əks olunan əsas vaqiələrin baş verdiyi Karkıra
“durna” dərəsindən keçirdi. Karkıra dərəsindən
gedəndə banlarının üzərində Amerika, Kanada,
Türkiyə və bir sıra ölkələrin bayraqcıqları
dalğalanan əcnəbi avtomaşın karvanına rast gəldim.
Mən heyrətlənməkdən çox, sevindim. Dağlarımızın
gözəlliyi hamı üçün açıq və əlçatandır.
Diqqət yetirdim ki, Xan-Tenqrinin ətəyində
insanların xisləti dəyişikliyə uğrayır, onlar
həlimləşir, mehribanlaşırlar. Orada tamamən yad
adamların heyranlıqla gülümsəyərək bir-birinin
əllərini sıxmasının, hətta qucaqlaşmalarının şahidi
oldum. Bu xoş ünsiyyətədə tərcüməçilərə sadəcə
ehtiyac duyulmurdu.
Biz Karkıra otlaqlarından Xan-Tenqrinin
ətəklərinə çatmağa bir saata qədər vaxt sərf etdik,
lakin ilin dörd mövsümündə də olduq. Dərəyə
yaxınlaşanda adəti üzrə zəmilərdə payız məhsul
yığımının şahidi olduq, Karkıra dərəsinin özündə
isti yay hökm sürürdü, soyuq kumıs üçün ürəyimiz
yanırdı. Dağın yamacında yaz ot-ələfinin və
kolluqların çiçəkləməsinə tamaşa etdik, zirvədə
isə əbədi qış idi. Möcüzə! Belə şeyi bir də harada
görmək olar? İlk dəfə Xan-Tenqrini görəndə isə elə
sandım, Yaradan yanımda bulunur.
Sən demə, Xan-Tenqrini təkcə qırğızlar
müqəddəs məkan sanmırlar. Bolqarlar da belə
düşünürlər. Tenqri bolqar dilindən “Güclü
göylərin tanrısı” kimi tərcümə olunur. Həqiqətən,
deyəsən, Xan-Tenqri Torpaq-Ananın Səma-Ata ilə
qovuşduğu məkandır.
Bu yaxınlarda Bolqarıstan baş nazirinin
inanılmış şəxsi Dimitr Dekev respublikamıza səfər
etmişdi. Söhbətlərin birində qonaq vurğulamışdi ki,
bolqarların arasında genetik cəhətdən qıpçaqlarla
bağlı şəxslər yaşayır. Qıpçaq nəsli isə məlum
olduğu kimi qırğızlara qohumdur. Beləliklə, bir çox
bolqarın Xan-Tenqri zirvəsinin uzaq əcdadlarının
vətəni sayması təsadüfi deyil.
Hələ XIX əsrin ortasında müasir coğrafiyanın
atası, alman alimi Aleksandr Humboldt belə bir
fərziyyə yürütmüşdü ki, Tyan-Şan dağlarının
mərkəzi fəaliyyətdə olan, yainki bu yaxınlarda
sönmüş vulkanın nəticəsində yaranmışdır. Həmin
vaxtlarda yerli əfsanələr və hekayətlər əsasında
dumanlı şəkildə məlum olan Xan-Tenqri zirvəsi də
bu qəbildən hesab edilir.
1 300 il bundan əqdəm çinli buddist rahibi “min
liyə uzanan” Səma dağlarını bu sayaq təsvir edirdi:
“Onların yüzlərlə dikdir zirvəsi var. Dünyanın
əzəlindən burada heç zaman əriməyən qarlar
yığılıb. Yolçuları burada əjdahalar basıb yeyir”.
Semyonov-Tyanşanskinin yol gündəliyindən
sətirlər: “Bizdən dübbədüz cənuba haçansa
gördüyüm dağ gədiklərinin arasında ən ehtişamlısı
ucalırdı. Qarlı nəhənglərin ortasında biri lap yuxarı
qalxır, qalanlarının arasında hündürlüyünə görə qar
kimi bəyaz şişuclu ehram şəklində fərqlənirdi”. Bu
piramidal nəhəng məhz Xan-Tenqri zirvəsi idi.
...Yolumuz Karkıra dərəsindən keçməklə
səhər erkən qayıdırıq, yenə könlümüzə soyuq
kumıs düşür. Ev sahiblərinin şirin səhər yuxusuna
haram qatmaqdan çəkinərək yurtaların qarşısında
saxlamağa ürək etmirik. Ancaq yurtaların birinin
yanında ev sahibinin bizə mehribanlıqla əlini
yellədiyini, ayaq saxlamağımız üçün dəvət etdiyini
görürük. Salamlaşan ev sahibi kimliyimizi, haradan
gəldiyimizi belə xəbər almadan yurtaya çağırıb təzə
kumısa qonaq edir. Mehmannəvaz ev sahiblərinə
minnətdarlığımızı bildirib yolumuza davam edirik
və hələ uzun müddət o adamları xatırlayırıq. Yoldan
ötən, qətiyyən tanımadıqları yad adamları kumısa
qonaq etməklə sübh ertədən yaxşı iş görməyə vaxt
tapdıqları üçün cani-dildən sevinən insanların
simaları gözümüzün önündən getmir.
Bir dəfə dostum Osmonla Murat adlı çobanla
söhbətləşirdik. Murat öz həyatında baş vermiş
vaqiəni, haçansa onunla sözləşmiş sərhədçi barədə
bir hekayəti nəql etdi. Ovçu səlahiyyətlərini
mənimsəyən sərhədçi Muratı sürüsünü izin
olmayan yerdə otarmaqda günahlandırmışdı.
Məsələ gün kimi aydın idi – qayda-qanun
qulluqçusunun könlünə təzə qoyun əti düşmüşdü.
Fəqət Muratın höcətliyi tutdu. Azad dağların
təmiz aurası şəraitində anadan olmuş və boya-
başa çatmış çoban ilk sözündən sərhədçinin
niyyətini tutaraq onun dediyi ilə hərəkət etməkdən
imtina etdi. Hüquqlarının üstündə durub dediyinə
nail olan çoban sözü sərhədçinin birbaşa üzünə
dedi: “Əzizim, əsil qırğız belə hərəkət eləmir.
Yaxınlaşıb mərifətlə xahiş etsəydin, sənə nəinki
qoyun verərdim, heç atı da əsirgəməzdim. Amma
indi atımın yalından bircə tükü də sənə qıymaram.
Əlvida!”
Bu yalnız üzərində qarşılıqlı surətdə təmizlik
və mehribanlıqla qələbə çalmaq mümkün olan
şərəfli insanın qürurunun və açıqlığının bariz canlı
nümunəsidir. Onun əcdadları belə olmuşdur, özü
belə böyüyüb boya-başa çatmışdır, Allah eləsin,
övladları da belə qalsınlar. Dağların arasındakı
kövrək dünya yalnız bu tövr sadə və təmiz insanlara
söykənir.
Kənddə anadan olmuşam, məktəbi bitirənəcən
orada valideynlərimlə yaşamışam. Orduda xidməti
və universitetdə təhsili nəzərə almaqla son iyirmi
beş ili Bişkekdə bulunuram. Bu, kənd sakinlərinin
25
biz şəhərlilərə nisbətdə dəfələrlə səmimi, mülayim və
səxavətli olduğu fikrinin təsdiqi üçün böyük paytaxt
şəhərində yetərincə zaman kəsiyidir.
İndi, doğma kəndə gələndə – heyif ki, belə səfərlər
çox nadir hallarda ələ düşür – mən aydın surətdə həm
təbiətin gözəlliyini, həm insanların mənəvi saflığını
görürəm. Məhz burada mən tamamən boşala və dincimi
ala bilirəm. Təəccüblüsü odur ki, kənddə dolğun
yuxuya 3-5 saat kifayətdir, sanki qırğız dağlarının
havasına insan orqanizminə xoş təsir göstərən tilsimli
eliksir hopmuşdur. Burada iri şəhərin dəli həyat ritmini
duymursan. Dağlarda zaman ləng axır və bununla
həyatı uzadır. Təbiətin ağuşunda sadəcə yaşamırsan,
yerin və göyün füsununda nazlanaraq həyatdan həzz
alırsan.
Torpağa və azadlığa malik xalq xoşbəxtdir.
Bizim də özümüzü bəxtəvər sanmağa ixtiyarımız var.
Hərgah bizim əcdadlarımız torpaqlarını bu dərəcədə
sevməsəydilər, çoxdan neçə əsrlik tarixin zülmət
künclərində əriyib gedərdilər. Dağ qartalları balalarını
uçuşa hazırlayan kimi, biz də əcdadlarımızın nəsihətləri
əsasında övladlarımıza tərbiyə verir, onlara yaxşı həyat
uğrunda arzulamaq öyrədirik.
Dağlar – xalqımın neçə minillik tarixinin canlı
şahidləridir. Yaman vaxtlarda onlar xalqla birgə
ağlamış, tökülən iri göz yaşları şəklində daşlaşmışlar.
Ehtimalən, dağlarımızın torpağı əcdadlarımızın
göz yaşından və qanından şoranlaşmışdır... Həyat
çiçəklənəndə isə dağlar sevinir, böyüyür, göylərə
ucalır, sevinc göz yaşları isə dağ göllərinə süzülür.
Dağlar – nəhəng məbəddir, təbiət yaradıcılığının
ali formasıdır. Dağlar – bizim beşiyimiz, irsimiz,
variyyətimizdir. Qırğız dağlarının dərinliklərində
Mendeleyev cədvəlinin bütün elementləri gizlənmişdir.
Bu, nəhəng var-dövlətdir və hələ Vətənin rifahına çox
xidmət edəcək.
Dağlar – sükut və hüzndür. Dağların aurası – parlaq
lacivərdi asiman və təntənəli sükutdur. Dağ havası –
təmiz, sərin, otların rahiyəsi hopmuş havadır.
Dağ cığırları təhlükəlidir və həmişə belə
olmuşlar. Fəqət ulularımız onları bizim üçün, arxadan
addımlayanlar üçün tapdamışlar. Bu cığırlar – ulu
babalarımızın salnaməsidir. İzlərini qoyduqca, onlar
uçurumdan uzaqlaşdıran, naz-nemətli vadiyə qısaldan
düzgün yolu bizə göstərmişlər. Başlıcası isə – hər
belə cığır bulaq başına aparır. Əfsus, bu cığırların
dili yoxdur, əks təqdirdə, tariximizə dair bizi çox
mətləblərdən hali edərdilər. Daha mühümü odur ki,
məhz bu dağ cığırları bizi magistral inkişaf əsas yoluna
çıxardır. Zənnimcə, artıq əsil demokratiyanın və bazar
münasibətlərinin başlanğıcındayıq.
26
Dostları ilə paylaş: |