəti yox idi. Madam Voke, guya, bu yaramaz ev əşyasına, sarı kolenkor 
pərdələrdən, laklı, triplə döşənmiş kreslolardan, yapışqanlı boya ilə rəngləməkdən və şəhər civarındakı 
meyxanalarda belə bəyənilməyən divar kağızlarından ibarət olan bir təmirə, guya, sərf etdiyi pulu 
ödəmək üçün Qoriodan qabaqcadan bir qədər məbləğ alıb bu mənzilin üç otağını təzələmişdi. Bəlkə də, 
hələ o zaman ehtiramla cənab Qorio adlanın Qorio ata bu qədər yüngül bir səxavət göstərərək tələyə 
düşdüyü üçün madam Vokedə onun haqqında belə bir rəy yaranmışdı ki, guya, o, əməli işlərdən qətiyyən 
başı çıxmayan axmaq bir adamdır. Qorio ticarəti atmış olsa da, heç şeydə özünə korluq verməyən varlı 
tacir kimi özü ilə bərabər çoxlu paltar və gözəl şeylər gətirmişdi. Madam Voke yarımholland kətanından 
tikilmiş on səkkiz dəst köynəyi məftuniyyətlə seyr edirdi. Köynəklərin bu keyfiyyətli maldan tikilməsi 
daha bir şeylə diqqəti cəlb edərdi: sabiq vermişel fabrikantı bu köynəklərin yumşaq yaxalığına nazik 
zəncirlə birləşdirilmiş bir cüt sancaq taxar, hər sancağın başında isə iri brilyant görünərdi. O, adətən, 
bənövşəyi frak geyər, hər gün pikedən tikilmiş ağ jiletini dəyişər, bu jiletin altında isə breloklarla 
bəzənilmiş ağır, qızıl zənciri tərpədən yoğun, armuda oxşayan qarnı yırğalanardı. Yenə qızıldan             
tütün qabının üstünə bir medalyon qondarılmışdı. Medalyonun içində hansı bir qadınınsa saçları 
saxlanırdı. Bu da Qorionun aşiqanə macəralarda günahkar olduğunu göstərirdi. Bir dəfə ev sahibəsi ona 
“qoca arvadbaz” dediyi zaman Qorionun dodaqlarında öz ehtirasından məmnun qalan bir şəhərlinin şən 
təbəssümü görünmüşdü. Onun “şkafları” (Qorio bu sözü loru dildə söyləyirdi) başdan-başa gümüş 
qablarla dolu idi. Dul arvad Qorioya lütfkarlıq göstərib bu qabları açıb şkaflara düzdükcə mat-mat baxır, 
gözləri alışıb-yanırdı. Burada hər şey: çığırtma və       tökmək üçün qızıllanmış gümüş qaşıqlar, ədviyyat 
qabları, qab-qacaq, sous qabları, buludlar, qəlyanaltı servizləri, bir sözlə, Qorionun ayrılmaq istəmədiyi 
az-çox qəşəng, bahalı şeylər vardı. Bu hədiyyələr ona ailə həyatının təntənəli hadisələrini xatırladırdı. 
Qorio bir boşqab və qapağı bir-biri ilə öpüşən iki qumru quşu şəklində             xörək kasasını çıxararkən, 
madam Vokeyə: “Görürsünüzmü, – deyərdi, – bu, toyumuzun ildönümü münasibətilə arvadımın 
bağışladığı ilk hədiyyədir. Zavallı arvadım! O, qızlığında qənaət edib yığdığı pulları bu qaba vermişdi. Odur 
ki, hörmətli xanım, mən öz dırnağımla yer qazmağa razı olaram, ancaq bundan heç bir zaman 
ayrılmaram. Allaha şükür olsun ki, ömrümün son günlərində də səhərlər bu kasadan qəhvə içəcəyəm. 
Şikayət etmək üçün heç bir əsasım yoxdur: bir parça çörəyim var, həm də uzun müddət üçün mənə 
kifayət edər”. Bu şeylərdən başqa, madam Voke öz sağsağan gözləri ilə Qorioda dövlət xəzinəsinin 
istiqrazlarını belə görmüşdü. Ancaq təxmini hesabla bu istiqrazlar Qorioya ildə səkkiz min, on min gəlir 
verə bilərdi. Bu gündən etibarən, həqiqətdə qırx səkkiz yaşı olduğu halda, yalnız otuz doqquzunu 
boynuna alan, qız familiyası de Konflan olan dul madam Voke özü üçün bir plan tərtib etmişdi. Qorionun 
üst göz qapaqlarının çevrilib şişməsinə və yaşarmasına, buna görə də gözlərini tez-tez silməyə məcbur 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə